Qisas qiyamətə qalmaz! - Sabir RÜSTƏMXANLI

İş elə gətirib ki, mən hələ tələbəykən, Vaqif Səmədoğlunu şəxsən tanımadan onun mətbuatda çıxan şeirlərinin müdafiəçisi olmuş və haqqında yazmışam. Niyə "müdafiəçi" dediyimi açıqlayacağam.

Universitetin IV kursunda bizə müasir ədəbiyyatdan mühazirə oxuyan, sevimli şairimiz Bəxtiyar Vahabzadə dərsin gedişində mətbuatda yenicə bir silsilə şeiri çıxmış Vaqif Səmədoğlunu sərt tənqid etdi: "Belə oğul olar? Baxıb görsün, atası necə yazıb! Səməd Vurğun boyda şairi qoyub, başqalarının yoluyla gedir!.." və s.

Orta məktəb ədəbiyyat müəllimim də Səməd Vurğunun heyranı idi və biz ənənəvi heca şeirinə daha çox bağlı idik. Bu mənada, Bəxtiyar müəllimi başa düşürdüm. Lakin Vaqif Səmədoğlunun çap olunan şeirləri də xoşuma gəlmişdi və onlara, emosionallığını, metafora zənginliyini nəzərə almadan, ölçüsünə görə dəyər verilməsini ədalətsizlik sayırdım. Bu məsələ ürəyimdə bir neçə gün dolandı, sonra kurs işlərinin mövzuları müəyyənləşdiriləndə sevimli müəllimə etiraz etmək niyyəti ilə "Azərbaycan ədəbiyyatında sərbəst şeir" mövzusunu seçdim. Bir neçə gün sonra kurs işim hazır idi.

Yaradıcılığını ürəkdən sevdiyim, şeirlərini əzbər bildiyim müəllimimin fikirlərinə qarşı çıxmaq o qədər də asan iş deyildi. O vaxt bu məsələlər Bakının Ədəbiyyat dərnəklərində qızğın müzakirə olunurdu və mən həmin dərnəklərdəki mövqeyimi tələbə yoldaşlarıma və müəllimimə də bildirməliydim: fikir müxtəlifliyinə, janr seçiminə, düşüncə sərbəstliyinə hər kəsin haqqı kimi baxırdım. Gəncliyimdə fikrim belə idi, indi də belədir.

Kimlərəsə qəribə görünə bilər, amma mən gənc təfəkkürümlə sərbəst şeirimizi Mayakovski və Nazim Hikmətdən öncə, öz folklorumuzla, Dədə Qorqud dastanları və oğuznamələrlə bağlamışdım.

Dədə Qorqud boylarının poetik parçaları haqqında ciddi söhbət mənim o tələbə qeydlərimdən çox sonralar başlanmışdır.

Bunun ardınca, təbii ki, əsas diqqətimi sovet dövründə şairlərimizin sərbəst şeirə hansı təsirlərlə gəldiyinə və sərbəst şeiri ədəbi məktəb səviyyəsinə qaldıran və ona sona qədər sadiq qalan Rəsul Rza yaradıcılığına yönəltmişdim.

Bu yaxınlarda, arxivimdə o kurs işinin əlyazması keçdi əlimə və ilk ədəbi-tənqidi yazılarımdan biri kimi onu da onikinci cildimə saldım. Aşağıdakı parça 1967-ci ildə yazdığım həmin əlyazmasındandır:

"Ədəbi mühitdə və mətbuatda çox nahaq yerə, bəzən bu iki yolu bir-birinə qarşı-qarşıya qoyurlar. Əvvəla, qeyd etmək lazımdır ki, formaca arada fərqlər olsa da, hər iki yol ümumi bir məqsədə və ideyaya bağlıdır. Hər iki yolun nümayəndələri bütün ürəkləri ilə öz xalqlarını sevən, müasir dünyanın bütün təzad və ziddiyyətlərini başa düşən, həyatın nəbzini tutmağı bacaran şairlərdir. Təsadüfi deyil ki, Balaş Azəroğlu, Osman Sarıvəlli, Fikrət Qoca və başqaları öz yaradıcılıqlarında hər iki yolun yaxşı cəhətlərindən istifadə edirlər. Son vaxtlar sərbəst şeirə ümumi münasibət nisbətən dəyişilmişdir. İndi gənclər öz seçimlərində daha sərbəstdirlər. Məsələn, böyük Xalq şairi Səməd Vurğunun oğlu Vaqif Vəkilov sənətdə atasının yolunu yox, məhz sərbəst şeir yolunu seçmişdir və bu yol ona uğur qazandırır. Onun "Azərbaycan" jurnalında çap edilmiş şeirləri bunu aydın göstərir".

Mən Bəxtiyar müəllimin fikrini dəyişmək üçün Vaqifin şeirlərində insan psixologiyasının həssas nöqtələrinə necə dəqiqliklə toxunulduğunu qabardaraq təhlil etməyə çalışmışdım:

 

Mən bir dəfə

dünyanın ən ağır

qantelini qaldırdım:

telefon çağırdı məni,

götürdüm dəstəyi,

səs gəldi:

- Özünü ələ al,

öldü...

Qüvvəm çatmadı,

düşdü əlimdən

dünyanın ən ağır qanteli.

 

Atanın ölüm xəbərinin ağırlığını cəmi beş-altı sözlə bundan gözəl və sərrast necə demək olar?

Yaxud:

 

İçimə kəpənək qanadı tiksələr də,

yenə səni sevəcəyəm.

 

Oxucu kəpənək qanadını da, onun insanın içinə köçürülməsinin mümkün olub-olmayacağını da unudur, amma ürəyin sevgidən bir kəpənək qanadı kimi titrədiyini və sonsuz sədaqətini hiss edir. Bu, əsl poeziyadır.

Vaqifin şeirləri poeziyamızda yeni hadisədir".

Mən dəftəri oxuduqca Bəxtiyar müəllim diqqətlə qulaq asır, aradabir pəncərədən küçəyə baxır və yenə diqqətini mənə yönəldirdi.

Kurs işi bitdi. Bəxtiyar müəllim heç nə demədən özünəməxsus iti addımlarla auditoriyanı tərk edib getdi.

Tələbə yoldaşlarım təəccüblə bir-birinə baxırdılar, axı qaydaya görə müəllim öz fikrini deməli və tələbənin işini qiymətləndirməli idi; amma bu dəfə o, çıxıb getmişdi. Yoldaşlarımın çoxu bu yazımın Bəxtiyar müəllimin fikirlərinin əleyhinə olduğunu anlayırdılar. Qalxıb suyu süzülmüş halda dəhlizə çıxmaq istəyirdik ki, birdən Bəxtiyar müəllim yenə həmin iti addımlarla içəri girdi və bizi yerimizdə əyləşdirdi. Girişsiz-filansız: "Mən sizi təbrik edirəm, - dedi, - sizin aranızda gələcəyin çox böyük bir ədəbiyyatşünas alimi yetişir. Bilirəm, bu iş mənim fikirlərimə qarşı yazılıb, amma gözəl yazılıb, halal olsun. Qiyməti əladır".

Bəxtiyar Vahabzadə ilə dostluğumuz həmin gündən başlandı. Mən onun gənclərə necə həssaslıqla yanaşdığını gördüm.

Universitet həmin kurs işinə görə məni Başqırdıstana - tələbələrin Ümumittifaq elmi konfransına göndərdi.

Sonralar Vaqiflə "Yazıçı" nəşriyyatında bir yerdə işlədik, meydanlarda bir yerdə olduq, Milli Məclisə deputat seçildik. Lakin nədənsə bu əhvalatı heç vaxt Vaqifə danışmadım.

Vaqif Səmədoğlu atasının yolu ilə getmədi. Çünki gənclik illərindən öz yolunu tapmışdı. Onun doğum günlərindən birində dediyim bir fikri unutmamışam: "Mənə elə gəlir ki, Səmədoğlu qardaşları yaşam tərzləri, yaradıcılıqları və xalq hərəkatına qoşulmaları, hərəkatın ön sıralarında olmaları ilə atalarının ruhunu sevindirir. Onlar həyatları, yaradıcılıqları ilə Səməd Vurğunun imperiyanı, onun cinayətkar başçısını, işğalçı paytaxtını tərənnümə məcbur edən, onu əzən repressiya illərinin intiqamını alır, atalarının səhvlərinin əvəzini müstəqillik yoluna  xidmətləri ilə çıxırlar. "Qisas qiyamətə qalmaz!" deyiblər. Övlad üçün bundan gözəl nə ola bilər ki?!

Vaqif Səmədoğlu da yaşlı şairlərimiz kimi

"Moskvaya çatan qatarın

səsi olmaq pis olmazdı", - deyə düşünür, lakin ardınca

 

Damından payız yağışı axan

yük vaqonlarında qatillərlə,

canilərlə bir yerə

atılmış şairlər olmasaydı...

 

Vaqifin poeziyasında repressiya qurbanı olan həmin şairlərin əzabkeş ruhu yaşayır.

Vaqif dünyanı, təbiəti, insan talelərini, ayrılığı, ölümü, həyatın eniş-yoxuşunu öz içində yaşayan şairdir; şeirinin bütün poetik rəngləri və metaforaları da daha çox iç dünyasından, duyğularından gəlir. Zərifdir, kövrəkdir, yağışdan, qardan, ağır buludlardan, şəhərin boş küçələrindən, "uzaq yaşıl ada"dan, insan talelərindən gələn bütün duyğular içini titrədir. Şeirin sözünü yox, musiqisini yazır. O gözəl cazmen idi, şeirdə də, musiqidə olduğu kimi improvizəni, gözlənilməz keçidləri sevir. Şeirlərinin çoxunda mətn improvizədən doğulub, qarışıq xalları dinləyirsən; kiməsə əlaqəsiz görünə bilən bu xallar - misralar, bəzən musiqi kimi izaholunmazdır, lakin əslində insan ruhunu titrədən bir duyğu burulğanıdır.

Xalqın taleyini əks etdirən ictimai ruhlu şeirlərini də Vaqif poetikadan uzaq, özünəxas bir üslubda yazırdi. Bu baxımdan 1987-ci ildə azadlıq həsrəti ilə qələmə aldığı şerindən aşağıdakı misralar bir örnəkdir:

 

Üzük var, taxmağa bir barmağım tox,

Yollar var, ayaqsız yol yornağım yox,

Yamaq vurmağa da bir bayrağım yox,

Nə yaman ağırmış bulud kölgəsi,

İçimdə qaralan köçəri səsi...

 

İştirakçısı olduğu milli-azadlıq hərəkatının duyğularını, 1988-ci ildən sonra yaşadığımız faciələri qələmə alarkən də Vaqif orijinaldir:

 

İraq, tərsin düz sözündən,

Yalançının yaş gözündən,

Millət çıxanda özündən

Başına çarə qıl, insan,

Haqq yoluna çıxır yalan.

 

Vaqifin bənzərsizliyi bundadır. O, populyar yol axtarırdı, muğam üçün qəzəl yazmırdı, caz ustasıydı.

Vaqif Səmədoğlu, son dərəcə istedadlı bir dramaturq, gözəl mahnılar müəllifi, musiqiçi və nəhayət, gözəl insan idi. Uzun illər yanaşı addımlamışdıq. Məncə, həmişə bir-birimizi yaxşı anlamışıq. Hərdən çox kədərli və ya qəzəbli vaxtımda gəlib foto-kamerasını üzümə tuşlayıb şəklimi çəkərdi. Arada mən də onun fotosunu çəkərdim. Onlar saralıb, amma gözümdə və ədəbiyyatımızda Vaqif Səmədoğlunun əsrlərcə saralmayacaq canlı bir portreti var.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!