Qorxularımdan xilas edən şair üçün: Ömür - ilklərin təkrarıdır - Günel XƏZƏL

İlk şeir

 

Vaqif Səmədoğlu ilə iki ilk şeir xatirəm var: birincisi, onun yazdığı şeiri oxuyanda, o biri, mənim bir şeirimə şərh yazanda.

 

Məzarıma nə başdaşı qoyun, nə heykəl,

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın geyib getsin...

1963

 

Məktəb  kitabxanasında idim - Bakının Keşlə qəsəbəsində, 201 saylı məktəbdə. Balaca kitabxanamız vardı. Qaranlıq və nəmişlik. Bu misraları oxuyanda elə bildim ki, tozlu kitabxana bir anda yoxa çıxdı, əvəzində hundür bir dağın zirvəsi peyda oldu. Bu cür insanla eyni cinsdən, eyni növdən olduğum üçün qürurlandım. Ölümdən sonra da xeyirxahlığı yaşada bilmək ehtimalının verdiyi həzzi hələ də xatırlayıram.

İkinci şeir xatirəm:

 

Havadan yapışıb, çıxacam küləyə,

Tanrıya söz deyib, enəcəm ölməyə...

 

Bu "sonu lazım deyil" misraları sosial şəbəkədə "bəyən"mişdi. Sevindiyimdən o qədər hoppanmışdım ki, ayağımın birini burxmuşdum. O hiss unudulmazdır.

 

İlk şərh

 

Zərdüşt Şəfidən müsahibə almışdım. Özüm üçün. Sosial hesabımda paylaşdım. Şair şərh yazdı: buna müsahibə demək olmaz, iki maraqlı və istedadlı gəncin söhbətidir.

O uzunluqda söhbəti, həqiqətən, oxumuşdumu? Tez Zərdüştə zəng elədim. O təmkinlə gülümsəyirdi, mən isə yenə küləkdə yellənən yarpaq kimi canıma yer tapmırdım.

 

İlk görüş

 

Nəsimi Milli Mükafatında hekayəm ikinci yer tutmuşdu. Münsiflər sırasında Vaqif Səmədoğlu da var idi. Ona yaxınlaşıb şəkil çəkdirmək istədiyimi deyəndə: - Günelcan, səni izləyirəm, çox fərqli baxırsan dünyana. Davam et, - dedi.

Ayağımın altından yer qaçdı, sanki. Kəkələyə-kəkələyə: - Bir az qəlizəm, qışqırıram, deyəsən,  anlaşılmazam, deyəsən, - dedim.

O da dedi ki:

- Qorxma! Bu həyatda pafosdan, qəribə olmaqdan, ya da lap elə bayağı görünməkdən də qorxma. Nə hiss edirsənsə, yaz.

Sizə görə bu hamı üçün məlum mətləblər ola bilər. Mənə görə isə bu cümlələr həyatımın növbəti, daha maraqlı və nəhəng mərhələsinə keçid üçün təkan verən taleəhəmiyyətli ifadələr oldu.

Bəzən insanlar həyatı boyu "qorxma!" deyəni olmadığı üçün kölgədə solur. Mənim bu sarıdan bəxtim gətirdi. Ruhunun aliliyinə, zəkasının dərinliyinə, istedadına və zəhmətinə tərəddüdsüz güvəndiyim bu yaradan adamın əminlik və sahib olduğu mülayim, amma hökmlü səs tembrindən eşidilən beş hərf ilə bütün təşvişlərimdən qurtuldum. "QORXMA!" elə bil bu beş hərfin hər biri ağır artilleriya kimi məni əsir saxlayan təşvişin, güvənsizliyin, səksənin üzərindən keçdi. Mütəmadi bəzi döyüşlərdə uduzduğum da olur, amma savaş davam edir və Vaqif bəyin "QORXMA!"qoşununun gücü tükənmir.

 

İlk rəqs

 

Şair dostlardan kiminsə toyu idi. Kiçik qızım Xədicə ilə getmişdim. Şair hardansa bizim masaya gəldi. Rəbiqə və mənim yanımda əyləşdi. Söhbətləşdik. Birdən şair ayağa qalxıb 8 yaşlı qızımı rəqsə dəvət elədi. Yadlarla heç bir ünsiyyətə getməyən, çəkingən qızım məmnuniyyətlə şairlə rəqs elədi və sonra hər onu televizorda görəndə "Mən bu babayla vals oynamışam", - deyib forslandı. Şairin qızının adı da Günel idi və mənə "Günelcan", deyirdi. Rəqsdən sonra qızımı masaya yola salanda mənə "tam bir ledi yetişdirmisiniz, şairə xanım", - dedi.

 

Son söz

 

Vaqif bəyin şeirlərindən birinə kollaj düzəldib paylaşmışdım.

Jurnalistlərdən biri xoşagəlməz nəsə yazmışdı. Cavabını vermişdim. Bundan sonra şair mənə "Eh, Günelcan, ən axmaq ideotun belə eləyəcəyi, deməyəcəyi sözləri ayağıma yazırlar. Kədərlidir" yazmışdı.

Mən də: "Günah sizdədir, bu qədər talantlı və uğurlu olmayaydınız, şayiə qoşmayaydılar", - demişdim. Yarım mörtərizələr göndərmişdi.

Maraqlı söhbətlər edərdik Messenger-də. Sevdiyi filmlərdən, fotoqraflardan danışardıq. Elə hey fotoaparat kolleksiyası ilə öyünərdi. Bir dəfə soruşdu ki: - Bilirsənmi, dünyanın ən bəxtəvər canlısı hansıdır? Dedim: - Qartal. Dedi: - yox, ayı. Bütün qışı yatır e, bəxtəvər - və çoxlu gülüş...

 

Son görüş

 

Azərbaycan Dram teatrı. İstiqlal ordeni verilirdi. Şair çəliklə səhnəyə çıxdı. Başında araxçın vardı. Hamı kədərli və həyəcanlı idi. Danışanda kövrəldi. Dedi ki, deməli, çox sözü var. Kaş elə səhnənin ortasına bir kreslo qoyaydılar. Danışaydı, susaydı, baxaydıq. Amma zarafat elədi, xəstəliyinə də, ölümə də sataşdı və getdi.

Bütün tədbir boyu camaat səhnəni izlədi, mən isə amfiteatrdan onu. Əl çalırdı, yerini dəyişirdi, tərini silirdi, araxçınını düzəldirdi və bunları izləmək tamaşadan daha maraqlı idi.

Fikirləşdim ki, ən dahi yazıçı, ssenarist belə Tanrının ömür adlı tamaşasının yanında həmişə uduzur. Vaqif Səmədoğlu da varlığı ilə özünün yazdıqlarına qalib gəlmişdi. Əminəm, bu gerçək onu məyus edərdi.

Tədbirin sonunda ardınca getməyini izlədim. Bir də onu heç görməyəcəyimi bilirdim. Sadəcə, ürəyimdə bu sözləri pıçıldadım: "Şair, qorxma".

Həyata meydan oxuyan ironiyası ilə Vaqif Səmədoğlu yaşadı və yaşatdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!