Him-cimlə "danışan" Romeo ilə Cülyetta - Samirə Behbudqızı Dövlət Pantomim Teatrının tamaşasından yazır

Tamaşa boyunca həm əsərin müəllifinin dəsti-xəttinin, təhkiyəsinin, həm quruluşçu rejissorun əsərə yanaşma üslubunun, həm də aktyor heyətinin personajlarını canlandırmaq bacarıqlarının aydın görünüb-duyulduğu bir tərz, hər hansı teatr üçün təbii ki, ən məqbul tərzdir.

Ən qəmli sevgi hekayələrindən biri. Romeo ilə Cülyettanın sevgi hekayəsi... Azərbaycan səhnəsində bu əsərə növbəti müraciət Dövlət Pantomim Teatrında oldu. Pantomimçilər V.Sekspirin ölməz "Romeo və Cülyetta"sını him-cim dilində "danışdırdılar" - əsl sevgi sözsuz olur, axı (ya da belə deyək: sözə yox, əmələ, addıma, işə inanır əsl sevgi).

Həyat, məhəbbət və ölüm

 

Tamaşanın dekorasiyası da, aktyorların əlbisələri də minimalistik tərzdədir - kamera səhnəsində orta əsrlərə aid hər hansı element yoxdur. Amma bu elementlər həm də vardır - aktyorların bir tərəfi qırmızı, digər tərəfi mavi libaslarında, qədim lay divar butaforunda Montekki-Kapuletti zamanlarının ab-havası, ən qəmli məhəbbət dastanının vətəni kimi əbədiləşən İtaliyanın qədim Verona şəhəri canlanır, bu dastanı dahiyanə qələmə alan ingilis dramaturqu Vilyam Sekspirin qəhrəmanlarına münasibəti duyulur və hətta Sekspirin həm də teatr xadimi olduğu da sezilir. Və bütün bunlar minimalistik, xəfif baxımlılıqda və duyumluluqda...

Quruluşçu rejissor Ceyhun Dadaşov tamaşanı əsərin süjet zəncirində əsaslı yerdəyişmələr, ciddi əlavələr etmədən, Sekspirin təfəkkür və təhkiyəsinə istinadlanaraq qurub və teatrın yeni səhnə əsərinin janrını plastik portret kimi təyin edib. Amma əlbəttə ki, yeni "Romeo və Cülyetta" özünəməxsus yanaşmasız ötüşməyib. Əvvəla, tamaşanı "Roceo və Mulyetta" adlandırmaqla yaradıcı heyət faciəvi sonluğu həm bir qədər yüngülləşdirib (daha doğrusu, buna çalışıb, çünki belə bir hekayəti olduğu kimi tamaşaya qoyub, hüznlü təsirini azaltmaq mümkün deyil), həm də iki sevgilinin, gənc ər-arvadın adlarını bir-birilə çulğalaşdırıb. Rejissor tamaşasının adını "Roceo və Mulyetta" qoymaqla, afişada V. Sekspirlə həmmüəlliflik iddiası ilə - ədibin adının altından öz adını yazıb üstündən xətt çəkməklə əsərə ironik aspekt verməyə cəhd etsə də, bu yalnız cəhd olaraq qalıb: dramatiklik solo ifasını sonadək ifa etdi, iki dəfə baxdığım tamaşanın teatrallar tərəfindən tam bir səssizliklə izlənilməsi də bunu təsdiqlədi. Əsərin proloqunda xor tamaşaçıları bir azdan səhnədə həyat, məhəbbət və ölümlə üz-üzə qalacaqları barədə xəbərdar edir, dəqiqi, həyatın əsas "yelkənləri" olan məhəbbətlə ölümün personajları haralara aparacağını bildirir. Pantomim teatrının tamaşasında bu bildiriş Veronanın iki əsilzadə nəsli Montekkilərlə Kapilettilərin bir-birinə acıqlı-qıcıqlı, Romeo Montekki ilə Cülyetta Kapulettinin Kapulettilərin sarayındakı maskarad ziyafətində ilk görüşlərindən ölənədək bir-birlərinə hörmət, rəğbət, məhəbbət, ehtiras saçan baxışlarında, duruşlarında, qıvrılmalarında, Həyatla Ölüm mücəssəmələrinin qarşıdurmalarında, Veronaya hücum çəkən qarğaların qarıldaşmasında səssiz-sözsuz cizgilənir. Tamaşada yeganə səs hüququ musiqiyə verilib. Əsas musiqi parçası olaraq Franko Dzeffirellinin 1968-ci ildə çəkdiyi "Romeo və Cülyetta" ekran əsərinin musiqisi seçilib. Əvəzolunmaz Nino Rotanın Yudjin Uolterin "Gənclik nə deməkdir" adlı nəzm əsərinə F.Dzeffirellinin 1960-ci ildə Londonun "Old Vik" teatrında qoyduğu "Romeo və Cülyetta" tamaşası üçün yazdığı, sonra isə eyniadlı filmin saundtrekinə çevrilmiş həmin təkrarsız, solmaz, sanki mövzu ilə birlikdə yaranmiş ladlar bizim Pantomim Teatrının tamaşasında rok musiqisi ilə növbələşir. Və biri digərinə mane olmur.

Personajlar və aktyorlar

 

Ağ libaslı Rahib Lorenso və ya Həyat və qara libaslı Ölüm (Bəhruz Vaqifoğlu) kabusundan (Xeyirlə Şər kimi də nəzərdən keçirilə bilər), bir də onun buyruq qullarından savayı, tamaşada personajların hamısı eyni qiyafədədir, amma bu zahiri eynilik onların hər birinin simasının, xarakterinin, səciyyəsinin açılmasına qətiyyən mane olmur - Montekkilər də dəqiq təqdim edilir, Kapulettilər də. Bu məqamda personajların canlandırılması üçün dəqiq seçilmiş aktyorların ifalarını qeyd etmək yerinə düşər. Romeo rolunda çıxış edən Oqtay Kazımov, Cülyetta obrazını canlandıran Aydan Həsənova, Dayə rolunu ifa edən Nargilə Qəribova, Rahib (Həyat) obrazını təqdim edən Elnur İsmayılov, Merkussio cildinə girən Hilal Dəmir Sekspir dramaturgiyasının qəhrəmanlarının yeni oxunuşunda, xüsusilə, ifadəli yanaşma ilə yadda qaldılar. Göründüyü kimi, bu sıralamada təcrübəli pantomimçilər də var (Nargilə Qəribova və Elnur İsmayılov), bu sənətdə ilk addımlarını atanlar da (Aydan Həsənova və Oqtay Kazımov), başqa teatrdan dəvət edilən də (Gənc Tamaşaçılar Teatrının aktyoru, Vətən müharibəsi iştirakçısı Hilal Dəmir). Birinci təqdir qeydimi elə sıralamadakı sonuncu aktyordan başlamaq istəyirəm. Hilal Dəmirin simasında Merkussio yeni layiqli ifaçısını qazandı. Onun Merkussiosunun dəlisovluğu həm italyansayağıdır, həm azərbaycanlısayağı. Tən-bərabər olmaqla. Və bu çox vacib aspektdir; bu və ya digər obrazda aktyorun üzvi, təbii, səmimi görünməsi, dönüb "o" olması, "ona" çevrilməsi şəxsi koloritini əridib yox etməsi anlamına gəlməməlidir. Süjetə görə Merkussio Verona şahzadəsinin qohumudur. Romeo ilə illərin dostudur. Xasiyyətcə özündən razı, acıdil və tez özündən çıxandır. Obrazın səciyyəsində Merkussionu "komediyalardakı təlxək obrazlarından daha nəfis, faciəvi təlxək, Şekspirin ilk faciə əsərinin karnaval, komediya xassəli tərkib hissəsi, əsas qəhrəmanın məzəli dostu ampluasının reallaşması" kimi nəzərdən keçirən və "buna görə də gülüş və zarafatın düşməni, öldürücü dərəcədə ciddi olan Tibalt (Nurlan Rüstəmov) tərəfindən öldürülməsini, beləliklə, pyesin karnaval xəttinin qırılmasını təbii sayan" filoloq L.Pinski ilə tamamilə razıyam. Merkussio-Tibalt qarşıdurması digər səhnələr kimi, tamaşaçının hiss-həyəcanına hakim kəsilən səviyyədə qurulması ilə seçildi.

Cülyettanın dayəsini canlandıran Nargilə Qəribova varlı və əsilli-nəsilli ailələrin ən məhrəm üzvlərindən (dayə məhz ailə üzvünə çevrilir, çünki uşağın fiziki valideynlərindən sonra onun qayğısına ən çox qalan şəxsdir, ikinci valideyndir) biri olan Dayə rolunda özünəməxsus ifadə "açarlarından" növbəti dəfə ustalıqla istifadə etdi. Doğma övladından məhrum olan Dayə Cülyettaya çox bağlıdır, necə deyərlər, canı bu qızdadır. Cülyetta da dayəsini çox istəyir və həyatında baş verən bütün yenilikləri, sirlərinin hamısını ilk olaraq onunla bölüşür. Dayə Cülyettanın Romeo ilə qovuşmasından ötrü əlindən gələni edir. Lakin günlərin bir günü Cülyettanın təhlükəsizliyi naminə onun valideynlərinin tövsiyəsi ilə Parislə evlənməli olduğunu qəbul edəndə Cülyetta dayəsindən soyuyur, sirr dağarcığı kimi Rahib Lorensoya üz tutur. Burda da bir məntiq var, şübhəsiz - Lorenso-Həyat Romeonun mənəvi atasıdır, Cülyetta isə Romeonun xanımıdır və deməli, Lorenso həm də Cülyettanın mənəvi atasına çevrilir. Şekspir Romeonu o dövr və o məkana xas stereotip cizgilərlə təsvir edib - həssas, duyğusal, romantik. Romeo Montekkinin sayəsində Romeo adı əks cinsə vurğun, nisgilli aşiq mənasının sinonimi kimi qavranılır. Oqtay Kazımovun Romeosu zahiri əlamətləri və məzmun keyfiyyətləri baxımından orijinal personajla tam unison səsləşir, gənc aktyor Romeonun orta əsrlərin cəngavərlərinə xas davranış, təfəkkür, tərz detallarını inandırıcı şəkildə oynayır. Eyni sözləri Cülyetta rolunun ifaçısı Aydan Həsənova barəsində də demək olar: gənc qız Cülyetta, sadəcə, gözəl olmaqdan daha çox, son dərəcə məlahətli və dərrakəlidir və gənc aktrisa Cülyettanın zahiri zərifliyinin arxasında möhkəm iradə gücünün olmasını dəqiq çatdıra bildi. Rahib Lorensoya pyesdə ikinci dərəcəli personaj yeri ayrılsa da, o, ən həlledici obrazdır. Məhz Lorenso Montekki ilə Kapulettilərin illərlə davam edən düşmənçiliyindən çəkinməyərək, hamıdan gizlin gəncləri evləndirir. Müdrik və uzaqgörən Rahib anlayır ki, yalnız məhəbbət çoxdankı ədavəti aradan qaldırmaq iqtidarına malikdir. Heç kimdən asılı olmayan maneə üzündən sonda baş verən faciə hər halda Montekkilərlə Kapulettiləri, nəinki barışdırır, hətta iki tanınmış ailə arasında qohumluq mehribanlığı yaranır. Lorenso filosofdur, nəsnələrin dialektik mahiyyəti barədə özünün düşüncələri var. Bundan başqa, o, təbiətşünasdır. Lorenso özünün ideya və düşüncələrində kilsə ehkamlarına istinad etmir, insanlar arasında məhəbbət və xeyirxahlıq təməlinə inamı tərənnüm edir. Və illərdən bəri Pantomim Teatrının səhnəsində canlandırdığı ən müxtəlif səciyyəli obrazlarında müəllifin ideyasını, rejissorun seçimini, tamaşaçının inamını doğruldan Elnur İsmayılov bu dəfə də yüksək sənət nümayiş etdirdi - Lorensonu həm konkret personaj, həm də ümumiləşmiş xeyirxahlıq, uzaqgörənlik obrazı kimi, son dərəcə səliqə və ustalıqla təqdim etdi. Aktyorlar haqqında bu qədər təqdir müşahidələri varsa, təbii ki, bu, quruluşçu rejissorun aktyorla işləmək bacarığının göstəricisidir - Ceyhun Dadaşov klassika ilə davranmağın nə demək olduğunu anlayan az sayda rejissorlarımızdan biri kimi haqqında yaratdığı təsəvvürü dağıtmadı.

Əhvalatın ədəbi və teatr tarixi

 

Qələmə alınma və dərc edilmə tarixləri 1591-1596-cı illəri əhatə edən V.Şekspirin faciəsinin orijinaldakı adı "Heyrətamiz və çox təsirli Romeo və Cülyetta faciəsi" kimi qeyd edilən bu əhvalat 1500-cü illərdən bəri ədiblərin və teatr rejissorlarının nəzər-diqqətində olmaqla bir çox interpretasiyalarda təqdim edilib. Əlbəttə ki, ədəbiyyat tarixində birinciliyi Sekspirin əlindən alan hələ ki olmayıb. Məhəbbət əhvalatının, sadəcə, qəmli deyil, faciəvi sonluğunu yeganə olaraq Lope de Veqa oxucularına mütaliə etməyi rəva görməyib; ispansayağı təhkiyəsində xoşbəxt sonluğa üstünlük verib. Əhvalat bugünədək variasiyalar sarıdan korluq çəkmir. İllərin düşməni olan zadəgan ailələrin övladlarının sevgi tarixçəsinə aid tarixi faktlar əldə edilməsə də, süjetin əsasındakı tarixi fon və həyat motivləri veronalı aşiqlərin real şəxslər olmasına aid qənaətləri əsaslandırır. Faciənin antik analoqu qədim Roma şairi Ovidinin "Metamorfozalar"ında nəql etdiyi Piramla Fisbanın sevgi hekayəsidir. Hesab olunur ki, Şekspirin əsaslandığı süjet Artur Brukun 1562-ci ildə nəşr edilən "Romeo və Cülyettanın faciəli hekayəsi" poemasından qaynaqlanıb. Bruk isə, öz növbəsində, italyan ədib Matteo Bandellonun 1554-cü ildə oxuculara ərməğan edilən "Dörd novella kitabı"ndakı hekayətə istinadlanıb. Bandello "Romeo və Cülyetta" novellasını Luidji da Portonun 1524-cü ilə aid edilən "Sinyor Bartolomeo della Skalanın dövründə Veronada iki nəcib aşiqin və onların kədərli ölümünün yeni tapılmış hekayəsi" əsərindən ilhamlanaraq yazıb. Da Portonu bu əhvalatı qələmə almağa çox güman ki, İtaliyada bədbəxt aşiqlər haqqında yayılmış hekayələr və şəxsi həyatından doğan məqamlar sövq edib. 

Şekspirin "Romeo və Cülyetta"sı 1595-ci ildən bəri teatr səhnələrindən düşmür. Və yəqin ki, heç zaman düşməyəcək. Faciənin ilk tamaşaları İngiltərədə son dərəcə populyar olub və 1642-ci ildə puritan parlamentinin qadağasına qədər böyük uğurla oynanılıb. 1660-cı ildə Romeo ilə Cülyetta səhnədəki həyatlarına qayıdıblar, həm də çox böyük müvəffəqiyyət qazanan interpretasiyalarla. Azərbaycanda da teatr sənəti təşəkkül tapandan bəri teatrlarımız V. Şekspirin "Romeo və Cülyetta"sına vaxtaşırı müraciət edib və etməkdədir.

P.S. "Şekspir teatrı nadir əşyalarla dolu möcüzəli mücrüdür, burda dünya tarixi zamanın gözəgörünməz ipi ilə hərəkət edərək gözlərimizin qabağından keçib gedir, onun planları bu sözün vərdiş edilmiş mənasından çox uzaqdır. Lakin onun bütün pyesləri yeganə gizli nöqtə (bu nöqtə hələ heç bir filosofun gözünə dəyməyib və təyinatını tapmayıb) ətrafında dövr edir, burda bizim Mənimizin özünəməxsus adiliyi və iradəmizin cəsarətli azadlığı tamlığın, bütövlüyün qaçılmaz hərəkəti ilə qarşılaşır... Şekspirin insanlarından daha təbii nə ola bilər!" İohann-Volfhanq Höte.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!