Döyüşən ədəbiyyat - Qəndab Haqverdi ƏLİYEVA

Bildiyimiz kimi, iki əsrdən artıqdır ki, ikiyə bölünmüş Azərbaycanın mənəvi bütövlüyünü hər şeydən çox onun ədəbiyyatı yaşadır. Parçalanma və əsarətin xalqımızın ruhunda açdığı dərin yaralar Araz çayının o tayında - Azərbaycanın cənubunda öz ədəbiyyatını - Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatını yaratdı. Mənsub olduğu xalqın azadlığı, haqq və hüquqları uğrunda apardığı mübarizələrini ardıcıl olaraq ifadə edən bu ədəbiyyatın bir adı da "Döyüşən ədəbiyyat"dır. Yarandığı vaxtdan etibarən, öz doğma xalqı ilə bir nəfəs alan, onun maddi və mənəvi sərvətlərinə sahiblənib uğrunda döyüşən, həqiqətini işıqlandırıb yolunu aydınlatmağa çalışan milli-demokratik ədəbiyyatı Azərbaycan xalqının mübarizə tarixinə çevrilmişdir.

Cənubi Azərbaycanda milli-demokratik ədəbiyyatın inkişaf dövrü dörd qanlı-qadalı inqilab yola salmış XX əsrin ikinci onilliyindən başlanmış olsa da, çaxmağı XIX əsrin ikinci onilliyində çaxılmşdır. "1811-ci ildə Qacar şahzadəsi və Təbriz valisi, Abbas Mirzənin Təbrizə gətirtdiyi çap dəzgahı" milli və demokratik ədəbiyyatımızın gəlişməsinə səbəb oldu. Təbrizdə qurulan çap dəzgahı əlyazmalar dövrünə son qoymağa başladı və bir çağ çəkmədən mətbuat və kitabların evlərə ayaq tutub getməsinə səbəb oldu. Cənubi Azərbaycanda milli-demokratik ədəbiyyatın inkişaf mərhələsi başlandı. Belə ki, 1819-cu ildə Azərbaycanın milli şairi olan böyük Füzulinin ana dilimizdə yazdığı "Leyli və Məcnun" poeması çapdan çıxan birinci kitab oldu. Bu kitablar hal-hazırda Təbriz Milli Kitabxanasında qorunur.

Füzulinin "Leyli və Məcnun" əsərinin çapından 106 il sonra Cənubi Azərbaycanda yaranan Milli Hökumət dövründə Cənubi Azərbaycan Şairlər İttifaqının mətbu orqanı olan məşhur "Şairlər məclisi" adlı kitabının ilk səhifəsində böyük Füzulinin portretilə çap edilməsi təsadüfi olmamışdır. Füzulinin əsərinə və şəxsiyyətinə olan bu sayğı və qayğı göstərir ki, o vaxtın alimləri bu yeniliyi milli bir rəmz olaraq böyük Füzuli ilə başlamaq istəmişlər. Və hər iki təşəbbüs göstərir ki, milli oyanışın yeni mərhələsi başlanmaqdadır.

XX əsrin birinci onilliyinin - Məşrutə İnqilabının ilk günlərində "Azərbaycan" qəzetinin ilk çapını görən böyük Səttarxanın təəssüratını belə yazırlar: "...Azərbaycan ruznaməsi 1325 qəməri ildə Səttarxanın əmri və tapşırığı ilə nəşr olundu. O böyük sərdar bu ruznamənin ilk nömrəsini görəndə dedi: "Bu gün Azərbaycan xalqının milli bayramıdır" və həyəcan şiddətindən gözləri yaşardı. Yaxşı bilirik ki, XX əsrdə Cənubi Azərbaycanda yaranan və inkişafda olan milli-demokratik ədəbiyyat iki məcradan: 1) Osmanlı ədəbiyyatı ilə tanış olan milli şüurun oyanışında rol oynayan cənublu şair və yazarlar, 2) Şimali Azərbaycanda boya-başa çatıb Cənuba qayıdan ziyalı və əliqələmlilərdən oluşmuşdur. İkinci Dünya müharibəsi illərində SSRİ qoşunlarının tərkibində Şimali Azərbaycanın Cənuba daxil olan qələm sahiblərinin 1941-ci ildən 1946-cı ilədək çağdaş Cənubi Azərbaycan ədəbiyyatının gəlişməsində əvəzsiz xidmətləri oldu. Qeyd etmək lazımdır ki, bu inkişaf yolu siyasi, ictimai və mədəni mövzularla çap olunan qəzet və jurnalların nəşrilə başlanmışdır. Bu nəşrlər həm milli düşüncə, həm də demokratik fikirlərini oxucularına aşılamışdır.

Təbii olaraq Cənubi Azərbaycanda yaranan milli ədəbiyyat öz mənbəyini ötən əsrlərdə olan kök-soyundan almışdır. Onun kökü şifahi xalq ədəbiyyatından başlanmış, onunla mayalanmış və bugünkü gövdəsində olan qol-qanadlarına axmışdır. 1945-ci illərdən sonra yaranan milli-demokratik ədəbiyyatdan söz açanda, yürüşdə olan bir ədəbiyyatın hay-harayları, zəfər və irəliləyişlərilə üzbəüz döyüşən bir xalqın ön cəbhədə şəhid olduğunu, əsir düşən fədai əsgərlərinin öldürüldüyünü, illər boyu sarsıdıcı işgəncələrə məruz qalan insanlarının oyanışını, həmin xalqın həyat fəlsəfəsində milli şüurun çiçəklənməsini və demokratik düşüncənin inkşafını görürük.

İki inqilab arasında yetişən Güney Azərbaycan ədəbiyyatının simvolları 80 ilə yaxındır ki, bir çox dünya ədəbiyyatşünaslarının, xüsusilə, qardaş türk xalqlarının tədqiqatçılarının araşdırma obyektinə çevrilmişdir. Həmin illərdə ana dilində məktəb və müəllim görməyən Güney Azərbaycan ziyalıları arasından Səhənd, Sahir, Səməd Behrəngi, Saidi, ustad Şəhriyar, Nitqi Aytan, Hüseyn Düzgün, Yəhya Şeyda, Əlirza Nabdil, Hüseyn Cavan, Qəşəm Güneyli və başqa bu kimi qələm əsgərləri meydana çıxır.

Təbiidir ki, 1946-cı ildə regionda maddi mənfəətlərini güdən militar qüvvələrin və imperiyaların himayəsi ilə mənfur şah rejimi tərəfindən yurdu-yuvası talan edilən, igid oğulları dar ağaclarından asılan, milli düşüncəli soydaşları didərgin düşüb, sürgün olan Güney Azərbaycanın el şairləri və yazarları zaman-zaman yazıb-yaratdıqları sandıq ədəbiyyatlarında mövzu və ideya baxımından döyüşkən məzmunçuluğun müəllifləri olmalı idilər. Ona görə də, folklorik əsərlərdən sonra milli-demokratik ədəbiyyatda daha çox barışmaz, üsyankar və haqq-həqiqət carçısı olan mübariz bir ədəbiyyatla qarşılaşırıq. Misal üçün, Aşıq Hüseyn Cavan (1916-1985) həmin illərin üsyankar ruhlu şairi kimi yazır:

 

Şah, mən unutmadım, sən də unutma

Sabunlu kəndiri, dar ağacını.

Mən də belə unutsam, tarix unutmaz

Sinəsi dağlanan ana-bacını.

 

Eləcə də, H.Cavan dirəniş ruhunda yaşayan xalqının dilindən üzünü xarici müstəmləkəçilərə və onların daxili nökərlərinə tutub deyir:

 

Haqqımızı saxlamağa

Biz durmuşuq mərdana.

Azadlığa xain baxan

Boyanacaq al-qana.

 

1945-ci ildə yaranan Milli Hökumət zamanı Təbrizdə yaranan şairlər cəmiyyətinin fəal üzvlərindən biri də milli ruhlu, aydın düşüncəli, coşqun ürəkli jurnalist-yazar Əli Fitrətdir (1890-1948). O öz əsrinin xalqının amalı yolunda qurban gedən azadlıq carçılarından biri kimi Cənub şeirinin unudulmaz şairləri sırasında yer tutur. Azadlıq aşiqi şair 1946-ci ildə Təbrizdə nəşr olan "Şairlər məclisi" kitabına salınan şeirində yazır:

 

Yaşa, yaşa, Azərbaycanım, yaşa!

Sənsən mənim din-imanım, yaşa!

Günəş kimi nurun saçır hər yana,

Gözəl vəsfin gəlməz sənin bəyana,

Canlar qurban sənin kimi məkana,

Şərafətli mənim məkanım, yaşa,

Yaşa, yaşa, Azərbaycanım, yaşa!

 

Milli Hökumət dövrü əldə edilən milli azadlıqları ədəbiyyat tarixində yaşadan şairlərdən olan Əli Fitrət o illərdə xalqın güvənci olan "Milli Məclis"ə yazır:

Binayi-zülmü edib dəsti-əql zir o zəbər,

Açıldı məclisi-milli, getdi hüzn o kədər.

 

1945-1979-cu illər arasında ədəbi fəaliyyətlərilə milli ruhun və demokratik düşüncənin bayraqdarlarından olan şairlərin biri də Məhəmmədəli Fəxrəddin Məhzun (1881-1989) idi. O, Milli Hökumət zamanı öz şeirlərilə şairlər məclisində tez-tez çıxış edir və həmin şeirləri o zamanın mətbu orqanlarında yayaraq milli borcunu şərəflə yerinə yetirirdi. Milli Hökumət yaranan günlərdə yazıb çap etdirdiyi bir şeirində oxuyuruq:

 

Ölkəmin sahib hünər ey qəhrəman oğlanları,

Azəristan xəlqinin şiri-jiyan oğlanları,

Mehriban qardaşlarım, yoxdur bizim biganəmiz,

Bir ata evladıyıq aləmdə birdir xanəmiz.

Baxmarıq xain sözünə, yoxdur heç divanəmiz,

Bu elin, bu ölkənin şirinzəban oğlanları.

 

Pakdil əfsər, nizami qardaşımdır hər zaman,

İftxarımdır qəyur, namuslu insanlar, inan.

"Of" deməm, azadlıq uğrunda əgər versəm də can,

Qorxu bilməz cəngidə Səttarxan oğlanları.

 

1945-1979-cu illər arasında ədəbi prosesin və milli dəyərlərin inkişafında önəmli qələm sahiblərindən olub, öz əsərlərində milli hürriyyət və azadlıq uğrunda ədəbi-mədəni mübarizə aparanların biri də Mir Mehdi Etimaddır (1900-1981). O təcrübəli müəllim və şair kimi o zaman yaranan şəraitin imkanlarından faydalanıb xalqın fikrinə aydınlıq çiləsin deyə, əsərlərini 1941-1946-cı illər arasında nəşr olan mətbuatda yaymaqla yaradıcılığının ən qızğın və təsirli illərini yaşadı. Milli Hökumət zamanı "Şanlı Azərbaycan" adlı şeir divanı çap olundu. O. Milli Hökumət dövrü Təbrizdə yaranan "Şairlər məclisi" adlı ədəbiyyat ocağının sədri oldu və gənc şairlərə türk dilində yazıb-yaratmaq öyrədirdi. 1946-cı ildə Milli Hökumətin dövlət himni isə Mir Mehdi Etimadın yazdığı "Yaşa, yaşa, Azərbaycan!" şeiri idi. Onun yazdığı bir şeirə mahnı bəstələnib mədrəsələrdə, milli ordularda və fədai dəstələrinin nümayişlərində milli marş kimi oxunardı:

 

...Azərbaycan, Azərbaycan,

Aslanların məskənisən,

Sən qurduğun yeni həyat

Xalqımıza verdi nicat.

 

Gözəl günlər gətiribsən,

Səttarxanlar yetiribsən.

Qoy, yurdumuz cənnət olsun,

Düşmən bağrı qanla dolsun.

 

1946-cı ildə Milli Hökumət devrildikdən sonra Mir Mehdi Etimad iki il müddətində Təbrizdə dustaq oldu və azad olandan sonra, məcburi halda Tehrana sürgün edildi. O, sürgün illərində də Tehranda yaşayan azərbaycanlılarla birlikdə ədəbi görüşlərə şərait yaradanlardan oldu. O, Milli Hökumətin daxili işlər naziri olan doktor Salamullah Cavidin köməyilə Tehranda yaranan məşhur "Dostlar görüşü" adlı ədəbi yığıncağın fəal üzvlərindən idi.

Bulud Qaraçorlu Səhənd (1926-1980) imperiyaların barışıqlarına qurban kəsilən xalqının qandonduran vəziyyətini belə qələmə alır:

 

Bu səs gurladıqca bir şimşək kimi,

Vurub titrədirdi zülmün binasın.

Onun hiddətində gurlayan odlar

Yaxırdı şahların köhnə dünyasın...

 

Yoxsa, düşmanlar da duyurdu bunu,

Bu səsdə toplanan böyük qüdrəti,

Bütün Asiyanı tutacaq bu səs,

O ki, görəmməzdi bu fəlakəti.

 

Səhəndin yaxın dostu və kitablarını toplayan etibarlı qələmdaşı, professor Məhəmməd Əli Fərzanə onun şeir məcmuəsinin "Qardaş andı" bölümündə yazır: "Səhəndin milli haqsızlıq haqqında yazdığı ən güclü şeirlərindən biri "Taleyimə sən bax" şeiridir. Səhənd bu şeirində milli varlığından və ana dilində danışmaqdan məhrum edilmiş bir insanı belə təsvir edir:

Taleyimə sən bax,

Düşüncələrim yasaq,

Duyğularım yasaq,

Keçmişdən söz açmağım yasaq,

Gələcəgimdən danışmağım yasaq,

Ata-babamın adını çəkməyim yasaq,

Anamdan ad aparmağım yasaq!

Bilirsən?

Anadan doğulandan belə,

Özüm bilməyə-bilməyə

danışmağım yasaqmış, yasaq!

 

Beləliklə, Səhənd 1960-70-ci illərdə Cənubi Azərbaycanın mübariz şeirində özünə layiqli yer açır.

Demək olar ki, Milli Hökumət dövründən sonra 20 ilə yaxın müddətdə ölkə miqyasında olan türkdilli kitab və mətbuat aləmində vəsfəgəlməz bir yasaqlıq illəri yaşandı. Lakin artıq Cənubi Azərbaycanın döyüşkən şairləri milli ruhlu sandıq ədəbiyyatı yaratmağa başlamışdılar. Həmin illərin ağrılı-acılı günlərinin birində ustad Şəhriyarın "Heydərbabaya salam" poeması ildırım sürətilə ədəbiyyat aləminə yayıldı.

Dünən və bugünümüzün əks-sədası olan bu tarixi əsər Cənubi Azərbaycanın ən susqun günlərində yarandı və əks-səda doğurdu; demək olar ki, ədəbi əsrimizin ən böyük hadisəsi oldu. O kitabın nəşr olunması ürəklərə cürət verdi, qəddar hakimiyyətin dəmir hasarlarını yardı və sərhədləri keçdi. Uzun illər boyu minlərlə oxşar və nəzirəsi yazıldı. Həm Azərbaycana, həm ustad Şəhriyara dünya şöhrəti qazandırdı. O məcmuədə bir milli folklorik əsərə çevrilmiş olan o aşıq ədəbiyyatı qəliblərinin axıcı 11 hecaları elə düzülüb ki, həm misradaxili bölgülərdə, həm də poemanın bütünlüyündə onun tayını klassik ədəbiyyatda hələ-hələ tapmaq mümkün deyil. Bugünədək dünyanın 90 dilinə tərcümə olunan ustad Şəhriyarın "Heydərbabaya salam" əsərinin, nəinki Güney Azərbaycanda, bəlkə dünya folklorik ədəbiyyatında tayı-bərabəri yoxdur. Bu bir ədəbi ecazın yaranması deməkdir. Dünyanın harasında belə bir istedadla yazılan əsər var?!

XX əsr Cənub şeirinin ziyalı təbəqəsinə dərin təsir edən və əsrin gənc şairlərinə örnək olan ustad şairlərin biri də Həbib Sahirdir (1903-1983). O ali təhsilini Türkiyədə oxuduğu illərdə orada yaranan ədəbi mühitin ab-havasına alışaraq yenilikçiliyin ilk banilərindən və onu yaya bilən şairlərdən oldu. Aydın fikirli, milli ruhlu, insanlıq vurğunu olduğu üçün gəlişməkdə olan gənc nəslin sevilən şairinə çevrildi. Çağdaş ədəbiyyat nəzəriyyəçiləri Həbib Sahirin lirik-romantik şeirlərini "Məşrutə dövrünün poeziyası ilə Nima Yuşicin müasir şeirləri arasında bir körpü" kimi dəyərləndirmişlər. Cənubi Azərbaycan ədəbiyyatında onu sərbəst şeirin atası adlandırırlar.

Sahirin əsərlərinə diqqət yetirib ötən 40 ildən bəri nəzəriyyələr yazan şair, ədəbiyyatşünas və dəyərli jurnalist Həsən İldrım yazır: "...Ustad Həbib Sahir haqlı olaraq müasir şeirimizin təmsilçisi adlanır. Şeirimizin səciyyəvi xüsusiyyətləri onun əsərlərində öz qabarıq ifadəsini tapmışdır. Görkəmli sənətkar əsərlərində əsrimizin insanının (XX əsrin) taleyi, istək və arzuları, keçirdiyi mübarizə yolları və dünyamızda baş verən ən mühüm ictimai və mədəni hadisələrini dolğun, yararlı bədii formada tərənnüm etmişdir. Şair qabaqcıl dünya şeirinin müsbət ənənələrini mənimsəmiş və o ənənələri milli irsimizin köklərinə əsaslanaraq müasir Azərbaycan şeirində ana dilində səsləndirməyə çalışmışdır".

Cənubi Azərbaycanda 1945 və 1946-cı illərin bir ilin içində baş verən ictimai-siyasi uğurlarını və payız fəslindəki uğursuzluqlarını, ictimai həyatın payız havasında qaldığını Həbib Sahir poetik dillə belə ifadə etmişdir:

 

Bir xəzanda yetim qaldıq,

Bir xəzanda sevdalandıq,

Bir xəzanda alovlandıq,

Ən nəhayət, xülyaların havasından

qanadlandıq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!