Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.
1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.
Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.
Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.
Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.
1. "Ayna" (1975) filmi, Andrey Tarkovski
Çoxlarının fikrincə, Tarkovskinin ən dərin əsəri olan "Ayna" rejissorun öz həyatına əsaslanan sevgi, xatirələr, sədaqət və bəlkə də, həyatın özündən bəhs edən poetik bir filmdir. Əfsanəvi rejissorun valideynlərinin də iştirak etdiyi film elə ailənin köhnə evinin yerində tikilmiş daxmada çəkilib. "Ayna" rejissorun keçmiş həyat yoldaşı, anası, atası, özünün və valideynlərinin nəsilləri arasında gedib-gəlməklə II Dünya Müharibəsindən əvvəl danışılan yuxunu əks etdirir. Ata Tarkovski şeirlərini öz səsiylə oxuyur. Tənqidçilər deyirlər ki, Tarkovski əslində bu filmi "Solyaris"dən əvvəl çəkmək istəyib, lakin Sovet senzurasından qorxduğu üçün daha az siyasi riskli filmi irəli çəkib.
2. "Andrey Rublyov" (1966), Andrey Tarkovski
Filmdə hadisələr XV əsrdə tatarların hücumlarına məruz qalan Rusiyada baş verir. Andrey Rublyov həm rahib, həm də ikona rəssamıdır. Barbarlıqdan, zorakılıqdan, qandan fərqli olaraq təbiətin möcüzəvi gözəlliyi və inanc Rublyovun qida mənbəyidir. Ancaq bir kənd qızını zorlanmaqdan xilas etmək üçün bir adam öldürməli olanda həyatını və Allaha olan inancını yenidən sorğulayır.
3. "Tokio hekayəsi" (1953), Yasuciro Ozu
Usta rejissor Yasuciro Ozunun şah əsəri sayılan film, rejissorun digər filmləri kimi sakit, sadəlövh şəkildə Yaponiyada o dövrün mədəni və sosial dəyişikliklərinin ailə dəyərləri və sosial münasibətlər üzərindəki təsirini, uşaqlarını ziyarət etmək üçün Tokioya gələn qoca ər Şukiçi və arvadı Tomi vasitəsilə göstərir.
4. "Gecikmiş bahar" (1949), Yasuciro Ozu
İnanılmaz dərəcədə təsirli film olan "Gecikmiş bahar" qaçılmaz olanın nostalji şəkildə qəbulundan bəhs edir: Uşaqlar ilə valideynlərin yolları haradasa ayrılmalıdır; Dünyanın nizamı belədir. Ozunun həyata qarşı sakit, dinc və yaponvari baxışı beyni sakitləşdirir.
"Gecikmiş bahar" filmində rejissor özünü fəda etməyin, ayrılığın, ailə sevgisinin real və təsirli portretini çəkir. O, minimal arxa plan görüntüləriylə xarici təsirlərdən uzaqlaşaraq orta və aşağı təbəqə yapon ailələrinin həyatını dürüstlüklə əks etdirir.
Manipulyasiya və süni hekayələrdən uzaq "Geçikmiş bahar" sadə insanların acınacaqlı vəziyyətindən, adi həyatın gözəlliklərindən həzz almaqdan, zamanın qaçılmaz olaraq axıb getməsindən səmimi şəkildə bəhs edir.
5. "Macəra" ("L'avventura", 1960), Mikelancelo Antonioni
Anna sevgilisi Sandro və ən yaxın dostu Klaudiyanın da daxil olduğu bir qrupla yaxta səyahətinə çıxır. Yaxta Aralıq dənizinə doğru hərəkət edərkən, Anna sevgilisinə olan hisslərini şübhə altına almağa başlayır. Yaxta bir adaya yaxınlaşdıqdan az sonra Anna müəmmalı şəkildə yoxa çıxır. Annanı axtarmağa başlayan Sandro ilə Klaudiya arasında sevgi macərası başlayır. Çox az dialoq olan film öz gücünü rejissorun hekayəni anlatma üslubundan və filmdəki sirri daim qoruyub saxlamasından alır. Film bu şəkildə eşq hekayəsi ilə bərabər, gərginliyi də qoruyub saxlayır. Mikelancelonun ən mükəmməl filmlərindən biri olan "Macəra" Aralıq dənizinin möhtəşəm gözəlliyini də ağ-qara estetika ilə bizə nümayiş etdirir.
6. "Batan Günəş" ("L'Eclisse", 1962), Mikelancelo Antonioni
1962-ci ildə Kann Beynəlxalq Kinofestivalında Münsiflər Heyətinin Xüsusi Mükafatını alan "Batan Günəş" filmində tərcüməçilik edən Vittoriya nişanlısından və şəhər həyatından sıxılıb anası ilə yaşamağa gedir. Burada o, birja brokeri Piero ilə tanış olur. Nişanlısından çox fərqli olan bu şəxslə quracağı münasibət, bəlkə də, filmi Vittoriyanın hekayəsindən sevgi və yalnızlığı sorğulayan hekayəyə çevirəcək.
Monika Vitti, Alen Delon və Fransisko Rabal kimi üç nəhəng aktyoru bir yerə yığan filmin rejissoru usta rejissor Mikelancelo Antonionidir.
7. "Bir edam məhkumu qaçdı" (1956), Robert Bresson
1943-cü ildə bir leytenant Qestapo tərəfindən əsir götürülərək Montluk qalasına həbs edilir. Qaçışını təfərrüatları ilə planlaşdıran leytenant ölüm hökmü çıxarılana qədər planlarını təxirə salır. Almanlarla işlədiyi bilinən başqa bir məhbus leytenantla eyni kameraya salınır. Leytenant qaçışını həyata keçirmək üçün ya onu öldürməlidir, ya da ona güvənməlidir. Film Fransız Müqavimət döyüşçüsü Andre Deviqninin Lion şəhərində yerləşən Montluk qəsrindəki ciddi mühafizə olunan kamerasından müharibə zamanı qaçmasının real hekayəsi əsasında çəkilib.
8. "Uğurlar, Baltazar" (1966), Robert Bresson
Bu film bir eşşəyin hekayəsindən bəhs edir. Həm də onunla böyüyən və şübhəsiz, eyni taleyi paylaşan Maridan. Baltazar hələ qoduq olarkən uşaqların sevgisi ilə böyüyür, lakin hər eşşək kimi onun da taleyi işləməkdir. Müxtəlif adamların əlinin altında, sahiblərinin hər cür işgəncəsinə dözərək işləyir. Çoxlu qamçı, çubuq yarası alır, üzərinə çox yük qoyulur, daha sürətli getməsi üçün, hətta quyruğu da yandırılır. Qarşılaşdığı bütün zülmlərə onun yeganə cavabı anqırmaqdır. Mari isə hələ də saflığını itirməmiş, ancaq bu vəhşi dünyada yaşamaqda çətinlik çəkən gənc qızdır. Əvvəllər varlı olan atasının vəziyyətinin pisləşməsi, uşaqlıq sevgisinin artıq onun üçün heç bir əhəmiyyət kəsb etməməsi, sevgilisinin ona qarşı pis rəftar etməsi onun özünü bədbəxt hiss etməsinə gətirib çıxarır. Onunla eyni taleyi paylaşdığına əmin olduğu Baltazarın yanında əsl rahatlıq tapır...
Kino sənətinin ustad rejissorlarından biri olan Bresson eşşəyin həyatı üzərindən bizə, əslində bəzilərimizin həyatının eşşəyin həyatından çox da fərqlənmədiyini açıq şəkildə göstərir.
9. "Persona" (1966), İnqmar Berqman
Dövrün ən məşhur teatr aktrisası, gözəllər gözəli Elizabet Voqler tamaşa zamanı qəfildən susur. Heyrətlənmiş insanlar nə baş verdiyini anlamaq üçün əllərindən gələni etsələr də, Voqler susmağa davam edir. Son çarə olaraq klinikaya yerləşdirilən aktrisa orada da susmağa davam edir. Bədənində tibbi baxımdan heç bir problem olmayan qadın həkim məsləhəti ilə gözdən uzaq bir bağ evinə göndərilir. Onunla birlikdə ora göndərilən adam, gənc tibb bacısı Almadır. Bağ evində də Voqler heç bir şey danışmır. Voqler susduqca Alma danışır. Alma saatlarla, günlərlə öz hekayəsini danışır. Sonda baş verən şey isə psixologiya elminin ən maraqlı hadisələrindən birini təşkil edir.
Böyük ustad, İnqmar Berqmanın ən önəmli əsəri sayılan "Persona" ondan sonra gələcək bir çox rejissora daim bələdçi olub.
10. "Utanc" (1968), İnqmar Berqman
İnqmar Berqmanın bu filmi müharibə əsnasında insanların nə cür reaksiyalar verdiklərini araşdırdığı psixoloji araşdırmadır. Film işğalçı qüvvələrin gəldiyi Qotlənddə baş verir. Yan və Eva Rozenberq vətəndaş müharibəsindən sonra sülh içində yaşamaq üçün bir adaya yerləşirlər. Ancaq əsgər dolu bir təyyarənin qəzaya uğrayıb yaşadıqları adaya düşməsi ilə onların dincliyi pozulur. Bütün əsgərlər adanı döyüş bölgəsinə çevirərkən həyatlarını təhlükə altında görən gənc cütlük başqa yerə qaçmaq istəyir. Ancaq tutularaq üsyançı əsgərlərə yardım etməkdə ittiham olunurlar. Polkovnik Yakobi adanı müdafiə edən ordunun başçısıdır və onlara kömək edəcək. Bunun qarşılığında onlardan bir şey tələb edir. Əgər Eva ilə birlikdə ola biləcəksə, onların getməyinə heç bir maneə olmayacaq.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!