Ədəbiyyatımızın lirik-romantik cərəyanının ustadı Hüseyn Cavidin "İblis" fəlsəfi faciəsi uzun illərdən sonra yenidən ölkənin əsas teatrının səhnəsinə gəldi. Cəsarətli cəhd olaraq. Mehdi Məmmədovun quruluş verdiyi "İblis"i televiziya ekranından, videoyazı halında izləmişəm. Teatr tamaşalarının videoyazısı ayrı bir bacarıq tələb edən işdir. Bu səbəbdən əksər teatr tamaşalarının televiziya versiyaları o tamaşaların təsir gücünü, tamaşaçıya məna, məzmun enerjisi ötürmək keyfiyyətini, ya xeyli azaldır, ya da tamamilə heçə endirir. Söhbət, təbii ki, bizim teleməkanın son illər təklif etdiyi teatr tamaşalarının videoyazı versiyalarından gedir. Lakin keçən əsrin 80-ci illərinin teatr tamaşalarının videoyazıları haqqında "tamaşanın orijinal halına xələl gətirib" kimi qeydlər etməyə hər hansı səbəb tapmaq, ya mümkün deyil, ya da belə səbəblər çox azdır (qəribədir, texniki imkanlar inkişaf etdikcə yaradıcı imkanlar niyə sönükləşir, görəsən?...). Buna görə də Mehdi Məmmədovun "İblis"ini əvvəldən sonadək izləmiş hər bir teatralın yaddaşında, təəssürat saxlancında səhnə əsərinin bütün ovqatı, mizanları, dekorasiyası, əlbisələri və ən əsası, dialoqları, replikaları, aktyorların oyun tərzi, canlandırdıqları obrazları duymaq bacarıqları ömürlük canlı olaraq qalmaqdadır. Həmin əsərlərin bir neçə il sonrakı quruluşlarını teatr səhnəsində seyr edərkən, köhnə quruluşun nə vaxtsa baxdığın videoyazısının cizgiləri gözlərinin qarşısında canlanırsa, yeni quruluş o cizgiləri arxa plana keçirməyin öhdəsindən gələ bilmirsə, bir teatr tamaşası üçün bundan dəqiq səciyyə, bundan ətraflı təhlil, bundan dolğun təəssürat və bundan aydın düşüncələr məcmusu ola bilməz.
Arifin "arif(siz)liyi"
Dünya durduqca bəşəriyyəti düşündürən, amma təəssüf ki, bəd əməllərdən daşındırmayan sual-mətləb: cümlə-xəyanətlərə bais olan İblismidir, yainki hər kəsə xain olan insanmıdır? (Hüseyn Cavid əlbəttə ki, belə yazıb: "İblis nədir? Cümlə-xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? İblis"). Məhz "nədir?" sualı qoyulur, "kimdir?" yox.
Şopenhauerdə oxuyuruq ki, insandan başqa heç bir varlıq öz mövcudluğuna təəccüb və heyrətlə yanaşmır. Hüseyn Cavid qələmə aldığı faciənin baş qəhrəmanının adını Arif qoyub. Bilirik ki, ədiblər qəhrəmanlarına ad seçərkən o adın məsuliyyətini də onlara vermiş olurlar. Əsər müəllifinin mətləblərə yanaşma prinsiplərindən, həyat həqiqətlərini, dünyanın varolma düzənini sırf özünün dərketmə süzgəcindən keçirmək, fərdi baxış bucağı altında baxmaq xüsusiyyətlərindən asılı olaraq adların mənası ilə həmin adı daşıyan personajın süjetin gedişatındakı davranışı və finaldakı, epiloqdakı vəziyyəti bir-birilə birmənalı, yekrəng səkildə çulğaşır. Amma elə də olur ki, əsər müəllifi qəhrəmanına ad seçərkən incə istehza dalğasına köklənir, yaxud məsuliyyəti tamamilə ad sahibinin öhdəsinə buraxır. Hüseyn Cavid qəhrəmanını Arif deyə adlandırıb. Və adın məsuliyyətini tamamilə onun öz öhdəsinə buraxıb. O isə bu güvəni doğrultmayaraq bütün şüurlu həyatını şəkk-şubhə, yanlış qənaətlər, səhv addımlar və hətta qətl dolanbaclarında sürərək lənətlənmiş heçliyə yuvarlanır.
Baş rolda Hüseyn Cavid oldu
Hüseyn Cavid Mehriban Ələkbərzadənin ən sevimli müəlliflərindən biridir. Akademik Milli Dram Teatrının baş rejissorunun teatrın səhnəsində qoyduğu "İblis və..." tamaşasının əsas qəhrəmanı, ön plandakı obrazı, baş rolunun ifaçısı kimi Hüseyn Cavid bir sair-mutəfəkkir, bir filosof olaraq poetik kəlamı, lirik-romantik sözü ilə çıxış etdi. Onun fikir, düşüncə "yelkənləri" tamaşaçını alıb açıq dənizə çıxardı, zəkası, həyatı, dünyanı, insanları duyma, qavrama xüsusiyyətləri göründü, duyuldu, eşidildi və dinlənildi. İblisin alovu da bu söz təntənəsini pozub meydan sulaya bilmədi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!