Bossa nova - Kamilla ƏLİYEVA

Dünya caz musiqi sənətinin ən parlaq incilərindən biri də, vətəni Braziliya olan Bossa nova sənətidir.

"Bossa nova" sözü həm hərfi, həm də məcazi mənaya gəlir. Hərfi mənada, bossa  (- qabar, təpə, qorqa;) nova (- yeni) deməkdir. Müasir rus jarqonunda isə "çip" yəni "xarakterik xüsusiyyət", "parlaq xüsusiyyət" sözü ilə, təxminən eyni mənaya gələcək. Məhz buna görə də Bossa nova hərfi mənada deyil, məcazi mənada - "yeni xüsusiyyət", "yeni üslub" kimi 1950-ci ildən başlayaraq, həm Braziliyada, həm də dünya musiqi tarixində ən parlaq caz musiqi janrı kimi məşhurlaşmışdır.

Bossa nova ilk dəfə Rio-de-Janeyronun İpanema bölgəsində, varlı insanların yaşayış yerində meydana gəlmişdir. Əvvəlcə şənliklərdə və ev konsertlərində ifa edilmişdir. Ancaq tezliklə Bossa novanın elitar təbəqəyə məxsus olmağı prosesi dayandırıldı. Beləliklə, Bossa nova klublarda, kafelərdə və sadəcə Braziliya şəhərlərinin küçələrində səslənməyə başladı.

Bossa nova-nın yaradıcıları bəstəkar Antonio Karlos Jobin və gitaraçı Joao Gilberto olmuşdur. Bossa nova-nın  "başlanğıc nöqtəsi" Jobinin məşhurlaşan "Yetər Kədərlənmək" ("Chega de saudade", 1957) mahnısı hesab olunur. Dünyada Bossa nova-nı qlobal səviyyəyə gətirən mahnı isə məhz ilk dəfə Astrud Gilberto tərəfindən ifa olunan Jobinin "The Girl from Ipanema" yəni "İpanemalı qız" (1962) mahnısı idi.

İlk Braziliya Bossa nova LP albomlarından biri 1958-ci ildə müğənni Elisette Kardoso və gitara ifaçısı Joao Gilberto tərəfindən yazılmış "Güclü məhəbbət mahnısı" (Cançao do amor demais) idi.

Bossa nova-nın milli sərhədləri keçdiyi ilk hit A.K.Jobinin "The Girl from Ipanema" mahnısı oldu. Xüsusilə qeyd etmək lazımdır ki, "Recklessness" ("Insensatez"), "Desafinado" və "Corcovado" mahnıları da dünya hitinə çevrilmişdir.

1962-ci ildən etibarən Avropada Bossa nova musiqi nümunələri qrammofon vallarına yazılmağa başlanır. 1970-ci illərin əvvəllərində Bossa nova Braziliya musiqisinin əvəzolunmaz atributuna çevrildi.

Bədii zövqlərin əhəmiyyətli dərəcədə dəyişdiyi XXI əsrdə Bossa nova beynəlxalq pop klassikası kimi əhəmiyyətini itirməmişdir, bunu dünyanın müxtəlif ölkələrində (o cümlədən, Rusiyada) ona daimi olan  maraq sübut edir.

Musiqi spesifikliyi baxımından Bossa nova ümumiyyətlə, Braziliyanın şəhər sambasının ritmikliyini və Amerika cazının harmoniyasını birləşdirən janr kimi özünü əks etdirir.

Braziliyanın qəlbi olan sakit, mülayim  əhval-ruhiyyə aşılayan Bossa nova bir çox yaradıcıların diqqət mərkəzində olmuşdur. Belə ki, Joao Gilberto, Antonio Karlos Jobin, Stan Getz, Astrud Gilberto, Alice Regina, Elisette Kardoso, Chico Buarca, Roberto Meneskal, Dorival Qaimmi və s. kimi şəxsiyyətlər Bossa nova-nın yaradıcılarına çevrilərək Braziliya milli musiqisi tarixində əvəzolunmaz missiyalarını həyata keçirdilər.

1960 və 1970-ci illərdə Bossa novanın populyarlığı o qədər böyük idi ki, məşhur  bəstəkarlar çox vaxt kommersiya məqsədləri üçün bəstələrinin başlıqlarına bu janra istinadlar daxil edirdilər. Məsələn: Quincy Jones tərəfindən adi blues meydanında yazılmış "Soul Bossa nova" (1962) instrumental əsəridir. "Nautilus Pompilius" qrupunun məşhur mahnılarından biri olan "Son məktub"un xorunda Bossa novanın üslub elementləri var.

Onu da qeyd etmək lazımdır ki, məşhur rus müğənnisi Leonid Aqutinin mahnılarının çox hissəsi məhz Bossa nova üslubunda olmuşdur.

Bossa nova caz stili olaraq musiqidə özünü, sözün əsl mənasında, doğrultmuşdur. Lakin Bossa nova nəinki bir musiqi stili kimi məşhurlaşmışdır, eyni zamanda da rəqs stili olaraq da Braziliya mədəniyyətinin ayrılmaz bir hissəsini təşkil etmişdir.

Rəqs kimi Bossa nova 1960-cı ildən Braziliyada yaranıb və məşhurlaşmağa başlamışdır. 1962-ci ildən isə dünyada geniş şəkildə yayılmışdır.

Bossa nova-nın caz ilə ahəngi rəqsin ifasında da olduqca əhəmiyyətli təsiri olmuşdur. Bu təsir Bossa nova rəqsini xüsusi tip addım elementləri ilə zənginləşdirir.

Bossa nova rəqsinin əsas elementləri yavaş, tez-tez istənilən samba ritmində ifa olunur.

Bu rəqsi ifa edən cütlükdəki mövqe, adətən Rumba mövqeyi ilə eynidir, lakin fərqli də ola bilər. Bossa nova rəqsində ayaq hərəkətləri, "merengue"də olduğu kimidir. Bossa nova-da qolların yellənməsi xüsusilə diqqəti cəlb edir.

Braziliya Bossa nova rəqsində xarakterik elementlərdən biri də "Cuban motion", yəni Kuba hərəkətləridir.

Bossa nova öz qeyri-adi, rəngarəng, maraqlı rəqs elementləri ilə insanları valeh etmişdir. Məhz bu fiqurlarından biri "Side basic" yəni, "esas yan", "forword basic", yəni "əsaslıq təşkil edən, irəli gedən", ayrı-ayrılıqda və birlikdə ifa olunan diqqəti cəlb edən elementlərlə zəngindir. Eyni zamanda Bossa nova rəqsində latın Amerika rəqsləri olan "samba", "rumba" və "Argentina tanqosu"nun təsiri çox böyük olmuşdur.

Bossa nova-nın hərəkətləri, bütün digər rəqs məktəblərində olduğu kimi, zərif və incədir, xoreoqrafiya bədənin yumşaqlığını və elastikliyini vurğulayır. Ən maraqlısı odur ki, Bossa nova həm cütlü, həm də müstəqil şəkildə, tərəfdaş olmadan rəqs edilə bilər. Əsas hərəkətlər ayaqların, qolların vasitəsilə ifa olunmuş olsa da, rəqsdə istənilən qədər element var və bu elementlərin sayəsində də, daha fərqli variasiyalar yaradıla bilər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!