İlqar FƏHMİ
Nihali-sərfdir qəddin, qaşın nun ol nihal üzrə,
Misali nökteyi-nun qaşın ol mişkin hilal üzrə.
Nüktədan
Kitab nöqtənin şərhindən başlayır. Klassik tələffüzdə "nüktə" deyilən, bugünkü dilimizdə "nöqtə" kimi işlətdiyimiz məfhum... Bəlkə də belə olmağı daha düzgündür, çünki biz bu gün noqtə deyərkən, gözümüzün önünə cümlənin sonunda qoyulan adi bir durğu işarəsi gəlir. Bu gün işlətdiyimiz nöqtə klassik mənasının çox az bir hissəsini özündə ehtiva edə bilir. Cümlənin sonunda qoyulur, fikrin yekununu bildirir. Fikrin abstrakt davamı olanda, üç nöqtədən istifadə edirik. Bundan əlavə, həm sual, həm də nida işarələrinin altında yenə də nöqtə var. Vəssalam...
Bugünkü düşüncədə nöqtənin yalnız bir fəlsəfi anlamı var - fikrin, düşüncən hara getsə də, hansı intonasiya ilə bitsə də, final möhürünü yalnız nöqtə qoyacaq. Ya sərbəst, ya nida altında, ya sual altında... Fərqi yoxdur.
Bizim anladığımız nöqtə, klassik nüktənin suyunun suyunun suyudu.
Bu kitab da nöqtənin şərhindən başlayır, amma müəllif əsl "nüktədan" (nüktə bilən) kimi çıxış edir, nöqtə yazsa da, əslində nüktəni şərh edir. Çünki özü də müasir dövrümüzdə azsaylı "nüktədan"lardan biridi.
Hərçənd ki keçmişdə belə deyildi. Nüktədanlarımız çox idi.
Yəni ki hamı dəqayiq əhli
Hər məsələdə həqayiq əhli,
Hər elm fənində nüktədanlar
Hər söz rəvişində dürfəşanlar.
M.Füzuli
Tanınmış xalçaçı-rəssam, tədqiqatçı-alim Məmmədhüseyn Hüseynov "Xəttin şifrəsi" kitabına ömrünün illərini sərf eləyib, geniş, dərin araşdırmalar aparıb. Xalçalarımızda, dekorativ-tətbiqi sənətimizdə işlənən naxışların fəlsəfəsini, mənasını və ən əsas da mistikasını açmağa çalışıb.
Təbii ki, məqsədsiz deyil. İlk olaraq, nöqtəyə öyrəşmiş beynimizə "nüktə"ni qaytarmağa çalışır. Bu isə asan iş deyil. Çünki nüktə məfhumu bizim bugünkü orta statistik zəka ölçüsündən çox-çox genişdir... hərçənd zəkanın, təfəkkürün ölçüsü yoxdur, lakin etiraf edək ki, son onilliklərin həm sənəti, həm ümumiyyətlə həyat tərzi bizim beynimizin düşüncə ölçüsünü çox kiçildib. Ağır mövzulardan qaçırıq, dərinliklər bizi boğur, geniş məsələlər əldən salır. Elə istəyirik, xırdalıqlar üzərində gəzişək, özümüzü çətinə salmayaq... Beləcə, düşüncəmiz, təfəkkürümüz də dayazlaşır, bütün məsələlərin yalnız üstündən gedirik, dərinə düşməyə səbrimiz, həvəsimiz, gücümüz çatmır. Sanki dərinlikdə batıb qalmaqdan qorxuruq.
Məhz buna görə də, bu kitabda müəllif hələ ki ehtiyatla hərəkət edir, sanki bizim şüurumuzu yavaş-yavaş, hiss olunmadan dərinliyə aparır, öyrəşdiyimiz məfhumların altındakı "mistik quyu"ları, "qaranlıq uçurum"ları bizə ehtiyatla göstərir ki, təfəkkürümüz qəfil ağırlıqdan sınmasın...
Kitabın ilk hissəsində, mövzu qruplaşmalarından sonra, əsas mövzuya giriş nöqtədən başlayır, bizə nöqtədən danışılır. Amma mövzuya nüfuz etdikcə, baxış bucağı genişlənir, nöqtə yavaş-yavaş böyüyür, genişlənir və nüktəyə çevrilir. Özündə kainatın (bütün varlığın) başlanğıcını ehtiva edən NÜKTƏ. Yaradılışın ilkin başlanğıc nöqtəsi...
Münacat
Kitabın bu açılış hissəsini oxuyarkən, müasir fiziklərin dediyi fikirlər də yada düşür ("kainat bir nöqtə olub, sonra genişlənib bu vəziyyətə gəlib", "mövcud olan bütün atomlar bir-birinə tam sıxılsalar, kainat bir nöqtə boyda olar), müqəddəs şəxslərdən bizə gələn hədislər də ("Elm bir nöqtə idi, onu cahillər çoxaltdılar". İmam Əli.).
Deməli, əslində həm müasir fiziklər, həm qədim metafiziklər düşüncə baxımından bir-birindən nə qədər aralı olsalar da, bir nöqtədə birləşirlər. Bu nöqtə elə nöqtənin özüdü.
Kitabda nöqtənin macəraları yaradılışın başlanğıcı olmağından, bugünkü gündə insanların bədənindəki döymələrdəki yerinə qədər gətirilir. Və çıldaq izləri. Nədənsə məhz bu məqam daha çox beynimdə ilişib qalmışdı. Çünki özüm də uşaq vaxtı öz bədənimdə çoxsaylı bu cür çıldaq nöqtələri gəzdirmişəm.
Müəllif nöqtəylə bağlı bir çox dövrlərdə və bir çox elmi-dini-fəlsəfi mənbələrdə verilən fikirləri icmal edir, bu fikirlərin içindəki mənaları açır, müasir düşüncənin dilinə çevirməyə çalışır və bu nəticəyə gəlir - "hələ uzun zaman "nöqtə" anlayışının dərin semantikası onu deməyə əsas verir ki, o, bir baxımdan tədqiq olunacaq məfhum kimi, sənət və elm dünyasında maraq dairəsində qalaraq yeni-yeni araşdırmalara, fikirlərə yol açacaqdır."
Qəribədir. Müasir dövrümüzdə nöqtə hər fikrin, düşüncənin sonudu. Amma bu kitabın ilk fəslində nöqtə hər şeyin başlanğıcıdır.
Onda belə çıxır ki, hər şeyin başlanğıcında, həm də sonunda nöqtə var. Varlıq başlamamışdan nöqtə mövcud idi, varlıq bitəndən sonra nöqtə davam edir.
Hər şeyin əvvəli və sonu isə yalnız və yalnız Tanrı varlığıdır. Deməli, nöqtə elə TANRInın özüdür.
Məmmədhüseyn Hüseynov da geniş kitabını nöqtə barədə fikirlərlə başlarkən, sanki keçmişdəki bütün böyük əsərlərdəki kimi Münacat təqdim edir, varlığın sahibi haqqında danışır... Bəli, kitabın ilk fəsli şərti olaraq Münacat kimi qəbul edilə bilər.
Bu hissəni oxuyarkən, adi nöqtə beynimizdə genişlənib nüktəyə çevrilir. Burda qədim qayaüstü rəsmlərdəki nöqtələrin simvolikası, qədim sənət əsərlərindəki nöqtələrin qruplaşmaları, memarlıqda, dekorativ sənətdə, insan bədənindəki döymələrdəki nöqtələrin mənaları geniş izah edilir. Müəllif bir nüktədan təfəkkürü ilə bizi həndəsənin, tarixin, mifologiyaların dərinliyinə aparır və qədim Akkad, Çin, Şumer Misir mədəniyyətlərinə baş vuraraq, sanki hər bir oxucusunu da maarifləndirərək, özü kimi nüktədana çevirməyə çalışır.
Çünki kiçik bir nöqtədə sonsuz kainatı görə bilən nüktədan olmasan, bu kitabın növbəti fəsillərindən heç nə anlamaq mümkün olmayacaq. Çünki qarşıda XƏTT gəlir... Nöqtələrin birləşdiyi xətt.
Sirat əl-müstəqim
Gülüstani-səri-küyin kitabın bab bab, ey gül,
Xəti-reyhan ilə cədvəl çəkib gülzarə yazmışlar.
Uşaqlıqdan eşitmişik ki, xətt nöqtələrin sıralamasından ibarətdir. Yəni, nöqtələr bir-birinə söykənir və xətt əmələ gəlir.
Lakin hər şey bu qədərmi sadədir?
Kitab "Xəttin şifrəsi" adlanır. Deməli, burada əsas diqqət məhz xətlərə yönələcək; nöqtələrdən əmələ gələn və bütün varlığı hörmüçək kimi saran xətdən.
O xətlər ki, həyatımızın bütün sahələrində rastımıza çıxır, gah qırılır, gah əyilir, gah sınır, gah hərflərə, gah müxtəlif naxışlara, işarələrə, simvollara çevrilir. Və harada olsa da, öz qurucu xüsusiyyətini saxlayır. Müasir fizika nəzəriylə baxsaq, nöqtə atoma bənzəyir, xətt isə molekullara...
Xətlərin müxtəlif kombinasiyalarından əmələ gələn müxtəlif hərflər, naxışlar, simvollar, işarələr isə artıq canlı varlıqların hüceyrələri kimidi. Onların öz mistikası - öz ruhu, öz funksiyası, öz iradəsi var.
Müəllif burda da izaha sadə informasiyalardan başlayır. Xalçalarımızda, dekorativ sənət nümunələrində istifadə edilən naxışların fəlsəfəsini açmazdan əvvəl, bunları təşkil edən müxtəlif formalı xətlərin mahiyyətini izah edir.
Təbii ki, adi sıravi insan həyatda qarşısına çıxan xətlərin növlərinə nadir hallarda fikir verir. Və yaxud fikir verirsə də, ona sadə, həndəsi işarələr kimi görünür. Düz xətt, qırıq xətt, paralel xətlər, perpendikulyar xətlər, sınıq xətlər, dairələr, düzbucaqlılar - bütün bunlar adi insan şüurunda heç bir mistik-metafizik anlam kəsb eləmir. Lakin müəllif bu kitabda bizi elə bir abstrakt dünyaya aparır ki, orada hər bir xırda cizginin də mənası, mahiyyəti və mistikası var.
Düz xətt həm insan varlığındakı düzlükdür (sirat əl-müstəqim), həm Allahın insana verdiyi azadlıqdır (faili-muxtarlıq).
Şaquli düz xətt həm yerlə göy (kosmos) arasında rabitədir, həm göy qübbəsini saxlayan dirəkdir, həm insandan Tanrıya aparan yoldur, həm peyğəmbərlərin əlindəki əsadır və sair.
Şaquli əyri qırıq xətt həm yağışdır, həm Tanrı rəhmətidir, həm göydən yerə yağan bərəkətdir.
Bütün bunlar düz xəttin variasiyalarıdır.
Düz xəttin müstəvidə yerləşmə üslubu onun mənalarına çox təsir edir. Müəllif düz xətlərdən danışarkən, paralel və perpendikulyar xətlərin fəlsəfəsini, xüsusən, ön plana çəkir.
Axı həndəsədə də, iki paralel xətt bərabərlik, eynilik, düzlük işarəsidir. Niyə? Çünki onlar, həqiqətən, yerləşmə baxımından düzdürlər, əks halda, əvvəl-axır kəsişərdilər. Kəsişmirlərsə, paralel olaraq qalırlarsa, deməli, düzlüklərində bir ideallıq var.
Qədim kultlar
Kitabın ən maraqlı fəsilləri, sənət nümunələri üzərində həkk edilən xətlərin Azərbaycan türklərinin qədim inanc sistemindəki "Yer və Su", "Qaba ağac-dirək", "Yağış - Yada daşı" və sair kultları ilə bağlılığına həsr olunub. Burda artıq müəllif öz fikir və düşüncələrini, sadəcə, xalçaçılara, rəssamlara, peşəkarlara ünvanlamır, üzünü ziyalı topluma tutur və əldə olan mənbələr əsasında bu naxışların alt qatındakı mistik mənaları izah eləməyə çalışır.
Bu izahları oxuduqca, xalçalarda, tikmələrdə, başqa sənət nümunələrində gördüyümüz və bu vaxta qədər heç bir məna yükləmədiyimiz işarələr bizim nəzərimizdə dərin məzmunlarla dolmağa başlayır. Müəllif adi işarələrin vasitəsilə bizi qədim tarixə, əski mətnlərə, mistik ayinlərə, mifik adət-ənənələrə aparır və müasir dilimizin imkan verdiyi qədər bu mistikanı açmağa cəhd edir. Bizim yazımızı (dilimizi) təşkil edən hərflər də mahiyyət etibarilə işarələrdir, müəllifin bizə təqdim etdiyi xətlər də işarələrdir. Lakin görünür ki, əsrlər keçdikcə, səmavi-mistik mahiyyətə malik işarələr öz metafizik yükünü itirə-itirə gəlib və biz bu gün öz dilimizdə, öz işarələrimizlə onların bütün mahiyyətini açmağa çətinlik çəkirik.
Lakin əminliklə deyə bilərəm ki, Azərbaycan sənətşünaslığında bizim naxışlar - xətlər sisteminin mahiyyətindəki metafizikaya bu qədər yaxın gedə bilən bir əsər oxumamışam. Bu elə bir oddur ki, əlini uzatdınsa, əlinin yanmaq təhlükəsi var. Sanki qaranlıq bir mağaraya girirsən - burada şər qüvvələr də var, zülmət kabusları da var, cadu-tilsim də var... bir sözlə, əsrlər əvvəl türk xalqlarının bütün mənfi-müsbət inancları, xeyir və şər qüvvələrinin energetikası məhz bu naxışlarda, xətlərdə gizlənirdi. Onların sirrinə yaxın getmək, müəyyən mənada, həm təhlükəlidi, həm də insandan müəyyən qədər mənəvi hazırlıq tələb edir.
Kitabdakı bütün şifrələri, kodları yazmaq fikrindən uzağam. Çünki belə olan halda bütün kitabı bu yazıya köçürməli olacam. Lakin çox istərdim ki, tariximizlə, mədəniyyətimizin fəlsəfəsilə maraqlanan hər kəs bu kitabı diqqətlə oxusun.
Lakin nəzərə alsaq ki, kitab az tirajla çıxıb, ümid edirəm ki, Məmmədhüseyn Hüseynov "Xəttin şifrəsi" kitabından müəyyən fraqmentləri mətbuat üçün hazırlayıb, ayrıca məqalələr şəklində çap edər. Belə olan halda daha geniş təbəqələrin bu qiymətli məlumatlarla tanış olmaq imkanı yaranar.
Müəllifə bir daha təşəkkür edirəm, böyük zəhmət və fədakarlıq tələb edən bu ağır işi ərsəyə gətirdiyinə görə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!