Sabirdən oxunmuş hər misra insanın içi ilə uzun bir yol keçməlidir ki, gəlib özünə çatsın.
Sabir adlı günəş XX əsrin əvvəlində də, sonunda da hələ dan yerində görünür.
Sabir yalnız satira yazmadı, o, Şərqin fəlsəfəsini və faciəsini qələmə aldı.
Əhsən, bizə! həm tirzənik, həm hədəfik biz,
Öz qövmümüzün başına əngəl-kələfik biz,
Bu gün üstü təzəcə qurudulan "sirlər"in mahiyyətini Sabir onu axıracan eşitməyən xalqa: "Küfürmə hökm eləməyin zur ilə", - deyə-deyə 80 il əvvəl açmaq istədi. Dahi şair yalnız bir şeirində - "Təhəssür"də epiqraf işlədib, orda da:
İstənilir ittifaq,
Göstərilir infiraq,
- yazıb.
Milləti onun öz daxilində siyasi "tikələr"ə ayırmaq, sonra həmin hissələri bir-biri ilə boğuşdurmaq - bu fitnə planını - gələcək milli faciələrin zəmini olacaq bu tarixi vəsiyyəti - parçalanmanı şair ürək ağrısı ilə təsvir edirdi:
Tapmazsan iki müttəfiqürrəy müsəlman,
Qafqazda olan bir neçə milyon arasında.
Və Sabir var səsilə car çəkirdi:
Axır, bu nə təfriqü təxəllüfdür, ey ümmət!
Əldən gediyor, dinləməyirsizmi bu millət!
O, sürətlə axmaqda olan zamanın bulanıq sularının haralarda çirkləndiyini göstərir, milli əxlaqın saflığına ləkə salanları tənqid edirdi:
Xeyrim üçün aləmi viranlaram,
Mən nə cəmaət, nə vətən anlaram...
Şair bu "əxlaqı" şər üyüdən "canlı dəyirman" hesab eləyirdi:
İş bilməyən yemək-içməkdən əlavə,
Bu canlı dəyirmanlarına şükr, xudaya.
Öz xalqından kənarda "səadət" arayanları şair biganələr, eşşəklər, fitnə-fəsadçılar adlandırırdı:
Başqa millətdən hüququn almaq üçün hər zaman,
İnqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!
Bizdən isə satmağa namusu irzi-milləti
Etidaliyyun, himariyyun, fəsadiyyun çıxar!
Belə kinayələr arasından Sabirin öz millətini inqilaba və rəşadətə çağırışı səslənir, inamı və əqidəsi işıq saçırdı.
O, bu inqilabı tam milli xarakterdə qəbul eləyirdi. Şair velikorus şovinizmin və Rusiya imperiyasının amansız düşməni idi:
Məsko şəhrinə fəndəbəxş oldu bu meydan...
Əlqövm uruslaşmaq ilə zişərəfik biz.
Sabir elə bir sənət və fəlsəfə epoxasıdır ki, heç bir çərçivəyə sığmır, onun sərhədləri yoxdur.
Dünyaya Sabirdən boylananda bütün ədəbiyyat görünür.
Arazın gah o tərəfinə, gah da bu tərəfinə göz yetirən Sabir müstəmləkə Azərbaycanının başını saxta, riyakar "demokratiya" oyunu ilə qatan istilaçıların qara niyyətini açıb göstərirdi:
Təbrizdə:
-"Əncümən filfilə cübban oldu".
Bakıda:
-"Bakı qlasnıları
...Gecələr gəşt edib yığırlar "səs".
İmperiya siyasətinin "xalq" və "hürriyyət" dəllallarına:
Hər gün genəldi daireyi-hörmətin sənin,
El uğradıqca fəqra, şişib sərvətin sənin,
Millət arıqladıqca kökəldi ətin sənin.
"Millət arıqladıqca kökəldi ətin sənin"
- deyərək "canlı dəyirmanlar"ın sərsəm və yaraşıqlı "ideyaları"nı lağa qoyurdu. Yazırdı:
Rüşvət haramdır, dedin, aldın, utanmadın!
Vəz etdiyin inandı, sən amma inanmadın!
İmperiyanın sədaqətli köpəkləri olan milli bürokratların - üsuli-idarə çinovniklərinin xalqa vurduğu yaralarla birgə, Azərbaycana qarşı ondan kənarda qurulan və həyata keçirilən erməni missionerlərinin mənəvi qəsdlərinin də üstünü Sabir cəsarətlə açıb-aşkara çıxarırdı.
Misyonerlər nə gözəl fikrli ərbabi-düha,
San-Peterburqda etmişlər əcəb bir şura,
Ki, müsəlmanlar açan bunca məkatib nə rəva.
Oxudub həndəsə, təlim edələr coğrafiya,
Hikmətü heyətü tarix ilə elmi-əşya...
...Çalışın, hümmət edək dəfinə zinhar bu gün.
Azərbaycan xalqının milli müqəddəratı ilə kefi istədiyi kimi oynayan, hüquqlarını ardıcıl tapdalayan müstəmləkəçiləri ifşa edən Sabir, onların "reformaları"nın - "konstitusiya" oyununun saxta məzmununu belə izah edirdi:
Həftədə bir aldadır, gah neçin verməyir!
Bircə bu məşrutəni şah neçin verməyir!
Gah verir filməsəl, gah neçin verməyir!
Azərbaycan mədəniyyəti tarixində Sabir həmişə müasir insandır. Onun milli şair mövqeyi milli filosof mövqeyi ilə yanaşıdır. Sabir Azərbaycanın ən sarsılmaz silahıdır.
Bu günümüzün ən önəmli milli fəlsəfəsi Sabir fəlsəfəsidir.
Qeyrət, a vətəndaşlar!
Himmət, a vətəndaşlar!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!