Mirzə dayı və əjdaha - Qəzənfər Paşayevin "Unudulmaz olaylar" silsiləsindən

Mirzə dayı, keçən gecə yuxum ərşə çəkilmişdi. Xatirələr kino lenti kimi göz önündən keçirdi. Hardansa yadıma "Bəyin oğurlanması"  filmi və siz gəldiniz. Yaxşı yadımdadır, sizi ilk dəfə 1957-ci ilin oktyabr ayında "Nizami" kino-teatrının yanındakı, indi yoxa çıxan balaca parkda görmüşdüm. Başınıza çox adam yığışmışdı. Necə şən-şux və zarafatcıl idiniz; necə gözəl geyinmişdiniz. Həyatım boyu sizi həmişə səliqəli geyinən görmüşəm.

Azərbaycan estradasının parlaq ulduzu kimi yaddaşlarda qaldınız. Filmlərdə də yaddaqalan obrazlar yaratdınız. Allah sizə istedad bəxş etmişdi. Bunu "Bəyin oğurlanması" filmində tam parlaqlığı ilə nümayiş etdirdiniz. Kəndin ağsaqqalı Əhməd əmi (R.Cəbrayılov), iki qoyununu sel aparan Brodyaqa (K.Krimov) ilə dükançı İsrafilin (Yaşar Nuri) qızı Yasəmənə (Natavan Məmmədova) elçiliyə getdiyiniz bugünkü kimi yadımdadır.

Əhməd əmi nədən başlamaq barədə götür-qoy edəndə, siz Əjdahadan söz saldınız və zərblə yumruğunuzu stola çırpdınız və dediniz "o əjdahadan bizdə niyə yoxdur?"

Əhməd əmi sizə tərs-tərs baxaraq pıçıldadı: "Heç əjdahanın yeridir?"

Həmin axşam elçilikdən kor-peşman qayıtdınız. Elə güman etmək olardı ki, İsrafil qızını Həsənə (Şamil Süleymanov) yetim olduğuna görə vermir. Azmı olub, qız atası "Mənim yetimə veriləcək qızım yoxdur", - deyərək az qala, elçiləri qovsun? Belə hallarda elçilər gərək təmkinli olsunlar. Buna görədir ki, elçiliyə yalnız sizin kimi ağsaqqallar gedirlər.

Yaxşı yadımdadır, bir-birini dəlicəsinə sevən Həsənlə dükançının qızı Yasəmən qoşulub qaçmaq istəyirdilər. Bu, bizdə qədimdən qalma adətdir. Qız atası qızı verməyəndə bir-birini sevən gənclər qoşulub qaçırdılar. Vallah, bu, yaxşı adət idi. Qoy bütün atalara görk olsun.

Mirzə dayı, kasıblığın üzü qara olsun, hətta keçən əsrin 50-60-cı illərində ailə "başlıq" verə bilməyəndə oğlan qızı götürüb qaçırdı. Bu, hər iki ailənin anlaşması ilə olurdu.

Mətləbdən uzaqlaşdıq. Siz müdrik adamsınız. Kinoçəkən Əsəd müəllimə (Həsənağa Turabov) dediniz ki, əsl toy çəkmək istəyirsinizsə, köməkçiləriniz Mustafa (Səyavuş Aslan) və Tağı (Hacı İsmayılov) ilə dükançı İsrafilin qızına elçi gedin.

Mirzə dayı, siz haqlı idiniz. Onlar adi adamlar deyildilər. Şübhə etmirəm ki, çox ayıq-sayıq olan dükançı İsrafil onları filmlərdə görmüş olardı.

Təklifiniz şirnikləndirici idi. Əsəd müəllim, Mustafa və Tağı elçiliyə getdilər. Çox söhbətdən sonra Əsəd müəllim İsrafilin gözləmədiyi halda dedi: 

Biz Həsəni sizin dayınız oğlu İsabala (Ramiz Əzizbəyli) "Tello" mahnısını oxuyanda rəqs edən görmüşük. Yaxşı oğlandır. Eşitdiyimizə görə, qızınız Yasəmən də onu sevir. Belə çıxır ki, Həsən yetim olduğundan qızı ona vermirsiniz.

İsrafil cavab verə bilmədi. Axı, belə deyildi. İttiham ağır idi. Avtomobil qəzasından sonra İsrafilin ayağı sınmışdı. Axsaya-axsaya hava almaq üçün pəncərənin qabağına getdi. Gördü ki, Əhməd əmi, Brodyaqa və siz yağışın altında durub Əsəd müəllimgilin hansı xəbərlə gələcəyini gözləyirsiniz. İsrafil məcbur olub sirri açdı. Məlum oldu ki, İsrafil gənclikdə Həsənin anasını sevirmiş. Əsəd müəllim dedi: "İki gəncin qovuşmağına mane olmaqla kimin intiqamını alırsınız?"

İsrafil yenə cavab verə bilmədi. Nəfəsi darıxdı. Yenidən pəncərənin qabağına getdi. Gördü ki, Həsən də yağışın altında cavab gözləyənlərə qoşulub.

Öz gəncliyində o da elçilərinin cavabını beləcə gözləyirdi.

Həsənə rəhmi gəldi.

Mirzə dayı, elçilərə "Xoşbəxt olsunlar!" deyə "hə" cavabı verəndə mütləq şirinçay içilir. Bu, gələcək ailənin şirin həyatı naminə həyata keçirilən ənənədir. Şirin çaydan sonra "ana yolu" və ya "başlıq" məsələsi həll olunur. "Başlıq"  camaat arasında qəbul olunmuş məbləğdən çox fərqlənməməlidir.

Bir çox hallarda mübahisə düşürdü. Elə kənd yerlərində indi də belədir. Keçən əsrin 50-ci illərində qonşumuz Dürrü xalanın Minirə adlı qızı Gəncədə ibtidai sinif müəllimliyini qurtarmışdı. Kəndimizdə müəllimə işləyirdi.

Mirzə dayı, siz şəhərdə böyümüş adamsınız, bilməzsiniz. O vaxtlar kənd yerlərində yalnız az-çox həkim və müəllim ailələri yaxşı dolanırdı. Çünki maaş alırdılar. Qalan camaat kolxozda işləyirdi. Yalnız ilin başında əməkhaqqına görə müəyyən miqdarda pul alırdılar. İlboyu torpaq sahələrində əkdikləri taxıl, kartof, soğan, pomidor, xiyar, toyuq-cücə, qoyun-quzudan satıb güzəranlarını təmin edirdilər.

Az qala, yadımdan çıxmışdı. Bir gün Minirəyə varlı-hallı bir ailədən elçi gəlmişdi. Dürrü xala böyük məbləğ tələb etmişdi.

Mübahisə düşmüşdü. Elçilər deyəndə ki, kənddə nırx qoymaq olmaz, bizi qınayarlar, Dürrü xala gözlənilmədən demişdi: "Mən sizə qız deyil, pulkəsən maşın verirəm".

Dürrü xalanın XX əsrin 40-50-cı illər kənd həyatının reallıqlarını tam əks etdirən kəlamı xalq arasında indi də yaşayır. Elçiliyə gedənlər "Pulkəsən maşındırmı?"  - deyə Dürrü xalanı yad edirlər.

Mirzə dayı, heç soruşmursunuz, film boyu nədənsə narazı, narahat, ağır xasiyyətli adam təsiri bağışlayan İsrafil qızına görə nə qədər "ana yolu" və ya "başlıq" aldı? Sən demə, İsrafil başqa adam imiş. Bir yandan, arvadı vəfat etdiyindən, digər tərəfdən, gənclikdə Həsənin anasını sevdiyindən və Həsənin atasız böyüdüyündən başlıq almağı özünə sığışdırmadı.

Mirzə dayı, ciddi süjeti olmayan bu filmdə ssenari müəllifi, məşhur "Bulaq" verilişinin yaradıcısı, "Köç" romanının müəllifi Mövlud Süleymanlı adət-ənənələrimizə, kənd həyatına yaxşı bələd olduğundan ən xırda detallara qədər maraqla təqdim etmişdir.

Çox maraqlı "bəy şaxı", "oğlan şaxı" süjeti belələrindəndir. Bu adət çox az bölgələrdə qalıb. Toyun tərkib hissəsi kimi budaqları qırmızı, ağ, sarı rəngli almalarla, başqa meyvələrlə bəzədilmiş "bəy şaxı" toya xüsusi rövnəq verir. Arzu, istək, dilək və inamla bağlı bu adətin filmdə yer alması ssenari müəllifinin uğurudur.

Filmdə hər detalın mənası var. Bəzən onları eşidəndə adam özünü gülməkdən zorla saxlayır.

Mirzə dayı, təki bizdə indi də belə filmlər çəkiləydi.

Əsəd müəllim Mustafa və Tağını əl qaldırıb oynamağa vadar edəndə, Mustafanın  "Evdə uşaqlar da deyir, atamız işə gedib?" - deməsi bir aləmdir.

Və ya kolxoz sədri Hidayət müəllim (Səməndər Rzayev) "Ayə, ay camaat, bu kino ki, var, qəliz məsələdir" - deyəndə məlum olur ki, Hidayət müəllimin özünün kinodan xəbəri yoxmuş.

Epizodik rollarda belə Nəsibə xala (Nəsibə Zeynalova), Telli (Firəngiz Mütəllimova), İsabala (Ramiz Əzizbəyli), Miriş (Arif Quliyev) və başqalarının iştirakı filmə marağı birə-beş artırır.

Bəstəkar Emin Sabitoğlu ürəyəyatan, könül oxşayan mahnıları ilə filmi daha da rövnəqləndirir.

Bütün bu deyilənlər, sanki yaddaşı təzələyir, bizi xatirələrin ağuşunda əlçatmaz, ünyetməz günlərə  -  "Bəyin oğurlanması" filminin çəkildiyi günlərə aparır.

Mirzə dayı, elçilikdə yumruğunuzu acıqla stola vurub "O əjdahadan bizdə niyə yoxdur?" - deyəndə nələr düşündüyünüzü anlamaq çətin deyildi.

Qorqud Atanın vaxtında o əjdahadan bizdə ikisi olub. Bədxah qonşular onların qorxusundan biz tərəfə baxmağa belə cürət etməzdilər.

Sarı çobanın oğlu Təpəgöz hamını vahimədə saxlayırdı. Hələ mən suyun qabağını kəsib hər gün 14-15 yaşlı yeniyetmə bir qız müqabilində insanlara su verən Yeddibaşlı əjdahanı demirəm. Görəndə heybətindən sol gözü yaşaran, "hey gözüm, namərd gözüm, müxənnət gözüm, bir yılandan nə var ki, qorxdun?!" - deyə özünə toxtax verən Salur Qazan Əjdahanı öldürür.

Basat isə Sarı çobandan törəyən Təpəgözü əvvəlcə tək gözündən məhrum edir, sonra isə öldürür.

Acıqla yumruğunuzu stola çırpmağınız bununla bağlı imiş. Yumruğunuzun səsi indi də qulağımda cingildəsə də, bunlar artıq tarixə keçib.

Mirzə dayı, Allah sizə rəhmət eləsin. Yadda qalan dükançı İsrafilin qızının toyunda gözəl oynamağınız və heç vaxt unudulmayan "Görüm, a bəy, toyun mübarək olsun!" kimi mahnılarınız oldu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!