Bizim Mahmud müəllim - Çingiz ƏLƏSGƏRLİ

Sənətşünas Mahmud Allahverdiyevin xatirəsinə

Bir müəllim, bir alim, bir ustad haqqında yazmaq istəyirəm. Onun adı Mahmud, soyadı Allahverdiyevdir. Onun haqqında keçmiş zamanda yaza bilmədim. Çünki o, onu sevən tələbələri üçün, teatrşünaslıq elmi üçün həmişə var. Bir alimi, bir müəllimi tanımaq üçün, ya onun əsərləri ilə tanış olmaq, ya da onun tələbəsi olmaq gərəkdir. Şükürlər olsun ki, onun tələbəsi olmaq səadəti mənə və daha neçə-neçə teatrşünasa nəsib oldu. Müəllimimin əsərləri ilə isə, hələ tələbəlik illərindən tanış idim.

Mahmud müəllim ciddi alim, tələbkar və eynu zamanda qayğıkeş bir müəllim idi. Onun tələbələrinə göstərdiyi diqqət və qayğı, ancaq doğma insanın diqqət və qayğısı ilə müqayisə oluna bilərdi. O, tələbələrini, xüsusən, gələcəyinə inandığı tələbələrinə diqqətlə yanaşardı. Bu onun münasibət və davranışlarında özünü büruzə verərdi. Sevdiyi tələbələr ilə ünsiyyətdən xüsusi zövq alardı. Mahmud müəllim qayğı ilə yanaşdığı tələbələrinə nümunə olmağı da, onlarla dost olmağı da bacarırdı. Bizim əziz müəllimimizin tələbələrinə qarşı sevgi və qayğısı da var idi, sərt fikir və tənbehi də. Müəllimimizin sevgisi də, tənbehi də doğma adamın sevgisi və tənbehi kimi idi. Onun inandığı tələbələrinə olan sevgisi və inamı sonsuz, tənbehi və tənqidi isə, ani və çox tez unudulan olurdu. O, tələbələrinə acıqlandığı anlarda belə, heç vaxt qəlblərini qırmazdı. Biz tələbələr də heç vaxt ondan inciməzdik.

Mahmud müəllim pedaqoq kimi nə qədər qayğıkeş və mehriban idisə, teatrşünas alim kimi bir o qədər qəti və sərt idi. O, bütün bunları tələbələrinə də öyrədə bildi. O, tələbələrinə teatrşünaslıq elminin incəliklərini, resenziya yazmaq qaydalarını öyrətməklə yanaşı, heç bir halda kompromisə getməməyi və güzəşt etməməyi də öyrətdi. O, özü də bilmədən, doğru və dürüst davranışı, məqalələri və kitabları ilə tələbələrinə nümunə olmağı bacarırdı. O, hər hansı bir tamaşa haqqında resenziya yazanda, düzünü düz, əyrini əyri yazırdı. Resenziyalarında nə əsər müəllifinin, nə rejissorun, nə də aktyorun şan-şöhrəti onu mənfi fikrindən döndərə bilməzdi. O, resenziyasında tamaşanın müsbət məziyyətlərindən yazandan sonra, əsaslandırdığı qənaətlərlə, gəldiyi nəticələrlə tənqidi fikirlərini qeyd edirdi. O, yaradıcı kollektivin tamaşa üzərində çəkdiyi əziyyəti heç vaxt boşa çıxarmazdı. Tamaşanı tənqidetmə mərhələlərini həm dərslərində, həm yazdığı məqalələrdə bizə - tələbələrinə nümunə kimi göstərərək, öyrətdi.

Onun özünəməxsus, xüsusi dərskeçmə metodu var idi. O, kefinin duru vaxtında dərsi xüsusi ləzzətlə keçər, cəmiyyətin inkişafında teatrın rolunu xüsusi qeyd edər və dərs boyu gözlərini sevimli tələbələrindən çəkməzdi. Teatrı, rejissorları və aktyorları çox sevərdi. Müəllimimiz Mirzə Fətəli Axundovu, Cəfər Cabbarlını və vaxtı ilə teatrşünaslıq elmi üçün çox işlər görmüş Cəfər Cəfərovu çox sevərdi. İndi o illəri xatırlayıb kövrəlməmək mümkünsüzdür. O, bizə - tələbələrinə, teatrlara, məşqlərə və tamaşalara baxmağı və tənqidi mülahizələr aparmağı öyrətdi. O, bizə teatr tənqidçisi kimi düşünməyi, baxdığımız tamaşaların əvvəl mütləq müsbət, sonra mənfi tərəflərini araşdırmağı öyrətdi. Mahmud müəllim bizə oxuduğumuz əsərləri anlamağı və anlatmağı öyrətdi.

Mahmud müəllim kefinin xoş vaxtlarında araşdırdığı və ya araşdırmaq istədiyi mövzuları, öz tay-tuşu kimi, biz - tələbələri ilə müzakirə edərdi. Bizim üçün o vaxt qəliz olan məsələ və suallara müəllimimiz elə özü də cavab verərdi. Meydan tamaşaları, qaravəlli, kos-kosa və sair haqqında biz ilk dəfə ondan eşitdik. Mahmud müəllim gələcəkdə xalq teatrı və meydan tamaşalarına daha diqqətlə yanaşmağı tələbələrinə tövsiyə edirdi. Bizim üçün isə, xalq teatrı və meydan tamaşaları ilə olan ilk tanışlıq əziz müəllimimiz Mahmud Allahverdiyevin "Azərbaycan Xalq teatrı tarixi" əsərindən başlayırdı. Biz müəllimimizdən  tamaşaya qərəzsiz qiymət verməyi öyrəndik. Yuxarıda qeyd etdik ki, müəllimimizin teatra olan sevgisi sonsuz idi. O, bizə teatra olan sonsuz sevgisini aşıladı.

Bizim əziz müəllimimiz xarakter etibarı ilə çılğın adam idi. Tikanlı bir söz, çəpəki bir baxış, səviyyəsiz bir məqalə, qərəzli bir resenziya, təmənnalı bir veriliş onu dərhal özündən çıxara bilərdi. Belə vaxtlarda biz onu tanıya bilməzdik. Bizimlə dərsin mövzusunu danışsa da, fikri onu narahat edən məsələdə qalırdı. Bir qədər keçmiş müəllimimiz sakitləşər və onu özündən çıxaran məsələ haqqında bizə danışaraq, dəyərli məsləhətlərini verərdi. Müəllimimiz bizə, resenziya yazarkən, hər bir tamaşa kollektiv əməyin məhsulu olduğu üçün, ona çox böyük ehtiyatla yanaşmağı məsləhət görərdi. O, tövsiyə edərdi ki, tamaşa haqqında məqalə yazan tənqidçi gərək tamaşanın hazırlanmasında və meydana çıxmasında əməyi olan heç kəsi yaddan çıxarmasın. O, bizə pisin yaxşı, yaxşının pis tərəfini görməyi, qiymətləndirməyi və yazmağı, aktyorlara xüsusi diqqət və qayğı ilə yanaşmağı məsləhət görərdi. Deyərdi ki, aktyorlar körpə uşaq kimidirlər. Onları incitmək, sənətlərinə diqqətsiz yanaşmaq olmaz. Bu, bəlkə də onun özünün cavanlığında aktyor olmağından irəli gəlirdi. O, bəzən mühazirələrində bu və ya digər keçmiş klassik aktyorların hansısa obrazda hərəkət, mimika və ifa tərzlərini göstərəndə, bizim gözlərimiz qarşısında keçmişin dahi aktyorları canlanırdı.

Mahmud müəllim dərslərində K.S.Stanislavski, V.Meyerhold, B.Brext və digərlərin təlimlərinin müsbət və mənfi tərəflərini bizimlə müzakirə edərdi. O, milli teatrşünaslıq elmində xalq teatrının, meydan tamaşalarının ilk sistemli araşdırıcısı kimi adını tarixə yazmış ilk tədqiqatçı oldu. "Azərbaycan Xalq teatrı tarixi" adlı qiymətli bir əsər müəllimimizin elmi təfəkkürünün və Azərbaycanı qarış-qarış gəzərək topladığı folklor nümunələrinin nəticəsi idi. O, Azərbaycanı qarış-qarış gəzərək, meydan tamaşaları ilə bağlı xeyli material toplaya bilmişdi. Söz yox ki, görkəmli tədqiqatçılar Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Həmid Araslı, Mirəli Seyidov və başqaları müəyyən qədər meydan tamaşaları və xalq teatrı haqqında araşdırmalar aparmış və tədqiqatlarını çap etdirmişdilər. Amma bizim Mahmud müəllim milli teatrşünaslıq tarixində ilk dəfə olaraq, tarixi mənbələr əsasında xalq teatrı və meydan tamaşaları haqqında məlumatları toplu halında çap etdirməyə və bu mövzunu müdafiə edib, elmlər namizədi elmi dərəcəsini almağa müvəffəq oldu. O, ilk dəfə olaraq, Ozanlar, Varsaqlar, Dədə Qorqud, Hoqqa, Kilimarası, Xalq komediyaları və faciə haqqında əsaslı tədqiqatlar apardı. Ondan sonra neçə-neçə tədqiqatçı bu mövzulardan yazıb, çap etdirsə də, Mahmud müəllim bu sahədə birinci oldu.

Bizim Mahmud müəllim elmi araşdırmalarında ardıcıllığı sevən insan idi. O, qaravəlli tamaşalarını toplayıb tədqiq etsə də, sonradan yenidən bu mövzuya qayıdaraq daha ətraflı tədqiqini vermişdi. O vaxtlar biz tələbələr təbii ki, bütün bunların fərqində deyildik. Lakin illər keçəndən sonra biz onun əsərlərinin sanbalını anlaya bildik. Onun tədqiqat xarakterli əsərlərinin hər biri, hələ uzun müddət teatrşünaslıq elmi ilə məşğul olanların yoluna işıq saçacağına əminik. Müəllimimizin tədqiqat əsərləri xalqın qədim adət və ənənələri ilə bağlı idi. O, yuxarıda adını çəkdiyimiz "Azərbaycan Xalq teatrı tarixi" əsərində yazırdı:

"...əcdadlarımızın həyat anlayışı, əqidəsi, təsəvvür və təxəyyülünün məhsulu olan mövsüm və mərasim tamaşalarında xeyirlə şər anlayışı təzadlı obrazlar kimi dərk edilirdi... Bizim ölkənin qədim sakinləri ovçuluqdan keçib başqa əmək növlərinə yiyələndikdən sonra, yeni həyat anlayışına müvafiq obrazlar silsiləsi müəyyən etmiş və hər bir fəsli obrazlar kimi fərdiləşdirmişlər".

Mahmud müəllim tədqiqat əsərində xalq tamaşalarını qədim Yunanıstanın xalq tamaşaları ilə müqayisə edib, hətta milli teatr ənənələrinə daha artıq önəm verirdi. O, elmi araşdırmalarında, mütləq mənada, özündən əvvəlki elmi tədqiqatlara əsaslanaraq, daha irəli getmiş və mövzunun dərin qatlarını araşdırmışdır. O, az qala, böyük bir elmi şöbənin, böyük bir elmi idarənin görməli olduğu bir işi təkbaşına etmişdi. Biz bütün bunları çox sonralar anladıq. Onun yazdığı hər bir əsər mükəmməl tədqiqat əsəri hesab olunmalıdır.

Mahmud müəllimin yazdığı hər bir tədqiqat əsəri, o cümlədən, "Teatr tənqidi və müasirlik" əsəri də sanballı və mükəmməl araşdırma sayılmalıdır. Bu əsəri teatrşünaslıq elmi ilə məşğul olanlara tövsiyə də adlandırmaq olar. Müəllimimiz bu əsərində teatrşünaslara belə bir məsləhət verir: "Teatr tənqidi və müasirlik problemi ilə biz, teatrşünasların diqqətini bir daha teatr tənqidinin daxili strukturuna, yüksək professionallıq duyumuna yönəltmək istəmişik".

Bu əsərində müəllimimiz ilk dəfə olaraq, dramda hərəkətin növləri və onun vəhdəti, teatr tənqidinin predmeti, tamaşaların fərqi ətrafında araşdırmalar aparır. Bu mövzular rus ədəbiyyatında araşdırılsa da, Azərbaycanda ilk dəfə Mahmud Allahverdiyev tərəfindən tədqi olunmuşdur. Bu əsər teatrşünaslıq elmi üçün tapıntıdır, desək, heç də səhv etmərik. Müəllimimiz dram əsəri haqqında aşağıdakıları yazırdı:

"Dramda bizi bitkin və dinamik bir kompozisiya daxilində birləşdirilmiş hadisələrin, sözün və fikrin hərəkəti, bu hərəkət növlərinin vəhdəti və inkişaf məsələləri düşündürür".

Bütün bunlar yüksək elmi təfəkkürün, ətraflı və mükəmməl araşdırmanın nəticəsi hesab olunmalıdır. Dram əsərinin daxili düzüm xətti, strukturu haqqında müəllimimiz dəqiq fikirlər əldə edə bilmişdi. O, hissə-hissə, ardıcıl olaraq araşdırılan mövzunun dərin qatlarına enərək, mükəmməl nəticələrə gəlib çıxmışdı.

Mahmud müəllim teatrşünaslara necə yazmağı tövsiyə edərdi:

"Teatr tənqidçisi özünün prinsipial tənqidi mövqeyinə əsaslanaraq, səhnəyə gətirilmiş bədii həqiqətin həyatı mahiyyətini, obrazlı fikir dünyasını, onun ideya və idealını dürüst müəyyənləşdirməlidir... O, aktyorun yaratdığı obraza, bütövlükdə rejissorun tamaşasına cəmiyyətin ictimai, siyasi tələbləri baxımından yanaşmalı, konkret xarakteri canlı, nəzəri münasibətlə şərh etməli, hər hansı bir tamaşanın müasir teatrın yüksəlişinə və ya onun zəifləməsinə göstərdiyi təsiri elmi meyarlarla nəzərdən keçirməli və kollektivin, tamaşaçıların diqqətini ona cəlb etməlidir".

O, tələbələrindən kiminsə yazısı KİV-də çap olunanda, uşaq kimi sevinir, özünə yer tapa bilmirdi. Tələbələri ilə qürur duyurdu.

Mahmud müəllim milli dramaturgiyanın ümumi vəziyyəti ilə bağlı çox böyük narahatlıq keçirirdi. Alim haqlı olaraq yazırdı: "Müasir dramaturqlarımız nəinki zamanla ayaqlaşmalı, hətta onu qabaqlamalıdır..."

Bizim əziz müəllimimizin fikirləri bu gün də müasirdir. Müəllimimiz belə hesab edirdi ki, sənətdə novatorluq mütləqdir və bu novatorluq zəngin irsə söykənməlidir. O, yazırdı: "Novatorcasına yaranan milli əsər eyni zamanda ümumbəşəri olur".

Mahmud müəllim Cəfər Cabbarlı dramaturgiyasına yüksək qiymət verirdi. Mühazirələrində daha çox müraciət etdiyi milli dramaturgiyamızın banisi M.F.Axundzadə və C.Cabbarlı idi. "C.Cabbarlı və müasirlik" əsərində Mahmud müəllim yazırdı: "Cəfər Cabbarlı bir dramaturq, rejissor, teatrşünas kimi fəaliyyətini günü-gündən genişləndirirdi. Səhnədə böyük müvəffəqiyyətlə oynanılan Cabbarlı pyesləri teatrın ümumi mədəniyyətinin inkişaf etdirilməsinə, metod, üslub, milli forma məsələlərinin həllinə, Azərbaycan aktyorunun realizm ruhunda tərbiyəsinə xidmət edirdi. Əsri qabaqlayan bu sənətkarın fikir dünyası çox zəngindir və tükənməzdir. Hər bir nəsil orda bədii təfəkkürünü məşğul edən problem tapa bilər".

Mahmud müəllim tədqiqat əsərində Cəfər Cabbarlı dramaturgiyasının bir çox özəlliklərini üzə çıxara bilib. Müəllimimiz aktyor yaradıcılığının da özəlliklərini kəşf edib üzə çıxarmağı bacarırdı. O, Ələsgər Ələkbərova həsr etdiyi tədqiqat əsərində yazırdı: "Ciddi axtarışlar aparmağı sevən Ələkbərov həmişə sənətin dərinliklərinə varan qüvvətli məntiq ifadə etməyə çalışan bir aktyor idi. Buna görə də onda emosiya və intellekt çox güclü idi. Ələkbərovun yaradıcılığında bu keyfiyyətlərin hər ikisi birləşdiyi üçün o, nəinki tamaşaçıları inandırar, müəllifin araşdırmaq istədiyi bədii, estetik ideala qarşı rəğbət və məhəbbət hissi oyadar, hətta onları vəcdə gətirir, heyrətləndirir, mənəvi həyatda təbəddülat yaradırdı".

Müəllimimiz Ələkbərovu 1946-1962-ci il yaradıcılığını son və məhsuldar, eyni zamanda böyük nailiyyətlər dövrü hesab edərək, aktyoru "canlı duyğular və canlı xarakterlər rəssamı" adlandırırdı.

Mahmud müəllim Mirzəağa Əliyev yaradıcılığını da tədqiq etmişdir. Müəllimimiz M.Əliyev haqqında yazırdı: "Aktyor obrazın psixologiyasını, həyat və məişət fəlsəfəsinin mahiyyətini gülünc edən mənalı bir xarakter yaratmağa müvəffəq olmuşdur".

Bizim Mahmud müəllim yazdığı və tədqiq etdiyi hər bir mövzunun mahiyyətini açaraq, zamanın tələbləri baxımından ona obyektiv qiymət verməyə nail ola bilirdi. Onun elmi araşdırmaları və yazdığı qiymətli kitablar hələ neçə-neçə illər teatrşünaslar üçün gərəkli mənbə rolunu oynayacaq. Onun nə özü, nə də əsərləri yaddaşlardan silinməyəcək. Tələbələri isə, onu heç vaxt unuda bilməyəcəklər. Çünki əziz müəllimimizin haqqı hər zaman onların boynundadır. Mahmud Allahverdiyevin ruhu şad olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!