Mənbə: Jonathan Jones, "Pablo's punks", Guardian, January 9, 2007
İncəsənətdə modernizm 100 yaşındadır, çünki Pablo Pikassonun "Avinyon qızları" adlı rəsm əsərinin artıq 100 yaşı var. 1907-ci ildə Titanik hələ batmamışdı, kino Bur müharibəsinin titrəyən kinoxronikasından ibarət idi, "Antarktikalı" Skott hələ həyatda idi və Rayt qardaşları aktiv uçuş ixtiralarını təbliğ etmək üçün Avropaya səfər etmişdilər. San-Fransisko hələ də öncəki ilin zəlzələsinin sarsıntısı altında idi. Ancaq anarxiya və kabarenin yarandığı yerdə - Parisin Monmartr təpəsindəki rəssam və yazıçıların basırıq, uçuq-sökük evlərdən ibarət studiyalarında, 25 yaşlı ispan mühaciri müasir incəsənətin ilk və ən böyük şedevrini yaradırdı.
Pikasso, sonradan "Avinyon qızları" olacaq ilk eskizlərini 1906-1907-ci illərin qışında çəkmişdi. Nəhayət ki, yayın əvvəlində 8 futluq kvadratşəkilli kətanını yaratmazdan əvvəl o, öz ideyalarını intensiv şəkildə, Leonardo və ya Jerikonun böyük akademik layihələrinə bənzəyən, düşünülmüş və planlaşdırılmış bir proqramda inkişaf etdirirdi. Bu rəsm reallığın təbiətini Pikassonun müasiri, Albert Eynşteynin fizikası qədər dərindən dəyişdirdi.
Bu, üzərində düşünülməyə dəyər bir yüzillikdir. Bu, yalnız bir rəsm əsərinin tarixində 100 il deyil, həm də modernizmin 100 ilidir. "Avinyon qızları" keçmişi və gələcəyi ayıran çatdır, qırılma nöqtəsidir. Kultural baxımdan, XX əsr 1907-ci ildə başlamışdır. Ali modernizmin digər əsərlərinin tarixini nəzərdən keçirək. Musiqidə, Şönberqin "İntizar"ı 1909-cu ildə bəstələnmişdir və Stravinski "Bahar mərasimi"nə 1910-cu ildə başlamışdır. Ceyms Coys 1914-cü ilə qədər "Uliss" üzərində işləməyə başlamamışdı və o zamana qədər Pikasso artıq kubizmin son mərhələlərində idi.
Müasir incəsənətin ilk nümunələri kimi bir çox başqa əsərlərə haqq qazandıra bilərsiniz. Bəziləri deyərdilər ki, o, Manenin 1863-cü ildəki qalmaqallı çılpaq "Olimpiya"sı ilə başlamışdır. "Olimpiya"dan sonra, XIX əsrin sonu və 1900-cü illərin əvvəlləri, məhz Pikassoda olan eyni seksual sfera ilə bağlı təhrikedici sənət əsərləri ilə boldur: Munkun "Madonna"sı, Klimtin "Afina Pallada"sı, Zolyanın romanları... Bu kontekstdə, iddia edə bilərsiniz ki, "Avinyon qızları", əslində, geridəqalmış, qeyri-orijinal sənət əsəridir, XIX əsrin ən böyük klişelərinin təkrar emalıdır - ekzotik interyerlərdə atılıb-düşən "sərbəst qadınlar". Beləliklə, bu şəkildə yeni olan, bu qədər radikal olan nədir?
Beş çəhrayı bədənli qadın gümüşü və mavi pərdələrə dolaşmışlar. Onlardan ikisi sinələrini qabartmış halda, iri qara gözləri ilə sizə baxaraq qollarını yuxarı qaldıraraq dayanmışdır. Digər üçü maskalıdır: biri şəklin solunda profildə dayanan qalın qəhvəyi taxta, üz simulyakrında; sağda ikisi Afrika maskalarında, onlardan biri diş-diş edilmiş pərdə arxasından boylanır, digəri isə zərli parçalar arasında çömbəlib. Boşqabda, açıq-aydın simvolik mənalı meyvələr toplusu var: testikulyar üzümlə bir dilim qovun, bir alma və armud. Bu nü rəsmidir, burada əyri cizgi görmək demək olar ki, mümkün deyildir - dirsəklər bıçaq kimi itidir, bel və budlar həndəsi siluetlərdir, sinələr üçbucaqdır.
Rəsm ilk baxışdan kvadratdır (əslində, onun hündürlüyü enindən bir neçə santimetr daha çoxdur), bu xüsusiyyət, sizə məkan və simmetriyanı izləməyə imkan verir. Daha doğrusu, düzbucaqlılıq, sizi heç vaxt öz canlılığını itirməyən bu əbədi hərəkət maşınına baxmağa səy göstərməyə vadar edir.
Pikasso daha əvvəl heç bir rəsm üzərində işləmədiyi halda, "Avinyon qızları" üzərində çalışmışdı. Bir sənətşünas hətta iddia edirdi ki, onun altı aylıq yetişmə dövründə yaradılan yüzlərlə rəsmlər və təsvirlər "yalnız Pikasso yaradıcılığında deyil, bütün incəsənət tarixində tək bir şəkil üçün görülən hazırlıq işlərinin misilsiz sayına görə yeganəlik" təşkil edir. Əlbəttə ki, bu sözlər rəssamların ənənəvi olaraq dahiyanə rəsm əsərləri və freskalara sərf etdiyi əməyi düzgün ifadə edir. Pikasso bilirdi ki, nə isə vacib, hətta inqilabi bir şey edir- ancaq nə?
O, bordel səhnəsi ideyası ilə başlamışdı. Rəsmdə bir kişi müştərinin, bir dənizçi və ya rəssamın özünün olması nəzərdə tutulmuşdu. Bu, müasir Paris həyatının Tuluz-Lotrekdən və ya bütün digər utanmazcasına gerçəkçi "müasir həyat rəssamları"ndan çox da uzaq olmayan, şokedici bir parçası olardı. Ancaq siz Nyu-Yorkun Müasir incəsənət muzeyində "Avinyon qızları" qarşısında dayananda bunlardan heç biri barədə düşünmürsünüz və ya bu əlaqələrdən heç birini qurmursunuz.
Bu, hətta əsərin reproduktivində də keçərlidir. Bir təcrübə keçirin. Düz "Avinyon qızları"na baxın və onun mənasını təxmin etməyə çalışın. Bacarmazsınız. Siz heç vaxt güman edə bilməzsiniz ki, bu, beş qadının rəsmidir, hələ onların fahişə olduqlarına qərar vermək bir yana qalsın və ya o kişi qorxularını əks etdirir, yaxud da adətən, obrazları sözlərə çevirdiyimiz hər hansı düzgün yola vara bilməzsiniz. Onu şərh etmək üçün, siz baxışınızı çəkməlisiniz, ya da diqqətinizi dağıtmalısınız. Əslində, rəsmə baxmaq daim bir aspektdən digərinə keçmək deməkdir; o, heç vaxt sizə qəti bir fikir üzərində dayanmağa imkan vermir.
İlk növbədə, bu, baxış haqqında bir şəkildir. Pikasso, mərkəzi fiqurun avtoportret səlahiyyətində olan böyük asimmetrik gözləri ilə cəsarətlə sizi süzür. Maraqlıdır ki, biz Leonardonun və ya Marsel Düşanın yaradıcılığında transvestit avtoportretlərini görməyə öyrəşmişik, lakin biz Pikassonun karikaturaları vasitəsilə aldanaraq bu əsəri nadir hallarda eyni cür qavrayırıq. Onun 1907-ci ildə çəkdiyi rəsm sizi qəzəbli nifrətlə süzən sənət əsəridir.
Afrikan maskalarında Pikassonu valeh edən xüsusiyyət ən sadə şey idi: onlar sizi maskalayırlar, sizi nə isə başqa bir şeyə - heyvana, iblisə, Tanrıya çevirirlər. Modernizm maska taxan incəsənətdir. O, nəzərdə tutduğu mənanı demir; bu, pəncərə deyil, divardır. Pikasso bu mövzunu məhz ona görə seçmişdi ki, o, klişe idi: o göstərmək istəyirdi ki, incəsənətdə orijinallıq süjet-tematikada və ya əxlaqda deyil, forma ixtiraçılığındadır. Bax buna görə də, "Avinyon qızları"nı bordellər, fahişələr və ya müstəmləkəçilik "haqqında" rəsm əsəri kimi görmək doğru deyildir. XVIII və XIX əsrin incəsənətinin böyük, acınacaqlı faciəsi onda idi ki, o Mikelancelonun parlaqlığı ilə müqayisədə yaradıcılıq aktını nəzərdən qaçırmışdı. Pikassonun səs-küyə səbəb olan yeniliyi budur. İncəsənətdə modernizm məhz, formanın məzmun üzərindəki bu qələbəsini nəzərdə tuturdu.
Bu, o demək deyil ki, o, dünya ilə bağlarını qırmışdır. "Avinyon qızları" daha dünyəvi, daha kəskin təsirə malik ola bilməzdi - nəticədə, o, sekslə doludur. Bu, deyək ki, Klimtin əsərlərindəki seksuallıqla heç bir bənzərliyi olmayan seksuallıqdır. Eyni dekadent mühitdə ortaya çıxmasına baxmayaraq, o, əsrin sonundakı rəssamlardan heç birinin ağlına gəlməyən şeyləri edir. Pikasso bu əsərində kubist şəkillərində açıq şəkildə ortaya qoyduğu kəşfləri qabaqlayır: o, öz bədən siluetlərini heç bir işə yaramayan məkanda yastılamaqla, demək olar ki, 500 illik Qərbin perspektiv ənənəsini məhv edir. Məhz bu vizual zorakılıq onu erotizmindən azad edir, çünki o, istənilən mənanı və ya təhkiyəni silir. İstəyin bu cür böyük miqyasda açıqlanması xristian mədəniyyəti bir kənarda qalsın, incəsənətdə görünməmiş hadisə idi. Birinci Dünya müharibəsindən sonra Andre Breton Pikassonun emalatxanasına gəldi, "Avinyon qızları"nı gördü və onu qeyd-şərtsiz müasir şedevr olaraq qəbul etdi. Sürrealistlərin lideri Breton bu əsərdə şüuraltının inqilabi təhlükəsini gördü və o, haqlı idi.
Hətta artıq təsviri incəsənətə ibadət edilməyən indiki dünyada belə, bu rəsmin tayı-bərabəri yoxdur. O, rəssamlığın sonunu qabaqcadan görür, Pikassonun geri çəkilməli olduğu kultural destruksiyaları məmnuniyyətlə seyr edir. Burada Dada, Marsel Düşan və pankı ehtiva edən nə isə anarxist və amansız bir şey var.
Beləliklə, bir yüzillik. Əgər müasir incəsənət sizi maraqlandırırsa, bu onun yüzüncü ildönümüdür. İncəsənət əsərləri gec, ya tez, sonda ağırlaşır, hörmətli olur. Lakin 100 il keçdikdən sonra Pikasso hələ də o qədər yeni, o qədər həyəcanvericidir ki, onu şedevr adlandırmaq həqarət olardı.
İngilis dilindən tərcümə edən: Günay Rzalı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!