Tənqidçini duelə çağıran, Tolstoyu kumiri hesab edən, evdə tənha şəkildə həyatını itirən - məşhur fransız yazıçı Marsel Prust

Dünya ədəbiyyatının, mədəniyyətinin tanınmış nümayəndələrinin həyat və yaradıcılığı, bilinməyən faktlar və təzadlı prinsipləri özündə ehtiva edən yaşam fəlsəfələri ilə oxucuların diqqətini çəkəcək "Artsizm" layihəsinin növbəti portreti məşhur fransız yazıçı Marsel Prustdur.

Marsel Prust XX əsrin ən mübahisəli yazıçılarından biridir. Onun bir neçə ayrı romandan ibarət böyük əsəri "İtirilmiş zamanın axtarışında" hələ də ədəbiyyatsevərlər və tənqidçilər arasında mübahisələrə səbəb olur. Bundan əlavə, Prust, haqlı olaraq fransız ədəbiyyatında modernizm cərəyanının ən görkəmli nümayəndəsi hesab olunur.

Yazıçının tam adı Valentin Louis Georges Eugene Marsel Prustdur. Gələcək nasir və filosof 1871-ci il iyulun 10-da Parisdə anadan olub. Prustun ailəsi şəhərdəki varlı və görkəmli evlər dairəsinin bir hissəsində yaşayırdı. Uşağın atası Adrian Prustun Səhiyyə Nazirliyində vəzifəsi olub, anası Jan Veyl də imkanlı ailədən olub.

Marsel uşaq ikən xəstələnir və doqquz yaşında ona astma diaqnozu qoyulur. Xəstəlik hücumları yazıçını ömrünün sonuna qədər təqib edir və bu, Prustun xarakterində ciddi iz buraxır: o, təmkinli bir xasiyyətə sahib olur.

Prust Fransanın paytaxtının ən qədim liseylərindən birində - Kondorsedə təhsil alıb. Hər şeydən çox, gənc Marsel fəlsəfə və ədəbiyyatla maraqlanırdı, səs-küylü oyunlara və ya həmyaşıdlarına ehtiyac duymadan, bəyəndiyi əsəri saatlarla oxuya bilirdi.

Prustun xarakteri, ehtimal ki, on üç və ya on dörd yaşlarında doldurduğu anket sayəsində ən dəqiq şəkildə təsvir oluna bilər. Fakt budur ki, o zaman müxtəlif sorğular dəbdə idi. Həm uşaqlar, həm də böyüklər bir-birlərinə anketlər verir, sonra bir-birlərinin cavablarını müzakirə edirdilər. Artıq belə gənc yaşda Prust bir yeniyetmə üçün nadir olan mühakimə dərinliyi və ehtiyatlılıq nümayiş etdirirdi.

Liseyi bitirdikdən sonra Prust orduya getdi və 1890-cı ilə qədər ordu sıralarında xidmət etdi. Sonra  təhsilini davam etdirmək qərarına gəldi və hüquq ixtisasını seçərək Sarbonna Universitetinə daxil oldu. Eyni zamanda Marsel Prusta tez-tez dəbli salonlarda, o dövrün zadəganları və ziyalıları arasında rast gəlmək olardı.

Belə yaradıcılıq gecələrinin birində Prust gənc Marseli ilhamlandıran, eyni zamanda gəncin "Əyləncə və Günlər" adlı ilk hekayə və eskizlər toplusunun (toplu 1896-cı ildə nəşr olunub) nəşrinə kömək edən yazıçı Anatol Frans ilə tanış olur. Frans, hətta bu nəşrə müqəddimə də yazıb onun  üslubunu və düşüncə tərzini yüksək qiymətləndirmişdir. Ola bilsin ki, bu andan Marsel Prustun tərcümeyi-halı başlayıb.

Anatol Fransın müsbət rəyinə baxmayaraq, Prustun ilk yazı cəhdi Marselin işini həvəskar hesab edən tənqidçilərin kifayət qədər mənfi reaksiyasına səbəb oldu. O dövrün şairi və nasiri Jan Lorenin xüsusilə, kostik şərhləri Prustu o qədər incitmişdi ki, o, hətta tənqidçini duelə çağırmışdı.

Bir neçə il sonra, 1892-ci ildə Prust öz jurnalını yaratmağa qərar verdi. Nəşr "Bayram" adlanırdı. 1894-cü ildə Marsel ictimaiyyətə şeirlər toplusunu təqdim edərək, gücünü sınadı. Bu kitab tənqidçilərin diqqətindən yayınmadı və Prust, nəhayət, həvəskar reputasiyası qazandı.

Lakin bu fakt Marsel Prustun yaradıcı təbiətini seçdiyi yoldan dönməyə məcbur etmədi və 1895-ci ildə yazıçı ilk irimiqyaslı əsəri - "Jan Santeul" romanı üzərində işə başladı. Dörd il sonra Prust romandan imtina etdi, lakin sonradan, sonrakı kitablarda bu əsərin bir çox süjet xətti üzərində işlədi.

1907-ci ildə "Le Figaro" qəzetində Marsel Prustun məqaləsi dərc olundu, burada yazıçı günahkarlıq hissi və insan yaddaşının özəllikləri haqqında müzakirələr aparmışdı. Prustu açıq-aydın narahat edən bu mövzular sonralar "İtirilmiş zamanın axtarışında" romanları silsiləsində əsas rol oynadı. Prust da bu epos üzərində işləməyə 1907-ci ildə başlayıb. Əvvəlcə müəllif, əsəri üç hissəyə bölərək iki cilddə nəşr etməyi planlaşdırırdı.

Prust eposun ilk variantına dörd il sərf etdi. 1911-ci ildə yazıçı "Duyğuların kəsilməsi" adlı romanlar silsiləsini tamamladı. Əsər üç hissədən ibarət idi: "İtirilmiş vaxt", "Çiçəklənən qızların kölgəsi altında" və "Qazanılan zaman". Təəssüf ki, heç bir naşir Marsel Prust dastanını çap etməyə razılıq vermədi. Yalnız Bernard Grasset nəşrdən imtina etmədi (müəllifin hesabına), lakin orijinal versiyada ciddi ixtisarların edilməsini tələb etdi.

Bir il sonra Marsel Prust daha bir roman yazdı - "Svanna doğru". Bu əsər də oxucuları sevindirməyib. Lakin Prust işini davam etdirərək dastana daha iki əsər   ("Əsir" və "Qaçaq") əlavə etdi. Və 1919-cu ildə "Çiçəklənən qızların kölgəsi altında" romanı yenidən nəşr olundu və Marsel Prusta nüfuzlu "Qonkur Mükafatı"nı qazandırdı.

Ümumiyyətlə, "İtirilmiş zamanın axtarışında" romanlar silsiləsi, həqiqətən, monumental idi. Prust yeddi əsər nəşr etdi, onların səhifələrində iki minə yaxın personaj oxucuya açıldı. Təəssüf ki, yazıçının son cildləri, redaktə etməyə vaxtı olmadı. Redaktorluğu Prustun qardaşı tamamladı.

Şöhrət və tanınma Prusta ölümündən sonra gəldi. Yazıçı Somerset Moem təkid edirdi ki, "İtirilmiş zamanın axtarışında" silsiləsi dövrümüzün ən yaxşı əsəridir və onun həmkarı Qrem Qrin, hətta Prustu XX əsrin ən yaxşı romançıları sırasına daxil etmişdir.

Prust özü də dəfələrlə etiraf edib ki, Fyodor Dostoyevski və Lev Tolstoyu ədəbiyyat sahəsində özünün kumirləri hesab edir. Bu mütəfəkkirlər Marsel Prust üçün müdriklik, daxili güc və öz əsərlərini yaratmaq üçün daimi ilham mənbəyinə çevrildilər.

Marsel Prustun şəxsi həyatı ilə bağlı çoxlu dedi-qodular var idi. Fakt budur ki, yazıçı homoseksual idi. Marsel Prustun həyat tərzi onun ədəbi əsərlərində əksini tapmaya bilməzdi.

1922-ci ildə yazıçı şiddətli soyuqdəymə ilə yatağa düşür. Tezliklə xəstəlik sətəlcəm ilə ağırlaşan bronxitə çevrilir. Təəssüf ki, həkimlərin səyləri boşa çıxır və həmin il, noyabrın 18-də Marsel Prust dünyasını dəyişir. Yazıçının 51 yaşı var idi. Öləndə yanında heç kim olmayıb. Evdə tənha şəkildə həyatını itirib. Marsel Prustun məzarı Parisdə, Per-Laşez qəbiristanlığında yerləşir.

 

Hazırladı: Tural CƏFƏRLİ

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!