"Asılqan" nələrdən danışdı - Samirə Behbudqızı "YUĞ" teatrının tamaşasından yazır

 

Rejissorun quruluş verdiyi tamaşaların intensivliyindən, sayından daha çox, məhz və yalnız onun özünəxas üslubunun, bədii materiala fərqli yanaşma tərzinin olması çox vacib keyfiyyətdir. Əbdulqəni Əliyevin tamaşalarından hasil olan qənaətlərdən birincisi budur. "YUĞ" Dövlət Teatrının 35-ci mövsümündə rejissor bu teatrın hələ də olmayan səhnəsinə Anarın "Asqılıqda işləyən qadının söhbəti" hekayəsinin motivləri əsasında "Asılqan" tamaşasını gətirdi. Hekayəni səhnəyə Lalə Əliyeva adaptasiya edib. Daha bir gözəl qənaət isə ondan ibarətdir ki, Əbdülqəni Əliyev həcmcə minimalist nəsr əsərlərinin kifayət qədər maksimal çəki və həcmdə, ən əsası, səhnə əsəri statusunda nəzərdən keçirilə biləcək tamaşalara quruluş vermək bacarığı ilə seçilməkdədir. Məsələn, bundan əvvəl "YUĞ"un səhnəsində Təranə Vahidin hekayələri və miniatür aforizmləri əsasında qurduğu "Quş dili", Pol Villardın "Gerçək əhvalat" hekayəsi əsasında müstəqil teatr aksiyası kimi gerçəkləşdirdiyi "Köhnə telefon" kimi tamaşalar bu qənaətin zəminini möhkəmlədir.      

Qoşalığı pozan cütlük

 

Beş yüzə qədər işçisi olan böyük bir idarənin asqılığında işləyən qadın müəllifə, müəllif isə oxucularına sarı rəngli, əntiqə bir qadın paltosunu qara rəngli, nimdaş kişi paltosu ilə aylarla eyni asılqandan asdığını, onlardan birinin heç vaxt tək təhvil verilmədiyini danışır. Günlərin bir günü isə sarı rəngli qadın paltosunu həmişə tək təhvil aldığı bir adamayovuşmazın mixəyi rəngli, bahalı paltosu ilə bir asılqandan asdığının fərqinə varır, qara rəngli nimdaş kişi paltosu isə həmin gündən bu idarədən didərgin düşür. Yalnız bir dəfə təkbaşına işə gəlir. Növbəti və sonuncu dəfə isə az yağmurlu bir gündə tamamilə islanmış halda gəlib sarı paltonu asqılıqda işləyən qadından alıb vidalaşıb qaytarır. Beləliklə, aydın olur ki, adamayovuşmaz bahalı paltosunun ona verdiyi üstünlüklərdən istifadə etməyin fürsətini fövtə verməyib; sarı rəngli əntiqə qadın paltosu ilə cütləşib və sarı rəngli paltonun qara rəngli nimdaş kişi paltosu ilə qoşalaşma davamlılığının gözəlliyini darmadağın edib.

Qoşa və cüt ayrı-ayrı anlayışlardır - yeni evlənənlərə xoşbəxtlik diləyəndə məhz "qoşa qarıyasınız" deyirlər.

Qoşa olmaq, qoşa qalmaq hər insana nəsib olan xoşbəxtlik deyil. Cüt ola bilərsən, amma qoşa olmaq bir ayrı aləmdir.

Sarı rəngli, əntiqə paltolu xanımla qara rəngli nimdaş paltolu kişi də evlənib qoşa qarıya bilərdilər..., əgər ətraflarındakı adamlar insan adamlar olsaydılar. Bu, bəlli, inkarolunmaz bir faktdır: ətrafımızdakı insanların energetikasının taleyimizə təsiri böyükdür, həlledicidir. Psixoloqlar, filosoflar insanın özünə uyğun, özünü rahat hiss etdiyi adamlardan ibarət dairənin zəruriliyini əbəs yerə məsləhət görmürlər... Qara paltolu isə, nəinki qeyri-münbit dairəyə, daha doğrusu, bir nəfərin yarımdairəsinə məhkumdur, çünki onunla eyni idarənin işçisidir, onun rəhbərliyi altında çalışır, üstəlik, bu yarımdairə mənfi energetikasını yönəltməklə kifayətlənmir, real addımlar atır...

Anarın "Asqılıqda işləyən qadının söhbəti" hekayəsi ən miniatür hekayələrdəndir - iki səhifəyə yaxın. Lakin miniatürluk hekayənin yalnız formatında, fakturasında, həcmindədir, məzmunu, fabulası, məna yükü haqqında miniatür təsbehini işlətmək mümkün deyil - hekayəyə çevrilmiş asqılıqda işləyən qadının söhbətinin hər cümləsi bir mətləbdən, özü də kifayət qədər ağır, böyük, dramatik, lirik mətləbdən xəbər verir. Məsələn, elə ilk cümlələrdən biri: "İki-üç il bundan əvvəl, bax, bu yeri ki görürsən, indi ora meşin palto asmışam ha, bax, həmişə o nömrəyə iki palto asırdım". Meşin paltonun qarderob detalından ideologiya elementinə çevrilməsi keçən əsrin 30-cu illərinin repressiya dalğası ilə bağlıdır; adamları gedər-gəlməzə göndərənlərin əynində meşin palto olurdu. Və indi təxminən o cür meşin palto sarı rəngli qadın paltosu ilə qara rəngli kişi paltosunun bir yerdə, üst-üstə asıldığı asılqanı tutub. Anar hekayəsini 1959-cu ildə qələmə alıb; repressiya qurbanlarına və onların ailələrinə bəraət verilməsindən üç il sonra. Ev yıxanlarla assosiasiya olunan meşin palto detalı burda təsadüfi deyil. Və söhbətin davamında sarı rəngli qadın paltosu ilə qara rəngli kişi paltosunun uzun müddət birlikdə təhvil verilməsi ("...Gəlməyəndə ikisi də gəlmirdi. Elə bil, azarlayanda da bir yerdə azarlayırdılar. Bilmirəm də, ay bala, ər-arvaddılar, yainki yar-yoldaş. Hər nəysə, mən ki o paltoları bir dəfə də ayrı asmadım".) onların şəxsi həyatına dair aydın cizgilər canlandırır - bu ikisinin ürəyi bir döyünür, həyatları bir-birilə çulğaşıb. Və yaxud mixəyi rəngli paltonun sahibinin subay və yar-yoldaşsız olması ehtimalını asqılıqda işləyən qadın bu paltonun asqısının olmaması ilə vurğulayır: "...Neçə dəfə demişdim, tikdirmirdi ki tikdirmirdi. Axırda bir gün hövsələm çatmadı, götürüb özüm tikdim". Mixəyi rəngli paltonun sahibinin həyatında qadın olmadığı üçün paltoya asqını asqılıqda işləyən qadın tikir.

Hekayəni dəfələrlə oxumuşuq. Göründüyü kimi, əhvalat kodlarla zəngindir. Bu məqamda bir detalı da vurğulamaq lazımdır - asqılıqda işləyən qadın "...Bu əhvalat ki danışıram, yəni əhvalat deyəndə, bir əhvalat da yoxdu" qeydini də edir. Bu qeyd sonrakı gedişatda da özünü doğruldur - qadın gördüklərinin, müşahidə etdiklərinin üstünə beşini qoyan qeybətcil biri deyil. Görub-götürmüş insandır, xanım-xatın qadındır. Bütün bu məziyyətlər Əbdulqəni Əliyevin quruluş verdiyi səhnə əsərində ehtiva olunub. Tomas Elliotun, Xəlil Cübranın, İlqar Kamilin, Bahar Zamanın, Səməd Mənsurun, Ekzuperinin əsərlərindən ustalıqla istifadə edilməklə və iki aktyorun - Ləman Mərrihlə Elşən Əsgərovun istirakilə baxımlı və düşündürücü bir süjet oynanılır. Tamaşa gənc bir qarderobçu xanımın (bəlkə də hekayədən tanıdığımız həmin qadının qızı və ya nəvəsidir, hər halda fizioloji olmasa da, mənəvi baxımdan belədir ki var) iş başındakı əhvalatı ilə başlayır. Elşən Əsgərovun qəhrəmanı, çox güman ki, o kuryerdir, içəri daxil olub binanın üstündə lövhə olmadığı üçün ünvanı xəbər alır. Qarderobçu xanım qız onu 5-10 dəqiqəlik əvəz etməsini xahiş edir. Anarın hekayəsindəki kodlar məhz bu oğlan asqılıqda tək qaldığı dəqiqələrdə açılmağa başlayır. Rejissorun yozumunda bu asqılıq Ədəbi Araşdırmalar Mərkəzinə aiddir. Qara nimdaş paltolu araşdırmaçı, tədqiqatçı olmaqdan savayı, həm də şairdir. Sarı rəngli əntiqə paltolu gənc xanım sadəcə, tədqiqatçıdır. Mixəyi paltonun sahibi mərkəzin rəhbəridir. Bacarıqlı tədqiqatçıların araşdırma işlərini mənimsəyib özlərini qapı dalında qoyan, işçilərdən nə yolla olur-olsun, maddi gəliri ön plana qoymağı tələb edən, İmadəddin Nəsiminin misrasını təhrif edib, mənasını tərs-avanda döndərib "o "Məndə sığar iki cahan" yazmayıb, "Məndə sığar ki cahan" yazıb" deyərək, dahiləri belə dəyərsizləşdirməkdən vaz keçməyən üzdəniraq idarə rəhbərlərindəndir.

 

Qara paltolu kişinin faciəsi

 

Beləliklə, gəlin görək, sarı rəngli qadın paltosu ilə qara rəngli kişi paltosunun ayrılması necə baş verib, necə olub ki, mixəyi rəngli palto qara rəngli paltonun yerini tutub? Hər şey bayağı olduğu qədər iyrənc və dəhşətlidir - mixəyi paltolu qara paltolu, açıq fikirli tədqiqatçını irəli çəkmək əvəzinə irad, məzəmmət atəşinə tutub gözümçıxdıya salmağa çalışır, bu alınmayanda onu işdən kənarlaşdırır, tədqiqat işini öz imzası ilə yuxarılara təqdim edib başqasının əməyinin bəhrəsini orqanik qida şəklində yeməyə başlayır və vəzifəsindən sui-istifadə edib sarı paltolu xanımı mənimsəyir. Dünya qədər qədim bir xəbislik, rəzalət, alçaqlıq belə baş verir. Amma burda bir məqam da var. Qara paltolu kişi sarı paltolu xanımla çox xoşbəxt olsa da  (hərçənd qara paltolu kişinin nişan üzüyü almağa imkanının olmamasından, sarı paltolu qadının darılması kimi bir epizodu da müşahidə edirik), həyatının əsas insanı olan sevdiyi xanıma mübhəm bir etiraf da edir: uşaqlıq xatirəsinə indiki yaşının müdrikliyindən baxa bilmədiyi üçün o vaxt atası ilə balıq ovuna gedərkən çaya düşməsini, atasının dərhal özünü suya atıb oğlunu xilas edəcəyini zənn etdiyi halda, atanın sahildə dayanıb ona ürək-dirək verərək oğlunu təkbaşına sahilə çıxmağa ruhlandırmasını, yalnız sahilə çıxandan sonra əlini oğluna sarı uzatmasını, lakin qəlbi qırılmış oğulun atanın əlini geri itələməsini, oğlunun  könlünü almaq əvəzinə, "ürəyə də etibar yoxdu, döyünməyi özün öyrən" deməsini, atasından incikliyini hələ də unuda bilmədiyini, bu günə qədər ürəyində atası ilə barışa bilmədiyini danışır. Qara paltolu kişinin faciəsinin kökü elə burdadır - atası onda həyatda polad ruhlu olmağı təlqin etməyə çalışıb, ola bilər ki, bir qədər ifrata varıb, oğlunun həssas ruhlu olduğunu nəzərdən qaçırıb, belə uşaqla bir qədər ehtiyatla davranmalı olmağı vacib saymayıb. Amma bütün bu incəlikləri qara paltolu kişi illər keçdikcə anlamalıydı, başa düşməli idi ki, ümumiyyətlə kimdənsə və xüsusən də, valideyndən inciklik, hətta küskünlük insanın həyatını mənfi enerji ilə dolduran, onu irəliləməyə qoymayan bir hissdir. Və nəticə göz qabağındadır - qara, nimdaş paltolu kişi iş yerindən məhrum edilir, sevdiyi xanım əlindən alınır, ikinci zərbəyə dözümsüzlüyü o dərəcəyə çatır ki, mixəyi paltolu kişini öldürmək məqsədilə vaxtilə çalışdığı idarəyə gəlir, həbs edilir, həyatı məhv olur...

Hər iki aktyor, həm Ləman Mərrih, həm də Elşən Əsgərov tamaşa boyunca bir neçə obrazı canlandırırlar - L.Mərrih asqılıqda işləyən xanımı, sarı rəngli paltonun sahibəsini, qara rəngli paltonun sahibinin uşaqlıq xatirələrindəki anasını; E.Əsgərov kuryer oğlanı, qara paltolu tədqiqatçı-şairi, onun uşaqlıq xatirələrindəki atasını, ədəbi araşdırmalar mərkəzinin rəhbərini, müxtəlif ədibləri, polisi. Həm L.Mərrihin, həm də E.Əsgərovun obrazlarının biri digərinə uduzmur, hər biri inandırıcıdır. Tamaşanın əsas yükü E.Əsgərovun üzərindədir və gənc aktyor bu yükü son səhnəyədək layiqincə daşıyır. Quruluşçu rejissorun aktyorla işləmək bacarığı sayəsində həm hər iki aktyorun fərdi istedad və bacarıqları açılır, həm də vahidlik, ansambl prinsipi qorunub saxlanılır. Bunlar isə tamaşanın yaşarılıq qazanmasını şərtləndirən cəhətlərdir.   

"Asılqan" səhnə əsərində yeganə qəribəlik qara paltolu tədqiqatçı-şairin uşaqlıq xatirəsində "Quş dili" tamaşası ilə olan paraleldir - "Asılqan"da da "Quş dili"ndə olduğu kimi, 7-8 yaşlı oğlan uşağının (onu da Elşən Əsgərov ifa edir) atası ilə balıq ovunda olarkən başına iş gəlməsi və bunun demək olar ki, eyni dekorasiya həlli ilə verilməsidir. Yuxarıda qeyd olunduğu kimi, Anarın "Asqılıqda işləyən qadının söhbəti" hekayəsindəki kodlar müxtəlif ədiblərin əsərlərindən fraqmentləri istifadə etməklə açılıb. Balıq ovu səhnəsi İlqar Kamilin "Uşaq idim, yeddi yaşım vardı" essesindən qaynaqlanıb. Rejissor "Quş dili" tamaşasının konkret səhnəsi ilə olan paralellik təəssüratını "istənilən yaradıcı insanın içində müəyyən kodların olması, bu kodların fərqli-fərqli formalarda özünü büruzə verməsi, insan təbiətinə aid olan uşaqlıq, faciə, gülüş, sevgi, ilahi, mistik kanallara aid nələrinsə olması" ilə səciyyələndirir. Məqalənin müəllifinin subyektiv təəssüratı isə ondan ibarətdir ki, bu səhnədə balıq ovu əvəzinə başqa bir uşaqlıq xatirəsi ola bilərdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!