Bu günlərdə görkəmli teatr xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin "İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi" (Bakı, "Apostrof-A" nəşriyyatı, 2023) elmi-tarixi, publisistik monoqrafiyası çap olunub. İrəvan Dövlət Azərbaycan Dram Teatrı milli səhnə sənətimizin tarixi salnaməsində xüsusi yer tutan sənət ocağıdır. Özünün yaradıcılıq və üslub forması olan, mürəkkəb, ziddiyyətli proses keçən İrəvan Teatrının tədqiqi çox vacib məsələdir. Bu teatr, aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanıb. Bu mənada, təqdim olunan "İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi" adlı kitab günümüz üçün çox aktualdır. Araşdırmanın maraqlı cəhətlərindən biri odur ki, maraqlı tərtibatı ilə diqqət çəkən monoqrafiya İrəvan Azərbaycan Teatrının 142 illik böyük sənət və mübarizə tarixini əks etdirən monumental epopeyadır.
Burada teatrın yaranma tarixi, uğurlu nailiyyətləri, teatrın təşəkkülündə mütərəqqi ziyalıların rolu təhlil edilir. Eyni zamanda teatrın inkişaf dövrü, repertuarı, dörd dövrü əhatə edən yaradıcılıq mərhələləri öz əksini tapır.
Monoqrafiyanın "Oğuz elinin alınmaz qalası, əbədi dünyası İrəvan xanlığı" adlanan birinci fəslində İrəvan Teatrının təşəkkülü və formalaşması, teatrın yaranmasında mütərəqqi ziyalıların rolu; Teatrın 1882-1927-ci illər repertuarı; ilk dram əsərlərimizin səhnə təcəssümləri; 1928-1948-ci illər arasında Azərbaycan və dünya dramaturqlarının əsərlərinin İrəvan Teatrı səhnəsində oynanılan tamaşaları təhlil edilir.
"Teatrın dirçəliş dövrü" adlanan ikinci fəsildə 1967-89-cu illər arasında teatrın dirçəliş dövrünə qədər keçdiyi yola nəzər salınır; repertuarı panoramı və peşəkar fəaliyyətinin yenidən qurulması incələnir; zamanla üz-üzə dayanan İrəvan Teatrının 50 illiyinin İrəvanda və Bakıda təntənəli yubileylərinin keçirilməsi; 1985-88-ci illər arasındakı repertuara nəzər yetirilir; deportasiyaya məruz qalan İrəvan Teatrının məşəqqətli həyat tarixçəsinin mühüm məqamlarına diqqət yönəldilir.
Kitabın "1989-2023-cü illər"i əhatə edən üçüncü fəslində Teatrın deportasiya həyatına; 2000-ci ildən başlanan yeni sənət uğurlarına; 125 illik yubileyinin keçirilməsinə; Türkiyə Cümhuriyyətinə ilk qastrol səfərinin yaradıcılıq panoramına; teatrın müasir sənət uğurlarına, yeni premyeralarına nəzər yetirilir.
"Beynəlxalq layihələr - milli ideoloji təbliğat", Qafqazda sülh və barış, İrəvan gerçəklikləri; Qərbi Azərbaycan və Qarabağ həqiqətləri kontekstində qastrol səfərləri" adı ilə təqdim edilən elmi araşdırmanın dördüncü fəslində Gürcüstana və Dağıstana qastrol səfərləri; Binəqədi Rayon İcra Hakimiyyəti ilə həyata keçirilən müştərək layihələrdə iştirakı; 130 illik yubileyinin Türkiyə Cümhuriyyətində təntənəli qeyd olunması; Böyük, uğurlu layihə: "Türkiyə - Azərbaycan kültür və sənətdə "DEV" qardaşlıq və candaşlıq layihəsi"ndə əldə etdiyi misilsiz uğurlar əhatəli və geniş şəkildə diqqətə çatdırılır.
Tədqiqatın "Qastroloqrafiya" bölümündə İrəvan Teatrının qastrol coğrafiyası detallı formada sərgilənir; həmçinin arxivlərdən toplanmış İrəvan Teatrının tarixinə həsr olunmuş məqalələrə də geniş yer verilir. Xarici qastrollar, afişalar və tarixi şəkillər, eyni zamanda beynəlxalq layihələr haqqında məlumatlar xüsusi maraq doğurur. İrəvan Teatrının müasir tarixinin əks olunduğu internet resursları, teatrın tamaşalarına aid sosial şəbəkələrdə yerləşdirilən materiallar - bütün bunlar, həm teatr tədqiqatçıları üçün, həm də geniş oxucu kütləsi üçün nadir, dəyərli materiallardır. Tarixilik nöqteyi-nəzərindən də bu kitabda cəm olunmuş faktlar İrəvan həqiqətlərinin, Qərbi Azərbaycandan məcburən köçürülmüş soydaşlarımızın, tarixən, həmin ərazilərdə yaşadıqlarını sübut edən dəlillər kimi dəyərli hesab olunur. Kitabın dili oxunaqlı, ədəbiyyat siyahısı zəngindir. Düşünürəm ki, belə bir əsərin işıq üzü görməsi mədəniyyət və incəsənət istiqamətli təhsil müəssisələri üçün, Azərbaycan teatr tarixini öyrənən gələcək tədqiqatçılar üçün dəyərli material olacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!