Haqqa tapınan əsər - Nüşabə Əsəd Məmmədli Qalib Şəfahətin “Sandıq” romanı haqqında yazır

 

"Sandıq" çox istedadlı yazıçımız, şairimiz Qalib Şəfahətin kitabıdır.

Sandıq - müharibə, qaçqınlıq, itkinlik və soyqırımı görmüş insanların cəmiyyətidir. Bu cəmiyyətdə adamlar təbəqələrə, milli mənsubiyyətə bölünmür. Əsərin bir qəhrəmanı Anuş xala - erməni, digəri İsmayıl - Azərbaycan türküdür. Onların nikahdankənar doğulan oğlu Zori Balayandır. Qarabağda cərəyan edən hadisələr Anuşun nəzər-nöqtəsindən göstərilir. Müharibədə insanlar, əgər müqəddəs amal uğrunda savaş aparmırlarsa, simalarını itirirlər, hər rəzilliyə əl atırlar.

Bu əsəri oxuyanda, nədənsə, Adəmlə Həvvanın oğulları yada düşür.

Təmiz, pak, ağıllı Avelin qardaşı Kain tərəfindən öldürülməsi, sanki yaranacaq bəşəriyyətə Allah tərəfindən min, milyon, bəlkə də milyard il üçün ismarıc yollanılır: - Sizi müharibələr, qətliamlar, xəyanətlər gözləyir. Və "Sandıq"ın bütün obrazları hər cür rəzilliyə əl atır.

Əsərdə müsbət obrazlar yoxdur. Elə bil hər kəs şər daşıyıcısıdır - Anuş xala da, İsmayıl da, Zorik də, Xoren də,  Aşot da, Zoriki uşaqlıqda əməliyyat edən azərbaycanlı həkim də. Fəqət, oda atılmış bir türk  qızının ruhu var; yollarını azmışlara, cinayət və günah işlətmişlərə yol göstərir. Kitabın sonunda bu, Zori Balayanın tonqala atdığı balaca türk qızcığazıdır. Məhz  həmin qız həyatın ağır məngənəsindən qurtulmaq istəyən, neçə illər öncə müharibədə həlak olmuş İsmayılın gözə görünən ruhu arxasınca qaçan, yolunu, izini azan Anuşa kömək edir, bu ixtiyar qadına qapı açır. Bu qapı açılanda gözümüzə gözəl çiçəklər, büllur kimi bulaqlar, rəvan axan dupduru çaylar görünür. Kin-küdurətdən, düşmənçilikdən, dava-dalaşdan uzaq bir məkan. Balayan tərəfdən oda atılıb, yanan türk qızı açır qapını, Balayanın anasının üzünə.

Maraqlıdır ki, kitabda sürrealist məqamlar real olaylarla sintezdə verilir. Və əsas məqam - dünyanı xeyirxahlıq xilas edəcək - müəllif Qalib Şəfahətin gəldiyi nəticə budur.

Qədim Ekklessiast kitabında yazılır ki, hər bir insan ömrü boyu mütləq, ya mənəvi, ya da cismani çarmıxa çəkilir. Bu, labüddür. Qalib Şəfahətin əsərində hər kəs, bütün cəmiyyət çarmıxa çəkilir. Analar oğullarını itirir, körpələr oda atılır. Kəndlər, şəhərlər bombalanır, xarabalığa çevrilir. Sonra yeni şəhərlər yaranır, yeni yaşayış məskənləri salınır. Dünyaya yeni-yeni insanlar doğulub-ərsəyə gəlirlər. Beləcə, qərinələr, əsrlər, minilliklər dəyişir. Vaxtaşırı yeni müharibələr, soyqırımılar baş verir, sonra yeni insanlar doğulur. Ancaq bu müharibələr arasında böyük dühalar gəlir cahana, böyük sənət əsərləri,  haqqa tapınan kitablar yaranır. Qalib Şəfahətin "Sandıq"  romanı kimi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!