Peşəkar fəaliyyətə XIX əsrin II yarısında başlayan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı qədim Oğuz yurdu olan İrəvan şəhərində yaranmış, zəngin yaradıcılıq yolu keçmiş bir sənət ocağıdır. Teatr peşəkar fəaliyyətə başladığı gündən etibarən Azərbaycan teatr salnaməsində öz ənənələri, üslub və strategiyası ilə seçilmiş, fəaliyyəti ilə Qafqaz teatrları sırasında hər zaman nümunəvi yer tutmuşdur. 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1989-cu ildə deportasiyaya məruz qalmış bu sənət ocağı hazırda mühacirətdə olmasına baxmayaraq öz ənənələrini qoruyub saxlayır, əvvəlki fəaliyyətindən bir qədər də artıq əzmlə çalışır.
XIX əsrin II yarısında Qafqazda yaranmış ədəbi-mədəni mühitin inkişafı, maarifçiliyin tərəqqisi ümumən Azərbaycanda peşəkar teatrın yaranmasına səbəb oldu. 1873-cü il, mart ayının 10-da Bakıda və elə həmin ildə Tiflisdə, 1882-ci il aprel ayının 2-də isə İrəvanda peşəkar teatrin bünövrəsi qoyuldu. Diqqəti çəkən əsas məsələ odur ki, Mirzə Fətəli Axundovun “Sərab xanlığının vəziri” – (“Sərgüzəşti-vəziri-xani Lənkəran”) komediyası ilə teatr tarixinə ilk imzasını atan Bakı və Tiflis teatrlarından fərqli olaraq İrəvan Teatrı yerli müəlliflər M.İsmayıl və Nəzminin (V.Mədətov) “Tamahkarlıq düşmən qazanar” adlı, maraqlı süjet üzərində qurulmuş vodevili əsasında yarandı.
Elmi araşdırmalar onu da təsdiq edir ki, adıçəkilən vodevil əsasında hazırlanmış tamaşa ilk olaraq 1882-ci il fevral ayının 27-də oynanılmışdır. Kasıb tələbələrə kömək məqsədi ilə ikinci dəfə oynanılan elə həmin tamaşanın tarixi 1882-ci il aprel ayının 2-nə təsadüf edir. Təəssüf ki, birinci tamaşa barədə heç bir təsdiqi sənəd əldə olunmamışdır, ikinci tamaşanın uğuru isə dövrü mətbuatda yazılan maraqlı məqalələrdə işıqlandırılmışdır. “Psak” (“Çələng”) qəzetində (10 aprel, 1882-ci il) yazılan məqalədə qəzetin redaktoru “Xryusi” təxəllüslü Vasak Papacanyan 2 aprel 1882-ci il tarixdə ikinci dəfə oynanılan “Tamahkarlıq düşmən qazanar” tamaşasının iştirakçılarının tamaşaçıları heyran etdiyini yazır.
Əslində isə belə bir fikir də vardır ki, İrəvan şəhərində ilk dəfə tamaşa 1880-ci il mart ayının 10-da oynanılmışdır. Məşədi İsmayılın yazdığı “İrəvan xanı və Novruz bayramı” məsxərəsinin isə 1881-ci ildə oynanıldığı ehtimal olunur. Bu faktı tarixçi-alim İrafil Məmmədov “Teatr tariximizdən səhifələr” məcmuəsinin “İrəvan dəftəri III” kitabında əsaslı faktlarla sübut edir.
Beləliklə, İrəvan Azərbaycan teatrının tarixi barədə hələ də ciddi araşdırmalara ehtiyac duyulduğu aşkar şəkildə özünü göstərir.
Onu da qeyd etmək lazımdır ki, İrəvan Teatrının tarixinin xeyli əvvəllərə təsadüf etməsinə dair başqa dəlillər də vardır.
Nəzərə alsaq ki, hələ qədim tariximizdə müxtəlif yas mərasimlərində müxtəlif çür rituallar, yuğlamalar keçirilirdi, bayramlarda, şənliklərdə, məzhəkələr çıxarılırdı, “Kosa-Kosa”, “Cütcü oyunu”, “Yel baba”. “Qodu-qodu”, “Güdül” və “Kəvsəc” oyunları göstərilirdi, elə bunların özünün də xalq teatr nümunələri olduğunu və məhz peşəkar teatrın yaranması üçün əsas zəmin yaratdığını söyləmək mümkündür.
Ancaq ən əsas və mühüm bir fakt bizə imkan verir düşünək və əmin olaq ki, ümumən Azərbaycan teatr sənətinin, eləcə də opera sənətinin tarixi 1600-cü illərə təsadüf edir. Adını hörmətlə andığımnız, İrəvan teatrının tarixinin ən səlist araşdırmaçılarından olan mərhum tarixçi-alim İsrafil Məmmədovun araşdırmaları bu barədə maraqlı dəlillər üzə şıxarmışdır. Alim (Puteşestvie Şardena po Zakavkaziyu v 1672-1673 qq. Tiflis, 1902. s. 242). mənbəsinə istinadən yazır ki, “İrəvan qalasında, İrəvan sərdarının sarayında ulularımızın yüksək bədii-estetik zövq və tükənməz həvəslə tamaşaya qoyduqları səhnə əsərləri hələ üç-dörd yüz il bundan əvvəl də Avropa səyyahlarını valeh edib, heyran qoymaqdaydı. Fransadan gələn məşhur səyyah Yan Şarden (1643-1713) də Sərdarın bu sarayında olmuş, burada ulularımızın göstərdikləri tamaşalara məftunluqla baxmış və onların səhnələşdirilmiş hərəkətlərini, ifaçılıq məharətini Avropadakı operaya bənzətmişdir”. (İ.M. İrəvan dəftəri III, səh. 25. Bakı-2009)
Təkcə bu fakt bizə əsas verir deyək ki, Azərbaycan ərazisində teatr sənətinin kökü hazırkı tarixindən çox-çox əvvələ təsadüf edir.
Doğrudur, bəzi mənbələrdə, İrəvanda, o dövrdə erməni teatrının yaranması barədə də fikirlər söylənilir və hətta Jan Şardenin Azərbaycan Teatrı haqqında dediyi həmin dəyərli fikirlərin erməni teatrına aid olmasını sübut etməyə çalışanlar da var. Lakin əldə olunan dəlil əminliklə sübut edir ki, bu fikirlərin heç biri, heç bir fakta söykənmir, bu fikirlər sadəcə təhrifdən başqa bir şey deyildir.
“Hətta “Böyük Sovet Ensklapediyası” kimi nüfuzlu məcmuə hesab olunan bir elmi qaynaqda bu faktlar açıq-aşkar, bilərəkdən “erməniləşdirilmiş” və yazılmışdır. “1664-cü ildə Şarden İrəvanda erməni teatrını görmüş və onu opera ilə müqayisə etmişdir.” (ikinci nəşri, 3-cü cild, s. 100). Eyni səhifədə bu da qabarıq şəkildə vurğulanır ki, guya Qriboyedovun “Ağıldan bəla” əsərinin birinci dəfə İrəvanda tamaşaya qoyulması erməni teatrının tarixində çox böyük rol oynamışdır”. (yenə orada. səh 26)
Sual doğur: Hansı erməni teatrı? Axı o zamanlar o qalada vur-tut bir neçə erməni ailəsi olmuşdur. “1827-ci ildə İrəvan Xanlığı ruslar tərəfindən işğal olunanda orada 85 min azərbaycanlı, 21,500 nəfər isə erməni yşayırmış”.(İ.M. İrəvan dəftəri III. Səh 48.)
Ruhuşad İsrafil müəllim böyük məntiqlə Jan Şardenin öz yazılarına istinadən “qalada ermənilərin bir-iki dükanı var, axşam olan kimi bağlayıb gedirlər.” (yenə orada.) sübut edir ki, həmin dövrdə Çuxursəəd bəylərbəyliyi və İrəvan xanlığı ərazisində heç bir erməni teatrı olmamışdır. İsrafil Məmmədovun qənaətinə və axtarışlarının nəticəsinə görə faktlar göstərir ki, Yan Şardenin baxdığı tamaşalar məhz Sərdar sarayında və sarayın güzgülü salonunda oynanılmışdı və Yan Şardenin tamaşanı qərbin operasına bənzətməsi faktı da ancaq azərbaycan teatrına məxsusdur.
Qeyd etmək lazımdır ki, 1880-ci illərdə yerli ziyalıların səyi ilə təməli qoyulan peşəkar İrəvan Azərbaycan Teatrı çətin şəraitdə yaradıcılıq yolu keçməsinə baxmayaraq, zaman-zaman inkişaf edərək formalaşmış, Qafqazda, nüfuzlu teatrlar sırasında özünə yüksək yer tuta bilmişdir. Bu günə qədər keçdiyi şərəfli fəaliyyət yolunda yerli ziyalılarla yanaşı sonrakı illərdə İrəvana gəlmiş görkəmli Azərbaycanlı mütəfəkkirlərin, maarifpərvər insanların, teatr mütəxəssislərinin, eləcə də öz əsərləri ilə İrəvan Teatrının inkişafına töhfə vermiş müqtədir ədiblərin və o cümlədən gimnaziya tələbələrinin də böyük əməyi və zəhməti olmuşdur. (XIX əsrin ikinci yarısında burada kişi gimnaziyası fəaliyyət göstərmişdir.) Onlardan Məşədi İsmayıl Kazımzadə, Mirzə Xəlil Hacıyev, Rüstəm xan Abbasquluxanov, Mirzə Kazım Qazi Əsgərzadə, Axund Mirzə Əli, Hacı Seyid Rza Əmirzadə, Eynalı bəy Sultanov, Mirzə Elxanov, Nəzmi, Yunis Nuri, Pənah xan Makinski, Əli xan Makinski, Qazıyev qardaşları və bu kimi hamısının adlarını sadalaya bilmədiyimiz saysız-hesabsız ziyalı, maarifpərvər insanlar, habelə Azərbaycan fİilologiya elminin yaradıcılarından biri olan, görkəmli maarifçi, pedoqoq Firudin bəy Köçərli, görkəmli maarifçi, satirik, yazıçı və dramaturq, “Molla Nəsrəddin” jurnalının banisi Cəlil Məmmədquluzadə, daha sontrakı illərdə Azərbaycan teatr sənətinin karifeyi Hüseyn Ərəblinski, görkəmli komediya ustası Mirzə Ağa Əliyev, Sidqi Ruhulla və əsərləri zaman-zaman İrəvan Teatrının səhnəsini bəzəyən müqtədir ədiblərdən Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyov kimi görkəmli qələm sahiblərinin adlarını şərəflə qeyd etmək olar.
1882-ci ildən üzü bəri ən ağır şəraitlərdə tamaşalar hazırlayan İrəvan Teatrı öz çoxjanrlı fəaliyyəti ilə ümumən Qafqaz məkanında böyük tamaşaçı rəğbəti qazandı. Firudin bəy Köçərlinin 1885-ci ildə, Qori müəllimlər seminariyasını bitirdikdən sonra İrəvana gəlməsi və İrəvan gimnaziyasında müəllimlik fəaliyyətinə başlaması teatrın həyatıında ciddi dönüş yaratdı. O, 1886-cı il, fevral ayının 4-də Mirzə Fətəli Axundovun “Müsyo Jordan və dərviş Məstəli şah” əsərini tamaşaya hazırlamaqla həvəskar aristlər arasında sənət ruhunu yüksəltdi.
Həmin illər ərzində yetişən sənətkarlar arasında Yunis Nuri öz istedadı və bacarığı ilə seçilməyə başladı. Onunla çiyi-çiyinə çalışan Kərim Əhmədov, Qənnadı Cabbar, Mirzəli, Cəfər Əhmədov, Hüseyn Salmanov, Rza Şeyxzadə, Mustafa və Məcid Rəcəbovlar, Mehdi Kazımov, Asəf bəy Şəfiyev, Məmmədağa Şahtaxtlı (Şahtaxtinski), Məşədi Hüseynqulu, Ayaqçı Sadıq kimi fədakarlar İrəvan Teatrının inkişafında əzmkarlıq göstərdilər.
Teatr ilbəil müxtəlif janrlı, rəngarəng tamaşalarla zəngin repertuar yaratdı. Milli dramaturqların əsərləri ilə yanaşı, Şekspir, Şiller, Molyer, Çexov, Qoqol və bu kimi nəhəng müəlliflərin mükəmməl əsərlərini hazırlamaqla dünya ədəbiyyatının klassik nümunələrinə də öz repertuarında yer ayırdı. Beləliklə, teatr heç bir çətinlikdən çəkinmədi, əksinə, zaman-zaman formalaşdı, püxələşdi, inkişaf etdi və özünün layiqli yerini tutdu. Beləcə, teatrın şöhrəti bütün Qafqaza və ətraf dövlətlərə yayılmağa başladı. İş o yerə çatdı ki, Türkiyədən, Bakıdan, Tiflisdən görkəmli teatr xadimləri İrəvana gələrək bu teatrla əməkdaşlıq etməyə başladılar.
Bütün fəaliyyəti boyu fədakarlıq, xeyirxahlıq missiyasını özünə meyar seçən bu əzmkar kollektiv 1905-ci il 20-22 fevral, 23-26 may və 18 sentyabr tarixlərində, üç dəfə baş vermiş erməni-türk qırğını zamanı Canpoladov qardaşları klubunda 25 avqust tarixdən başlayaraq, bir neçə dəfə qırğından ziyan çəkmiş insanlara kömək məqsədi ilə tamaşalar göstərmiş, əldə olunan gəliri onların ziyanlığını ödəmək üçün sərf etmişdir. Diqqət yetirin, İrəvan Teatrı yarandığı gündən kasıb tələbələrə, sonrakı illərdə qırğından ziyan çəkənlərə köməklik göstərməklə bir növ xeyirxahlıq missiyası, vətəndaşlıq mövqeyi və humanizm prinsipi nümayiş etdirmişdir. Daha maraqlı və heyrətamiz bir fakt isə 1912-ci ildə baş vermişdir. Azərbaycanın dahi şairi M.Ə.Sabirin “Hophponamə” məcmuəsini çap etdirmək üçün yerli qəzetlər dönə-dönə elan verərək, bütün Qafqaz müsəlmanlarına, vəsaitlə köməklik göstərilməsinə dair xahişlə müraciət edir. Lakin il ərzində cəmisi 20 manat 19 qəpik vəsait yığılır. Bu həqiqətən də dəhşətli, danılmaz faktdır...
İsrafil Məmmədov “İrəvan dəftəri III. kiitabının 151-152-ci səhifəsində o dövrün bir neçə qəzetindən sitat gətirərək yazır: “Həyəcanlı çağırışlar, müraciətlər çoxalır, cavablarsa az olurdu. İlk cavab Nəcəf bəy Vəzirovun qızı Sara xanımdan gəldi. “Yeni İrşad” qəzetinə (№1, 28 avqust 1911) Sara xanım beş manat göndərib, “Sahibi Sərvət qardaş və bacılarını da” ürək yanğısı ilə çox nəcib və çox da gərəkli olan təşəbbüsə qoşulmağa səslədi. Vaxt ötdü, günlər keçdi, qəzetlər bir-birinin ardınca yeni-yeni, daha həyəcanlı, daha yanğılı müraciətlər dərc etdilər. Lakin cavab gəlmirdi ki, gəlmirdi. İlin sonuna, dekabrın on üçünədək ancaq 15 manat toplaya bildilər. (15 manatı A.Mahmudbəyov, A.Səhhət, S,S,Axundov, A.Şaiq, S.Əbdürrəhmanov. F.Ağazadə və Ə.Əfəndizadə vermişdilər). Və iyulun 21-dən, dekabrın sonunadək Bakıda toplanmış ianə cəmi 20 manat oldu. Şəksiz ki, bu pula Sabirin əsərlərini çap etdirmək mümkün deyildi...
1912-ci il, avqustun 5-də “İqbal” qəzetində Dilican teatr tamaşasına dair dərc olunmuş məlumat məsələyə böyük bir aşkarlıq, anlaşıqlıq gətirib. Aydın olur ki, Dilicanda tamaşa, İrəvanda tanınmış müəllim Mirzə Cabbar Məmmədovun təşkil etdiyi xorun müşaiyyəti ilə tamamlanmışdır. Xor bayatı deyil, Sabirin uşaqlar üçün yazdığı şeirləri oxumuşdur. Tamaşanın və müsamirənin mənəvi dəyərinin əvəzsiz olması da ondan ibarətdir ki, məhz elə bu tədbirdən hasil olan vəsait “Hophopnamə”nin ilk nəşrinə, M.Ə.Sabirin ən böyük arzusunun gerçəkləşməsinə yol açmışdır. Dilicanda azərbaycanlı ziyalıları tamaşadan və ianədən toplanan 101 manat 15 qəpiyi Bakıya, M.Ə.Sabirin əsərlərinin nəşri fonduna göndərmişlər. 1912-ci ilin avqust ayınadək bu fonda cəmi 20 manat 19 qəpik daxil olubmuş. Qəzetlərdə dərc olunan müraciətlər artır, çoxalır, fonda yığılan məbləğ isə artmaq bilmirdi. Nəhayət, daha ianə gəlmədiyini görən M.Mahmudbəyov, A.Səhhət, S.Hüseyn, M.Hacinski M.Ə.Sabirin əsərlərinin kiçik bir hissəsini toplayıb 1912-ci ilin sonunda çapdan buraxdılar. “Hophopnamə” bu şəraitdə işıq üzü gördü. İlk nəşrin müqəddiməsində M.Mahmudbəyov yazırdı: “Biz də qabaqkı iyrimi manat və Dilicandan gələn 100 manat pul ilə çoxdan arzu etdiyimiz əsərlərin birinci hissəsini çat etməyə şuri etdik.” (“Hophopnamə”. I çapı, Bakı, 1912, səh.1-3. Bax. İsrafil Məmmədov. İrəvan dəftəri. Bakı 2002, s. 38-42 “Dilicandan gələn 101 manat və “Hophopnamənin ilk nəşri”.
Baxın, M.Ə.Sabir kimi bir ədibin şeirlərinin ilk nəşri məhz əqidəsi düz, amalı yüksək olan İrəvan Tetarının tamaşasından əldə olunan gəlir hesabına çap olunmuşdur.
Nə qədər ağrılıdır və eyni zamanda nə qədər qürurludur. Fikrimcə ağrıların göynərtisini daha çevik və daha dərindən hiss edə bilən “İrəvan teatrının bu qürurlu addımı müstəsna qeyrətin təzahürüdür!” desək daha düzgün olar. Bu vətənpərvər teatrın bu günkü kollektivi də öz ənənələrinə sadiqdir. Yadımdadır, 2013-cü ildə biz Türkiyə Cümhuriyyətində qasrtol səfərindəykən bir qədər əvvəl baş vermiş ağır zəlzələdən tavanı çökmüş Van şəhər teatrına kömək məqsədi ilə ücrətsiz oynadığımız tamaşalardan ikisinə biletlər satışını təşkil etdik və əldə olunan gəliri Manisa Valiliyi vasitəsi ilə Van Valiliyinə göndərdik...
1918-ci ilin martında daşnak ermənilər Bakıda və İrəvanda növbəti dəfə kütləvi qırğınlar törətməyə başladılar. Bu tarix İrəvan Azərbaycan Teatrının qanlı səhifsinə çevrildi. Həmin tarixə qədər bu və ya digər şəkildə fəaliyyətini davam etdirən bu sənət ocağı 1918-ci ildə ilk dəfə olaraq öz ata-baba yurdundan didərgin salındı.
Bu qırğınların nəticəsində Qərbi Azərbaycandan 575 min azərbaycanlı əhalinin bir qisminin qətlə yetirilməsi, bir qisminin isə silah gücünə doğma ocaqlarından didərgin salınması İrəvan Teatrını kollektiv şəkildə İranın Xoy şəhərinə mühacirət etmək məcburiyyətində qoydu.
Cəmisi 30 ay hakimiyyətdə olan daşnaklar Azərbaycanın əzəli torpaqlarında-İrəvan quberniyasında, paytaxtı İrəvan şəhəri olmaqla Ermənistan dövləti yarada bildilər. Həmin müddət ərzində Xoy şəhərində, Yunis Nurinin rəhbərliyi altında mühacirət həyatı keçirən teatrın kollektivi dolanışıq üçün müxtəlif işlərdə çalışmalarına baxmayaraq teatrın fəaliyyətinə fasilə vermədilər. Hərdənbir də olsa tamaşalar oynadılar. 1920-ci il noyabr ayının 29-da bolşeviklərin qızıl ordusu erməni daşnaqları tərəfindən Azərbaycanın qərb torpaqlarında yaradılmış Ararat Respublikasını süquta yetirdikdən, orada Ermənistan Sovet Sosialist Respublikasını elan etdikdən sonra ev-eşiklərini tərk etmiş azərbaycanlılar kütləvi şəkildə öz yurdlarına qayıtdılar. Azərbaycanlıların geri qayıtması məsələsi ilə bağlı o vaxtlar İnqlab Komitəsi xüsusi komissiya yaratdı. Hətta 6 dekabr 1920-ci tarixində S. Kasyanın imzası ilə mühüm əhəmiyyətə malik, 4 nömrəli bir əmr də imzalanmdı. Əmrdə göstərilirdi ki, Ermənistan Respublikasının müsəlmanlar yaşayan yerlərində erməni dili ilə yanaşı azərbaycan dili də dövlət dili elan edilsin (5,s.1). 1921-ci ildən etibarən isə Sovet Ermənistanında Azərbaycan dilində “Kommunist” “və “Rəncbər” qəzetlərinin dərc olunmasına da başlandı. Bu hadisələr nəticəsində vətənə dönən teatr kollektivi yaradıcılığının yeni mərhələsinə qədəm qoydu.
Teatrın 1921-ci ildən 1928-ci ilə qədərki dövrünü dirçəliş dövrü hesab etmək olar. Teatr artıq təkcə sənət məkanı deyil, həm də bir növ ideoloji mərkəz kimi özünü göstərirdi. Kommunizmin “işiqlı” ideyalarının cəmiyyətə təlqin edilməsi kimi vacib məsələ teatrın qarşısında mühüm bir vəzifə kimi qoyulmuşdu. Bu yolda İrəvan Teatrı da məcburən bir təbliğat meydanına, təşviqat maşınına çevrildi. “Türk klubu”, “Müsəlman qadınlar klubu” teatrın formalaşmasında, intibah etməsində çox böyük rol oynamağa başladı. Teatrın kollektivində Yunis Nuri, Bala Əfəndiyev və xanımı Fatma xanım, Əkbər Rzayev və xanımı Firəngiz xanım, həvəskar artistlər Yusif Ziya, Abbasəli Axundov, Məşədi Rzayev, Əşrəf Yusifzadə, Həbib Məmmədzadə, Cəfər Əhmədov, Gövhər xanım və daha başqaları ilə yanaşı, Pənah xanın evində təşkil olunmuş “Müsəlman qadınlar klubunun” (sonralar o klub Klara Setkinin adını daşıyırdı) fəal üzvləri olan F.Rzayeva, F.Qədimova, F.Əfəndiyeva, L.Qazıyeva, M.Axundova və başqaları sözün əsl mənasında teatrın inkişafında və intibahında vicdanla çalışırdılar.
Teatrın kollektivi ideologiyaya xidmət edən əsərlərlə yanaşı, eyni zamanda həyati və bəşəri mövzulara da öz repertuarında yer ayırırdı. “Hacı Qara” (M.F.Axundov), “İblis”, “Şeyda” (H.Cavid), “Dağılan Tifaq” (Ə.Haqverdiyev), “Yağışdan çıxdıq, yağmura düşdük” (N.Vəzirov), “Nadir şah” (Nəriman Nərimanov), ”Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ər və arvad” (Ü.Hacıbəyov), “Aydın”, “Sevil” (C.Cabbarlı), “Zorən təbib” (J.B.Molyer) və sair və ilaxir, əsərlərə səhnə həyatı verildi...
Bütün bu və adını sadalamadığımız bir çox mükəmməl əsərlərin tamaşaya hazırlanması bir növ teatrın Dövlət statusuna gedən yolunda tutarlı addımlardan oldu.
Teatrın kollektivi respublikanın Pəmbək, Şirnak, Ağbaba, Göyçə, Zəngibasar, Vedibasar, Dilican, Qafan, Gümrü, İrəvan və başqa bölgələrində böyük maraq və həvəslə tamaşalar oynayırdı. Odur ki, 1928-ci il mart ayının 15-də Ermənistan Sovet Sosialist Respublikası İrəvanda fəaliyyət göstərən bu əzmkar teatra səyyar tipli (səyyar tipli əlavəsi sonralar teatrın qapadılmasında əsas rol oynadı!) İrəvanda Türk Dövlət Dram Teatrı statusu verdi. 1935-ci ildən isə teatr görkəmli ədib Cəfər Cabbarlının adını daşıdı. Bundan ruhlanan kollektiv özündə daha böyük güc taplayaraq Tiflis, Azərbaycan teatrları ilə sıx əlaqə yaratdı. Teatrın kollektivində çalışan Y.Nuri, M.Qaraxanov, Ə.Yusifzadə, H.İbrahimov, A.Dərzadova, A.Həsənov, H.İbrahimov, A.Şirinova, Z.Teryan, M.Əsgərov kimi püxtələşmiş sənətkarlarla birgə fəaliyyət göstərmək üçün, Q.Həqqi, X.İsmayılova, Q.Məlikov, İsmət Əliyeva və bir qədər sonralar İsmayıl Dağıstanlı, Ətayə Əliyeva, Həsən Mirzəyev, Kamil Qubuşov, Adil Əsgərov Kazım Ziya, Əli Zeynalov və daha başaqa bir neçə aktyorun bu teatrla əməkdaşlığına nail oldu. İrəvan Teatrının məktəbindən keçən həmin aktyorların bir qrupu sonralar Bakıya gələrək Azərbaycan Teatr salnaməsində böyük yaradıcılıq izi ilə sənət tarixi yaradan korifey sənətkarlar mərtəbəsinə yüksəldilər.
Sonra ikinci dünya savaşı başlandı. Bu savaşda da İrəvan Teatrı arxa cəbhədə gecə-gündüz çalışır, hazırlanan tamaşalarla çıxışlar edərək, insanları qələbəyə çağırır, vətənpərvərlik ruhunun yüksəldilməsi üçün əlindən gələni əsirgəmirdi. Lakin əvəzində SSRİ hökumətinin 21 noyabrda, xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan Sovet Sosialist Respublikasına köçürülməsinə dair qəbul etdiyi qərar az sonra azərbaycanlilarin Ermənistan Respublikasından köçürülərək doğma vətəndən didərgin salınmasına, İrəvan Teatrının isə qapanmasına zəmin yaratdı. 1947-ci il dekabr ayının 23 də SSRi hökuməti 100 min azərbaycanlının Ermənistandan köçürülməsinə dair qərar qəbul etdi. Ermənistandan köçürülən azərbaycanlıların evlərində isə xaricdən gələn ermənilərin yerləşdirilməsi iznini verdi. Bu qərar orada qalan azərbaycanlıların həyat və yaşam tərzinə böyük mənfi təsir göstərdi. İnsanlar ruhdan salındı. Pedoqoji texnikum, 600 tələbənin təhsil aldığı Kənd Təsərrüfatı Texnikumu, X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji institutunun 600 azərbaycanlı tələbəsi təhsil alan Azərbaycan şöbəsi bağlandı. Bu ağır mənəvi-psixoloji mühitin təsirindən ruhdan düşməyən İrəvan Teatrı fəaliyyətində səngiməsə də, 1949-cu ilin sentyabr ayında statusu Xalq teatrı statusuna endirilməklə, “səyyar tipli” əlavəyə istinadən Ermənistan Respublikasının ucqar rayonlarından olan Basarkeçər rayonuna, sözün əsl mənasında sürgün edildi. Lakin bu fəaliyyəti də onlara çox görən Ermənistan hökuməti 1951-ci ildə teatrı tamamilə bağladı.
Bir damla zərrəsi qalana qədər sıxışdırılmasına baxmayaraq bu əzmkar sənət ocağı hər bir çətinliyə qəhrəmancasına sinə gərdi. Öz zərrəsinin işiğına yol alaraq, 1967-ci ilə qədərki bir tarixi fasilənin ağır günlərində öz nəfəsinin hənirtisinə qızındı, yaşadı və yaratdı. Teatrın kollektivi əvvəlcə Yeni Areş qəsəbəsinə, sonra isə İrəvan şəhərinə yaxın olan Zəngibasar (Masis) rayonundakı mədəniyyət evinə sığındı. Teatrın bu “boranlı”, “şaxtalı” dövründə öz sənət ocaqlarını sönməyə qoymayan rejissor Baxşı Qələndərli, Əli Şahsabahlı, aktyorlardan Şövkət Əliyeva, Abbasqulu Tağıyev, Cəmil Əliyev, Hüseyn İsmayılov və başqaları teatrın ənənələrini davam etdirdi, yeni tamaşalarla öz sevimli tamaşaçılarını sevindirdilər.
1967-ci il. Qaranlıq illərin işıqlı sabahı. İrəvan Dövlət Azərbaycan Dram Teatrının üzünə yeni günəş doğur. Bu günəş 1988-ci ilə qədər öz şöləsi ilə üfüqlərdə parlayır. 1967-ci ildə yenidən dövlət statusu ilə bərpa olunan bu qəhrəman teatrın əzmkar kollektivi ağ günə çıxır. Bərpası böyük təntənə ilə başlayır. Teatra, teatrın formalaşmasında vaxtilə böyük xidmətlər göstərmiş Yunis Nurinin oğlu Əziz Süleymanov direktor təyin olunur. Teatrın qocaman sənətkarı Cəmil Əliyev, təcrübəli və istedadlı aktyor Abbasqulu Tağıyev, həvəskar artistlər Səməd Abbasov, Raya Qafarova və başqaları ilə yanaşı, Bakıdan, Gənc Tamaşaçılar Teatrının aktrisası Tamilla Abdullayeva, Zərnişan Fətəliyeva, Zemfira Sadıqova, Naxçıvan Dövlət Musiqili Dram Teatrından Aydın Şahsuvarov, Zemfira Əliyeva, Gəncə Dövlət Dram Teatrından Nisə Rzayeva teatrın truppasına dəvət olunurlar. Daha sonra kollektivi dirçəltmək məqsədi ilə Bakıdan, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsinin məzunları qrup şəklində, başda rejissor Nəsir Sadıqzadə olmaqla İrəvana göndərilirlər. Az sonra isə Cahid Hilaloğlu və Rəhim Rəcəbov da truppaya qəbul olundular İlk tamaşa teatrın adını daşıdığı ölməz Cəfər Cabbarlının “Sevil” əsər oldu.
Az zaman kəsiyində bu üsulla teatrda istedadlı, sağlam kollektiv yarandı. Lakin yenicə fomalaşmağa başlayan heyət yavaş-yavaş dağılmaq təhlükəsi ilə üzləşdi. Teatrın rəhbərliyi fəaliyyətində yarıtmazlığa yol verdi. Teatrı dağılmaq təhlükəsindən xilas etmək üçün gənc jurnalist Hidayət Orucav teatra direktor vəzifəsinə təyin olundu. Hidayət Orucov təcrübəsizliyinə baxmayaraq, az vaxt içində teatrın daxili nizam-intizam qaydalarını bərpa etdi, işi tənzimləyə bildi. Yeni rəhbərliyin səyi ilə teatrın repertuarı il-ildən zənginləşdi. Teatra yeni müəlliflər cəlb olundu. Bir-birinin ardınca maraqlı tamaşalar hazırlandı. Beləliklə, teatr bölgədə böyük nüfuza malik olan bir sənət ocağı səviyyəsinə qədər yüksəldi.
1978-ci ildə dövlət statusu almasının 50 illik yubileyi İrəvanda və Bakıda təntənəli şəkildə qeyd olundu. O vaxtlar Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə həyata keçən Bakı qastrolu zamanı teatrın bir qrup aktyoru Azərbaycan Respublikasının fəxri adları ilə təltif olundu.
Fəaliyyətini yenicə yetginləşdirmiş İrəvan Tetarının başı üzərində növbəti dəfə qara yellər əsməyə, qara buludlar görünməyə başladı.
1988-ci il hadisələri zamanı teatr bütün həmvətənliləri ilə bərabər tarixin növbəti sınağı ilə üz-üzə qalaraq, yenidən mühacirət etməli oldu. Həmin ildə Azərbaycan Respublikasının Neftçala rayonunda qastrol səfərində olan kollektiv getdikcə şiddətlənən hadisələr nəticəsində İrəvana dönə bilmədi. Bir təhər ələ keçən bəzi şəxsi əşyalarını götürüb Azərbaycana pənah gətirmək məcburiyyətində qalan bütün azərbaycanlılar kimi İrəvan Teatrının kollektivi də bütün əmlakı əlindən alınmaqla doğma yurd-yuvasından didərgin salındı. Tarix bu teatrı bir neçə dəfə bu cür sınağa çəkmişdi. Ona görə də belə ağır günlərin girdabına tuş gələn bu ölməz sənət məbədi özündə yenidən güc topladı, fəaliyyətini Azərbaycanda davam etdirmək üçün səfərbər oldu. Əvvəlcə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəzdində “Teatr-studiya” kimi fəaliyyətlərini davam etdirməyə başladı. Beləcə, yarandığı gündən həmişə keşməkeşlərdə olmuş bu qəhrəman teatr Bakıda yeni həyata başladı.
Teatrın ilk illərdəki fəaliyyəti bir qədər çətin oldu. Xırdalan qəsəbəsinin Mədəniyyət Sarayında hərdənbir köhnə tamaşalarını oynadı. Sönra ulu öndər Heydər Əliyevin böyük qayğısı ilə 31 avqust 1994-cü il tarixdə Nazirlər Kabinetinin qərarına əsasən İrəvan Teatrının kolletivi yenidən, bu dəfə Müstəqil Azərbaycan Dövlətinin Dövlət statusunu qazandı. Bakıda Sarabski adına Mədəniyyət Evində yerləşdirildi. Teatr 2000-ci ilə qədər, bir-iki tamaşanı çıxmaq şərti ilə əsasən köhnə repertuarını bərpa etməklə məşğul oldu. 12 ildə köhnəli-təzəli cəmisi 15 tamaşa hazırlandı. Bu da teatrın fəaliyyətində durğunluq yaratmağa başladı. Sanki 1967-ci ildəki vəziyyət təkrar olunurdu. Bundan narahat olan kollektivin üzvlərinin əlləri işdən soyuyaraq özlərinə başqa iş yerləri axtarmağa başladılar. Hətta bir neçəsi teatrdan uzaqlaşdılar. İctimai rəy artıq bu teatrın fəaliyyətinin müzakirəsinə qalxmışdı. Böyük tarixi keçmişi və özünəməxsus ənənəsi olan bu sənət ocağının bu vəziyyətə düşməsi heç şübhəsiz ki, teatr ictimaiyyətini və Mədəniyyət Nazirliyini də narahat edirdi. Odur ki, vəziyyətin dərinləşməməsi üçün dərhal teatrda kadr islahatlarına başlandı. O zaman mən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tapşırığı ilə Tiflis Dövlət Azərbaycan Dram Teatrının bərpasına rəhbərlikdən yenicə öz missiyamı bitirərək Bakıya dönmüşdüm. Gözlənilmədən hörmətli nazir Polad Bülbüloğlu məni bu qədim sənət ocağına direktor vəzifəsinə təyin etdi. Teatra nəzarət artırıldı, biz dərhal geniş islahatlara, quruculuq işlərinə başladıq. Daxili nizam-intizamı sabitləşdirdik. İstedadlı gənclərlə truppanı gücləndirdik. Yeni dramatirqlarla yaradıcılıq tandemi qurduq. Respublikanın ən nüfuzlu teatrlarının rejissorlarından V.Əsədov, H.Atakişiyev, B.Osmanov, M.Fərzəlibəyov, O.Qurbanov, F.Məhərrəmov, G.Ömər kimi sənətkarların bu teatrda tamaşalar hazırlaması üçün onların oraya cəlb olunmasını təmin etdik. Bakı teatrlarının müqtədir sənətkarlarını kollektivimizə cəlb etdik. Repertuarı zənginləşdirldik və s...
Beləliklə, 2000-ci ildən İrəvan Teatrının fəaliyyətində ciddi dəyişiklik yarandı. Teatrın tarixində ümumən 400 yaxın tamaşa hazırlanmışdırsa, onun 100-ə yaxını məhz həmin vaxtdan bu günə qədərki dövrü əhatə edir. Bir-birinin ardınca hazırlanan yeni, yüksək zövqlü, maraqlı tamaşalar teatrın şöhrətini öndə gedən teatrlar sırasına qaldırdı. Respublika miqyaslı qastrol səfərlərinin təşkili bölgələrdə yaşayan tamaşaçıların diqqətini özünə cəlb elədi. Dövrü mətbuat, radio və televiziya kanalları İrəvan Teatrının maraq doğuran fəaliyyəti barədə tez-tez yazılar yazdı, süjetlər təqdim etdi.
Çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq teatr beynəlxalq layihələr həyata keçirməyə başladı. Rəngarəng repertuarı ilə tamaşaçı kütləsinin istiqamətini teatrın salonuna cəlb etdi.
S.Rəhmanın “Yalan” (30 noyabr, 2000), Hidayətin “Məhəbbət yaşayır hələ” (29 oktyabr, 2000), “Durnalar qayıdanda” (1 may, 2001), “Bu dünyanın adamları” (21 fevral, 2006), A.Rəhimovun “Əsgər anası” (28 dekabr, 2000), “Məhəbbət və cinayət” (22 fevral, 2003), “Pul hərisləri” (10 aprel. 2004), R.İbrahimbəyovun, “Qum üstündə ev” (14 noyabr, 2001), Anarın “Telefon gecələri” (8 iyun, 2001), “Təhminə və zaur” (2007), K.Abdullanın, “Elə bil qorxa-qorxa” (22 iyun, 2002), Ə.Əmirlinin “Müqəddəs Valentin günü” (15 noyabr, 2003), İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” (20 iyun, 2003), “Unuda bilmirəm” (22 dekabr, 2004), “Boy çiçəyi” (2007), M.B.Marinyenin, “Oğru” (23 mart, 2003), Ə.Nesinin, “Toros canavarı” (16 noyabr, 2004), C.Okarnaççinin və R.Farabuzinin “Sənətim cəmiyyət sinyorudur. (11 aprel, 2004), A.Çexovun “Elçilik (Təklif)” (22 noyabr 2004), A.Makoyonokun (3 iyun 2005), Elçiinin “Poçt şöbəsində xəyal” (10 dekadr, 2005), “Qatil” (1 mart, 2010), Ü.Hacıbəyovun “O olmasın, bu olsun” (14 mart, 2006), (2007), E.Hüseynbəylinin “Hamının günahı” (2007), “Adəm və Həvva” (2009), İ.Məlikzadə və S.Ələsgərovun, “Subaylarınızdan görəsiniz” (2007), A.Babayevin “Xilaskar” (3 may, 2009) və bir çox başqa müəlliflərin əsərlərindən ibarət bir-birindən maraqlı primyeralar oynanıldı.
Bu uğurlu fəaliyyət Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı ilə dəyərləndirildi. 30 avqust 2006-cı il tarixdə imzaladığı sərəncama əsasən, 2007-ci il oktyabr ayının 16-da Bakıda təntənəli şəkildə 125 illik yubileyi keçirildi. Elə həmin gündə ölkə başçısının imzaladığı növbəti ali sərəncam llə teatrın bir qrup sənətkarları fəxri adlarla təltif olundu. Yubileydən bir neçə gün sonra, 18-25 noyabr tarixlərində, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə, yubiley tədbirləri planı çərçivəsində teatrın kollektivi Türkiyə Cümhuriyyətinin İzmir, Manisa, Niğdə şəhərlərinə 10 günlük səfər etdi. Səfərdə Ü.Hacıbəyovun “O olmasın, bu olsun” tamaşası əsasında hazırlanmış “Məşədi İbadın toy mərasimi” musiqili məzhəkə-komediyası və müəllifi olduğum “Müstəqil Vətənin Memarı” ədəbi-bədii kompazisiyası türk tamaşaçılarına təqdim olundu. Hər iki tamaşa haqqında yerli mediya orqanları geniş məqalələr dərc etdilər, rəngarəng süjetlər göstərdilər.
2008-ci il fevral ayının 8-də ölkə rəhbərinin diqqət və qayğısı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin növbəti, 47 “S” saylı sərəncamına əsasən Binəqədi rayonu ərazisində yerləşən Mədəniyyət Sarayı hüquqi ünvan olaraq C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verildi. Əslində bu tetarın İrəvandakı fəaliyyəti dövründə heç vaxt öz binası olmamışdır. Baxmayaraq ki, o torpaqlarda azərbaycanlıların özü kimi tetarlarının tarixi də ermənilərin oraya gəlişindən və teatrlarından tarixindən daha qədimdir, Ermənistan dövləti heş vaxt bu kollektivin rahat, arxayın fəaliyyət göstərməsinə heç bir şərait yaratmamışdı. Həmişə iynə üstündə saxlamışdı. İndi isə Azərbaycan dövlətinin qayğısı ilə əzm və fədakarlıqla sənət nümunələri yaradan, bu gün də bənzərsiz fəaliyyəti ilə öndə gedən teatrlar sırasında uğurla çalışan bu sənət məbədi yaşayır və intibah edir. Teatr paraleldə bir neçə əsərin məşqlərini aparır, eyni zamanda qastrol səfərləri həyata keçirir və Beynəlxalq lyihələrdə iştirak edir.
Teatr 22-24 fevral 2009-cu il tarixdə, müəllifi olduğum “Körpü” əsəri ilə, 29 nəfərlik bir heyətlə, 3 gün müddətinə Tiflis şəhərinə ezam olunaraq Qafqaz miqyaslı “Qafqazda sülh tərəfdarıyıq” adlı bir layihə həyata keçirdi. Tamaşa sülh və barış kontekstində olan bir mövzuya həsr olunmuşdu. Tamaşada İrəvan Teatrının kollektivi ilə yanaşı Bakının Dövlət Gənc Tamaşaçılar, Dövlət Gənclər, S.Vurğun adına Dövlət Rus Dram, Sumqayıt Dövlət Musiqili Dram teatrlarının aktyorları və H.Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram, K.Qamsaxurdiya adına Suxumi Dövlət Dram (Gürcüstan Respublikasının bu teatrı da İrəvan Teatrı kimi didərginlik həyatı yaşayır.) və Dağıstan Respublikasından Dərbənd Ləzgi Dövlət Musiqili Dram teatrlarından Turqay Vəlizadə, xalq artisti, Dövlət və Şota Rustaveli mükafatları laureatları, Suxumi Teatrının bədii rəhbəri Dimitri Caiani və Dağıstan Respublikasının əməkdar artisti Ağaxan Ağaxanov iştirak edirdilər. Layihəyə əsasən ilk premyera Bakıda, ikinci premyera isə Gürcüstan Respublikasının Tbilisi şəhərində, Marcanişvili adına Dövlət Akademik Dram Teatrının səhnəsində oynanıldı. Daha sonra 25 noyabr – 4 dekabr tarixlərində A.Babayevin “Xilaskar” və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsərləri ilə, 18 nəfərdən ibarət bir heyətlə Gürcüstan Respublikasına növbəti səfərini etdi. 15-28 mart 2010-cu il tarixdə Türkiyə Cümhuriyyətinin İstanbul və Manisa şəhərlərində Türk Teatrları ilə birgə hazırlanan “Çanaqqalaya can verənlər” beynəlxalq layihədə iki nəfər aktyorla və yenə də nazirliyin layihəsi ilə 14-27 mart 2010-cu il tarixdə 19 nəfərdən ibrət bir heyyətlə A.Babayevin “Xilaskar”, xalq yazıçısı “Elçinin “Qatil”, şair-dramaturq Hidayətin “Bu dünyanın adamları” və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsərləri ilə Dağıstan Respublikalarında, geniş tərkibli heyətlə, hər birində iki həftə davam edən, qastrol səfərlərini uğurla həyata keçirdi.
Sonrakı illərdə bu qədim sənət ocağı dəfələrlə Gürcüstan, Dağıstan Respublikalarında və Türkiyə Cümhuriyyətinin ən böyük şəhərlərində genişmiqyaslı, uzun müddətli və böyük heyyətlə qastrol səfərlərində oldu. Qarabağ və İrəvan həqiqətlərini təbliğ və təşviq etdi. H.Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət! Beynəlxalq təbliğat və təşviqat kompaniyası”na qoşularaq Gürcüstanda və Türkiyədə müəllifi olduğum “Soyqırımı tarixinin dastanı”, N. Dumbadzenin “Didro” əsərləri ilə geniş təbliğat işləri apardı. Ulu öndərlər M.K.Atatürk və H.Əliyev fenomenlərinin müqəddəs məfkurələrini canlandıran D.Çizməli və P.Çələbioğlunun qələmə aldıqları “Cümhuriyyətin ilk sədası və müəllifi olduğum “Nurlu ömrün anları”, eləcə də, A.Babayevin “Xilaskar” tamaşaları ilə beynəlxalq miqyaslı sənət görüşləri həyata keçirdi, maraqlı teatr hadisələrinə imza atdı.
Onu da demək yerinə düşür ki, bu qocaman sənət ocağının Türkiyə Cümhuriyyətinə hər dəfəki səfəri zamanı müxtəlif dövrlərdə Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrdən didərgin düşmüş soydaşlarımızla görüşərkən heyrətamiz mənzərə canlanırdı. Bütün şəhərlərdə gəlişimizi səbirsizliklə gözləyən Qərbi Azərbaycanlılar bizi sanki hər biri öz obası, eli kimi qəbul edirdi. İrəvanlılar bizə İrəvan, Göyçəlilər Göyçə, Amasyalılar Amasya, Gümrülülər Gümrü və s. kimi yanaşır, bağırlarına basır, dəyər verirdilər. Hər görüşün öz ürək parçalayan bir mənzərəsi vardı. Doğma yurd yerlərinə dönmək arzularını həyəcanla və ehtirasla bizə bildirən həmin insanlar sanki bizdə bir ümid işığı axtarırdılar. Bu gün bu məsələnin çox priaritet olduğu bir zamanda məhz İrəvan teatrının varlığı və xarici səfərləri ilə meydana çıxan fövqəltəbii təbliğat hünəri “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası çərçivəsində unikal, canlı gerçəklikdir.
Hazırda 140 illiyini təntənəli şəkildə keçirilməsi üçün imzalanmış Prezident sərəncamından irəli gələn məsələlərin həllini tapması üçün ciddi hazırlıqlar ərəfəsində olan bu əzmkar sənət ocağı çalışmalarını intensiv şəkildə davam etdirir.
Mən çox böyük ümidlə inanıram ki, qloballaşan sivil dünyada, Tanrı övladları İNSAN meyarının aliliyinin mahiyyətini dərk edəcək, “didərgin” anlayışı “sülh və barış”la əvəz olunacaq, firavan yaşamaq üçün insanlarda təfəkkür sivilizasiyası canlanacaq və İrəvan Tetarı da çoxdandır pərən-pərən düşmüş, həsrətində olduğu sevimli tamaşaçıları ilə, pərvəriş tapdığı doğma vətənində nəfəs-nəfəsə dayanaraq öz sənət nümunələri ilə yenidən onların xidmətində duracaq, yenə də bütövlükdə Qərbi Azərbaycanı qarış-qarış gəzərək öz doğma yurddaşlarına səmərəli xidmət göstərəcəkdir!
Qocaman sənət ocağımızın fədakar və əzmkar kollektivi ölkə Rəhbərimizin bu istiqamətdə formalaşdırdığı işıqlı ideologiyaya böyük ümidlərlə baxır, bütün konturlardan arzusunda olduğumuz bu mühüm haduisənin məhz Qarabağımızın özümüzə qaytarıldığı gerçəkliyi qədər inanır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!