Məni kövrəltmək üçün... - Aysel Xanlarqızı Səfərli Novruz Nəcəfoğlu haqqında yazır

8 noyabr - Zəfər gününə həsr olunmuş tədbir gününü heç unuda bilmirəm. Şəhid, qazi ailələri və sadə insanlardan ibarət bu tədbir rayon İcra Hakimiyyətinin başçısının içəri daxil olması ilə start götürdü. Beş dəqiqə keçməmiş, tədbirin bütün balaca qonaqlarının, şəhid, qazi ailələrinin övladlarının, çıxış edən istedadlı uşaqların və kimliyindən asılı olmayaraq bütün balacaların hamısı onun ətrafına toplaşdılar. Üzbəüz oturduğum üçün yaxın bir müşahidəçi kimi bütün diqqətim bu mənzərədə idi. Uşaqların böyük sevgiylə sarıldığı və "icra baba" dediyi bu səmimi insan heç bir uşağın adını unutmamışdı, hər biri ilə də yaxından, sevgi dolu təmasda idi. Hər davranışı ilə uşaq psixologiyasına həssas yanaşmaqla, uşaqların ona müraciət etdikləri kimi, icra baba - baba adının haqqını verirdi.

Bütün bunları izləyərək keçmişdəki uşaq xatirələrimi yaddaşımın bir küncündən çıxarıb öz-özümdə, bugünkü tablo ilə müqayisə edirdim. Bugünədək məni ona yaxınlaşdıran yaradıcılıq, yazarlıq, şairlik ruhuna biri də əlavə olmuşdu: iindən asılı olmayaraq xalqın, insanların içində olan səmimiyyəti və mehribanlığı... Əslində bunun belə olacağını bilməliydim, axı o yaradıcı təfəkkürə sahib bir insandır, digər insanlardan fərqli olaraq o, hər bir insanın ağrı-acısını öncə bir yazıçı, şair kimi duyur və yaradıcı insan isə yağışın yağmasını belə buludda bir hadisə baş verməsi kimi, göylərin kövrəlməsi kimi görür...

 

Bu bulud yerin ahıdır,

Yön alıb göyün üzünə.

Yağsa, ürəyim boşalır,

Yağmur bu çölün düzünə.

 

Şimşək qatıb baxışına,

Qıya bilmir yağışına.

Sarılıb dağın başına,

Yazığı gəlmir özünə.

 

Bəli, bir şair üçün şimşək səsi - buludun hay-küyü, göy üzünün tutulması - onun üz-gözünü turşudub qaşqabağını sallaması, bəzən də ağlaya bilmədiyi üçün keçirdiyi narahatlıqların ifadəsidir, eynilə insan qəlbinin yaşantıları kimi. Ruhdakı səssiz hayqırtılar şimşək kimi buludun bətnində yaratdığı narahatlıqların eynisini yaşayır, ən sonda yağışın yağmasına bənzəyən göz yaşları isə ürəyini boşaltmağına yardım edir. Necə ki, şair bu şeirində də öz kövrək duyğularını buludlar kimi, ağ kağızın üzünə mirvari dənələrinə çevirib ustalıqla düzməyi bacarmışdır.

Novruz Nəcəfoğlunun hekayələrini, povestlərini oxuduqca, bunun bir daha şahidi olursan. Xalqın içində olmaq, insanların həyatı, yaşadığı hiss-həyəcanları daha da dərindən duymaq onu yazıları ilə insanlara daha da yaxınlaşdırır, yaradıcı düşüncələrini həyatın içindəki yaşantılarla rəngləyir. O, hekayə və şeirlərində də səmimidir, insanlıq, gözəllik, ailə, dostluq və ən ali duyğular onun əsas, bədii qəhrəmanlarıdır. Özü ilə baş-başa qalanda ciddi görünüşü, vüqarlı baxışları altında gizlətdiyi həssas, səmimi, şair duyğularını yazı masasının üstünə tökərək sətirlər boyu oxucusu ilə söhbət edir. İnsanları nə qədər duyub hiss etdiyini, hər kəsin ağrı və sevincini nə qədər real yaşadığını şeir-şeir, hekayə-hekayə danışır.

Bəzən hansısa misrada büdrəyərkən əlindən tutan şair düşüncələrinə təşəkkür edir, bəzən isə ötən illərin acılı-şirinli xatirələrinin yazdırdığı cümlələri içində qərq olaraq yaşantıları hekayəyə çevirir. Qayğılar, boynundakı məsuliyyət və vəzifə yükündən yazı masasının arxasında azad olan yazıçı sadə insanların içinə qarışaraq düşüncələri boyunca saatlarca, az qala, bütün dünyanı dolaşır.

Bir yozulmaz yuxu oldum,

Ürək yandı od içində.

Yenə özümdən yıxıldım,

Yıxılmadım yad içində.

 

Uşaqlıq illəri, gəncliyi təbiətlə qol-boyun, uca, başı göylərə dayanan dağların, yamyaşıl köynəyi əyninə yaraşan ətirli meşələrin qoynunda keçən Novruz Nəcəfoğlunun əsərlərindən də o yerlərin ətri duyulur. Bəlkə də bu səbəbdəndir ki, təbiətlə sıx təmasda yaşayan, hər gün bu gözəlliyə oyanan yaradıcı ruh illərin keçdiyi həyat yollarında öz təbiiliyini, şuxluğunu qoruyub saxlaya bilib.

Buna görə də çox vaxt təbiətlə söhbətləşərək, sevdiyini "gözünün önündə dayanan vüqarlı dağlarda, ətrini çiçəklərdə, baxışlarındakı ifadəni isə göylərdə" axtarır.

Daş baxışlardan gələcəyə baxan daş yaddaşın içində qoruduğu, illərin sərt üzünün poza bilmədiyi qeyrət, vicdan və mərhəmət hissi sətirlərdə də bulaq şırıltısı kimi axaraq şeirləşir:

 

"Doğma baxış".

İllərinin sərt üzünün

əzabının

poza bilmədiyi

qeyrət, naxış!

 

...Nə inilti,

nə yalvarış,

Heykəlləşmiş,

Mamır basmış,

"Daş baxış"!

...Daş, lal yaddaş...

 

"Karvanbaşı mənzil başına çatanda yük taylarını çəkidə tarazlaşdırmaq üçün yüngül tərəfə qoyduğu daşı çıxarıb yerə tulladı. Mənzil başı isə yad, qərib bir məmləkət idi. Beləcə yük əyildiyindən bir Vətən daşı da qürbətə düşdü. Qardaşını qürbət ellərə atan çəki daşı!.. - cümlələrini "Daş haqqında ballada" yazısında oxuduqca təsirlənirəm.

Çünki həyat adlı mübarizədə, içi mən qarışıq olmaqla, minlərlə Vətən daşımız, çiynindəki yükün ağırlığından qürbət qoxusunu illərlə ciyərlərinə cəkməyə məcbur olub və hələ də belə insanların sayı az deyildir. Taleyin bəzən xarab, bəzən də düz çəkən tərəzisində çəki daşına dönən insan ömrünü yalnız bir yaradıcı insan duya bilərdi. O yaradıcı insanı özünə kövrək hisslərindən, şair təbindən başqa heç nə tabe edə bilməz. Onun dünyasının bünövrəsi gözəllik, ədalət və vicdan ilə yoğrulub.

Şairin kövrək sətirləri üzərində fikir gəzintisi edərkən, gözlərindən və qəlbindəki mərhəmətdən küsdüyü üçün özünü məzəmmət etdiyinin də şahidi olursan, bəzən də yolları ayrılıqlara səbəb olduğu üçün qınayır.

Novruz Nəcəfoğlu şeirlər kitabının ilk səhifələrində yazdığı sətirlərdə özü ilə üz-üzə dayanıb yaşadığı ömrün hesabatını özünə verərək, özündən çox uzaq olan özünü axtara-axtara, yenə də şeirlərində tapır. Tanrı verən ömrünü ona sığınaraq doğru bildiyi yolda davam edir:

 

Öz odumda yana-yana,

Özümdən çox uzaq olan

Öz-özümü axtarıram...

 

"İndi hansı yaşdayam" adlı şeirində alnındakı qırışların yara çatması üçün uzandığı həsrətin cırmaqlayıb aşdığı şırımları ümidlərinin yaxasından asan şair "mən baba, sən də nənə yaşındasan" deyərək həyatdan şikayət etmədən, illərin soyuğu, istisi ilə, küləyi, boranı ilə gələcək illərə doğru addımlayır.

 

Gəldi ömrün payızı, nə tez haqladı bulud,

Məni kövrəltmək üçün yenə də ağladı bulud...

 

Məncə, ömrün 70-ci baharında payızdan danışmayaq. Yazıçı, şair ömrü üçün 70 rəqəmi də hələ payız sayılmır. Yaradıcı təfəkkürün, yaradıcı dünyası olan insanın ruh yaşı gənclik yaşı ilə eyni götürülür.

70 illik şərəfli ömür tarixiniz, yubiley yaşınız mübarək, doğma adam!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!