ELÇİN
XIX əsrdə qədim və zəngin folklor teatrına (xalq teatrına) malik Azərbaycan mədəniyyətində və ümumiyyətlə, bütün islam aləmində ilklərdən biri olaraq, yeni anlamda teatr sənətinin yaranması öz əhəmiyyətinə görə yalnız mədəniyyətimizin yox, ictimai fikrimizin də böyük hadisəsi oldu və bu gün teatr tariximiz əslində milli-mənəvi tariximizin mühüm bir hissəsidir.
Teatrımızın inkişafı bizim sənətşünaslıq elmimizin hərtərəfli inkişafında da ciddi rol oynadı - teatrşünaslıq artıq sənətşünaslığımızın müstəqil bir qoludur və "teatrşünaslıq" dedikdə, mənim ilk fikrimə gələn isimlərdən biri - birincilərdən biri bu gün 75 (!) yaşını təbrik etdiyimiz İlham Rəhimlidir.
İlham professordur, elmlər doktorudur, görkəmli bir qələm sahibidir, ancaq mən 75 rəqəmindən sonra o nida işarəsini əbəs qoymadım, çünki İlham cismən də, mənən də heç vəchlə 75-ə yaxın durmur - cavandır və cavanlıqdan da xəbər verən enerji sahibidir.
Bizim teatr tariximiz haqqında yazan rəhmətlikləri (İnqilab Kərimov, Ədilə Əliyeva, Mahmud Allahverdiyev...) və onların vaxtıyla yazılmış tədqiqatlarını xatırlayıram. İlham Rəhimli 30-40 il bundan əvvəlki bir enerji ilə bu gün də teatr tariximiz ilə məşğul olur və teatr tədqiqatımizi inkişaf etdirir, təkmilləşdirir və dəqiqləşdirir.
1964-cü ildə Cəfər Cəfərov İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsərinin Akademik Milli Dram Teatrındakı ilk tamaşasından sonra "Təklik faciədir" adlı məşhur məqaləsini yazdı və teatr tənqidində xüsusi bir canlanma yarandı, hətta deyə bilərəm ki, məktəb yarandı, Yaşar Qarayevin, sonra Məryəm Əlizadənin, ya da daha sonralar Aydın Talıbzadənin yeni tamaşaları haqqında daha artıq bir şövqlə yazdılar, sanballı professional söz dedilər. Bu gün İlham Rəhimli - həmin məktəbin görkəmli nümayəndəsi - teatr tamaşalarını izləməkdə davam edir və rejissor yozumu, aktyor ifası haqqında nüfuzlu (və səlahiyyətli) fikir bildirir.
Vaxtıyla rəhmətlik Qulam Məmmədli qiymətli salnamələrini, o cümlədən, teatra həsr olunmuş salnaməsini yazdı və klassik salnaməçilik ənənələrimizi bərpa etdi, ağır zəhmət hesabına onu müstəqil bir janr səviyyəsinə qaldırdı. İlham Rəhimlinin yaradıcılığını bütöv halda götürsək, bu - kamil teatr salnaməçisidir.
O, üçcildlik "Azərbaycan teatr ensiklopediyası"nın müəllifidir və böyük bir kollektivin görəcəyi işi təkbaşına görüb.
O, 100-dən artıq kitabın müəllifidir və bu kitabların hamısı teatrla bağlıdır.
Onun yaradıcılığı küll halında Azərbaycan teatr sənəti haqqında fundamental monoqrafiyadır və o, bir tərəfdən, Akademik Milli Dram Teatrımızın, Respublikadakı bütün Dövlət teatrlarının tarixi və repertuarı, bədii-estetik xüsusiyyətləri barədə ayrıca kitablar nəşr etdirmişdir, o biri tərəfdən də, Tiflis, yaxud İrəvan teatrlarının tarixini tədqiq etmiş, fəaliyyətlərini geniş və səriştə ilə araşdırmış və qiymətləndirmişdir.
Bu yerdə mən onun "Təbriz Azərbaycan teatrı" kitabını xüsusi qeyd etmək istəyirəm və o, Cənubi Azərbaycanda "meydan tamaşalarının bütün formaları, xüsusilə, məzhəkə, məsxərə, qaravəlli, şəbədə, qodu-qodu, güdul, kəvsəc, yel baba, sayacı, hoqqa, bəbək (kukla tamaşaları), kölgə oyunları və mərasim göstərmələri, dərviş düzənləri, kəndirbazlıqda Keçəpapağın söyləmələri xalq teatrının inkişafında və təkamülündə böyük əhəmiyyət daşıyıb" prinsipini əsas götürüb, Təbriz teatrının tarixini və aqibətini tədqiq edərək, ciddi elmi (və ictimai!) əhəmiyyətli bir əsər yazmışdır.
Mən bu qısa təbrik qeydlərimi yaza-yaza tədbirlərdə, məclislərdə İlham Rəhimli ilə görüşəndə həmişə xatırladığım bir epizod yenə yadıma düşür.
1990-cı illərin sonu, ya da 91-in lap əvvəlləri idi, Sovet İttifaqı hələ dağılmamışdı, Azərbaycan Kommunist Partiyası hələ özünü ləğv etməmişdi və mən hansısa bir məsələ ilə bağlı - o zaman Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətində işləyirdim - KP MK-ya getmişdim. İlham da o zaman, səhv etmirəmsə, "Kommunist" qəzetindən MK-ya keçmişdi və orada məsul vəzifədə çalışırdı.
Öz məsələmlə bağlı söhbətimi bitirib, MK-nın xəstəxana reanimasiya arakəsmələrinə bənzəyən arakəsməsi ilə qayıdarkən, "İlham Rəhimli" yazılmış kabineti gördüm və içəri girdim.
Dediyim kimi, Sovet İttifaqı hələ dağılmamışdı, MK-da Mirzə Cəlil demişkən, "bəlkə də qaytardılar" əhval-ruhiyyəsi var idi, avqust hadisələri, Mixail Qorbaçovun şərəfsizcəsinə istefa verməsi hələ irəlidə idi və MK kabinetlərində də Leninin iri çərçivələrə salınmış portretləri elə bil, əbədi olaraq, o kabinet sahiblərinin başının üstundən asılmışdı.
İlham isə başının üstündən Vladimir İliç Leninin portretini çıxarıb, əvəzinə Həsənağa Turabovun portretini asmışdı.
Rəhmətlik Həsənağa onda Akademik Milli Dram Teatrının bədii rəhbəri idi.
Güman edirəm ki, bu detal İlham Rəhimli haqqında az söz demir.
Elm - ciddiyyətdir, quru faktlardır, dəqiqlikdir, hövsələ, səbirdir, səbatdır.
Teatr - başdan-başa canlı bir varlıqdır, dinamikadır, azadlıqdır, bir tərəfdən faciə, o biri tərəfdən isə gülüşdür, hiss və həyəcanlardır, şövqdür.
Mən bu qısa yubiley yazısında İlhamı "elm və teatr adamı" adlandırdım və bu fikri başlığa çıxardım, çünki elmi və teatrı birləşdirən istedad, səriştə və zəhmətkeşlikdir.
Bunlar isə İlham Rəhimli ilə bir yerdədir.
12 sentyabr 2024
Zaqulba
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!