Bədii əsər də insan kimidir. İnsan var, bəxti gətirir, insan da var, çox şeyə layiq olsa belə, bəxti vermir ki, vermir. Əsər də beləcə. Mənim "Siluet" pyesimin bəxti gətirdi. Bundan öncə də səhnə taleyi üzünə gülən pyeslərim olub. Əlbəttə, onların öz yeri, öz dəyəri var. Bəli, "Siluet"ə qədər dörd əsərim səhnələşdirilmişdi - "Açar"a azman teatr rejissorumuz Hüseynağa Atakişiyev quruluş vermişdi, onun özünün rəhbərlik etdiyi Gənclər teatrı bu tamaşanı beş ilə yaxın bir müddət ərzində anşlaqla oynadı; sonra "İşıq tozu" oldu. Onu gözəl teatr rejissorumuz Bəhrəm Osmanov səhnələşdirdi. Daha sonra İntiqam Sultanın quruluşunda "Çarə" gəldi. Bu dördlük "Doğru və oğru" pyesi ilə tamamlandı, quruluşçu rejissor Nicat Mirzəzadə.
Sadaladığım əsərlərdən ikisi - "İşıq tozu" və "Doğru və oğru" İrəvan Dövlət Dram Teatrının səhnəsində öz təcəssümünü tapdı. "Siluet" tamaşası bu qocaman teatrda səhnələşdirilən üçüncü pyesimdir. Amma onun qeyri-səlis məntiq sistemi üzrə baş tutan səhnə quruluşu ilk oldu. Belə bir quruluş tamaşanın rejissoru, Əməkdar Mədəniyyət işçisi, tanınmış aktyor və rejissor İftixar Piriyevin kəşfi və seçimidir. Onun özünün dediyinə görə, bu cür təkanı ona ədəbi mətn, yəni pyesin özü, əsərdəki qeyri-adi ruh verib. İftixar müəllimlə, daha doğrusu, onun rəhbəri olduğu İrəvan Dövlət Dram teatrı ilə, dediyim kimi, əvvəl də iş birliyimiz olub. Və həmin iş birliyi zamanı, lap dəqiq "İşıq tozu" cəfəng janrına aid bir əsər kimi səhnələşdiriləndə artıq qeyri-səlis məntiq sisteminin cücərtiləri var idi. Bunu biz hamımız duyur, başa düşürdük. Belə ki, həmin tamaşanın məntiqi davamı kimi, bir neçə ildən sonra İftixar Piriyevin qeyri-səlis məntiq sistemi üzrə qurduğu "Siluet" tamaşası, həm də mənim səhnəyə qoyulan beşinci əsərim ərsəyə gəldi (zarafatyana da olsa, deyim ki, həmkarlarım arxayın ola bilərlər, "Xəmsə" iddiasında deyiləm).
Bəs bu qeyri-səlis məntiq üzrə qurulan teatr nədir, adi teatr sistemindən nə ilə fərqlənir?
Qeyri-səlis məntiq sistemi üzrə səhnələşdirilən Teatr tamaşası ənənəvi məntiq sistemi üzrə qurulan tamaşadan fərqli olaraq, çoxlaylı bədii materialla işləməyə imkan verən bir yanaşmadır. Bu məntiq sistemi həyatın kompleks, çoxmənalı aspektlərini anlamağa və ifadə etməyə imkan verir.
Teatr tamaşasında qeyri-səlis məntiqdən istifadə edərək, tamaşaçıları düşünməyə və müxtəlif interpretasiyalar etməyə təşviq edən bir təcrübə yaratmaq mümkündür. Qeyd etməliyik ki, "Siluet" tamaşasının rejissoru bunu ustalıqla bacarmışdır. Tamaşadan sonra çeşidli təəssüratları, fərqli təsirləri tamaşaçıların üzündən asanlıqla oxumaq olurdu. Toyda hərə öz rəqsini oynadığı kimi, hüzur yerində hər kəs öz dərdini ağladığı sayaq, bu tamaşada da (eyni səhnəyə baxsalar da) hər bir tamaşaçı öz qəlbinin təlatümlərini gördü.
Qeyri-səlis məntiq sistemi əsasında təqdim olunan bu tamaşada "hə" və ya "yox" cavabları əvəzinə, təqdim olunan məsələnin dərəcəsini göstərən dəyərlərdən bəhs edildi. Bu sistem, teatr tamaşalarında qeyri-müəyyən və ya çoxqatlı mövzuları, personajları və vəziyyətləri təsvir etmək üçün ideal bir vasitədir. Bunu, "Siluet" tamaşasını diqqətlə izləyən tamaşaçı əyani surətdə gördü.
Bəzən söz bu və ya digər duyğunu, hissləri və ürək çırpıntılarını verməkdə acizdir, bəzən də, nə qədər paradoksal olsa da, söz müəyyən bir hissi çatdırmağa mane olur. Sanki duyğu, hiss sözün içində əriyib itir, onu sözlərin vasitəsi ilə olduğu kimi çatdırmaq olmur. Bu yerdə üz mimikaları, bədən dili personajın köməyinə gəlir. İftixar müəllim həmin tamaşaya qeyri-adi qaydada quruluş verərkən bədən dilindən, gözlərin ifadəsindən və mimikadan məharətlə faydalanıb. Nəticədə söz deyə bilmədiyini göz deyib, bədən deyib, həm də elə deyib ki, qəlbdə-xəyalda yaranan duyğular səhnədə bütün çalarlarıyla çağlayıb. Bu yerdə bunu da qeyd etməliyik ki, mimika və bədən dili bizim klassik ədəbiyyatımız üçün də yad deyil. Təkcə Dədə Ələsgərin "Qaşını oynadıb gözündən güldü" və yaxud "Sındı qol-qanadım yanıma düşdü" ifadələrini xatırlamaq kifayətdir.
Yuxarıda dedim ki, "Siluet" tamaşasının rejissoru İftixar Piriyevin dediyinə görə, onu qeyri-səlis məntiq sisteminə pyesin özü, yəni əsərdəki qeyri-adi ruh sövq edib. Heç şübhəsiz, istənilən tamaşanın oyun qaydalarını ədəbi mətn əvvəlcədən müəyyənləşdirir. Pyesin ruhuna əsaslanaraq qeyri-səlis məntiq sistemi üzərində qurulan teatr tamaşası müxtəlif interpretasiyalara açıq olan ifadələr və səhnələrlə zəngin olur. Bir daha təkrarlayıram, həmin ifadələr, sözün gücü çatmayanda gözlə və ya bədən dili ilə verilir. Personajlar, duyğu və düşüncələrini tam dəqiqliklə ifadə etmədən, daha çox müxtəlif yozumu olan qeyri-müəyyənliklə danışa bilərlər, eynilə "Siluet" tamaşasında olduğu kimi. Bu isə, tamaşaçıların hər bir vəziyyəti və personajı hərəkətə gətirən motivasiyaları fərqli cür anlamalarına yol açır.
Mütləq qeyd edilməlidir ki, tamaşanın rejissoru İftixar Piriyev qeyri-səlis məntiqdən istifadə edərək, müxtəlif səhnələrdə çoxqatlılıq və sözün yaxşı mənasında, qeyri-müəyyənlik yarada bilib. İlk baxışda bir-birinə oxşar səhnələr müxtəlif tərzlərdə təkrarlanaraq, fərqli məqamları və mənaları vurğulayır, ön plana çəkir. Bu yanaşma tamaşaçılara personajların və hadisələrin çoxqatlılığını göstərmək və onları düşünməyə təhrik etmək üçün bir fürsət yaradır.
Gənc olmalarına rəğmən, öz ifaları ilə tamaşaçıları heyran edən artistlərin məharətini qeyd etməsək, insafsızlıq olardı. Hər üç xanım - Qadın rolunun ifaçısı Xədicə Məmmədova, onun Silueti Güney Əliyeva və Şəhvət rolunda çıxış edən Pərvin Dadaşova, o cümlədən, tamaşanın sonunda səhnəyə çıxan Kişi obrazının ifaçısı Əmrulla Nurullayev öz personajlarını qeyri-müəyyənlik və çoxqatlılıq əsasında inkişaf etdirə bildilər. Duyğularını və reaksiyalarını müxtəlif tonlarda ifadə edərək, daha canlı və reallığa yaxın obrazlar yaratdılar. Bu isə, öz növbəsində, tamaşaçılara personajların iç dünyası ilə daha dərindən tanış olmağa kömək etdi. Bir sözlə, artistlər, personajlarının motivasiyalarını və duyğularını tam açıqlamadan, tamaşaçıları düşünməyə sövq edən bir oyun sərgiləyə bildilər.
Rejissorun müraciət etdiyi səs effektləri və musiqi seçimi qeyri-səlis məntiq əsasında qurulan bu tamaşada çox mühüm rol oynadı. "Rol oynadı" ifadəsini elə-belə işlətmədim, mən deyərdim ki, "Siluet" tamaşasındakı səs effektləri, musiqi və finalda səsləndirilən mahnı (sözləri və musiqisi rejissorundur) beşinci personaj kimi çıxış etdi. Belə ki, rejissor işıqlandırma və səs effektlərindən məharətlə istifadə edərək, personajların daxilindəki iztirab və ziddiyyətləri tamaşaçıya sezilmədən aşılaya bildi.
Ümumiyyətlə, teatr tamaşasında qeyri-müəyyənlik və çoxqatlılıq atmosferini yaratmaq üçün rejissorlar, bir qayda olaraq, rəngarəng işıqlandırma və dəyişkən dekorasiyalardan istifadə edirlər. Sözügedən tamaşada isə İftixar Piriyev eyni dekorasiyadan və musiqidən faydalanaraq həmin effekti verməyə nail olmuşdur. Nəticədə tamaşaçılarda qadın dünyasına dalmaq hissi yarada bilmişdir.
Tamaşada baş qəhrəman qısqanclıq zəminində yaranan öz şəxsiyyət böhranını yaşayır. Eyni zamanda qadın öz ərinin sevgilisinin cildinə də girir, onun iztirablarını öz içindən keçirə bilir. Hər ikisi qadındır, onları birləşdirib bir qadın obrazı yaradan da bu iki, bir-birinə daban-dabana zidd olan haldır. Tamaşa, qadının daxili ziddiyyətlərini və şübhələrini məhz qeyri-səlis məntiq sistemi vasitəsi ilə əks etdirir. Düşünürəm ki, bunu ənənəvi teatr üsulları ilə gerçəkləşdirmək xeyli çətin olardı.
Bir az uzanan sözümü yekunlaşdıraraq onu da deməliyəm ki, mövzuya bu sayaq yanaşma, mürəkkəb və çoxqatlı sənət əsərləri yaratmağa və tamaşaçılara unikal və sözün əsl mənasında, yeni tamaşa təqdim etməyə geniş yol açır. "Siluet" tamaşası kimi tamaşalar müasir teatrın inkişafında mühüm bir addım ola bilər və tamaşaçılara unudulmaz bir təcrübə təqdim edərək onları düşünməyə və fərqli interpretasiyalar etməyə təşviq edə bilər.
Və sonda: qartal qocalanda onun əsas aləti olan dimdiyi korşalır, caynaqları kütləşir. Aydın məsələdir ki, o əvvəlki kimi ov ovlaya bilmir, bir qarın ac, bir qarın tox yaşamalı olur. Beləliklə, qoca qartal seçim qarşısında qalır, o, ya göyün yeddinci qatına qalxmalıdır ki, oradan ildırım sürəti ilə şığıyıb sıldırım qayalıqlara çırpılsın. Çırpılsın ki, korşalmış dimdiyi çiliklənib tökülsün, onun yerində yenisi çıxsın, yeni dimdiyi ilə küt caynaqlarını didib qoparsın, onların yerində yeni, iti caynaqların çıxmasına imkan yaratsın... Ya da öz acınacaqlı vəziyyəti ilə barışmalı, aciz qocalığını yaşamalıdır... Əsrlərcə yaşı olan qoca teatr da qartal seçimini etməlidir - ya yeniləşmə, ya monoton qocalıq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!