Argentinalıların mənəvi dostu

 

Deyirlər, "musiqinin dili yoxdur", məncə, elə rəqsin də dili olmur. Çünki bir xalqı tanımaq istəyirsənsə, əvvəla, onun milli musiqisi və milli rəqsləri ilə tanış olmalısan.

Kim olursan-ol, hansı xalqa mənsub olursan-ol, istər azərbaycanlı, istər argentinalı, istər ingilis, fərq etməz, hər bir xalqın mədəniyyətini məhz onun milli musiqisi və milli rəqsləri sayəsində tanımaq olar. Bu mənada, vətəni Argentina olan "Tanqo" rəqsi bütün dünyada çox böyük marağa səbəb olur.

Belə ki eşqin, məhəbbətin, dərin hisslərin rəqsi olan "Tanqo" XIX əsrin sonu, XX əsrin əvvəllərində Argentinanın paytaxtı Buenos Ayres şəhərində və Uruqvayın paytaxtı Montevideonun yoxsul məhəllələrində meydana gəlmişdir.

"Tanqo" hər iki ölkədə yaranmasına baxmayaraq, vətəni Argentina hesab olunur. Məhz buna görə onun adını çəkəndə, sadəcə, "Tanqo" demirik, mütləq şəkildə "Argentina tanqosu" kimi xitab edirik. Bu baxımdan, hələ bu günə qədər iki ölkə arasında mübahisə gedir. Uruqvay "Tanqo"nun ona məxsus olduğunu iddia edir. Argentina da, öz növbəsində, "Tanqo"nun özünə məxsus olduğunu qeyd edir. Lakin Uruqvayın iddialarına baxmayaraq, artıq bütün dünyada və tarixdə "Tanqo"nun vətəni Argentina olaraq qəbul olunur.

"Tanqo" rəqsi qadın və kişi arasında ifa olunan cütlü rəqsdir. O öz mənşəyini habanera, milonga və polka rəqsindən götürmüşdür.

Tanqo adı Afrika tam-tamların çıxardığı "Tan qo" səslərindən və ya latınca "toxunmaq" mənası  verən "tangere" sözündən götürülmüşdür.

Ümumiyyətlə, tanqonun yaranma tarixinə nəzər salsaq, bu rəqsin, sadəcə, bir rəqs olmadığını anlayarıq. Argentina "tanqo"su, sadəcə, bir rəqs deyil, rəqsdən daha artıqdır.

O illərdə yaşanan müharibələr, aclıq, susuzluq insanların depressiyada olmasına səbəb olurdu. Aclıqdan, susuzluqdan, səfil həyatdan əziyyət çəkən bir çox insanlar Argentinaya köçmək qərarına gəlirlər. Onlar çox böyük ümid ilə Argentinaya gəlirdilər. Onlar düşünürdülər ki, bunu etməklə həyatları yaxşıya doğru dəyişəcək. Lakin təəssüflər olsun ki, vəziyyət xəyallarındakı kimi gözəl olmadı. Vətəndən kənarda, onlar yenə ac-susuz həyatlarına davam edirlər. Lakin bu dəfə onların mənəvi əzabları daha da artdı. Bütün bu iztirablara vətən həsrəti də əlavə olundu... Məhz buna görə onlar, bir az da olsa, təskinlik tapmaq, öz əzablarını dəf etmək üçün eyni zamanda vətənlərinin xatirələrini yaşatmaq üçün tanqo rəqsini yaratmış oldular.

Bu insanlar "Tanqo" ilə öz əzablarını, iztirablarını, sevincini, sevgi və məhəbbətini, o cümlədən, qısqanclıqlarını əks etdirirdilər. Onlar üçün "Tanqo", sadəcə, bir rəqs deyil, eyni zamanda bir təskinlik idi.

"Tanqo"nun tarixinə nəzər salıb, onun ayrılmaz hissəsini təşkil edən, "Tanqo"nun kralı olan Karlos Qardelin adını çəkməmək günah olardı. Karlos Qardel ilk "Tanqo" sənətkarı olan müğənni, bəstəkar, argentinalı aktyor və tanqoların həm ifaçısı, həm müəllifi olmuşdur.

Onun ən məşhur tanqolarından biri "Por uno cabesa" olmuşdur. Bu tanqonu, dünyada, demək olar ki, hər kəs tanıyır. Demək olar ki, hər kəs "Por uno cabesa" tanqosunu Al Paçinonun baş rolda oynadığı "Qadın ətri" filmində aydın şəkildə eşidib.

Karlos Qardel - elə bir sənətkar idi ki, o Tanqo"nu əsl pəşəkar səviyyəyə gətirib çıxarır. Karlos "Tanqo"nu yoxsul məhəllələrin küçələrindən və səviyyəcə aşağı olan məkanlardan peşəkar səhnəyə gətirib çıxarır və "Tanqo" tarixinə yeni nəfəs verir. O, "Tanqo"nu, nəinki pəşəkar səhnəyə, eyni zamanda bütün dünya səhnələrinə çıxarır. Məhz buna görə Karlos Qardelin şərəfinə onun doğum tarixi, 11 dekabr - bütün dünyada beynəlxalq "Tanqo" günü keçirilir və təbii ki, Azərbaycanda da bu tarix "Tanqo" rəqssevərləri arasında xüsusilə qeyd olunur.

Maraqlı faktlardan biri odur ki, bu rəqs yeni yarandığı zaman yalnız kişilər tərəfindən ifa olunurdu. Bunun da səbəbi o idi ki, onlar belə yolla qadınları cəzb etməyə çalışırdılar. Kişilərin "Tanqo"nu ifa etdiyi zaman bu rəqsin estetikası tamamilə fərqli idi. Rəqs incəlikdən çox uzaq idi. Məhz sonradan bu rəqsə qadınların daxil olması onu tamamladı. "Tanqo"da lazim olan estetika, gözəllik tamlıq təşkil etdi və rəqsə tamamilə başqa bir ab-hava gətirdi.

"Tanqo"nun bir çox növləri var. Bunlardan: Milonga, Fin tanqosu, səhnə tanqosu, Tanqo nueva və s. adlarını çəkmək olar.

Tanqo - ən çətin bal rəqsi hesab olunur. Onun saysız-hesabsız  elementləri var və hər bir elementin ayrı-ayrı improvizasiyası var.

Bu rəqs çox mürəkkəb olduğundan, onu öyrənən zaman hərəkətlərin əzbərlənməsinə icazə verilmir. Çünki hərəkətlər əzbərlənməyə başlananda bütün elementləri səhv salmaq mümkünatı vardır. Buna görə də "Tanqo" müəllimləri hərəkətlərin əzbərlənməsinə icazə vermirlər.

"Tanqo" rəqsinin ifası zamanı partnyorların qarşısına qoyulan vəzifə mütləq şəkildə bir-birilərini hiss etmək və uyumlu olmağa çalışmaqdır. "Tanqo"da bəy xanımı hərəkətlərə doğru yönləndirir. Xanım isə, öz növbəsində, onu uyğun müşayiət edir. "Tanqo" rəqsinin icrası zamanı əgər xanım bəyin ayağını tapdalayarsa, bir qayda olaraq bəyin düzgün yönləndirməməsi nəticəsində bu baş verir.

"Tanqo" ilə yeni məşğul olmağa gələn tələbələrə ilk təməl hərəkət olaraq, müəllim gəzişmə hərəkətini öyrədir. Gəzişməyə ispan dilində "kaminada" deyirlər. Kaminada çox vacib elementdir. "Tanqo"da bütün hərəkətlər onun əsasında icra olunur. Bu hərəkət mənimsənildikdən sonra artıq digər hərəkətlər öyrənilir.

Argentina "Tanqo"sunda iki növ "sarılma" var. Biri, yaxın məsafəli sarılmadır, digəri isə, daha məsafəli sarılma növüdür. Yaxın məsafəli sarılma milonqa gecələrində tətbiq olunur. Lakin rəqsdə hansı sarılma növündən istifadə olunması tamamilə xanımın istəyinə bağlıdır.

"Tanqo"nun əsas şərtlərindən biri də odur ki, partnyorlar rəqs edərkən, əsla yerə, yəni, aşağıya baxmamalıdırlar. Rəqs zamanı qadın kişinin boğaz hissəsinə və ya üzünə baxmalıdır, kişi isə, ətrafda baş verənlərə nəzarət etməlidir. Çünki rəqsdə yönü bəy verdiyi üçün ətrafa görə vəziyyəti də o idarə edir. Bəyin ətrafa nəzarət etməsi digər rəqs edən cütlüklərə mane olmaması, məsafənin qorunmasına nəzarət, yəni digər cütlüklər ilə toqquşmasının qarşısını almaq üçün çox vacib aspektdir. Argentinanın milonqa gecələrində buna çox diqqət yetirilir. Əgər cütlük rəqs edərkən, digərlərinə mane olarsa və rəqs edənlərin biri ilə toqquşarsa, o cütlüyə sarı və ya qırmızı vərəqə göstərirlər. Bu o deməkdir ki, gələn dəfə həmin milonqa gecəsində o cütlüyün bir daha iştirak etməsi qadağan olunur.

"Tanqo"nun qızıl dövrü də mövcud idi ki, bu dövr 1940-1950-ci illəri əhatə edir. Məhz bu dövrdə bir çox tanqo musiqiləri, sənətkarları, dirijorları, orkestrləri və tanqo müəllifləri yaranırdı. Buna nümunə olaraq, Fransisko Kanaro, Xuan Darientso, Karlos Di Sarli, Rodolfo Biagi, Alberto Kastilla və bir çoxlarının adını çəkmək olar. Sonradan, hətta qızıl dövr bitmiş olsa da, yenə də "Tanqo" aktual qalır və bu sahədə bir çox yaradıcılar yenə də gündəmdə olur.

"Tanqo" rəqssevərləri arasında "milonqa gecələri", xüsusilə, diqqətəlayiqdir. Bu, dünyanın bir çox ölkələrində, o cümlədən, vətənimizdə də yüksək səviyyədə keçirilməkdədir. Mən deyərdim ki, bizdə keçirilən milonqa gecələri istər rəqsin ifa baxımından, istər məkan baxımından daha gözəl olur.

Milonqa gecələrinin çox maraqlı qanunları vardır. Bunlardan biri, partnyoru rəqsə dəvət etmək ənənəsidir. Bu zaman bəy tərəfindən Kabaseo, xanım tərəfindən isə, Mirada hərəkəti icra olunur.

Kabaseo zamanı bəy xanımı rəqsə dəvət etmək üçün ona diqqətlə baxır, onun nəzəri hər zaman xanımın üzərində olur. Bu, bəyin həmin xanımla rəqs etmək istəyini göstərir. Bu, təklif kimidir. Xanım, həqiqətən də, o bəyin təklifinə müsbət yanaşırsa, cavab olaraq ona baxır və bu zaman bəy onun masasına yaxınlaşaraq, onu əyani şəkildə dəvət edir. Lakin əgər xanım qarşı masada oturan bəyin təklifinə mənfi reaksiya göstərirsə və onunla rəqs etmək istəmirsə, baxışlarını ondan qaçırır. Bu cür vəziyyətdə bəy inad edib, onun masasına da yaxınlaşaraq onu dəvət edə bilər. Bu zaman xanım rəqs dəvətinə razılıq verə də bilər və rədd edə də bilər.

Milonqada, həm də xanım bəyi rəqsə dəvət edə bilər. Xanımın bəyi dəvət etməsinə Mirada deyilir. Miradada da Kabaseoda olan bütün qaydalar keçərlidir.

Milonqada rəqs zamanı bəylər ətrafa diqqətlə fikir verməlidirlər. Digər rəqs edənlər ilə toqquşmaq riski vardır. Buna görə, hətta Argentinada insanlara sarı və ya qırmızı vərəqə göstərib, tərk etmələrini tələb edirlər və bir daha həmin milonqa gecəsinə onların girişi qadağan olunur.

Hər bir milonqa gecəsinin sonunda La Cumparsita tanqosu səslənir. La Cumparsita tanqosu elə bir tanqodur ki, onu, sadəcə, evli olanlar öz həyat yoldaşları ilə rəqs etməlidirlər. Buna görə də, milonqa gecəsində bu tanqo səslənəndə hər kəs öz həyat yoldaşını rəqsə dəvət edir.

"Tanqo" rəqsini müşayiət edən musiqi alətləri, xüsusilə, diqqətəlayiqdir. "Tanqo" rəqsini müşayiət edən alətlər: fortepiano, violin, çello, kontrabas və ən əsas alət - bandaneon olur.  Bandaneonun müşayiət zamanı iştirakı çox vacibdir. Çünki bandaneon aləti "Tanqo"nun əsas simvoludur.

Ənənəvi Argentina "Tanqo"sunu onun ifası olmadan təsəvvür etmək qeyri-mümkündür. Bandaneon "Tanqo"ya tamamilə fərqli bir aura və ab-hava verir, onu digər rəqs musiqi nümunələrindən fərqləndirir.

Bandaneon aləti - təxminən qarmona bənzəyir, lakin formaca bir az fərqlidir. Alət təxminən, 1845-ci illərdə icad edilmişdir. Kökü konsertinos alətinə aid olmuşdur.

Bandaneon Buenos Ayresdə çox tez məşhurlaşdı və Argentina "Tanqo"sunun ayrılmaz bir hissəsinə və gözəl ştrixinə çevrildi. Bu alət əslində kilsədə istifadə olunan orqanı əvəz etmək üçün bir alternativ idi. Lakin Argentinaya gətirildikdən sonra adı "Tanqo" ilə yanaşı çəkilməyə başlanır.

 

Kamilla Əliyeva

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!