Düşüncələr
Mamırlamış qayalarda
zəncirlənmiş Prometey
odsuz qalıb.
Hesab çəkir Nəsimidən
rəngi solğun
bir şəhərin
Göyə köçmüş adamları...
Öz səsinə özü uymuş,
bir çay axır
aramızdan.
Görüş yerim tufan döyüb,
sular yumuş bir vadidir.
Möcüzəyə inanıram,
Buludların göz yaşından
dərya dolmuş.
Məni rahat buraxmayan
oyaq fikir,
Çəkib sözün şəkilini
Qoyur dünya sərgisinə.
Sevgi ölümsüz sərkərdə,
Atillanın
Ağrıdağda
qalasına keşik çəkir.
Möcüzəyə inanıram,
Ölüm ruhun qatarıdır,
Özgə məkana şütüyən...
Bu minvalla
yaxın bildim, uzaq bildim
qaydaları.
Sehrlənmiş sirlə dolu
bir dünya var
qarımayan,
Qolu üstə mürgüləyir
yaşıl həyat...
***
Yuxuda gülən uşaq,
Dünya qara,
dünya ağ.
Göstərdiyi oyuncaq
Tufanla oynayırsan.
Duyduğumuz hər fəsil
Göz aldadan bir şəkil.
Gördüyün mələk deyil,
Şeytanla oynayırsan.
Ömrün sonu uçurum,
Nə yalvarıb, nə də um.
"Beş daş" deyil bu oyun
Zamanla oynayırsan.
Neçə addan keçməmiş,
Sən odlardan keçməmiş.
Təzadlardan keçməmiş
Gümanla oynayırsan.
***
Sevdiyim,
səndən ötrü çox darıxdım.
Bu dünya gözümdə qürbət,
ruhum qərib.
Dolaşıram mən fikirli,
Sənsə, xeyli uzaqdasan,
əlim çatmaz.
Sevdiyim,
seyr elə Günəşi batan vaxtı,
Qəm nəğməsi oxuyanda
gecəquşu.
Gümüldəyib axan çaya,
qulaq verib
xatırlarsan.
bu bənzərlik naxış-naxış
Toxunduqca ömrümüzə...
***
Musiqi dinləyirəm
Şopendən, Bethovendən.
Ağlı, qaralı dünyaya,
Bir sərhədsiz
nəğmələrin
Əllərindən tutub gəldim.
Birdir ruhun
çaldığı ney,
Birdir dərdin adamları.
Öyrəşdiyim bir hava var,
onu bahar,
qış oxuyur.
Ağaclar da müntəzirdir,
quş oxuyur.
Musiqi dinləyirəm,
Arpaçayın apardığı
Saranın şəkilini,
yel aparır Xançobana.
Gözü yaşlı bir sevdanın
naləsidir,
Dilimizdə köçüb qalıb.
Uzaqlarda
ulayan qurd,
Gözlərindən bir işıq sal,
tufanı boğ.
Yenə nədən nigaranam,
Bir musiqi dinlədikcə,
Xəyal susub,
göz yol çəkir.
Bir sevginin oxunmamış
havasına
səslə, məni...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!