"İrəvanda yanan çıraq" - Nərminə Ağayeva Hidayətin birhissəli mistik tarixi dramı haqqında yazır

Nərminə Ağayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycanın böyük ziyalısı, ictimai xadim, görkəmli şair-dramaturq Hidayət Azərbaycan ədəbi mühitində öz dəst-xətti, üslubu və mövzu aktuallığı ilə seçilən sənətkarlardandır. Hidayət bütün yaradıcılığı boyu Azərbaycan ədəbiyyatında, xüsusən, dramaturgiyasında Qərbi Azərbaycan mövzusuna, onun ağrılı problemlərinin və bu problemləri olduğu kimi ictimaiyyətə çatdırılması məsələsinə öz yaddaş xəritəsi ilə həssascasına yanaşmışdır. 

Hidayətin İrəvan Teatrında hazırlanan Qərbi Azərbaycan mövzusuna həsr olunmuş əsərləri, bir növ, həm də İrəvan Teatrının bilavasitə özünün taleyini, gərginliyini də ifadə edir. Ədibin dramaturgiyası İrəvan Azərbaycan teatrının tarixində xüsusi mərhələdir. Vaxtilə İrəvanda yaşayarkən, on altı il İrəvan Azərbaycan Dram Teatrına rəhbərlik etmiş Hidayət bu teatrın doğma müəllifi hesab olunur. Hidayətin Qərbi Azərbaycan tematikasına həsr olunan "Burdan min atlı keçdi" romanı əsasında təqdim etdiyi "Vətəndən ağırdı vətənin yükü", "Burdan min atlı keçdi", eyniadlı povesti əsasında "İrəvanda xal qalmadı" pyeslərinin səhnə təcəssümlərini təhlil etmək həm milli ədəbiyyat, həm də milli teatr tariximizi öyrənmək baxımından mühüm və aktual vəzifə kimi əhəmiyyətlidir.

Hidayət bütün varlığıyla sevdiyi doğma  teatrının kollektivi ilə yaradıcılıq əlaqələrini ardıcıl davam etdirir. Bu yaradıcı tandem bir neçə gün əvvəl, 19 iyul 2024-cü ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında Akademik Milli Dram Teatrının səhnəsində oynanılan, Hidayətin eyniadlı əsəri əsasında hazırlanmış "İrəvanda yanan çıraq" birhissəli mistik tarixi dramının premyerası ilə teatr ictimaiyyətinə təqdim edilməklə özünü bir daha ifadə etdi.

İrəvanlı soydaşlarımızın zaman-zaman üzləşdikləri açıq-gizli erməni basqılarının bədii ümumiləşdirməsini səhnədə canlandıran yeni tamaşa ilk təqdimatdan teatrsevərlərin böyük marağına səbəb oldu. Tarixi köklərə sığınan, müasir günümüzlə səsləşən, Hidayətin bütün yaradıcılığında leytmotiv ahəng kimi özünü göstərən İrəvan və irəvançılıq ideologiyası İrəvan teatrının kollektivi üçün də əbədi aktuallıq daşıyan doğma və ülvi mövzudur. Əsərdə Qərbi azərbaycanlıların tarixi məskənləri olan qədim yurd yerimiz Ermənistan adlandırılan dövlətin ərazisində daima milli mübarizə mücadiləsi aparmaq məcburiyyətində qalmış soydaşlarımızın tutduqları prinsipial mövqe əks olunur.

Əsərin uğurunu şərtləndirən cəhətlərdən biri də onun kompozisiya-struktur həllidir.

Mənfur qonşularımızın illər, əsrlərlə gizli-aşkar apardığı şovinist siyasət, qeyri-insani davranışlar, bu fonda havadarlarının verdiyi dəstəklər sayəsində azərbaycanlıların əzəli və əbədi torpaqlarından köçürülməsi əsərdə zəncirvari şəkildə təqdim olunur. Bu kontekstdə müəllif məsələnin izahında çoxşaxəli təsvir metodlarından ustalıqla bəhrələnmişdi.

Modern üslubda dinamik ritmdə - musiqi, hərəkət və rəqs üzərində qurulan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər (tamaşanın rejissor assistenti İmaməli İmaməliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur)  tamaşanı mistik-tarixi xronika kontekstində, bədii-estetik həllini "psixoloji yaşam" janrında təqdim edir.  Rejissor yozumu əsərin ideya-məzmununun açılmasına çox dəqiqliklə xidmət edir. Tamaşaçı kəskin dramatik "təzadlardan doğan reallığın dialektik qanunlarla axtarılmasına" köklənir.

Tamaşa  kompozisiya cəhətdən gözlənilməz variasiyalarda qurulub. Gümrah Ömərin traktovkasında Piter Bruk teatrının "Boş məkanın dolğunluğu" estetikasından istifadə müsbət nəticəsi ilə diqqət çəkir. Səhnədə dekorasiyadan istifadə etməyi gərəkli bilməyən, bugünkü teatr üçün ritualı səhnəyə gətirməyi və tamaşanı ritual kimi həll etməyi daha məqsədəuyğun hesab edən rejissor tamaşanı aktyor oyunu üzərində, hadisələri isə mənəvi mübarizə müstəvisində qurur.

Klassik dramaturgiyadan irəli gələn "orta oyunun" xəyali personajları virtual aləmdə gerçəkləşirlər. Tamaşada Səfəvi hökmdarı Şah İsmayıl Xətainin Rəvanqulu xanı İrəvan qalasının hakimi təyin edərkən, ona bağışladığı çırağın əbədi işığa çevrilməsi ilə bağlı əmanət sözləri yazıçı Sultan Oğuzun xəyalında canlanır. Xətainin (aktyor Zəki Fətəliyev) "Ey, Rəvanqulu xan! Mən - Səfəvi hökmdarı Şah İsmayıl Xətai səni İrəvan qalasının hakimi təyin edərkən, sənə çıraq bağışladım. Dedim, qalada yandırasan ki, o çıraq əbədi işığa çevrilsin! Hanı çırağın işığı?.." sualı qarşısında Rəvanqulu xanın keçirdiyi təlaş, qeybdən gələn xəyali səslər, yazıçı Sultan Oğuzun (aktyor Natiq Həziyev) narahatçılığı ilə üz-üzə qalır.

Sultan Oğuzun  təxəyyülündə canlanan Rəvanqulu xan üçün torpaq müqəddəsdir, vətən namusdur, qürurdur, əqidədir; odur ki, Rəvanqulu xan "Dədələrimizin yadigarı olan İrəvan qalası millətimizin güvənc yeridir, onun odunu sönməyə qoymamalıyıq. Ulu Tanrım, bizə kömək ol!" - duası ilə qeybə çəkilir. Tarixi hadisələri bu günün reallığı ilə birləşdirən müəllif xalqımızı bu müqəddəs amal uğrunda buraxdığı səhvləri etiraf etməyə çağırır.

Sultan Oğuz erməni məkrinin qara qüvvələri tərəfindən mənəvi məngənəyə salınmış simvolik həlqədə çabalayır. Qara qüvvələr qara geyimli qızların sərt, daxili strukturu ilə cazibəli, dinamik oyun tərzində aktyor bədəninin ideoqramları (işarələrlə cızılmış fiziki dili) ilə canlanır. Hadisələrin burulğanından sıçrayıb hər dəfə yeni improvizasiyalarla səhnənin döşəməsini obraza yansıtan qızların qəlb harayı, hayqırtıları, bəzən isə zərif melodizmi xalq oyun mədəniyyəti ilə milli plastikanın müasir estetik həllini bir göz qırpımı ilə, çevik tərzdə ifadə etmələri İrəvan teatrında çalışan gənclərin (Müdvər Nemətova, Güney Əliyeva, Sevinc Bəxtiyar, Xədicə Məmmədova, Pərvin Dadaşova) güclü aktyor potensialının göstəricisidir.

Milli düşüncənin ritminə köklənən musiqi Şah İsmayılın səsinin xəyali obrazı ilə Sultanın təxəyyül dünyasını yenidən oyatmağa, zamanın nəbzini musiqinin ritmi ilə harmoniyada təsvir edilən insan-zaman-məkan modulyasiyası ilə  hər bir personajı öz mənəvi tövbəsinə dəvət edir. Əqidə yolunda şəhid olmaq günahlardan xilas olmaqdır. Sultan Oğuz öz mübarizəsində mənəvi şəhidlik yolunu seçir. Ermənilərin planlarının qarşısını mübarizəsinin qətiyyəti ilə ala bilir.

Əsərin mahiyyətində milli-mənəvi dəyərlərimizin ruhsal qatlarına enmək imkanlarını da görmək xoş təsir bağışlayır. Sultanın təxəyyülündə canlanan Sultan-Səltənət dueti obrazın incə duyğulara bürünmüş  romantik halını vəsf edir. Obrazın ilk gəlişində bəyaz kəlağayını başına örtən Səltənət rolu Xədicə Məmmədovanın ifasında  Azərbaycan qadınının ismət, namus rəmzi kimi təqdim olunur. Övladının olmamasına rəğmən  o, bütün varlığı ilə Sultana sədaqətlə bağlıdır. Səltənətin qonşusu Nairanın simasında isə, əksinə, hər addımda erməni qadınlarının böyütdükləri körpələrinə "türk sənin düşmənindir" deməklə türklərə nifrətlərini açıq-aşkar bildirmələrinə diqqət yönəldilir. Rejissor Naira rolunu iki aktyorun (Naibə Nemətova, Elnarə Heydərova) ifasında verməklə hər dona girməyi bacaran xəyanətkar erməni xislətinin  əsil mahiyyətini göstərir. Elnarə Heydərova, eyni zamanda Qarina Şahnəzərovnanın obrazını da canlandırır. Rejissor bu obrazların bir aktyorda cəmləşməsini ümumən erməni qadınlarının bir mahiyyət daşıyıcısı olduğunu göstərir. Eləcə də Əmrulla Nurullayev həm Moskvadakı "Havadar"ı, həm də milis işçisi "Hayqaz"ı canlandırır və bu prinsip də eyni fikri - erməni xislətinin mahiyyətini ifadə edir.

Erməni millətçiləri Sultan Oğuzu erməni yazıçısı elan edib, onun "İrəvanda yanan çıraq" romanını ali mükafata təqdim etmək planını həyata keçirmək uğrunda min hiylə qurur, bu işdə Sultanın qonşusu Nairadan vasitəçi kimi istifadə edirlər. Sultan Oğuz onların bu məkrli niyyətinin qarşısını almaq üçün dövlət mükafatından imtina edir. Qara qüvvələrə qarşı qətiyyətli mübarizəsi ilə zaman-zaman tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin xalqımızın başına gətirdikləri ağlasığmaz müsibətlərin, erməni millətçilərinin ona qarşı düşmənçiliyinin sərt cavabını verir, məkrli niyyətlərini rüsvay edir.

Əsərin digər lirik-romantik xətti Sultan-Firəngiz münasibətləri üzərində qurulub. Tarixçi Firəngizin (aktrisa Müdvər Nemətova) Bakıdan İrəvana elmi konfransa məruzə ilə gəlməsi, burada Sultanla görüşü, konfransda Şah İsmayılın Rəvanqulu xana əmanət etdiyi çırağın türklərə mənsub olduğu faktını, araşdırdığı əsil tarixi həqiqətləri ilə erməni millətçilərini rüsvay etməsi təsvir edilir. Səhnə əsərində epizodik rolların ifaçıları Niyaməddin Səfərəliyev (Usub kişi), Samir Əliyev (Emil Sərdarov), Ramil Məmmədov (Aşot), Rövşən Cəfərov (Suren) inandırıcı oyun nümayiş etdirirlər.

Tamaşanın finalında Rəvanqulu xan əlində yanan çıraq yenidən zühur edir, düşmən qüvvələr çırağı söndürməyə çalışsalar da, əlləri çıraqlı insanlar Rəvanqulu xanın əhatəsində birlik-bütövlük rəmzi olan İrəvanda yandırılmış çırağı sönməyə qoymurlar.

Hidayətin "İrəvanda yanan çıraq" əsəri milli-strateji düşüncəmizi, İrəvan həqiqətləri uğrunda, vətən sevgisi yolunda soydaşlarımızın apardığı mübarizələrin əzmini, əzəli torpaqlarımıza - Qərbi Azərbaycana qayıdış konsepsiyasının məqsədini, Turan sərhədlərinin konturlarını tamaşaçıya çatdırır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!