Könlümüzü telləndirən
şeiriyyətdi Əhməd Cavad
Qarı dünya, gözünü aç, "Qoşma"nı gör, "Göy göl"ü gör,
Yerə-göyə sığışmayan dəyanətdi Əhməd Cavad.
"Vətən!" dedi, "Bayraq!" dedi "Dalğa"sının pıçıltısı,
Azərbaycan, adın boyda məhəbbətdi Əhməd Cavad.
Min illərin tarixidi, tarixlərin yaddaşıdı,
Dədəliyə bağır basan Dədəliyin sirdaşıdı,
Göy üzündən düşən nurdu, ruhumuzun adaşıdı,
O illərdən bu illərə sədaqətdi Əhməd Cavad.
Hilal görcək, ulduz görcək, coşdu dəniz, daşdı dəniz,
"Bismillah"ın qüdrətiylə sahilini aşdı dəniz...
Bu niyyətə bayraq dedi burda Bakı, orda Təbriz,
Ay-ulduzlu dünyamıza inayətdi Əhməd Cavad.
Biz bu yolun yolçusuyuq, hər üzünə sına, Vətən,
Üzə duran sınaqlardan üzüləni qına, Vətən...
Hər misrası şeirimizin bayrağıdı, Ana Vətən,
Könlümüzü telləndirən şeiriyyətdi Əhməd Cavad.
Aşıb-daşan boz selləri uğurundan saxlayandı,
Şər gətirən yolu-izi "Marş"ı ilə bağlayandı,
Dağımıza daş atanı "Dağlar"ıyla dağlayandı,
"Azərbaycan!" deyənlərə zəmanətdi Əhməd Cavad,
Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad.
İllərimin o üzündə
qalan dünyam
Könül açan gözəlliyə mehri varıydı,
Bir tilsimi, bir ovsunu, sehri varıydı,
Söz adında çəkilməyən qəhri varıydı,
İllərimin o üzündə qalan dünyam, heyyy!
Dünyalara görk olmuşdu öz biçimində,
Duyanlara ocağıydı köz biçimində,
Dağı-daşı dikəldirdi söz biçimində,
İllərimin o üzündə qalan dünyam, heyyy!
Qərib düşdüm, qəribliyə qənim olmadı,
Qəribliyin gözlərində çənim olmadı,
Ha əlləşdim, ha vuruşdum, mənim olmadı,
İllərimin o üzündə qalan dünyam, heyyy!
Şimşəyiydi, bir anlığa çaxdı da getdi,
Dağ çayıydı, gözlərimdən axdı da getdi,
Acıqlıydı, köntöy-köntöy baxdı da getdi,
İllərimin o üzündə qalan dünyam, heyyy!
Nə biləydim dərd bələkli bir naçarıymış,
Dünənimdən bugünümə bir açarıymış...
Dərib, sonra uduzduğum qulançarıymış,
İllərimin o üzündə qalan dünyam, heyyy!
Axşam-sabah ağır-ağır dinir, dinmirəm,
Pas bağlamış çıraq kimi sönür, dinmirəm,
Alınımın qırışına dönür, dinmirəm,
İllərimin o üzündə qalan dünyam, heyyy!
Yaddaşımı kitab kimi varaqlayır da,
Qəhərimin saçlarını daraqlayır da,
Mən Rəşiddən o Rəşidi soraqlayır da
İllərimin o üzündə qalan dünyam, heyyy!..
Qəriblik ağrısı
Qürbətin hər günü bir ilə dönür,
Əriyir, qalmır ki, gözünün yağı.
Bir udum havadı, bir içim sudu,
beş addım torpaqdı, beş arşın bezdi
qəribin Vətəndən son umacağı.
Düşərli gün gəzir günlər içində,
Düşərli dünləri dolaşıq düşür.
Şirin istəyinin kölgəliyində
gecəsi-gündüzü qarışıq düşür.
Yollar da uzanır... Uzanan yollar
neçə dağdan keçir, dərədən keçir.
Əlimi titrəyir? Qəribin ovu
həmişə sürüşüb bərədən keçir...
Vətəndən uzağa düşənlər, elə
özündən uzağa düşdüyü üçün
ömrünü yellərə verib gedirlər.
Qəriblik ağrısı udub da bir gün
sonuncu ünvana qərib gedirlər...
Dörd çiyin... Dörd cüt əl...
Dörd-beş addım yol,
Bu necə dəfndi? - Belə, birtəhər...
Bu da son... Qəribin son günü... Bir də,
Qondarma bir hüzn, qondarma qəhər...
Nə mehlər uçunur, nə Gün görünür
qəribin məzarı qazılan yerdə...
Qəlbinə xal düşür
ata yurdunun
Əlləri qoynunda qalan qəribin
Açılan dan üzü üzünə baxmır.
Ömrünün sığallı yuxularını
dağıdan küləklər sözünə baxmır,
Qəlbinə xal düşür ata yurdunun.
İşıq gələn tərəf, işıqlı tərəf
Şöhrət boğçasına yığır ruhunu.
Şeytanın kələyi işığa dönür,
Şeytan vəsvəsəsi sıxır ruhunu,
Qəlbinə xal düşür ata yurdunun.
Köynək sonulayan oğula görə,
Ömrünə dar gəlir ömür köynəyi.
Qılığa tutammır ötən illəri,
Göynəyir, bağrının başı göynəyir,
Qəlbinə xal düşür ata yurdunun.
Sonu görünməyən axına görə,
Fələyin tərs dönən çarxına görə,
Kirayə haqqının nırxına görə,
qəlbinə xal düşür ata yurdunun...
Yol gedirəm
Ürəyimdən enib yanar,
Dindirməsən, dinib yanar,
Sözüm oda dönüb, yanar
ürəyimdən diliməcən.
Kim deyir, uzağam, yadam?!
Özünə yad olmaz adam.
Əl uzadan çoxdu, atam,
Kösöyümdən külüməcən.
Əridəmməz ömürü qəm,
Dərdinə dönən mürüdəm.
Yol gedirəm, ömürümdən
içimdəki ölüməcən.
Ağlama, quzum...
Anım tədbirində şəhid atası
çıxış edəndə məktəbli qız ağladı
Əridi dağların qarı,
Ağlama, quzum, ağlama.
Dərdliyə rəhm elə barı,
Ağlama, quzum, ağlama.
Birər-birər üzüldü yaş,
Kirpiyinə düzüldü yaş,
Yanağında köz oldu yaş,
Ağlama, quzum, ağlama.
Şəhidə qardaş olarıq,
Yaşanmamış yaş olarıq.
Şəhidə qardaş olarıq,
Ağlama, quzum, ağlama.
Əlim əlində hönkürər,
Sözüm dilində hönkürər.
Yaşım telində hönkürər,
Ağlama, quzum, ağlama.
Bir vaxtlar mənim də anam varıydı
Onda dünyamızın üzü gülürdü,
Çəməni gülürdü, düzü gülürdü,
Oğulu gülürdü, qızı gülürdü,
Bir vaxtlar mənim də anam varıydı.
Bir vaxtlar sözümü öyən çoxuydu,
Bir vaxtlar boyumu söyən çoxuydu,
Bir vaxtlar dərdimi döyən çoxuydu,
Bir vaxtlar mənim də anam varıydı.
Dünyanın dərd bölən camı dəyişib,
Ağzımın ləzzəti, tamı dəyişib...
Ay ellər, elə bil hamı dəyişib,
Bir vaxtlar mənim də anam varıydı...
Günün birində
Əllərim saçını oxşayır, öyür,
Saçının əvvəlki ətiri yoxdu.
Yenə əllərini ağ yağış döyür,
Əlinin əlimdən çətiri yoxdu.
Mən də islanmışam builki yazın
torpağı doyduran yağışlarından.
Özüm də baş aça bilmirəm, azı
göyü sığallayan baxışlarından.
Bağlı qapıların o üzündəsən,
Tilsimmi? Sehrmi? Aça bilmirəm.
Sənin gözlərinin cazibəsindən
Beş addım o yana qaça bilmirəm.
Sənə qılıqçıdı göylər ülkəri,
Həsrət şərbətisən, sevgi qəmisən.
Gözəlim, mən səni görəndən bəri
hələ yazmadığım şeir kimisən.
Sığalın, tumarın yerli-yerində,
Baxırsan göylərin göy aynasına.
A məndən küsənim, günün birində
dönərsən ömrümün şah misrasına!..
Baxışın sualdı, duruşun sual,
Sənə baxa-baxa sual olmuşam.
Nöqtəsiz, vergülsüz xəyallarında
ilməsi sökülən xəyal olmuşam.
Baxıram... Baxırsan... Bu da bir zülüm,
Ümid işartısı yoxdu səsində.
Özümü-sözümü bilmirəm, gülüm,
Nidasız cümlələr məngənəsində.
Sənin qələminə mürəkkəb ollam,
Özün arzulasan, özün istəsən.
Mən sənin ömrünün bütöv cümləsi,
Sən mənim ömrümün üç nöqtəsisən...
Bir ağ yağış yağa...
Yenə Qaraxaçın tutması tuta,
Yenə boz buludlar qaynaya, daşa.
Kəkotu yığmaqdan qayıdanda sən
Bir ağ yağış yağa...
Asırğallığı
Keçə bilməyəsən...Asılanasan:
"Ay Allah, mən hara, kəkotu hara?"...
Örpəyin otluğa düşə... Bu anda
Ayağın sürüşə... Gözlərin dola...
Bir az təntiyəsən... Bizim dəyənin
yanından keçəndə nənəm tanıyıb
Səni haraylaya: "A günü qara!.."...
Gələsən... Baxasan... Gözlərim gülə,
Donundan süzülən ağ damcılardan
Boyaboy islana qup-quru dəyə...
Üzümə baxasan, gülümsünəsən,
Baxasan...
Çaşasan, gözlərində yaş...
Qəlbimdən keçəni gözlərim deyə:
"Ay Allah, bu yağış gec kəsəydi, kaş..."
Getmək istəyəsən, nənəm qoymaya,
Xeyli ləngiyəsən, qaranlıq düşə.
Bir az isti dəyə,
Xumarlanasan...
Gərnəşib yağışdan diksinən dəyə
bizə darlıq edə...
Anlar ötüncə,
Ooşa ovcumuza yağışlar düşə...
Əl-ələ toxuna, ürək isinə,
Göylər də mat qala bu məhrəmliyə.
Bir az ləngiyəsən, qaranlıq düşə...
Boylanaq gecənin qaranlığından
Dünyanın gözəllik möcüzəsinə!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!