Bir romandan başqa bir roman yaratmaq... - Qan TURALI

Qan TURALI

 

Ədəbiyyatın hər bir dövründə diletantlar və dahilər birgə mövcud olmuşdur. Və bu diletantlar bəzən kütlələri aldada da bilmişlər. Ancaq diletantın bəyliyi darı çıxana qədərdir. Klassiklər isə həmişəyaşar... Bəli, klassiklərin ədəbiyyat ömrü bəzən öz ömürlərindən çox qısadır. Nitsşenin də dediyi kimi: "Mənim günüm sabah yox, ondan sonrakı gündür. Bəziləri öldükdən sonra doğulur".

Diletantın hökmranlığı cari zamanla bağlıdır. O zamandan sui-istifadə edir. Misal üçün, Sovet dövründə sistem hansı növ ədəbiyyatı istəyirdisə, diletant onu da yaradırdı. Və sistem də o diletantı himayə edirdi. Ancaq göründüyü kimi, diletantların ömrü heç sistem qədər də olmadı. Stalinizm başa çatdı, SSRİ davam etdi və vulqar sosioloji ədəbiyyat elə Sovet dövründəcə tarixin arxivinə verildi.

Əsl sənətkarın isə zamanla dərdi var, zaman onu boğur. Onu cəlb edən zamanın imtiyazları yox, zamanın problemləridir. Diletantı həvəsləndirən bir neçə mühit var. Bu, dövlətin himayəsi də ola bilər, kütlənin sevgisi də. Hər ikisi keçici və ötəridir. Klassik isə cari zamanı ittiham edir, yaşadığı dövrlə üzbəüz dayanır. Ona görə də klassikin ömrü uzundur. Başqa cür desək, diletant carilikdən istifadə edir, klassik isə ittiham...

Bəli, Sovet dövrü arxada qalmışdır. İndi siyasi sistemin senzurası yoxdur, dövlətin yazıçılardan bir tələbi də. Cüzi istisnaları çıxmaqla, bütün dünyada vəziyyət bu cürdür. Ancaq di gəl ki, siyasətdən də qorxulu bir düşmən ortaya çıxıbdır: Kütlə!

Tarixdən heç bir zaman kütlə bu qədər ədəbiyyatın meyarına çevrilməmişdir. Orta əsrlərdə şairin qəsidəsi hökmdarın xoşuna gəlirdisə, şair üçün böyük maddi imkanlar, şöhrət qapısı açılırdı. Qısa bir müddət üçün hökmdarın yerini dövlət əvəzləsə də, indi dövlətin yerində kütlə vardır. Onun zövqü ədəbiyyatı müəyyənləşdirir, onu diktə edir. Buna görə də bestseller yazıçılar ortaya çıxır. Bu növ yazıçıların yazdıqları əlbəttə ki, kütlənin xoşuna gəlməlidir. Pulu kim verirsə, musiqini də sifariş edən odur.

Söz yox ki, kütlə hegemoniyasının güclü olduğu müasir dövrdə belə həqiqi yaradıcılıq istedadına malik görkəmli yazıçılar da meydana çıxa bilir. Ancaq bunlar istisnayi əhəmiyyət daşıyır. Biz daha çox mövsümi yazıçıların ortaya çıxıb bir neçə il sonra buxarlaşdığını, ya da hansısa, əsərlərin populyarlaşıb, qısa bir müddət sonra unudulduğunu müşahidə edirik.

Bu söhbətlər fonunda ingilis sənətkar Devid Şriqleyin performansı xüsusi maraq doğurur. Belə ki, Şriqley, "Da Vinçi kodu" romanından beş min nüsxə toplayaraq onları kağız xəmirinə çevirir, yaratdığı yeni və təmiz kağızlara isə Corc Oruelin "1984" kitabını çap edərək satışa verir. Satışdan gələn pul isə xeyriyyə işlərinə xərclənir.

Nəyə görə "Da Vinçi kodu"? Şriqley bunu belə izah edir: Heç kim "Da Vinçi kodu" kitabını almaq istəmir, əksinə, hamı öz kitabını başqalarına vermək, əlindən çıxartmaq, itirmək istəyir". 2003-cü ildə çap edilib böyük rezonans yaradan, 2006-cı ildə isə ekranlaşdırılan romanın taleyini görürsünüzmü? Bir zamanlar az qala ədəbi kanona, ədəbiyyatın ölçüsünə çevrilən bir əsər, heç 20 il keçmədən zibil yeşiyinə nəsib oldu. Şriqley isə romanı makulaturaya verərək ondan faydalı bir şey kimi istifadə edir. Çünki doğrudan da, o roman başqa bir işə yaramırdı. Amma Oruelin 1949-cu ildə çap olunan "1984" romanı isə hələ də bədii əhəmiyyəti qorumaqda, başqa yazıçılara ilham, oxuculara yol yoldaşı olmaqdadır. Əsl ədəbiyyat da budur.

Şriqleyin əməli isə əslində zamanın əməli, taleyin ironiyasıdır. Doğrudur, diletantlar daim var olacaq, ancaq Oruelin simasında əsl ədəbiyyat da öz varlığını qoruyub saxlayacaqdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!