Şuşa Teatrının "Dağılan tifaq" tamaşası üzərinə notlar
Əsəd CAHANGİR
İyunun 9-da, axşam saat altı-yeddi arası Şuşa Dövlət Musiqili Dram Teatrının foyesi əllərində gül-çiçək tutmuş tamaşaçılarla elə dolmuşdu ki, iynə atsan, adam əlindən yerə düşməzdi. Foyenin lap yuxarı başında qərar tutmuş trio bir ucdan elə hey muğam, təsnif ifa eləyir, "tamaşa nə vaxt başlayacaq?" deyə, səbirsizlənən gələnləri darıxmağa qoymurdu. Kimlərsə şəkil çəkdirir, kimlərsə öz aralarında nəyisə müzakirə edirdi. Müxtəsəri, o axşam Şuşa Teatrında əsl bayram ovqatı, qələbəlik yaşanırdı!
Niyə də yaşanmasın? Milli dramaturgiyamızın banilərindən Əbdürrəhim bəy Haqverdiyev tragediya janrımızın ən gözəl örnəklərindən biri - "Dağılan tifaq" faciəsini də götürüb öz doğma Teatrına gəlmişdi. Əbdürrəhim bəy, sanki sadəcə, teatra deyil, otuz ildir Bakının səkkizinci mikrorayonunda, "Azadlıq" metrosu yanında yüz nəfərlik tamaşaçısı olan balaca bir məkana sığınan Şuşamıza gəlmişdi ki, desin:
- Balalarım, amandır, var-dövlət, şan-şöhrət sizi yoldan çıxarmasın! Ay evi tikilmişlər, ağlı başında olan da öz əliylə öz tifağını dağıdarmı? Bəndə olan da Allahı başının üstündə görməzmi? İnsan olan da yetim-yesirin malına əl uzadarmı? Kişi olan da başqasının namusuna toxunarmı? Vallah, billah, bunun bədəlini ağır ödəyəcəksiniz! Bəyəm, bilmirsinizmi, verən də, alan da bir olan Allahdır! Əgər bilmirsinizsə, tamaşa eləyin mənim Nəcəfimə və özünüzə bir nəticə hasil eləyin! Qurşandı qumara, malı-mülkü günbəgün əlindən çıxdı, on iki para kəndi getdi, cavan oğlu Süleymanı qız üstündə öldürdülər, biçarə zövcəsi Sonanın ürəyi tab gətirməyib öldü, iki körpə balasıyla bayquşlar ulayan imarətində tək qaldı, vaxtilə qapısında nökərçilik eləyən Cavadın verdiyi bir parça çörəyə möhtac oldu. Axırı iş o yerə çatdı ki, ölüm yatağında ölməyi də Allah ona çox gördü, ildırım vurdu öldürdü!
Əbdürrəhim bəy əsilzadə idi və on doqquzuncu yüzilin sonlarına doğru ağlasığmaz bir sürətlə irəliləyən kapitalizmin sarsıdıcı zərbələri altında bəylik quruluşunun göz-görəsi çöküşünü faciə kimi yaşayırdı. Bu yaşantı o qədər güclü idi ki, yazılmasından az qala, yüz otuz il keçəndən sonra da "Dağılan tifaq"a baxanlar göz yaşlarını saxlaya bilmir. Amma böyük ədib bu çöküşə sadəcə, sinfi deyil, ümummilli faciə kimi yanaşır və aristokratiyanın məhvinə millətin gələcək fəlakətlərinin başlanğıcı kimi baxırdı. Faciənin yazılmasından cəmi iyirmi il keçəndən sonra bolşeviklərin hakimiyyətə gəlişi ilə milli aristokratiyanın məhvi və yetmiş illik sovet dönəmində çəkdiklərimiz görkəmli ədibin öz uzaqgörən həyəcanlarında yanılmadığını göstərdi. Eyni mövzu ədiblərimizdən Süleyman Sani Axundovun "Laçın yuvası", Ənvər Məmmədxanlının "Şərqin səhəri", İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" və digər dram əsərlərimizdə fərqli rakurslardan öz əksini tapıb. "Dağılan tifaq" bu mövzuda dramaturgiyamızda ilk əsərdir və özünün ilkinlik statusunu həmişə qoruyub saxlayacaq.
Foyedə durub tamaşanın başlamasını gözləyənlər arasında mən də varıydım. Düşünürdüm ki, görəsən, tamaşanın rejissoru, vaxtilə ANS kanalında yayınlanan və milyonların rəğbətini qazanan "Qulp" teleproqramından yaxşı tanıdığmız, Respublikanın Əməkdar artisti Yadigar Muradov öz işinin öhdəsindən necə gələcək, on doqquzuncu yüzilin sonlarında yazılan faciəni müasir rakursdan necə təqdim edəcək, klassik əsərə müasir qulp qoya biləcəkmi?
Amma Allah insaf vermiş Əbdürrəhim bəy elə gözəl əsər yazıb ki, rejissorun özünü əziyyətə salmasına ehtiyac qalmayıb. Mətn özü deyir ki, "dünya beş gündür, ye, iç, kef elə" fəlsəfəsiylə yaşayan, yetim-yesirin malını yeyən, xalqın irzi-namusuna toxunan, bir sözlə, Allahı başının üstündə görməyən marallar bu gün də var, özü də xalqın sinəsinə çəkilən dağlarda gəzib-dolaşırlar və dünən on idisə, bu gün min olublar, sabah, bəlkə də milyon olacaqlar! Bəlkə, bu üzdən rejissor klassikanın müasir oxunuşuyla bağlı özəl vasitələrə əl atmağa ehtiyac görməyib? Bəlkə, bərayi-ehtiyat, işini bərk tutub? Bilmirəm, hər nədirsə, Yadigar Muradov belə məsləhət bilib və elə onun gördüyü şəkildə də səhnədə baş verənlər baxılır, maraq doğururdu.
Antraktsız oynanılan tamaşanı şərti olaraq üç hissəyə bölmək olardı. Nəcəf bəyin öz evində dostlarıyla eyş-işrət məclisindən başlayıb, ta ki Süleyman bəyin qətli və Sona xanımın ölümünə qədər hər şey - qapı-pəncərə, stol-stul, üstünə döşəkcələr atılmış yük yeri, səhnədəkilərin həddən ziyadə parlaq, al-əlvan geyimləri... Hüseyn Ərəblinski dönəmi tamaşalarının üslubunu yada salır və bizi təkcə hadisənin vaxtı deyil, estetik təqdimi yönündən də on doqquzuncu yüzilin sonları, iyirminci yüzilin başlanğıcına qaytarır. Bu, realizmdir!
Pinəçi İsmayılla (Cavid Cavadzadə) İrandan gəlmiş Əbdül (Hamlet Qənbərov) arasında Nəcəf bəyin faciəli sonu barədə epiloqvari söhbət tamaşada özəl yer tutur, həm öz informasiya yüküylə əvvəllə axır arasında körpü salır, həm də faciənin ağırlığından sarsılan tamaşaçılara nəfəs dərməyə imkan verirdi. Səhnənin bir küncündəki pinəçi köşkünün sağına və soluna vurulmuş çarıq şəkilləri, Nəcəf bəyin xaraba qalmış imarəti tərəfdən gələn bayquş ulartısı rəmzi-simvolik səciyyə daşıyırdı. Bəyin aqibəti barədə məhz pinəçinin danışması cəmiyyətin başı ilə ayağının bir yerə cəm olması fikrini doğurur və bu travestiyanı ən xırda detalda da görmək olurdu - çarıqlardan bir cütünün üstü, o biri cütünün yararsız hala düşmüş, tikişləri sökülmüş altı görünürdü. Bu, bəylikdən dilənçiliyə yuvarlanan, vaxtilə qapısında nökərçilik eləyən Cavada möhtac qalan Nəcəf bəyin altı üstünə çevrilən taleyinə, güzəranına, ömrünə, bir sözlə, etibarsız dünyanın axırına işarə idi. Tamaşanın quruluşçu rəssamı Valeh Məmmədov faciənin əsas ideyasını bu baxımdan gözəl tutur və işarələrlə zala çatdıra bilir. Bu, simvolizmdir!
Nəhayət, şərtiliklər üstündə qurulan final - üçüncü hissə! Məişət dekorları, rekvizitlər yoxa çıxıb, sağdan və soldan divarları əvəz eləyən, səhnənin içərilərinə doğru hər iki tərəfdən trapesiya şəklində getdikcə daralan, ölüm, qəbir assosiasiyası doğuran ağ lövhələr görünür. Zövcəsini, cavan oğlunu, on iki para kəndini itirən, əvəzində, özünü tapan Nəcəf bəy tez-tez yanıb-sönən işıqların yaratdığı, şimşək çaxışını işarələyən yarıqaranlıqda günahlarını dərk etməkdən doğan etiraflarını eləyir. Sona xanımın ağ, uzun libasda bir neçə dəfə peyda olan və səhnənin bir tərəfindən digər tərəfinə keçən ruhu hər görünüşündə "Ver mənim imarətlərimi!" - deyə bəydən öz puç olmuş ömrünün bədəlini istəyir. Teyfin zühuru Nəcəfin tezliklə öləcəyinə işarə edir və qəfil çaxan ildırım bəyi vurur! Yüksək gərginlikli bu final səhnəsi tamaşanın tamam fərqli üslubi hissəsi - modernizmdir!
Əlbəttə, kimsə bütün bu realizm, simvolizm, modernizm söhbətini üslubi xaos, metodoloji qeyri-müəyyənlik kimi də dəyərləndirə bilər, mən bunu klassika və müasirliyin sintezi hesab edirəm. Qoy, bu məsələ açıq, hərə öz yanaşmasında sərbəst qalsın!
Şuşa Teatrının tamaşalarında dəfələrlə olmuşam - "Boy çiçəyi", "Şekspir", "Dağılan tifaq"... Hər dəfəsində də mənə elə gəlib ki, yüz nəfərlik zal, balaca səhnə aktyorlara darlıq eləyir. Bu dəfə eyni hissi daha dərindən yaşadım. Görünür, bu yaşanan faciənin böyüklüyü ilə bağlı idi.
Tamaşanın əsas ağırlığı Nəcəf bəy rolunun ifaçısı, teatrın repertuarındakı bir çox tamaşalarda baş rollarda çıxış eləyən Respublikanın Əməkdar artisti Nazir Rüstəmlinin üstünə düşürdü. Xoşbəxtlikdən bədbəxtliyə gedən obrazın faciəsini getdikcə yüksələn xətt üzrə göstərən və final səhnəsində son həddə çatdıran Nazir Rüstəmli obrazın tragizmini olayların gedişinə uyğun, pillə-pillə açırdı. Final səhnəsindəki etiraf monoloqunu aktyor özünəməxsus, çılğın bir etiraz, üsyanla deyərək, qəhrəmanın yuvarlandığı acı qismətlə barışmadığını göstərir və bununla da, taleyin son cəzası - ildrım vurmasından ölməsinə haqq qazandırırdı!
Ailəsini addım-addım yaxınlaşan fəlakətdən heç cür xilas edə bilməyən, çəkilməz ağrılardan xəstə düşən, əri Nəcəfdən əlini hər gün bir az da üzən, son ümidini bağladığı oğlu Süleymanın qətlinə dözməyib ürəyi partlayan Sona xanımın əzabkeş, çarəsiz obrazını Xanirə İsgəndərova əndazəni aşmadan, heç bir şişirdilmiş, bayağı tragizmə yol vermədən oynayırdı. Aktrisa, özəlliklə də, obrazın ölümqabağı ağlını itirməsi ilə bağlı psixoloji keçidi razılıq doğuran inandırıcılıqla canlandıraraq tamaşaçıları dərindən təsirləndirə bilirdi. Lakin Xanirə xanımın zahiri fakturası dramaturji mətndən tanıdığımız cavan, zərif Sonadan fərqli idi. Onun iki azyaşlı uşağı səhnəyə çıxanda bu fərq daha qabarıq hiss olunurdu. Yeri gəlmişkən, Sonanın ölümündən dərhal sonra uşaqların səhnəyə çıxarılması və analarının nəşini, hətta səssizcə qucaqlaması faciənin təsirini qat-qat artıra bilərdi. Əlbəttə, bu son qeydimin hörmətli aktrisamıza birbaşa aidiyyəti yoxdur.
Tamaşadakı əsas rollardan olan Süleyman bəyin varlığıyla ata, ana və oğuldan ibarət ailə üçbucağı tamamlanır, öldürülməsiylə isə silsilə ölümlər başlayır. O, bəyliyin süqutundan doğan faciənin gələcək nəsil üzərindəki acı təsirini rəmzləşdirir. Süleyman bəy rolunun ifaçısı, gənc aktyor Cavidan Kəsəmənli uca qaməti, bəyzadələrə məxsus siması, bir sözlə, zahiri fakturasından tutmuş, çılğın temperamentinə qədər bu rola yaraşırdı. Amma Süleyman bəyin öz atasıyla son dəfə qarşılaşdığı, tamaşanın ən dramatik epizodlarından olan səhnədə bu temperament nə qədər yerindəydisə, səhnəyə ilk çıxışında qədərindən bir az artıq təsir bağışlayırdı. Aktyorun, hətta gizləməyə çalışması belə obrazın daxili hiddətinin dozasını lazımı qədər aşağı salmırdı. Əlbəttə, bəyzadənin bu hiddətinin psixoloji əsası varıydı. Nəcəf bəyin qumara qurşanması nəticəsində əldən çıxan var-dövlət onun gələcəyi idi və Süleyman bəy - Cavidan Kəsəmənli günbəgün dağılan xanimanlarının acı sonunu dərindən duyur, gözəl anlayırdı. Bununla belə, bəyzadəni səhnəyə ilk gəlişindən indicə püskürəcək vulkan kimi göstərməkdənsə, obrazın təqdimini tamaşanın ümumi tempinə uyğun, tədricilik prinsipi üzrə vermək, ilk gəlişdəki emosional dozanı müəyyən qədər azaltmaq daha məntiqi olardı. Üstəlik də, Süleyman bəyin nə həddən artıq parlaq köynəyi, nə də zərli şalvarı bəyzadənin səciyyəsinə uyğun deyildi. Ən əsası isə, geyimlərin ona dar gəldiyi hiss olunur və bu, obrazın ciddi planda təqdiminə öz əks təsirini göstərirdi. Darlıq demişkən, tamaşada həcmcə o qədər də böyük yer tutmayan Süleyman bəy obrazının Cavidanın temperamentinə dar gəldiyi hiss olunurdu. İnanmaq istəyirəm ki, gənc aktyoru gələcəkdə daha böyük rollarda görəcəyik!
Nəcəf bəyin dostları - özündənrazı Səlim bəy (Rasəf Mehdiyev) müdrik, ağıllı Aslan bəy (Gündüz Qasımov) xəsis Həmzə bəy (Vüsal Məmmədov) hər biri öz səciyyəvi, xarakterik cizgisi ilə digərindən seçilirdi. Haqverdiyev xarakterlər ustasıdır, aktyorlar da onun verdiyi mesajları tutmuşdular.
Tamaşada özəl statusa malik obrazlardan biri Nəcəf bəyin nökəri Cavaddır (Əhliman Ərşadlı). Nəcəf bəy və onun ailəsi ölməkdə olan feodalizmi, nökərdən tacirə çevrilən Cavad isə yeni yaranan kapitalizmi təmsil eləyir. Əhliman Ərşadlının çoxbilmiş, fərasətli, uzaqgörən Cavadının təqdimində qəribə, düşündürücü bir sirr gizlənir, ikinci plan hiss olunurdu və bu sirr, bu plan tamaşanın ikinci hissəsində açılırdı. Sən demə, hamıya "baş üstə" deyən, gələnin qabağına yüyürən, gedənin dalınca qaçan nökər Cavad süquta uğramaqda olan bəyliyin aqibətini görür və biznesmen, tacir Cavad olmaq barədə öz gələcək planlarını qururmuş!
Kəkələyə-kəkələyə danışmasına baxmayaraq, bir qəpiyindən də keçməyən sələmçi Məşədi Cəfər (Nihat Heybətov) bu sənətin sahiblərinə məxsus xəsislik və qorxaqlığı, yazdığı mədhiyyə qarşılığında Nəcəf bəydən taxıl və at alan Mirzə Bayram (Zahid Mehdiyev) isə yazı-pozu adamlarına məxsus mədəni dilənçiliyi səciyyələndirə bilirdi. Lakin hər iki aktyorun, xüsusilə də, Mirzə Bayramın ifaçısının öz obrazını çağdaşlıqla əlaqələndirməsinə, daha səciyyəvi, daha yaddaqalan detallar, ştrixlər tapmasına ehtiyac duyulurdu.
Tamaşada Sona xanımdan başqa, daha iki qadın obrazı var - xoşbəxt Pərixanım və bədbəxt Nazlı! Xoşbəxtlikdən bədbəxtliyə doğru yol gedən Sonanın biri sağında, digəri isə solunda duran bu obrazlar epizodik olmalarına baxmayaraq, önəmli ideya yükü daşıyır, Pərixanım Sonanın xoşbəxt keçmişi, Nazlı isə bədbəxt gələcəyinə işarə edir və üçü bir yerdə Şərq qadınının hüquqsuz, aciz, çarəsiz durumunu səciyyələndirir. Hər şeyin guya yaxşı olacağına dair rəfiqəsi Sona xanıma təsəlli verən Pərixanım (Aybəniz Cahangirova) ətrafda nələr cərəyan elədiyini bilməyəcək qədər avam, şən, qayğısız bir qadın, bir sözlə, əhli-kef kişilərin qız qardaşıdır. Onun səhnəyə çıxışı tragediyanın ağırlığını azaldır, olayların gedişinə ani də olsa, şənlik, şuxluq qatır.
Əri qumarda uduzan, dilənçi durumuna düşən ailəsini xilas eləmək, pulları almaq ümidiylə Nəcəf bəyin qapısına xahişə gələn Nazlının (Təranə Əliyeva) səhnəyə çıxmasıyla onsuz da ağır tragik durum daha da gərginləşir və rədd cavabı alan qadının elədiyi tükürpərdən qarğışlarla ilahi işarə səciyyəsi alır: artıq iş qarğışa qalıb, artıq Allah özü bu işlərə qarışacaq və onun cəzası ağır olacaq! Lakin aktrisanın obrazı təqdimində tamaşanın məzmunu ilə uyuşmayan qrotesk çaları duyulur, onun ... - şivənlik təsiri bağışlayan qarğışları və çadrasını başından qəfil atdığı, bununla da hər yola getməyə hazır olmasına işarə elədiyi məqamda isə, ümumi partituradan kənara çıxdığı daha qabarıq görünürdü. Əlbəttə, aktrisanın klassik obrazını çağdaş rakursdan təqdim eləmək cəhdi gözəl olardı - bir şərtlə ki, bu cəhd tamaşanın üslubi vəhdətinə xələl gətirməsin, yad element kimi görünməsin!
Əbdürrəhim bəy Haqverdiyev bu faciədə toplumun bütün kəsimlərinin təmsilçilərini başından-ayağınacan bir yerə cəm edib: bəylər, tacirlər, sələmçilər, ziyalılar, pinəçilər; kişilər, qadınlar, uşaqlar... Dağılan tifaqın kərpicləri yoxsul kəsimin də başına düşür - Süleyman bəy dəllək İmamverdinin (Azad Məmmədov) gənc qızını öz yoldaşları ilə birlikdə dağlara qaçırır və dəllək öz oğlu Kərimi də (Sahib İbrahimov) götürüb Nəcəf bəyin qapısına namus davasına gəlir! Onsuz da baş verənlərdən başını itirən Nəcəf bəy onları ağızlarını boza verib yola salır və nəticə ağır olur - Süleyman bəy öz düşüncəsiz hərəkətinə görə qətlə yetirilir! Yəni durum olduqca ciddidir! Lakin nə İmamverdi, nə də Kərimin ifaçısının ağzından qan iyi gəlmir, onlar bəyin qarşısında çox aciz görünür, faciədən daha çox, vodevil personajlarına bənzəyirdilər! Bəlkə, bu uyuşmazlıq Nazlı obrazının təqdimində olduğu kimi, burda da klassikanı uğursuz müasirləşdirmək istəyindən irəli gəlir? Bu suala aktyorlar özləri cavab verməlidi, çünki mən cavab tapa bilmədim.
Əlbəttə, ideal heç nə yoxdur, ideal yalnız və yalnız Allahdır! O Allah ki, Əbdürrəhim bəy Haqverdiyev də onun ədalətinə qeyd-şərtsiz iman gətirmiş, Nəcəf bəyin başına gələnləri ilahi ədalətin təcəllası hesab etmişdi. Bu ilahi ədaləti biz də gördük, otuz ildən bəri düşmən tapdağında olan Şuşamız azad oldu! Şuşa Teatrı bu otuz ilin məhrumiyyətləri, çətinlikləri içində adını daşıdığı qutsal şəhərimizi, mədəniyyət paytaxtımızı ləyaqətlə təmsil etdi və odur ki, bu günlərdə Mədəniyyət Nazirliyi tərəfindən aparıcı teatrlar sırasına daxil edilməsi onun halal haqqıdır. Bu uğurdan dolayı, Teatrın kollektivini ürəkdən təbrik edir, onun növbəti tamaşalarına otuz ildən bəri dağılan tifaqlarımızın sürətlə tikildiyi Xankəndində, Şuşada baxacağımıza inanıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!