Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyeva əsərlərində yaratdığı heyrətamiz məqamlarla özünü təqdim edir. Müsahibələrindən birində jurnalistin Ülviyyə xanıma ünvanladığı, "Sizin bir rəssam kimi dəsti-xəttiniz kəskin seçilir. Bu yol sizi necə tapdı? Rəssamlıq istedadının sizə kimdənsə bəxş olunduğunu düşündüyünüz birisi varmı?" - sualına Ülviyyə xanımın verdiyi cavab fikrimizin ifadəsinə yardımçı olacaq: "Mənim dəsti-xəttim məni özü tapıb desəm, yanılmaram. Qeyd edim ki, rəssamlıq sənəti mənə irsi olaraq keçib. Həm ata tərəfindən, həm ana tərəfindən sənətlə ciddi məşğul olublar. Nənələrim gözəl xalçalar toxuyar, naxışlarını özləri vurar, ipliklərin rənglərini özləri seçərdi. Atam gözəl rəssam və dəmir üzərində döymə ilə məşğuldur. Deyərdim ki, bu sənət irsi olaraq mənim qanıma kodlaşdırılıbdır".
Ülviyyə xanımın "Bu sənət irsi olaraq mənim qanıma kodlaşdırılıbdır", - sözləri sənətinin sehrinin haradan gəldiyinə işıq salır. Bu irsi kodlaşmada ata, ana, nənə amili, yəni genetika mühüm rol oynayır.
Rənglərin sirrinə vaqif olan Ülviyyə xanımın sənətində "rənglərin mozaikası xarakterikdir. O, bir rəsm əsərinin kompozisiyası daxilində, necə deyərlər, mövcud olan yeddi rəngin hamısından istifadə edir" və rənglərin üzərinə bir də fəlsəfi qat çəkir. Rəssamın bədii təfəkkürün və intellektual qavrayışın dərin siyasi-fəlsəfi vəhdətindən yoğrulmuş yaradıcılığında rənglərin özünəməxsus fəlsəfəsi var. Bu fəlsəfi çalarlar insanı düşündürür. Ülviyyə xanımın əsərlərinə vizual olaraq baxıb keçmək olmur. Rəssam xanımın sənətindəki "rəng mozaikası"nı Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İ.Həbibbəyli belə səciyyələndirir: "Ülviyyə Həmzəyeva ciddi mifoloji mövzularda işlədiyinə görə, onun rəsmlərində də rənglərin tünd çalarları, rəng effekti baxımından tündvarilik nəzərə çarpır. Lakin istənilən əsərində digər rənglərlə müqayisədə, az yer tutan ağ, mavi və açıq qırmızı rənglər tündvari rənglərin içərisindəki işığı, aydınlığı, nikbinliyi ifadə edir. Bu mənada, Ülviyyə Həmzəyevanın tünd rənglərlə çəkilmiş ciddi görkəmə malik cizgilərində kompozisiyada nisbətən az yer tutan ağ, mavi və açıq qırmızı rənglər rəssamın ifadə etmək istədiyi mətləbin tamaşaçıya çatdırılmasına uğurla xidmət edir."
Əslində "tündvari" rənglər, xüsusilə, qara rəng sadə, sadə olduğu qədər də mürəkkəb bir rəngdir. Qara rəng, günəş şüalarını içinə çəksə də, çölə hər hansı bir rəng buraxmır. Belə bir fikir formalaşıb ki, "Qara, şüuraltı olaraq, başqalarında maraqlı və qəribə təəssürat oyatmaq istəyənlərin rəngidir. Belə insanlar öz həssaslığını boğmağa çalışır. Cəsur, təşəbbüsə meyilli, sağlam xarakterli olurlar." Hər bir sənət, xüsusilə, rəssamlıq sənəti özünəməxsusluğu, cəsurluğu və təşəbbüskarlığı sevir. Ülviyyə xanımın yaradıcılığında hər üçünün izlərini görürük. Cəsurluq, təşəbbüskarlıq və özünəməxsusluq. Bunu rəssamın rəng və mövzu seçiminə də aid etmək olar.
Daha çox kompozisiyalı rəsmlər yaradan rəssamın sənətində kompozisiyaya uyğun çoxsaylı detallardan istifadə olunması diqqətçəkicidir. Ülviyyə xanımın sənətində mübhəmlik var. Bu mübhəmliyi açmaq üçün detallar "kontur xətləri" rolu oynayır. Onun "yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərləri orijinal qrafika nümunələri kimi görünür. Kompozisiyalı rəsm əsərləri yaratmaq rəssamdan əsərlərində süjet qurmağı tələb edir. Ülviyyə xanımın əsərləri, demək olar ki, süjetlidir. Süjetləri isə zəngin və əhatəlidir. O, bir rəsm əsəri çərçivəsində yerləşdiyi müxtəlif çoxsaylı detallar (ağac, göz, səməni, alma, əjdaha, ilan və s.) və ona uyğun olaraq aldığı rəng effektləri vasitəsilə süjeti inkişaf etdirir. Rəssamın əsərlərində təsadüfi detal yoxdur. Daha çox mifoloji mövzular və motivlər üzərində işləməyi sevən Ülviyyə xanımın rəsmlərində əsatirdən gələn div, ilan, balıq, Simurq rəmzlərinə rast gəlinir. Sadaladığımız rəmzlərdən biri əsərinin mərkəzi obrazı əsatiri motivləri canlandırmağa, digər detallar isə obrazın mahiyyətinin açılmasına kodlaşdırılıb. Bütövlükdə, rəsmlərdəki detallar: fiqurlar və ya elementlər müəllifin fikrinin açılmasına xidmət edir.
"Azərbaycan təsviri sənətində rəngli qrafikanın əsas yaradıcısı olan Ülviyyə Həmzəyevanın rəsm əsərlərində janrlararası daxili bir bağlılıq vardır. Bir janrda, məsələn, qrafika janrında yaratdığı rəsm əsərində natürmort, peyzaj, qurama, bəzən, hətta portret cizgilərini mütənasib şəkildə yerləşdirib, vahid kompozisiya yaratmaq Ülviyyə Həmzəyevanın universal yaradıcı istedadının göstəricisidir" (akademik İ.Həbibbəyli). "Azərbaycan təsviri sənətində süjetli rəssamlığın əsas yaradıcılarından biri" olan Ülviyyə Həmzəyevanın "mifoloji süjetlər və obrazlarla zəngin olan "Mistik Misir", "İtmiş cənnət", "Dəli Dəvə", "Paralel həyat" rəsm əsərlərini "Azərbaycan təsviri sənətində yağlı boya ilə işlənmiş nadir mifoloji miniatürlər" (İ.Həbibbəyli), "Məkan və zaman", "Bürclər" əsərləri milli ruhda yaradılmış fəlsəfi məzmunlu quramalarıdır" (Carolyn Edlund).
Rəssamın mistik qəhrəmanlarının yaşı çox qədimdir. Bu qəhrəmanların çoxu əsatirlərdən, nağıllardan gəlmədir. "Onun rəngarəng rəsmləri qədim süjetlərin mifologiyası və müasir həyatın mozaikası təəssüratı oyadır." Rəssamın tablolarında qədim Avesta süjetləri, zəngin rəmzi təsvir elementləri qarşılıqlı vəhdətdə təzahür edir. Tamaşaçı onun məna və məzmun dolu rəngkarlıq əsərlərinə ("Həyat həqiqəti", "Yuxuya bənzər sevgi", "Həyat ağacı", "Şuşada öpüş", "Bəşəriyyətin beşiyi", "Paralel həyat", "Narahat ruhlar", "Sikkə", "Ailə sirli qapı", "Arzular qayığı" və s.) tamaşa edəndə ulu əcdadlarımızın mənəvi irsinin izinə düşən rəssamla birlikdə sirli dünyaya, "rənglərlə və nağıl elementləri ilə yazılmış nağıllar" aləminə, milli mədəniyyətimizi əks etdirən buta, simurq, xonça, səməni, alma detalları ilə zəngin olan bir dünyaya səyahət edir. "Bu rəsm əsərlərindəki süjet ("Simurq" rəsmi), milli ornamentlər ("Xəzinə küpü" tablosu), "Muğam" əsərində təsvir olunan musiqi üçlüyü, arxa fondakı milli memarlıq abidələri və romantik Azərbaycan peyzajı Ülviyyə Həmzəyevanın rəngli nağılları", "Muğam" rəsmi Azərbaycançılıq düşüncəsinin təsviri sənət dili ilə ifadə olunmuş ritmik qrafikasıdır." Rəssamın qrafika əsərlərindən "Avesta", "Çirkin ördək", "Bürclər", "Mistik Misir", "Fəsillər", "Bəşəriyyət" və digərlərini nümunə göstərmək olar. Ülviyyə Həmzəyevanın "miniatürləri mifoloji motivlər, xalq sənəti örnəkləri və müasir həyat fəlsəfəsi üzərində köklənmiş fərqli sənət hadisəsidir."
Rəssam xanımın yaradıcılıq qalereyasında portretlərin özünəməxsus yeri var və yaratdığı bütün portretlər qiymətlidir, "Ulu Öndər Heydər Əliyev", "Prezident İlham Əliyev", "Vitse-prezident Mehriban xanım Əliyeva", "Hüseyn Cavid", "Mirzə Cəlil", "M.Ə.Sabir", "Bəhruz Kəngərli", "S.Bəhlulzadə", "Möminə xatun", "Məmməd Araz", "Akademik İsa Həbibbəyli" və s.
Portret yaratmaq sənətkardan böyük məsuliyyət tələb edir. Bu məsuliyyət Ülviyyə xanımın yaratdığı portretlərdə (portretlərini işlədiyi şəxsiyyətlərin daxili zənginliyini zahiri dünyasında təzahür etdirməsində) ciddi şəkildə hiss olunur. Bu, rəssamın peşəkarlığının, sənət məsuliyyətinin və dərin bədii yaradıcılıq müşahidələrinə malik olmasının göstəricisidir. Ü.Həmzəyeva özünün də bir neçə avtoportretini yaradıb. "Rəssam yaratdığı portretlərin hər biri ayrı-ayrılıqda bədii təhlil və təsvir xüsusiyyətləri ilə səciyyələnir. Rəssam bir çox əsərlərində obraz olaraq balaca qızı İlknurun surətindən istifadə edib." Sənətşünas Əsəd Quliyev bu istiqaməti məşhur əfsanəvi fırça ustası Toğrul Nərimanbəyovun yaradıcılığı ilə paralelləşdirir: "Bu yerdə Ü.Həmzəyevanın tablolarında yaratmış olduğu obrazlar bolluğunu da T.Nərimanbəyov yaradıcılığı ilə müqayisə etmək olar."
Ülviyyə xanımın sənətinə stimul verən amillərdən biri də onun qoynunda milli-mənəvi xəzinəmizi yaşadan, Nuh məqbərəsi, Əshabi-Kəhf mağarası, Mömünə Xatun türbəsi, Kültəpə mədəniyyəti, Gəmiqaya rəsmləri, Qarabağ abidələri, İbn Küseyr məqbərəsi və s. ecazkar iqlimə, təbiətə, əsrarəngiz dağlara malik Naxçıvanda doğulub boya-başa çatmasıdır. Bu baxımdan, "Naxçıvan rəssamlarını çox şanslı insanlar sayan" Ülviyyə xanım sənət pillələrində uğurla irəliləməyini belə izah edir: "Mən Azərbaycanın gözəl və qədim şəhərlərindən biri olan Naxçıvanda anadan olmuşam. Mənim atalarım bu qədim torpaqda yaşamış, mənim xoşbəxt uşaqlığım burada keçmişdir. Ənənələrlə, mifoloji deyimlərlə dolu olan bu qədim diyar mənim yaradıcılığıma stimul verib".
Bənzərsiz rəngləri, özünəməxsus üslubu, fəlsəfi mahiyyətli yaradıcılığı ilə zəngin ənənələrə malik olan, Azərbaycan təsviri sənətində öz sözünü demiş, imzasını təsdiq etmiş Ülviyyə Həmzəyeva istedadlı rəssam, millət vəkili, peşəkar müəllim, qayğıkeş anadır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, Ülviyyə Həmzəyeva ölkəmizdə mədəniyyətimizin inkişafına, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllimi və Naxçıvan Rəssamlar Birliyinin sədri kimi, yeni nəsil gənc rəssamların formalaşdırılmasına öz töhfələrini verir. Ülviyyə Həmzəyeva Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Gənclik parkında soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin müəllifidir (2001). Onun əsərləri, Azərbaycan, ABŞ, Çin, Türkiyə, Portuqaliya, Gürcüstan, İspaniya və s. ölkələrdə keçirilən sərgilərdə nümayiş olunub. Əsərləri şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır. Ülviyyə Həmzəyevanın yaradıcılığı haqqında ABŞ-ın Kaliforniya şəhərində çap olunan "Beynəlxalq müasir ustadlar" kitabında məlumat verilmiş, əsərləri çap edilmişdir (2011). VIII "Vera" beynəlxalq festivalında "Unikal Milli Orijinallıq" nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Ülviyyə Həmzəyevanın əsərlərini vizual olaraq görməklə yanaşı, rəsm əsərinin alt qatını başa düşmək, anlamaq lazımdır. Anlamaq üçün isə, bir az sənətdən, bir az fəlsəfədən, bir az mifologiyadan, bir az əsatir, nağıl, miniatürdən, simvollardan, işarələr sistemindən baş çıxarmaq lazımdır. Yoxsa, Ülviyyə xanımın "xalçaların, miniatürlərin və qədim petroqliflərin nümunələrini xatırladan rəsm əsərləri, əfsanələr və nağılların fantastik personajlarını canlandırdığı əsərlərə açar salmaq", onları oxumaq o qədər də asan deyil. Onun tarixi dəqiqliyi əks etdirən dünyagörüşü, müəlliflik hüququ ilə qorunan müasir qrafika texnikalarında "toxunmuş", qədim simvolizmə söykənən "fəlsəfi əsərləri" dəyərli, dəyərli olduğu qədər unikaldır (misilsiz, bənzərsiz, müstəsna).
Mövlananın belə bir deyimi var: "Hər kəsin baxmadığı istiqamətdən bax dünyaya..." Ülviyyə xanım bütün cərəyanlardan yararlananda da, heç bir rəssamın baxmadığı aspektdən baxır dünyaya - "sirli-sehrli Ülviyyə dünyasından". Bu dünyada hər şey özünəməxsusdur, millidir, yenidir, fəlsəfidir, heyrətamizdir... Əsərlərində milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirən, sənətdə öz dəsti-xətti olan Ülviyyə xanım Həmzəyevaya cansağlığı və sənət uğurları arzusu ilə, "Ayınız, gününüz mübarək olsun, Ülviyyə xanım!" deyirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!