İlham RƏHİMLİ
Bugünkü Mili Dram Teatrı 1919-cu ildə dövlət statusu alıb və həmin vaxtdan keçən 99 ildə bu sənət ocağında 99-dan çox-çox qüdrətli səhnə fədailəri fəaliyyət göstəriblər. Bunların arasında Abbasmirzə Şərifzadə, Sidqi Ruhulla, Mirzağa Əliyev, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Rza Təhmasib, Kazım Ziya, Mustafa Mərdanov, Möhsün Sənani, Mərziyə Davudova, Yeva Olenskaya, Sona Hacıyeva, Barat Şəkinskaya, Fatma Qədri, Hökümə Qurbanova, Ələsgər Ələkbərov, Məmmədəli Vəlixanlı, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı, Əjdər Sultanov, Ağadadaş Qurbanov, Əliağa Ağayev, Məmmədrza Şeyxzamanov, Nəcibə Məlikova, Leyla Bədirbəyli, Məlik Dadaşov, Sofiya Bəsirzadə, Həsənağa Salayev, Əli Zeynalov, Həsən Turabov, Şəfiqə Məmmədova, Səməndər Rzayev, Yaşar Nuriyev... kimi möhtəşəm ustadlar olublar. Onların yaradıcılıq salnaməsini bəzəyən əsas rollar oynadıqları tamaşaların qəhrəman və aparıcı obrazlarıdır.
Bununla belə, Akademik teatrda əsasən kiçik, epizodik rollarda sevilən və müəyyən mənada şöhrətin parlaq töhfələrindən paylarına az düşən fədakarlar da olub ki, teatrı onlarsız təsəvvür etmək mümkünsüzdür. Akademik teatrın şöhrət çələngini çiyinlərində ləyaqətlə daşıyanlarla bir cərgədə sakitcə, lakin şövq və məhəbbətlə, coşqun ehtirasla addımlayanlar da kifayət qədər olub. Olub və onlarsız teatr kasıblaşardı, sönük görünərdi, addımlarının qətiyyətləri zəifləyərdi. Səhnə fəaliyyətləri ehtirama layiq fədailərin az bir qismini xataırladıram.
Murad Muradov, Mirmahmud Kazımovski, Məhəmmədhəsən Atamalıbəyov, Cəlil Bağdadbəyov, Əhməd Qəmərli, Əhməd Anatollu, Bağır Cabbarzadə, İbrahim Azəri, Dadaş Şaraplı, Hacıməmməd Qafqazlı, Abbas Rzayev, Sadıq Saleh, Cabbar Əliyev, Əzizə Məmmədova, Panfiliya Tanailidi, Qəmər Topuriya, Nataliya Lizina, Atamoğlan Rzayev, Fateh Fətullayev, Muxtar Avşarov, Əminə Nağıyeva (Sultanova), Məhluqə Sadıqova, Məcid Şamxalov, Musa Hacızadə, Hüseyn Rafi, Qafar Həqqi, Məmməd Sadıqov, Sadıq Hüseynov, Kamil Qubuşov, Əli Qurbanov, Əhməd Salahlı, Ətayə Əliyeva, Müxlis Cənizadə, Hökümə Qasımova (İsmayılova), Mirvari Novruzova, Nəcəf Həsənzadə, Fazil Salayev, Səadət Zülfüqarova, Rəhilə Mirzəyeva, Şövkət Rzayeva, Aqşin Vəlixanov, Bürcəli Əsgərov, Sadıq İbrahimov, Elxan Ağahüseynoğlu...
Adlarını sadaladığım aktyorlar, az da olsa, həmçinin irihəcmli obrazlar ifa ediblər, amma di gəl ki, onların yaradıcılıqları əsasən epizodik rollarla zəngindir, dəyərlidir.
Əlbəttə ki, XXI əsrdə teatrın əsas ağırlığını cəsarətlə çəkən aparıcı aktyorlara ehtiram və inamım, məhəbbət və rəğbətim sonsuzdur. Onlar barədə kifayət qədər yazılıb və vaxtaşırı yazılacaq da. Çox-çox təəssüflər ki, iddiaları ilə istedadlarının səviyyələri üst-üstə düşənlərin sayı azdır... Bu yazımda onlar barədə söz demək istəmirəm və yəqin ki, həmin mövzuya nə vaxtsa mütləq qayıdacam. İndiki yazımın məqsədi isə bambaşqadır.
Günü bu gün də Akademik teatrda biz teatrşünasların tərif güzgüsündə dumanlı nəzərə çarpan aktyor və aktrisalar var. Maraqlı burasıdır ki, onların böyük əksəriyyəti əsassız iddialardan uzaqdırlar, teatrın bəzi aparıcı sənətkarları qədər ərköyün, "cığal" deyillər və başlarını aşağı salıb arı nizamı ilə öz işlərini görürlər. Hətta teatrdaxili etikaya, nizam-intizama istedadları ilə öyünənlərin müəyyən qismindən daha çox və daha vicdanla əməl edirlər. Çox-çox təəssüflər ki, fəxri adlar, müəyyən mükafatlar veriləndə də bu fədakarlar daha az yada düşürlər. Onlara ögey münasibətlər get-gedə kirəcləşib bərkidikcə zavallı görkəmləri güclənir və nəticədə layiq olmadan bütün mərtəbələrə kimlərinsə təkanı ilə qalxanlar həmın aktyorlara yuxarıdan aşağı baxırlar. Mən indiki məqamda misal çəkib müqayisə aparmaq fikrində deyiləm və onsuz da teatrda kimin isdedadının, qabiliyyətinin, bacarığının hansı səviyyədə, nəyə qadir olduğu bütün truppaya məlumdur. Sadəcə olaraq yeni ilin yeni qədəmlərində bütün varlıqları ilə səhnəyə bağlanan, kasıblıqla barışan, onlara bəslənən bəzi soyuq münasibətlərə məhəl qoymadan səhnə sənətinin böyüklüyünü, gözəlliyini qəbul edib vicdanla çalışanlar haqqında ürək sözlərimi teatrsevərlərlə bölüşmək istəyirəm. Təbii ki, onların zəif, diqqət çəkməyən, hətta uğursuz rolları da olub. Lakin mən rəğbətim olan bu aktyorların ancaq yaradıcılıq keyfiyyətlərindən söz açmaq istəyirəm.
Əlvida Cəfərov 1970-ci ildən səhnədədir. Səmimiyyəti, sadəliyi və mehribanlığı ilə kollektivin rəğbətini qazanıb. İfadə vasitələrində yumşaqlıq, yapışıqlıq və ürəyəyatımlı cazibədarlıq var. Sadədil, safqəlbli, sadəlövh, dar dünyagörüşlü, ancaq xeyirxah qəlbli, həssas duyğulu, mənən duyğusal obrazların ifasında daha ifadəli oynayır. Səhnədə heç vaxt "boş" qalmağı xoşlamır. Sözü cüzi olan, ancaq səhnədə çox qaldığı epizodlarda mütləq müəyyən ştrixlərlə, hərəkət dinamikası ilə hadisələrin ritm-dinamikasına daxil olmağı bacarır. Həkim ("Hələ "sevirəm" deməmişdilər", Ramiz Novruz), Dilənçi ("Üç quruşluq opera", Bertolt Brext və Kurt Vayl) səpkili rollarında səhnə ilə tamaşaçı salonu arasındə həzin, kövrək ünsiyyət yaradır.
Məzahir Cəlilov 1970-ci ildən səhnədədir. Dinamikliyi, çevik səhnə hərəkətləri, plastikasındakı ölçü həddini məharətlə gözləyə bilməsi və tipik-xrakterik səciyyələrə üstünlük verməsi ilə seçilir. Oqtay ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Ezop ("Ezop", Gilerma Fiqeyredo) kimi baş rollar da ifa edib. Ancaq tipik-xarakterik personajların ifasında xeyli uğur qazanıb. Yüksək rəqqaslıq vərdişlərinə yiyələnməsi ekssentrik oyun tələb edən personajların ifasında onun dadına çatır. Səhnədə artıq hərəkətlərə yol verməməyə çalışır, plastikası ölçü-biçilidir və buna görə də hətta Avropa teatr poetikasına mənsub Roberto ("Silindir", Eduardo de Filippo), Tirezi ("Şah Edip, yaxud alın yazısı", Sofokl) səpkili rollarda da uğur qazanır.
Tofiq Hüseynov 1971-ci ildən səhnədədir. Cazibəli, məlahətli və dəqiq məna yükü olan şirin, dadlı, baxımlı yumoru var. Qroteskli, ironik, satirik personajların ifasında qaravəlli oyun estetikasından bacarıqla istifadə edə bilir. Məsələn: Laz. ("Qanlı Nigar", Sadıq Şendil), Bekar Ağabala ("Dirilən adam", Mir Cəlal), Əcəl. ("Alın yazısı", Tufan Minnullin). Məsxərə, məzhəkə və hoqqa elementlərini obrazın ruhuna uyğun tərzdə, koloritlə oynadığı surətin hərəkət və duyğuları ilə həssaslıqla uzalşdırır. Sözün məna yükünü dəqiq tutur və onun mənasını hərəkət vasitəsilə bir neçə planda koloritlə canlandırır. Səs çalarlarının çoxqatlı imkanlarından koloritli cazibədarlıqla, personajın ovqatına uyğun tərzdə istifadə etməyi xoşlayır.
Əli Nur 1972-ci ildən səhnədədir. Coşqun, fasiləsiz püskürən daxili ehtirasa malikdir və hətta bu ehtirasın həddi bəzən elə səviyyəyə çatır ki, onun yüyənini idarə etməkdə akyor özü çətinliyə qatlaşmaq "zorunda" qalır. Səsinin istifadə xüsusiyyətləri, duyğu və düşüncələrinin səhnə təcəssümündəki estetik xüsusiyyətlər baxımından romantik aktyor məktəbinin poetika səciyyələrinə məxsusdur. Səsi, səhnə görkəmi, daxili enerjisi Babək ("Dar ağacı", Bəxtiyar Vahabzadə) tipli dramatik, romantik, psixoloji obrazların ruhuna daha uyğun gəlir. Bununla belə, tip-prsonajlarda koloritli yumordan məharətlə barınır. Mehtər Kərəm ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), İstinyeli ("Qanlı Nigar", Sadıq Şendil) rollarını xatırlamaq kifayətdir.
Pərviz Bağırov 1972-ci ildən səhnədədir. Fədai aktyorlardan olan Sadıq Salehin oğludur. Xarakterik və tipik rollar oynamaqda məharətlidir. Qaynar daxili aləmi və çevik plastikası var. Səhnədə səmimi, sərbəst, qətiyyətli, diqqətli və cəsarətlidir. Elə bu yaradıcılıq qabiliyyətinə görə istənilən aktyorla səhnədə asanlıqla yaradıcı ünsiyyət yarada bilir. Oynadığı tamaşalarda onun üçün janr, zaman və məkan "çərçivəsi" yoxdur. Eyni ilham və bacarıqla tragikomediyada Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə), faciədə Lennoks ("Maqbet", Vilyam Şekspir), psixoloji dramda Minas ("Hələ "sevirəm" deməmişdilər...", Ramiz Novruz), qarışıq janrda Stalin ("Şekspir", Elçin), komediyada Vasenka ("Övlad", Aleksandr Vampilov) rollarını oynayıb.
Elxan Quliyev 1974-cü ildən səhnədədir. Oynadığı tamaşalarda dinamikdir, yöndaşları ilə ünsiyyət qurmaqda xüsusi səriştə qazanıb. Eyni səhnədə personajların çox olduqları epizodlarda hadisələri diqqətlə izləyə və hərəkət plastikası ilə bütün iştirakçılarla müəyyən ölçü-çərçivədə psixoloji-dramatik münaisbət yarada bilir. Onun üçün janr çətinliyi yoxdur və buna görə də müxtəlif üslublu rejissorlarla yaradıcılıq həvəsi ilə işləyir. Obrazlar cəbbəxanasında dramatik Ergin ( "Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), psixoloji Məmmədağa ( "Yayda qartopu oyunu", Vaqif Səmədoğlu), fəci çalarlı Osvald ("Kral Lir", Vilyam Şekspir), yumorlu-satirik Ağa Bəşir ( "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə) rolları var.
Mirzə Ağabəyli 1975-ci ildən səhnədədir. Yumşaq baxışlarında, koloritli çöhrəsində gizli, bir qədər "müəmmalı" sakitlik və "qapalı" məlahət var. İllər uzunu sınaqdan çıxarıb formalaşdırdığı ifadə vasitələrinin mayasında, canında-cövhərində milli xalq oyun-tamaşalarından şirələnən mənalı kolorit şirinliyi qabarıqdır. Daxili ritmi ilə hərəkət plastikasının vəhdətinə heyranlıq doğuran ahəngdarlıq hakimdir. Laz ("Qanlı Nigar", Sadıq Şendil), Cənab Əzrayıl ("Teleskop", Elçin), Molla Məsim ("Oliqarx", Əfqan) tipli rollarda epizoddan, psixoloji ovqatdan asılı olaraq, mimika və gözlə oynayanda hərəkət plastikasının cazibəsini unutmur, yumorunun dadının-tamının şirinliyi daha da artır. Rollarında koloritli, yadda qalan cazibə var.
İradə Ağasıbəyli (Həsənova) 1977-ci ildən səhnədədir. Obrazın xarakterinin psixoloji əsaslarını iradəyə söykənən mətinliklə səhnədə həsaslıqla, məna və fikir yükündə, rejissorun tamaşa üçün müəyyənləşdirdiyi ideyaya, ali məqsədə uyğun tərzdə, harmonik plastikada realizə edir. İroniyaya əsaslanan satirik komediya rollarında enerjilidi və dinamik səhnə davranışında mənalı çoşqunluq duyulur. Səhnə hərəkətlərini çox çətin məqamlarda da obrzın sözlərinin psixoloji mahiyyətinə uyğun ritm ahəngində realizə etməkdə təcrübəlidir. Kiçikhəcmli dramatik rollarda da (məsələn: Ameliya. "Dişi canavar", Fedriko Qarsia Lorka) dərin psixologizm elementlərinə üstünlük verir, müəyyən faciə ahəngini canlı təbiiliklə saxlayır.
Hicran Nəsirova 1979-cu ildən səhnədədir. Daxilən zəngindir və bu ilahi vergiyə aktrisanın daxili varlığından irəli gələn səmimiyyət, zərif lirizm, dramatik-psixoloji kövrəklik hakimdir. İstedadını tamaşanın janrına uyğun olaraq dramatizm, komediya, satira, romantik faciə estetikasında tənzimləməkdə səriştəlidir. Reqana səpkili ("Kral Lir", Vilyam Şekspir) romantik faciə rollarında janrın estetik tələblərini həssaslıqla gözləyir. Həmçinin mürəkkəb psixoloji, ironik-satirik çalarla işlənmiş Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), məzhəkə estetikasındakı Xanpəri ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə) kimi rollarda da təravətli görünür. Janrından asılı olmayaraq, oynadığı tamaşalarda obrazın psixoloji ruhunu dəqiq tutur.
Əjdər Həmidov 1979-cu ildən səhnədədir. Milli karnaval estetikasının zərif xüsusiyyətlərinə malik aktyordur. Daha çox oxucunun xatırlaması üçün onun "Kişi sözü" filmindəki Əhməd rolunu yada salmaq istərdim. Sumqayıtda, eləcə də Akademik teatrda irihəcmli rollar da oynayıb və onların əksəriyyəti maraq doğurub, aktyora uğur gətirib. Lakin koloritli tip-personajlarda, satirik çalarlı surətlərdə ifası daha canlı və təravətlidir. "Partlayan", çılğın yumorlu obrazların ifasında (məsələn: Balarza. "Almaz", Cəfər Cabbarlı; Vanya koxa. "Qarabağnamə", İlyas Əfəndiyev) dinamik ritmə, karnaval estetikasına üstünlük verdiyi kimi, Fərəc ("Boy çiçəyi", İlyas Əfəndiyev) səpkili personajları sırf lirik-psixoloji janr prinsipində oynayır.
Almaz Amanova 1987-ci ildən səhnədədir. Sumqayıt teatrında xeyli baş rol oynayıb və aktyorluq vərdişələrinə və peşəkarlıqda formalaşdırdığı ifadə vasitələrinin mahiyyətinə görə lirik-psixoloji janrlı tamaşalarda daha çox uğur qazanır. Akademik teatrda rol üçün "mübarizə" aparmağa cəhd eləmir, çünki daxilən reallıqla teatr etikası çərçivəsində davranmağı üstün tutur, özünün sənətkar qüruruna güvənci çoxdur. Çağdaş dövrümüzün obrazlarını ifa edəndə onlara müxtəlif rakurslardan və psixoloji əsaslarla yanaşmağı, dərin psixoloji qatlara enməyi xoşlayır. Nəzakət ("Boy çiçəyi", İlyas Əfəndiyev) səpkili lirik-psixoloji, Arikiya ("Fedra", Jan Rasin) kimi fəci-dramatik rollarda ifasının səmimiyyəti və zərifliyi güclüdür.
Sevinc Əliyeva 1989-cu ildən səhnədədir. Tamaşanın janrından asılı olmayaraq, səhnədə civə kimi çevikdir və bunun kökündə yaradıcılıq cəhdlərinin enerjisi durur. Dinamik, dəyişkən, dalğavari, ziqzaqlı, düzxətli ritmdə davranmaqda formalaşmış müəyyən ifadəli vərdişlərə malikdir. Kövrək lirizmdən dramatik psixologizmə, səmimi yumordan ironik satiraya asanlıqla və dəqiq ifadə vasitələrinin tələb etdiyi psixoloji dürüstlüklə keçir. Səhnənin istənilən nöqtəsində sözlərini aydın ifadə edə və yöndaşları ilə hadisənin mahiyyətinə uyğun, obrazın psixoloji ovqatı ilə uzlaşan ünsiyyət qura bilir. Çılğın daxili ritmə malik enerjili yumoristik-satirik personajların ifasinda (məsələn: Ceyran. "Vəsiyyətnamə", Hüseynbala Mirələmov) səhnədə çox sərbəstdir.
Rövşən Kərimduxt 1996-cı ildən səhnədədir. Cazibəli, məlahətli, tamaşaçıda elə səhnəyə ayaq basdığı ilk andan maraq və rəğbət oyadan səhnə görkəmində peşəkarlığa əsaslanan cazibədarlıq var. Aktyor sənətində başqalaşma bacarığı deyilən bir anlam var və bu reallığa məharətlə nail ola bilməsi Rövşəndə fitrətdəndir. Onun istedadının ləzzəti, bənzərsizliyi də, məncə, ilk növbədə elə bundadır. "Xəsis" boyalarla işlənmiş koloritli yumoristik rollarda (məsələn: Əlvan, "Varlı qadın", Əli Əmirli) heyranedicidir və onları füsunkar, cazibəli, məzəli məzhəkə personajı kimi təqdim edir. Eyni zamanda güclü dramatik-psixoloji obrazların (məsələn: Qildenstern. "Hamlet", Uilyam Şekspir) ifasında əlvan ifadə palitrasına malik olduğunu bacarıqla göstərir.
Aslan Şirin (Şirinov) 1998-ci ildən səhnədədir. Xalq oyun-tamaşa vərdişlərini mənimsəyib, qaravəlli estetikasında rol oynamağı bacarır. Milli meydan teatrı poetikasına əsaslanan hərəkət monoloquna və hərəkət dialoquna üstünlük verməklə sözün deyə bilmədiyi fikirləri tamaşaçılara çatdırır. Daxili ritmi ilə hərəkət monoloqları arasındakı ifadəli harmoniya Oğul ("Mənim ərim dəlidir", Elçin), Heydər ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Səkinənin əri ("Bu dünyanın adamları", Hidayət), Ozrik ("Hamlet", Vilyam Şekspir) rollarında daha əlvan və maraqlı, daha cazibəli və mənalı görünür. Aktyorun işgüzarlığında, səhnə etikası prinsiplərinə münasibətində sənətinə məhəbbət və ehtiram var.
* * *
Gənclik yaş həddini aşmaqda olan Şəhla Əliqızının, Elnar Qarayevin, Rəşad Bəxtiyarovun, Elçin Əfəndinin istedadlarına güvənirəm və arzu edirəm ki, rejissorlar onlara rol tapşırmaqda daha cəsarətli və qətiyyətli olsunlar. Laləzar Mustafayevanı, Sənubər İsgəndərlini, Mehriban Xanlarovanı, Mətanət Atakişiyevanı, Füzuli Hüseynovu, Elşən Rüstəmovu yeni tamaşalarda az görməyim məni təəccübləndirir və bunun səbəbini tapa bilmirəm.
Milli Dram Teatrında aparıcı sənətkarlar var; ikinci dərəcəli rolları ifa edən təcrübəli aktyorlar az deyil; sözü yığcam, hərəkəti çox olan personajlarda oynamağı bacaranlar kifayət qədərdir. Səriştəli, təcrübəli rejissorlarımızdan da gileylənməyə o qədər əsas yoxdur.
Yaxşı, sual olunur: Bəs onda teatrda hadisəyə çevrilən tamaşa nə üçün nadir hallarda yaranır?
Mənim zənnimcə, bunun 4 əsas səbəbi var.
Birinci və əsas səbəb: Aktyorların təkəbbürlərı öz bacarıqlarını tədricən istedada çevirməkdə, ilbəil zəhmətə qatlaşıb istedadlarını formalaşdıraraq kamillik səviyyəsinə çatmaqda onlara ciddi mane olur.
İkinci zərərli səbəb: Rejissorlar truppanın gücünə, bacarığına əsaslanmaq, yaradıcılıq imkanlarından çıxış etmək əvəzinə, şəxsi bioqrafiyalarını dünya klassiklərinin və məhşur dramaturqların əsərlərinin siyahısı hesabına zahirən "əlvanlaşdırmağa" aludə olurlar.
Üçüncü nigarançılıq doğuran səbəb: Teatr bütöv orqanizm kimi çağdaş dramaturqlarla mövzu axtarışları istiqamətində səmərəli cəsarətlə işləməkdə axsayır. Daha dəqiq desəm, buna məqsədyönlü, fundamental şəkildə cəhd göstərmir. Halbuki, müxtəlif illərdə kollektivə bədii rəhbərlik etmiş Aleksandr Tuqanov (1924 - 1936-cı illər. Qısa fasilə ilə), Ədil İsgəndərov (1937 - 1960-cı illər), Tofiq Kazımov (1964 - 1980-ci illər) bu istiqamətdə möhtəşəm ənənə yaradıblar. Nədənsə son 25 ildə bu ənənəni ləyaqətlə davam etdirməkdə obyektivlik prinsipləri xeyli zəifləyib.
Dördüncü səbəbi isə belə xarakterizə edərdim: Rejissor və aktyorlar qarşılıqlı ehtirama, inama əsaslanmaqda, zəhmətli axtaraışlar zəminində işləmək vərdişlərinin çətinliklərinə qatlaşmaqda "tənbəllik" (bəlkə də prinsipsizlik) göstərirlər.
Bütün qiymətli daş-qaşlar kimi səhnə incisi də yalnız və yalnız cilalandıqca pardaqlaşır, gözəlləşir, qiyməti artır, zinətə çevrilir. Hər bir tamaşanın inci təsiri bağışlaması üçün isə bütün truppanın, yaradıcı heyətin hər bir üzvü ziyanlı iddialardan yaxa qurtarmağı, qarşılıqlı yaradıcılıq ehtiramına səmimiyyətlə, inamla nail olmağı və səhnə müqəddəsliyini şəxsi təkəbbürdən qat-qat uca tutmağı bacarmalıdır. Fikrimcə, bunun üçün Akademik teatrda geniş imkanlar və qüdrətli sənətkarlar var...
Lazımdır ki, papağımızı elə səhnədəcə qabağımıza qoyub fikirləşə bilək. Fikirləşib müəyyən yaradıcılıq qənaətinə gələ bilək. Qənaətə gəlibən də onu səhnədə möhtəşəm füsunkarlıqla reallaşdıra bilək...
Əminəm ki, həyatımıza yenicə daxil olan yeni ildə kollektivin üzvləri bir-birini dedi-qodu ilə "dalamaqdan" uzaq olaçaq, yaradıcılıq eşqi daim nur saçacaq... İnşallah...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!