"Toros canavarı" Əziz Nesinin klassik dramaturgiyanın qanun-qaydalarına riayət edərək qələmə aldığı az sayda pyeslərindən biridir. Süjetin əsas qayəsi özü-özlüyündə haqqı çatdığı adicə dolanışığa nail olmaq istəyən vicdanlı, zəhmətkeş insanlara keşməkeşli həyat, qatillərə, dələduzlara, oğrulara isə firavanlıq verən cəmiyyətin mənəviyyatsızlığına sanki güzgü tutur. Gəncə Dövlət Milli Dram Teatrının təqdimatında Əziz Nesinin heç bir müəllifə bənzəməyən həm çox sərt, həm də yumordan da xali olmayan sarkazmı əksəriyyəti gənclərdən ibarət olan (tamaşa Mədəniyyət Nazirliyinin "Bölgə teatrlarının Bakı qastrolu" proqramı çərçivəsində Dövlət Milli Gənc Tamaşaçılar Teatrında oynanıldı - red.) tamaşaçıların əsərin ruhuna uyğun reaksiyaları ilə müşayiət olundu. Tamaşaya aid ilk parlaq, dolğun təəssüratı səhnənin dekorasiyası yaratdı.
Haşiyə. Ümumiyyətlə, bu təəssürat son vaxtlar baxdığım tamaşaların hamısına aiddir - dekorasiyalar aktyorlardan əvvəl "danışmağ"a başlayır (və bu belə də olmalıdır, quruluşçu rəssamlara "afərin"), tamaşanın ərsəyə gəlməsində rejissorla aktyor heyəti və aktyorların bir-biri arasında yekdilliyi gözlənilibsə, tamaşaçıya təqdim edilən hazır tamaşada dekorasiya-aktyor dueti səsləşir, dekorasiya aktyor oyununu, rejissor yozumunu kölgədə qoymur, yox, əgər bu zəruri yekdillik gözlənilməyibsə (bu isə belə olmamalıdır), tamaşanın sonunadək bizə əsərin ideyasının səhnə həllini, müəllifin ismarıcını, süjetin qayəsini, hadisələrin ruhunu ancaq dekorasiyanın "ifası"nda seyr etmək qalır, aktyorların oyunu isə personajların xarakterini açmaq əvəzinə, replikaları quru, ya da dəxlisiz emosiyalar əlavə edib səsləndirməklə fon rolunda çıxış edir. Bəxtimiz gətirsə, bir və ya iki aktyorun vəziyyətin xilaskarı olduğunu görəcəyik, amma təbii ki, tamaşanı bütünlüklə xilas etmək bu halda mümkün deyil - sadəcə, həmin bir və ya iki aktyor tərəf-müqabillərindən fərqli olaraq məşqlərin artıq bitdiyinin, tamaşanın təhvil verildiyinin və çoxsaylı tamaşaçı qarşısına çıxdıqlarının fərqində olurlar.
Nuri (Pakürəyin) Sayanerin Toros canavarına çevrilməsi
Çoxlu sayda maskalarla ustalıqla davranan aktyor. Onun oyun tərzi məhz bu təəssüratı bağışlayır. Cilddən-cildə üzvi, harmonik şəkildə girməyi bacarmaq hər bir aktyor üçün ən yüksək peşəkarlıq pilləsidir. Və müxtəlif usta aktyorlarda bu keyfiyyət özünü müxtəlif cür büruzə verir. Bu sehrə vaqif olan aktyorların bir qismi sehrin gücünü haldan-hala düşməsilə nümayiş etdirir, digər qismi isə müxtəlif halların maskalarını bir-bir canlandırır - əslində və prinsip etibarilə bu sehrlərin hər iki təzahür şəkli eyni xassəlidir, identik fabulaya malikdir, sadəcə, şəkli, fakturası, forması fərqlidir.
Ola bilər ki, tamaşa zəif olsun, amma İlham Hüseynovun bu müstəsna aktyorluq istedadı və bacarığı sizə imkan verməyəcək ki, tamaşanı yarımçıq qoyub zalı tərk edəsiniz - o, qəhrəmanının ən müxtəlif vəziyyətlərinə uyğun maskaları bir-bir sanki cibindən çıxarıb hər birinə səhnə həyatı verir: qayğıkeş ər, mehriban ata, məişət qayğılarından üzülən doğmalarına səbirli olmağı tövsiyə edən, Allahın onları unutmadığına əmin olduğunu deyən təmkinli ailə başçısı, başını marka, ülgüc bükmələrinin kolleksiyasını düzəltməklə qatan, ehtiyac yarandıqda, kolleksiyalarını satıb ailəsinin ehtiyaclarını qismən ödəyən təqaüdçü, on səkkiz ildən bəri kirayədə qaldıqları evin azğınlaşmış sahibi ilə dil tapmağa çalışan kirayənişin, "qanuni oğru" statusuna "yüksəlmiş" alçaq bir canidə rahat yaşamağın başqa yolu olmadığının fərqinə varıb özü haqqında ondan da bacarıqlı "qanuni oğru" təsəvvürü yaratmağa cəhd edən bir Allah bəndəsi. "Toros canavarı"nın hekayə versiyasında Əziz Nesinin qəhrəmanının soyadı Pakürəkdir. Hekayəsini pyesə çevirəndə personajının adını Nuri Sayaner qoyub. İlham Hüseynovun Nuri Sayaneri əsərlərinin fikir, dil, üslub səlisliyinə son dərəcə həssaslıqla yanaşaraq asan oxunub, rahat başa düşülən ədiblər sırasında özünün mötəbər yerini tutan Əziz Nesinin az sözlə çeşidli mətləblərdən bəhs etmək bacarığının canlanmış obrazıdır.
Qara yumor oyunu
İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru Kubilay Erdelikaranın Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində qoyduğu tamaşada həm süjetin hekayə versiyasından gələn komiklik, həm də pyesdə olan ironik dramatiklik gözlənilib. Tamaşada keçən əsrin ortalarının İstanbul ab-havası əlbisələrdə, dekorasiyada, musiqi tərtibatında və ən əsası, tamaşanın ümumi ab-havasında aydın duyulur. Lakin rejissor bu dəqiqliyi gözləməyə də bilərdi, hətta gözləməsəydi, daha effektiv olardı - qurduğu oyunu bütün zamanların və bütün məkanların fərz edilib təsəvvür oluna biləcək yolverilməz, amma gerçək halı kimi təqdim edə bilərdi - yazılan və yazılmayan insanlıq qanunlarının işləmədiyi, real canavar xislətli məxluqlar əvəzinə, həbsə Nuri Sayaner kimi dürüst insanların salındığı məmləkətlər dünyanın hər yerində var. "Həbs" demişkən, Əziz Nesin əsərində ən dəqiq, ən sərrast, ən sərt ironiyasını elə bu məqamda ifadə edir. Nuri Sayaner bir neçə il əvvəl Ankaraya gedərkən qatarda kimliyini itirir, bu kimliyi həqiqi "Toros canavarı" tapır və bir neçə il Nuri Sayaner adı ilə yaşayır. Lakin bir gün həmin bu Nuri Sayanerin "Toros canavarı" sanılıb həbsə atıldığını qəzetlərdən öyrənir...və... "vicdan" adlı məfhum "sükanı" öz əlinə alır - "Toros canavarı" adlı qanuni oğrunun vicdanı yol vermir ki, Nuri Sayaner adlı vicdanlı bir vətəndaş onun əvəzinə həbsdə çürüsün və hüquq-mühafizə orqanlarına təslim olur. Burada bir mistika da axtarmaq və hətta tapmaq da olar: Nuri Sayanerin kimliyi ilə bir neçə il yaşayan "Toros canavarı"nın xislətinə kimlik sahibinin vicdanlı olmaq keyfiyyəti hopub, sanki. Amma Əziz Nesin heç cürə sakitləşə bilmir, dünyanın gərdişinə tənqidi nəzərlərini heç bir vəchlə dəyişmir ki, dəyişmir: çox da ki "Toros canavarı"nın vicdanı situasiyanı öz əlinə aldı, əvəzində, Nuri Sayanerin ailəsi "Toros canavarı"nın ailə üzvləri olmaları ilə qürur duyub bunun bütün maddi və mənafe üstünlüklərindən yararlanmağı ailə başçısının günahsız həbsə atılmağının təəssübünü çəkib onun azadlığa çıxmasına nail olmaqdan üstün tutur...və... bu məqam Nuri Sayaneri canavara çevirir. Qara yumor oyunu belə başa çatır. "Təəssüf ki..." yazmayacam. Pakürəkli gözəl insanların canavara çevrilməsinin mümkün qədər az baş verməsinə hər birimizin öz töhfəmizi verməyin məsuliyyətini anlamağı yazıram. Tamaşanın zala ötürdüyü ismarıc da elə bu idi, çünki.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!