"Elçin və kino" - 15 film bir kitabda - FOTOLAR

Oktyabrın 2-dən 8-nə qədər davam edən X Bakı Beynəlxalq Kitab Sərgisi bir sıra kitab təqdimatları ilə də yadda qaldı. Sərgi çərçivəsində reallaşan ən maraqlı tədbirlərdən biri də "Elçin və kino" kitabının təqdimat mərasimi idi.

Təqdimatı "Şərq-Qərb" Nəşriyyat departamentinin baş redaktoru Nərgiz Cabbarlı açıq elan etdi. O, Elçin yaradıcılığının çoxşaxəli olması, onun nəsr əsərləri, romanları, ssenariləri, pyesləri, elmi və tənqidi yaradıcılığı haqqında çoxsaylı məqalələr və tədqiqat işlərinin yazılması haqqında danışaraq belə bir kitabın ilk dəfə hazırlandığını vurğuladı: "İlk dəfədir ki, Xalq yazıçısı Elçinin kinopovestləri, ssenariləri əsasında çəkilən filmlər haqqında materiallar bir kitabda toplanır. Əslində belə bir kitabın hazırlanması ideyası Günay Əfəndiyeva tərəfindən təklif edildikdə, kitabın foto-albom şəklində hazırlanması nəzərdə tutulmuşdu. Yeri gəlmişkən, qeyd edim ki, materialların toplanmasında, araşdırılmasında onun çox böyük yardımı olmuşdur. Lakin filmlərin çəkilməsi, ekran həyatı və doğurduğu reaksiya ilə bağlı bir sıra maraqlı, dəyərli faktlara rast gəldikdə, qərara aldıq ki, mütləq bu məlumatlar, qənaətlər oxuculara da təqdim olunsun. Çünki bu faktlar kitabı daha dəyərli və daha məzmunlu edəcəkdi. Beləcə, kitabın konsepsiyası bir qədər dəyişdirildi. Artıq kitabda filmlərlə bağlı maraqlı fotolarla yanaşı, monoqrafik məlumatlar və təhlillər, eyni zamanda filmlə bağlı müxtəlif sənətşünasların, aktyorların düşüncələri də yer alır".

Daha sonra söz Elçin yaradıcılığına dərindən bələd olan, Əməkdar incəsənət xadimi, tənqidçi, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadəyə verildi. Kitabı "albom-monoqrafiya" adlandıran İ.Qasımzadə qeyd etdi ki, Elçinin kino yaradıcılığına həsr olunmuş bu kitab ilkdir və çox dəyərlidir. O bu filmlərin bir neçəsinin yaranma prosesinin şahidi olduğunu vurğulayaraq bildirdi: "Kitab öz məzmununa görə də, tərtibatına görə də, keyfiyyətinə görə də çox nəfisdir. Əminəm ki, Elçinin yaradıcılığını tədqiq edəcək mütəxəssislər üçün yaxşı mənbə olacaq. Əslində, fürsətdən istifadə edib bir təkliflə də çıxış etmək istərdim. Yaxşı olardı ki, "Elçin və teatr" kitabı da hazırlansın. Çünki bu istiqamətdə müəyyən boşluq mövcuddur. Axı Elçinin teatr səhnəsində oynanılan çoxsaylı əsərləri var. Onların bu şəkildə bir kitab halında toplanması yaxşı bir hadisə ola bilərdi".

Bu fikri digər çıxışçılar, xüsusilə də, "Baladadaşın ilk məhəbbəti" filmində Baladadaş rolunu ifa etmiş, Azərbaycanın Xalq artisti Şamil Süleymanlı da dəstəklədi. O, Baladadaş rolunun aktyorluq karyerasında çox böyük iz qoyduğunu, bu günə qədər də hər yerdə məhz Baladadaş kimi qarşılandığını, Elçinin bakılıların həyatına, məişətinə, dəyərlərinə tam fərqli və yeni bir münasibət formalaşdırdığını qeyd etdi: "Elçinin yaratdığı bu obraz bakılıları, onların həyat tərzinin, düşüncəsinin, əxlaqının, mənəviyyatının nə qədər zəngin, maraqlı olduğunu göstərdi, yüksəklərə qaldırdı. Mən özüm Şuşadanam, amma bütün bakılıların adından Elçin müəllimə təşəkkür etmək istəyirəm".

"Arxadan vurulan zərbə" filmində Fazil müəllim rolunu ifa etmiş, Kinematoqrafçılar İttifaqının katibi Akif Əli çıxış edərək Elçinin detektiv janrda yazdığı ssenari haqqında danışdı: "Elçin bir detektiv əsər yazıb, lakin bu əsər bu janrda yazılan digər əsərlərdən daha maraqlı, daha mənalıdır. Çünki Azərbaycan detektividir və Azərbaycan mentalitetinə əsaslanıb. Buradakı obrazlar da, düşüncə tərzləri də millidir. Aktyorlarımız Şahmar Ələkbərov, Rasim Balayev, Amaliya Pənahova bu əsərin ekran həyatının uzun olması, uğurlu olması üçün əllərindən gələni ediblər. Mən Elçin müəllimi bugünkü kitaba görə təbrik edirəm. Həqiqətən də, orijinal bir kitabdır".

Daha sonra çıxış edənlər - kino və teatr rejissoru, Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyov, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri, kino sahəsi üzrə mütəxəssis Orxan Fikrətoğlu da Elçin yaradıcılığının Azərbaycan kinosunda tutduğu yerdən söz açdılar. O. Fikrətoğlunun sözlərindən: "Elçin müəllim mənim üçün çox doğma adamdır. Çünki atamla bağlı adamdır. Amma yaradıcılığına gəlincə, Elçin müəllimin əsərləri genetik olaraq mənə çox doğma, yaxın olan mühit, əxlaq kodeksi, davranış mədəniyyəti ilə bağlıdır. Bu səbəbdən də o əsərləri çox oxuyurdum. Elçin müəllimin yaradıcılığı kinomuzda bir etapdır. Həqiqətən də, belədir. Hətta "Sahilsiz gecə" filminə görə ona qarşı müəyyən təpkilər də olmuşdu. Amma Elçin müəllim yenilikçi idi, Mirzə Cəlildən gələn həqiqətləri olduğu kimi göstərməyi bacarmışdı. Bu həqiqətlə insanı saflaşdırmağa çalışaraq onu kinematoqrafa gətirmişdi. Realistik süjet xətti ilə keçmişlə gələcəyi birləşdirmək Azərbaycan kinosunda məhz Elçin müəllimin əsərlərində var. Bu səbəbdən də bilməliyik ki, Elçin milli dəyərdir".

Daha sonra Milli Kitabxananın direktoru Kərim Tahirov, yazıçı Firuz Mustafa çıxış edərək Elçin yaradıcılığının Azərbaycan kinosunda qoyduğu iz, göstərdiyi təsir haqqında danışdılar.

Sonra söz Xalq yazıçısı Elçinə verildi. O, çıxış zamanı təqdimatın təşkilinə görə "Şərq-Qərb" Nəşriyyatının rəhbəri Sevil İsmayılovaya, baş redaktor Nərgiz Cabbarlıya öz dərin minnətdarlığını bildirərək bu kitabın onun üçün çox dəyərli olduğunu bildirdi: "Kino sahəsində ilk addımlarımı "Baladadaşın ilk məhəbbəti" filmi ilə atmışam. Və bu kitabı vərəqlədikcə elə bilirdim ki, bütün xatirələr bir-bir gəlib gözlərimin önündən keçir. İşlədiyim rejissorlar, çəkiliş meydançaları... Hamısını xatırlayırdım. Fikrət Əliyev, Tofiq Tağızadə, Arif Babayev, Şahmar Ələkbərov və b. rejissorlarla çox maraqlı işlərə imza atdıq. Mən təşəkkür edirəm belə bir maraqlı kitab hazırladığınıza görə".

Tədbir oxucuların sualları ilə davam etdi. Sonda söz alan Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova belə bir dəyərli ziyalı haqqında kitab nəşr etdikləri üçün qürur duyduğunu ifadə etdi və qonaqlara iştiraka görə təşəkkürünü bildirdi.

Xatırladaq ki, kitabda Xalq yazıçısı Elçinin "Baladadaşın məhəbbəti", "Arxadan vurulan zərbə", "Sahilsiz gecə", "Gözlə məni", "Hökmdarın taleyi", "Əllər və rənglər", "Qatil", "Milli bomba", "Mahmud və Məryəm" və s. filmləri də daxil olmaqla, 15 bədii, sənədli və cizgi filmi haqqında söz açılıb. Kitabın müəllifi tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!