Yazı Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur.
“Rast”, “Şur”, “Zabul-Segah”, “Hümayun”, “Çahargah”, “Bayatı-Şiraz”... qulaq asdıqca kövrəlirdim. Amma bilmirdim bu muğamların hansıydı məni belə kövrəldən, zəhminə ağladıb, sehrinə salan?! Əhsən ifasını dinlədikcə gözlərimdə gilələnib alov dilimitək yanaqlarımı qarsan bu göz yaşları nədən ötrü idi, görən? Əhsən tarının sehrinəmi düşmüşdüm, ya muğamlarımızın tövründən idimi?! Bilmirəm. Həmin vaxtlar azyaşlı idim, bunu elə də anlamaq iqtidarında deyildim. Amma tarın simlərindən qopub ruhuma sarılan o nəğmələr ağuşuna alıb eyy, haralara, haralara aparırdı məni. Böyük Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani demiş:
Guş qıl, ey ki, bilirsən özünü vaqifi-kar,
Agah ol, gör ki nədir: naleyi-ney, nəğmeyi-tar.
Yalnız çox sonralar, yeniyetmə olanda dərk etdim və anladım ki, fenomen sənətkar Əhsən müəllim köksünə sıxdığı tarın o sarı simlərində ömrün, taleyin təzadlı və təzadlı olduğu qədər də, bir-birinə sıx bağlı notlarını səsləndirirmiş: şadlıq-kədər, qüssə-sevinc... Bəli, bu, Əhsən ifasının sirri, möcüzəsiydi – dinlədikcə, səni zəhminə ağladıb, sehrinə salırdı. Çünki o, sənətkar idi, tarı ürəyilə, ruhuyla kökləyirdi...
Həqiqətən də, Əhsən müəllimin ifasında, sözün müsbət mənasında, bir zəhm, ötkəmlik vardı; dinlədikcə özünü daha dərindən dərk edirdin, bu ifa, sanki daxili aləmini sönüklükdən, iç dünyanı qaralmaqdan qoruyurdu.
Əhsən Dadaşov çalğısının, ifa tərzinin vurğunu idi çoxları kimi rəhmətlik atam da. O, məktəb saatlarından sonra istirahət zamanına şəxsiyyət sənətkarlarımızı, xüsusən də, Əhsən Dadaşovu dinləməklə başlardı. Deyirdi, “Qulu Əsgərovun, Rübabənin ifasında, Əhsənin tarında qulaq asdığım muğamlarımız, təsniflərimiz qədim el havalarımız, zehni yorğunluğumu çıxarır, dincliyimi özümə qaytarır”.
Sadıqcan davamçısı
Görkəmli tarzən, yaradıcılıq imkanlarıyla musiqi xəzinəmizi daha da zənginləşdirən qeyri-adi istedad sahibi Əhsən Dadaşovu Sadıqcanın davamçısı kimi təqdim etmək də məncə, doğru olardı. Nədən ki, tarın atası – Sadıqcan bu qədim musiqi alətini təkmilləşdirib (o, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırmışdır – bu, tədqiqatçıların fikridir) onun Azərbaycanın musiqi simvoluna çevrilməsinə vəsilə olduğu, həmçinin XIX əsrdən üzü bəri hələ kiçik yaşlarından xalq mahnı və muğamlarımızı ifa etdiyi kimi, bir çox təsnif və rənglərin müəllifi Əhsən Dadaşov da tarda özünəməxsus ifa tərzi ilə ustad sənətkar olaraq tanınmışdır. Onun bədii rəhbəri olduğu Xalq çalğı alətləri ansamblının fəaliyyətinə dahi bəstəkar Fikrət Əmirov yüksək qiymət verərək demişdir: “Əhsən Dadaşovun yaratdığı Xalq çalğı alətləri ansamblının repertuarı öz rəngarəngliyinə, yüksək temperament və ifaçılıq texnikasına görə başqa ansambllardan fərqlənir. Nə xoş və nə milli fəxarət ki, əsas atributu milli tarımız olan bu ansambl respublikamızın hüdudlarından kənarlarda da məşhurdur”.
Əhsən Dadaşovun ifasında səsləndirilən “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-Segah”, “Humayun”, “Vilayəti-Dilkəş”, “Çahargah”, “Bayatı-Şiraz” muğamları bu gün teleradionun “qızıl fond”unu bəzəyir. Əhsən müəllim vaxtilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs demiş, hərtərəfli biliyə malik, yüksək intellektli musiqiçilər yetişdirmişdir.
Əhsən müəllim təkcə tarda deyil, ud (həmçinin kamança, tütək) kimi qədim musiqi alətində də milli musiqilərimizi ifa etmişdir. Bu barədə sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə deyir: “Ud alətini Məşədi Cəmildən (Dahi bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov nəzərədə tutulur – Y.M.) sonra böyük auditoriyaya ilk dəfə Əhsən Dadaşov təqdim edib. Əhsən Dadaşovun ifası udu bizə daha da sevdirdi”.
Əhsən müəllim kamançanı, qədim nəfəs alətimiz tütəyi də, sazı da eyni tərzdə – tar kimi “dilləndirirdi”. Bu səpkidə sənətşünaslıq üzrə fəlsəfə doktoru Afət Novruzovun fikirləri maraqlıdır: “Əhsən Dadaşov 50-ci illərdə orkestrin partituralarında olan saz partiyalarının solo hissələrini də yüksək bədii zövqlə, şirin barmaqlarla, cazibədar duyğularla səsləndirmişdir”.
Bəli, Əhsən tarında ululuğumuz, udunda qan yaddaşımız, tütəyində əsrarəngiz təbiətimizin gözəlliyi, ulu obalarımız, kamançasında həsrətimiz-vüsalımız, sazında qədimliyimiz yaşayırdı.
Musiqi mədəniyyətimizin parlaq siması, müxtəlif çalğı alətlərində milli musiqimizi məharətlə ifa edən, dərin istedad, duyum sahibi Əhsən Dadaşov dünyasını erkən dəyişsə də, öz sənəti, sənətkarlığı, incəsənətimizin inkişafında, tərəqqi etməsində önəmli rolu ilə xalqının qəlbində əbədiyaşarlılıq qazandı.
Həkim-əczaçı, 5 kitab müəllifi Şahlar Əliyevin (Azərbaycan muğam sənətinin banisi olmuş mərhum Xan Şuşinskinin qayını) xatirələrindən: “Təxminən, 1959-64-cü illər olardı. Tibb Universitetində təhsil alırdım. Universitetdə tədbir vardı. Tələbə yoldaşlarımdan biri dedi ki, Əhsən müəllim musiqiçilərdən daha tez gəlib, otaqda məşq edir. Gəl gedək, səni onun yanına aparım. Mənim də, təvazökarlıq olmasın, bir az səsim vardı, o vaxt muğamlarımızı ifa etmək üçün AzTV-yə də dəvət alırdım. Qısası, Əhsən müəllimlə görüşdük. O, məni tarda müşayiət etdi, “Mirzəhüseyn segahı”nı oxuyurdum. Sonda Əhsən müəllim səsimi bəyəndiyini bildirdi və əlinin arxası ilə stola vurub dedi: “Şahlar, gözəl səsin var. Bu sənətin arxasınca getsən, 1 ildən sonra çox məşhur xanəndə olacaqsan. Bunu mən sənə deyirəm. Mütləq get”. O, müəllim kimi mənim xanəndə olmağımda çox israrlı idi. Dediyim odur ki, ustad sənətkarımızın böyüklüyü və müdrikliyi onda idi ki, bir pedaqoq olaraq həmişə gənclərin irəli getməsinə çalışırdı. Və bir də milli musiqimizə, özündə minillikləri yaşadan mədəniyyətimizə, incəsənətimizə böyük dəyər verirdi. O, musiqi mədəniyyətimizə öz adını qızıl hərflərlə yazan ustadlardan idi”.
Əhsən müəllimlə çox sənətkarlar çalışıb: mərhum Seyid və Xan Şuşinskilər, Zülfi Adıgözəlov, Sara Qədimova, Qədir Rüstəmov, İslam Rzayev, Rübabə Muradova, Fatma Mehrəliyeva, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Baba Mahmudoğlu...
Əhsən Dadaşov yüksək peşəkarlıq, sənətkarlıq manerası ilə incəsənətimizi yüksəklərə ucaltmış Azərbaycan mədəniyyətinin zirvə fatehləri – Səid Rüstəmovdan, Mənsur Mənsurovdan, Ənvər Mənsurovdan dərs almışdı. Adıçəkilən məşhurların şagirdi olmağın özü çox böyük qürur və fəxarət hissi idi.
Söz, fikir, həqiqət azadlığını boğan, insanlğı şüurlu şəkildə məhv edən 1937-nin dəhşətli repressiya dalğası Əhsəngilin də ailəsinə öz zərbəsini vurdu. Həmin il bir çoxları kimi, istedadlı tarzənin atası Əliabbas Dadaşov həbs olundu. O zaman 12-13 yaşlı Əhsən ailə sıxıntısının şahidi olsa da, bu çətinliklərin, məşəqqətlərin qarşısında əyilmir, sınmır, daha möhkəm dayanır və sevdiyi sənətin izi ilə xəyallarını gerçəkləşdirir – Bakı Musiqi Texnikumunda təhsil alır.
Gənc Əhsən tələbəykən oxuduğu təhsil ocağında keçirilən konsertlərdə, musiqili tədbirlərdə fəal iştirak edirdi. Bir dəfə texnikumda növbəti konsert zamanı Əhsən “Şur” muğamını çalır. Tədbirdə olan dahi Üzeyir bəy Əhsənin ifasını çox bəyənir və onu öyür.
Əhsən müəllim Muqisi Texnikumundan başqa, BDU-nun şərqşünaslıq fakültəsini də bitirmişdi. Aldığı hər iki təhsil bir-birindən fərqlənsə də, onun şərqşünas olması əslində musiqi sahəsinə, müsbət mənada, təsir edirdi – daha dəqiq desək, Şərq ədəbiyyatını, musiqisini yüksək səviyyədə mənimsəməsi, ona dərindən bələd olması qədim musiqi alətlərimizin tədqiqində, təbliğində çox böyük rol oynayırdı.
Zəngin repertuara malik Əhsən Dadaşov təxminən, 30-a yaxın melodiyanın müəllifi idi. O, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini də məharətlə, böyük şövqlə ifa edirdi. İstedadlı tarzən İran, İraq, Hindistan, Polşa, Avstriya, Misir, Türkiyə, ABŞ və s. xarici ölkələrdə Azərbaycan ifaçılıq sənətini geniş şəkildə yaymış və layiqincə təbliğ etmişdir; İranda və onun iri şəhərlərində (Tehran, Təbriz, İsfahan, Ərdəbil, Zəncan, Xoy və s.) qastrol səfərində olmuş korifey sənətkar Rəşid Behbudovu məşhur pianoçu Çingiz Sadıqovla birgə müşayiət etmişdir.
Ə.Dadaşov 1953-cü ildə Buxarestdə düzənlənən Tələbə və gənclərin IV Ümumdünya musiqi festivalının laureatı, 1957-ci ildə isə Moskvada keçirilən VI Ümumdünya musiqi festivalının qızıl mükafatçısı olmuşdur.
Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Sadıqcan, Mirzə Fərəc, Mirzə Mansur, Qurban Pirimov, Şirulla İmanov, Ənvər Mansurov, bəstəkar-tarzən Əhsən Dadaşov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Baba Salahov, Həbib Bayramov... Azərbaycan torpağının müxtəlif illərdə yetişdirdiyi, özünəməxsus ifa tərzi ilə milli musiqimizi, mədəniyyətimizi daim zirvələrdə tutan, fitri istedadları ilə incəsənətimizi bir abidə olaraq qoruyub saxlayan, mənəvi mirasımızı yaşadıb günümüzə yetirən bu ustad-sənətkarlarımızın hər biri tükənməz tarixdir. Onların irsi, yaradıcılığı hələ çox illər öyrənilməli, gənc nəslə mükəmməl şəkildə tədris, təbliğ olunmalıdır.
Əməkdar artist Əhsən Dadaşov 52 yaşında – 1976-cı ilin 30 mayında dünyasını dəyişdi. Lakin bu bənzərsiz sənətkar bizləri illərdir tərk etsə də, yaşayır – onu sevənlərin, xalqının yaddaşında, Əhsən istedadının sevgisinə bələnən tarın simlərində, “Bir pədənin iki səsi”ndə... Ruhun şad olsun, qüdrətli ustad-sənətkar!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!