Orxan ARAS
13 dekabr 1976-cı ildə almanların ən çox oxuduqları tabloid qəzeti "Bild" aşağıdakı başlığı dərc etdi:
"Bir solçu ekstremist ən yaxşı tablomuzu oğurladı".
Oğurlanan rəsm alman romantik rəssamlığının ən mühüm nümayəndələrindən biri olan Karl Şpitsveqin "Yoxsul Şair" əsəri idi. Diktator Adolf Hitler də "Bild" qəzetinin "ən gözəl tablomuz" kimi təqdim etdiyi tablonu və onun rəssamı Karl Şpitsveqin rəsmlərini çox sevirdi. Rəssamın "Yoxsul şair" tablosu 1839-cu ildə çəkilsə də, ilk dövrlərdə o qədər də diqqət çəkməmişdir. Çardaq otağında hər cür yoxsulluqla baş-başa qalan bir şairin təsvir olunduğu tablo, İkinci Dünya müharibəsi illərində xüsusi mühafizə altına alınan əsərlərdən biri olub, hətta rəsmin kağız eskizi də 2012-ci ildə Londonda 542 min dollara satılmışdı.
1976-cı il dekabrın 12-də saat 13:00-da Qərbi Berlindəki Milli qalereyaya daxil olan sənətkar Ulay "Yoxsul Şair" tablosunu divardakı yerindən götürür, sürətlə qalereyadan qaçır. Onu dostları Milma Kottuş və Mayk Ştayner izləyirdilər. Onlar bütün hərəkəti lentə aldılar. Bəzi iddialara görə, onların yanında Ulayın sevgilisi Marina da olub.
Sənətçi Ulay Berlinin türklərin sıx yaşadığı Kreuzberq səmtindən qismən qaçaraq, qismən də taksi ilə səyahətini tamamlayır. Ulay, Moskva küçəsində mühacir türk ailəsinin evinə girərək bahalı tablosunu evin qonaq otağının divarına asır.
Aksiyadan 30 saat sonra Ulay tablonu Berlindəki "Bethanien İncəsənət Mərkəzi"nə təhvil verir. Daha sonra polisə təslim olur. İlk məhkəmə iclasında cərimələnən Ulay pulu ödəmədən xaricə gedir və 2 il sonra ölkəyə daxil olanda yenidən polis tərəfindən həbs edilir. Dostları cəriməni ödədikdən sonra Ulay sərbəst buraxılır. O dövrün hüquqşünaslarının fikrincə, Ulayın həyata keçirdiyi hərəkət "oğurluq", sənətçilərə görə isə "bədii əməl" idi.
Əsl adı Frank Uve Laysiepen olan sənətçi Ulay, 30 noyabr 1943-cü ildə Almaniyanın Solingen şəhərində, havadan düşən bombaların səsi altında bunkerdə (sığınacaqda) dünyaya gəlib. İllər sonra onun kimi yerin altında və xarabalıqlar arasında dünyaya gələn nəslin "problemli nəsil" olduğunu izah edərək, şüuraltındakı çaşqınlığı psixoloji yardımla həll etməyə çalışdığını bildirib. Orta təhsilini dəzgah təmirçisi kimi başa vuran Ulay bir müddət Kölndə incəsənət məktəbində oxuyub, altmışıncı illərin sonlarında Amsterdamda məskunlaşaraq küçələrdə yaşamağa başlayıb və küçələrdə özünü satan qadınların fotolarını çəkib. Yetmişinci illərdə o, məşhur kino sənayesi "Polaroid"də məsləhətçi vəzifəsində çalışıb.
Ulay serb rəssamı Marina Abramoviçlə "Yoxsul Şair" tablosunu oğurlamadan bir il əvvəl tanış olmuşdu. Marina Abramoviç 1946-cı ildə Belqradda partizan ailəsində anadan olub. Onun anası partizanlar arasında mühüm şəxsiyyət idi. Partizan ata Yuqoslaviya qurulandan sonra milli qəhrəman elan edilib. Marinanın ulu babası Varnava Rosiç Serb Pravoslav Kilsəsinin Patriarxı olub. Anasının dəmir intizamı altında Marina 1970-ci ildə Belqrad Rəssamlıq Akademiyasını bitirib. 1975-ci ildə Marina özü kimi, həm performans, həm də "bədən/art" bədən artisti olan Ulay ilə tanış olur və hər ikisi onunla dərin sevgi yaşayır və inanılmaz hərəkətlər edir. Ulay və Marina problemli nəslin nümayəndələri kimi insan iradəsinə meydan oxuyan hərəkətlər edirdilər. Uzun müddət camaat arasında dodaq-dodağa öpüşməklə, bir-birinin ciyərindən hava alaraq yaşamağın mümkün olduğunu göstərirdilər. Bu hərəkət əslində insanların qırılmaz bağlarını və ehtiyaclarını başqalarına göstərdi. Onun digər təcrübələri daha maraqlı idi. Onlar saatlarla muzeyin girişində çılpaq dayanaraq muzey ziyarətçilərinin aralarında ovuşdurulmasına icazə veriblər. Marina Nyu-Yorkdakı bir sənət qalereyasında on iki gün yemək yemədən, tualetə getmədən və danışmadan heykəl kimi dayanma performansını nümayiş etdirdi.
Marina və Ulayın ən böyük arzularından biri Çin səddində "Böyük Divar Gəzintisi" adlı tamaşa ilə çıxış etmək idi. Uzun səylərdən sonra, 1988-ci ildə Çin səlahiyyətlilərindən lazımi icazəni aldılar. Tamaşadan bir neçə gün əvvəl Marina Ulayın başqa qadınla münasibətdə olduğunu öyrənib. Hətta qadının hamilə olduğu deyilirdi. Marina çox məyus olur. Ulayın xəyanətini bağışlamayır və ondan inciyir. Amma yenə də Ulayla son çıxışından vaz keçmir. Çin səddini iki min kilometr keçərək bir nöqtədə görüşəcəkdilər. Üç ay Çin səddi üzərində bir-birlərinə doğru gedirlər. Bir anda görüşəndə son dəfə bir-birlərinə toxunurlar, son dəfə qucaqlaşırlar, son dəfə öpüşürlər və ayrılırlar; 22 il bir daha görüşmürlər.
Onlar 2010-cu ildə yenidən üz-üzə gəldilər. Nyu-Yorkdakı "Modern Muzey" zalında onları 1565 nəfər izləyirdi. Sonradan internetdə yayımlanan bu ilk və son görüşü on yeddi milyon insan izləyəcəkdi.
Ulay və Marina son görüşlərində "Sənətçi burada" aksiyasını yerinə yetirmək üçün üzbəüz oturdular. Saatlarla bir-birlərinin gözlərinə baxdılar, əl-ələ tutdular. Həyatda ən böyük hərəkətlərini yerinə yetirməklə, həm gözləri ilə daxili səyahətə çıxdılar, həm də qərəzləri qırdılar.
Ulay 2004-cü ilə qədər Karlsrue Liseyində tamaşa sənəti kafedrasında müəllim vəzifəsində çalışıb. O, 2020-ci il martın 2-də Sloveniyanın paytaxtı Lyublyanada 76 yaşında, baharı görmədən dünyasını dəyişdi. "Monopol" jurnalının baş redaktoru Elke Buhr ölümündən sonra bunları yazdı:
"Şəxsi sənətlə aydın və ehtirasla əlaqələndirilən Ulay və Marina bu mövzuda unikal sənət yaradıblar".
Marina Abramoviç, Ulay üçün yalnız bir həsrət cümləsi yazdi:
"Onun üçün çox darıxacağam. Ulay qeyri-adi insan və bir sənətkar idi."
Ulayın "Yoxsul Şair" tablosunu oğurlaması digər rəssamları da ruhlandırdı. 2014-cü ildə "Gələcəyin Festivalı" çərçivəsində türkiyəli sənətçi Aykan Safoğlu Ulayın məşhur tablosunu asdığı evin yerləşdiyi küçədə şou təşkil etdi və türk mahnıları səsləndirdi. Mariana Castillo, Hamburq Vağzalında eyni hadisəni əks etdirən sərgi təşkil etdi.
Ulayın etiraz aksiyası üçün oğurladığı "Yoxsul şair" tablosu da rahatlıq tapa bilmədi. Şarlatonburq sarayının divarlarını bəzəyən 36x45 ölçüdə tablo 1989-cu ildə oğurlandı və onu tapana 50 min avro mükafat təklif edildi. Amma bu günə kimi rəsmdən heç bir səs çıxmadı. Almanlara təsəlli verən o oldu ki, rəssam Karl Şpitsveq eyni tablonu üç nüsxədə çəkmişdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!