«Stalinin öpüşü və ya staxanovçu Fatimə» - Abid Tahirli yazır

Bir sinopsisin taleyi

 

Azərbaycanın bolşeviklər tərəfindən işğalının ilk illərindən mühacirətdə ömrünün sonunadək sovet rejimi və kommunist ideologiyasına qarşı mücadilə aparan, eyni zamanda milli-mədəni irsimizin xarici ölkələrdə layiqincə təbliğinə, tanıdılmasına çalışan Ceyhun Hacıbəyli yaradıcılıq imkanlarından, istedadından gen-bol bəhrələnmiş, istifadə etmişdir: Azərbaycan, fransız, rus dillərində publisistik və bədii əsərlər yazmış, tərcüməçiliklə məşğul olmuş, qəzet, jurnal redaktoru kimi antisovet təbliğatında mühüm rol oynamışdır.

Yanılmıramsa, Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli sinopsisin müəllifi də Ceyhun Hacıbəylidir. Sinopsis yunan sözüdür, «bir baxışla oxuna bilən» mənasını verir, Avropada, o cümlədən Fransada filmin ssenarisinin ilkin mərhələsi, yaxud xülasəsi anlamında işlədilir. Sinopsis oxucuda gələcək film haqqında, onun mövzusu, məzmunu, ideyası barədə müəyyən təəssürat yaradır, ssenarist üçünsə sinopsis, müasir dillə desək, bir növ «yol xəritəsi»dir, filmin süjet xəttini cızan, göstərən mətndir, onun əsasında filmin ssenarisi ərsəyə gəlir. Burada bədii təsvir və ifadə vasitələrindən, dialoqlardan, monoloqlardan istifadə edilmir, qısası, ssenarinin, belə demək mümkünsə, eskizidir, «quru» mətndir.

Ceyhun Hacıbəylinin sinopsisi «Stalinin öpüşü və ya staxanovçu Fatimə» adlanır. 1950-ci illərdə qələmə alındığını ehtimal etdiyimiz əsər fransız dilindədir (ARDƏİA, fond-649, siyahı 1, saxlama vahidi 10). Onu fransız dili üzrə tanınmış mütəxəssis Mirzəbala Əmrahov dilimizə çevirmiş və Ceyhun Hacıbəylinin bir neçə əsərinin toplandığı kitaba daxil etmişdir. 

Yuxarıda qeyd etdiyimiz kimi, yazı sırf texniki mətn olsa da, burada heç bir bədii ifadə və təsvir vasitələrindən istifadə edilməsə də, onun qısa məzmunu, gələcək filmin xülasəsində bir-birini sürətlə əvəz edən hadisələrin dramatizmi, insanlararası münasibətlərin gərginliyi, rejimin nökərləri və eyni zamanda qurbanlarının acı, ağır taleyi, sadə, zəhmətkeş insanların kölə həyatı, ülvi, təmiz məhəbbətin ayaqlar altına atılması və s. oxucu qəlbini riqqətə gətirir, onu sarsıdır, düşündürür..

Sinopsisin əvvəlində təqdim edilən personajların siyahısından bəlli olur ki, gələcək filmin obrazlar qalereyası rəngarəngdir və  demək olar ki, cəmiyyətin bütün təbəqələri burada təmsil olunmuşdur: kolxoz sədrindən, respublika partiya təşkilatının Birinci katibindən tutmuş Stalinədək inzibati-idarəetmə aparatının bütün strukturlarının rəhbərləri, sıravi kolxozçular, pambıqçılar, eşq-məhəbbət odu-alovu ilə yanan gənclər gələcək əsərin-kinonun qəhrəmanlarıdır.

Ceyhun Hacıbəylinin qeydindən məlum olur ki, hadisələr 1934-1938-ci illərdə Özbəkistanda baş verir. Bəri başdan qeyd etmək yerinə düşər ki, təsvir olunan hadisələr yazıçı təxəyyülünün, fantaziyasının məhsulu deyil və müəllif əsərin faktlar əsasında qələmə alındığına özü də dəfələrlə işarə vurur. Təbii sual yaranır: Parisdə, yaxud Münhendə yaşayan mühacir yazıçı «dəmir pərdə»nin içərisində cərəyan edən hadisələri, rejimin milli, dini, iqtisadi siyasətini, onun antibəşəri mahiyyətini, fəsad və faciələrini necə görə bilərdi? Mühacirlər öz xatirə və qeydlərində göstərirlər ki, sovet rejiminin çürüklüyünü, antihumanist simasını tənqid edərkən tutarlı və təkzibolunmaz faktlara, müxtəlif yollarla Sovet İttifaqından əldə etdikləri qəzet, jurnal materiallarına, sənədlərə istinad edir, əsaslanırlar. Sovet mətbuatının yazdıqlarından məhkəmə materiallarından, «əksinqilabçıları ifşa edən» məqalələrdən, «sosializm yarışını», «staxanovçuluq hərəkatını» mədh edən reportajlardan mühacirlər güclü əks-təbliğat vasitəsi kimi istifadə edir, rejimin və kommunist ideologiyasının perspektivsizliyini açıb-göstərirdilər.

Sinopsislə tanışlıqdan hiss olunur ki, Ceyhun Hacıbəyli mövzunu dərindən mənimsəmiş, «sosializm yarışı»nı, «staxanovçuluq hərəkatı»nı, rejimin əksinqilabçılarla mübarizə metodlarını diqqətlə və dərindən öyrənmişdir. Ceyhun Hacıbəyli gələcək kinonun qısa məzmununu elə inandırıcı, əminliklə qələmə almışdır ki, o sanki Parisdə, Münhendə yox, elə Daşkənddə yaşayır, hadisələri öz gözü ilə görür, onlara şahidlik edir.

Əsərin əsas obrazlarından biri Zahid basmaçıların Sovet hakimiyyətinə qarşı mübarizəsi zamanı öz komandiri İbrahim bəyə xəyanət edir və onu bolşeviklərə təslim edir. Əvəzində bolşeviklər onu mükafatlandırır, partiya sıralarına qəbul edir və o, «Lenin yolu» kolxozuna sədr təyin olunur. «Pambıq uğrunda mübarizə SSRİ-nin imperialistlərə qarşı mübarizəsinin tərkib hissəsidir» şüarı altında Özbəkistanda pambıqçılığın sürətlə inkişafına çalışan rejimin nökərləri heç nəyi nəzərə almadan, hətta cücərmiş taxıl sahələrini şumlayaraq pambıq toxumlarını əkdirir, etiraz edən kəndliləri traktorların tırtılları altında əzdirir, yaxud «QPU»-ya təslim edirlər. Bu işdə xüsusi canfəşanlıq edən kolxoz sədri Zahidə qarşı kəndlilər sui-qəsd hazırlayıblar, son anda Zahidin qızını saf məhəbbətlə sevən Şarip onu ölümün pəncəsindən xilas edir.

Özbəkistanda pambıqçılığın inkişafına əngəl törədən üsyançıları zərərsizləşdirmək üçün SSRİ Ali Soveti İcraiyyə Komitəsinin sədri, Dövlət Plan Komitəsinin və Nəzarət Komitəsinin sədri, Siyasi Büronun üzvü Kuybışev bu respublikaya ezam olunur. Görülən tədbirlər nəticəsiz qalır: pambıq istehsalı artmır. Mərkəz başqa vasitəyə əl atır. Kremldə Stalinin yanında «zərbəçilərin», «staxanovçuların», «sosializm yarışının qaliblərinin» toplantısı keçirilir. Zərbəçilərin sırasında Zahidin qızı Məsləhət də var. Atası öz mövqeyindən istifadə edib, Məsləhəti də «staxanovçu»lar siyahısına salmışdır. Toplantıda Stalin Məsləhəti öpür və ona qızıl qolbaqlı saat hədiyyə edir. Rəhbərin bu iltifatı Zahid yoldaşın ailəsinin başını tamamilə gicəlləndirir, onlar xudpəsəndlik və özündən müştəbehlik xəstəliyinə düçar olurlar.

Zahidi yuxarı çəkir, ona yeni vəzifə verirlər, o, rayon İcraiyyə Komitəsinin sədri olur. Artıq hamı Zahidlə qohum olmağa can atır. Zahidin həyat yoldaşı Əminə də ərinin bu «uğurlarından» başını itirmişdir. İş o həddə çatır ki, qızı Məsləhəti dul qadın Səltənətin oğlu Şaripə verməyəcəyini, eyni zamanda oğlu Yusupa da Səltənətin qızı Fatiməni almayacağını həyasızcasına bəyan edir, halbuki uşaqlar hələ körpə ikən valideynlər bu izdivacı üçün xeyir-dua vermişlər. Məsləhətdən fərqli olaraq Fatimə çox məyusdu. O, bütün varlığı ilə Yusupu sevir. Yusup qəlbinin dərinliklərində Fatiməni sevsə də, ata-anası kimi o da yolunu azmış, harınlamışdır. İçkiyə meylini salan Yusup bir dəfə sərxoş vəziyyətdə Fatiməni zorlayır.

Hadisələrin axarı tədricən dəyişir. Stalin rejimində «əksinqilabçı», «sabotajçı», «qiyamçı», «xalq düşməni» ovu başlayır. Zahid heç demə, basmaçılarla xarici dövlətlərlə əlbir olub Özbəkistanın SSRİ tərkibindən çıxmasına çalışır. Tələm-tələsik yaradılan xüsusi məhkəmə Zahidi mühakimə edir, o, ölüm cəzasına məhkum olunur və Zahid dərhal da güllələnir. Heç kim Zahidi və «xalq düşməni»nin ailəsini müdafiə etmir, hamı onlardan qaçır. Fatimə ümidsizliyə qapılır. Bu arada ölkəni növbəti «sosializm yarışı» dalğası bürüyür. Fatimə də bu yarışa qoşulmağı, bununla da Sosialist Əməyi Qəhrəmanı adını qazanıb, hansısa məmurun, yaxud partiya rəhbərinin əlində oyuncaq olmaqdan sığortalanmağı, eyni zamanda imtiyazlı şəxs kimi köhnə sevgilisi Yusupun əfv edilməsinə nail olmağı qərara alır. Rəfiqələrinin, anasının dediklərinə baxmayaraq, ac-susuz, gecə-gündüz tarladan çıxmır, pambıq toplayır. Qəzetlər yarışın gedişini gen-bol işıqlandırır, qabaqcılların ünvanına təriflər yağdırılır. Fatimə daha da həvəslə çalışır. Günlər keçdikcə bir tərəfdən gərgin iş rejimi, digər tərəfdən hamiləlik Fatiməni taqətdən salır, o pambıq cərgələri arasında həbsxanadan qaçmış Yusupun qolları arasında canını tapşırır. Əsərdə sadə və zəhmətkeş xalq kütləsinin başına oyun açılmasında rejimin alətləri və nökərləri - erməni Apresyan Özbəkistan Daxili İşlər və Dövlət Təhlükəsizliyi komissarı, onun müavini Leonov, Özbəkistan Kommunist Partiyasının Birinci katibi Akmal İkramov, Xalq Komissarları Sovetinin sədri Fayzulla Hocayev və b. kimi personajların da canlandırılması nəzərdə tutulur.

Sinopsisdə gələcək kinodakı səhnələr də qeyd olunmuşdur: Kremldə Stalinin iştirakı ilə kolxozçuların mükafatlandırılması, Kuybışevin Özbəkistandan qayıdandan sonra müəmmalı ölümü, sosializm yarışında geri qalan kolxozçulara qarşı amansız tədbirlər, pambıq yığımı mövsümündə zorakılıqla əhalinin səfərbərliyə alınması, südəmər körpəli anaların, uşaqların, yaşlıların məcburən pambıq yığımına cəlb olunması, basmaçıların reydləri, döyüşlər və s.

Sinopsisdəki maraqlı məqamlardan biri Fatimənin sosializm yarışı zamanı digər rəqiblərinin nəticələri ilə maraqlanmasıdır. O, nəinki öz ölkəsində, eləcə də Azərbaycanda pambıq yığımının gedişi, oradakı rekordla maraqlanır. O, nəyin bahasına olursa olsun, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın göstəricisini yeniləməlidir. Ceyhun Hacıbəyli bununla rejimin «sosializm rejimi yarışı» adı altında yalnız Özbəkistanda deyil, ölkə miqyasında tüğyan edən özbaşınalıqlara, antibəşəri siyasətə işarə vurur və onu ifşa edirdi.

Qeyd etmək yerinə düşərdi ki, C.Hacıbəyli müxtəlif janrlarda bu problemə toxunmuş və sovet rejiminin bütün eybəcərliklərini açmağa çalışmışdır. Onun «Nejdanovun işi» hekayəsi, «Şamaxı məhkəməsi, yaxud «bir xainin aqibəti» sənədli oçerki, çoxsaylı publisistik yazıları bu qəbildəndir və 30-cu illərdə nəinki Azərbaycanda, eləcə də bütünlüklə SSRİ-də cərəyan edən təlatümlü prosesləri öyrənmək və dəyərləndirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

…Haqqında bəhs etdiyimiz sinopsisi yuxarıda qeyd etdiyimiz kimi, Ceyhun Hacıbəyli 50-ci illərin ikinci yarısında- ömrünün son illərində qələmə almışdır. Onun əsasında ssenari yazmaq və əsəri kinoda canlandırmaq Ceyhun bəyə nəsib olmamışdır. İndi söz onun sələflərinindir. Mücahidin yarımçıq işini başa çatdırmaqla onun əziz xatirəsini bir daha yad etmiş olardıq.

 20 noyabr 2015

 

 

 

 

 

 

 

 

 

 

 

   © Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!