Hər kəsə doğma "Melisa" - Samirə Behbudqızı “Melisa” tamaşası haqqında yazır

 

Nə qədər "biz teatral xalq deyilik" desək də, deyəsən, əlahəzrət teatr Azərbaycanpərvər olduğunu hər dəfə yeni bir şəkildə sübut edir. Müşahidə və təhlillər o qənaətə əsas verir ki, teatr sənətimizdə davamlı yaradıcılıq axtarışlarının, dəyərli tapıntıların, uğurlu işlərin kinomuzla müqayisədə daha çox və daha dayanıqlı olmasının səbəbi teatr xadimlərimizin ədəbiyyatla daha sıx bağlılığıdı. Anlamaq və qəbul etmək lazımdır ki, zəif bir əsəri, hətta adi bir mətni yaxşı bir tamaşaya çevirmək, və ya "çiy" ssenari üzrə "bişmiş" film çəkmək, hətta ümumiyyətlə, ssenari olmadan, sırf improvizə "qanadlarında" ekran əsəri adlana biləcək kinolentə yüksəlmək bir və ya iki rejissora nəsib olan fəhmdir. Ona görə qədimdən qədim, əbədiyaşar teatr və ən kütləvi, ən lazımlı incəsənət növü olan kinonun Azərbaycan səhifəsinin ədiblərlə birlikdə "yazılması" arzusu ilə artıq baş tutmuş belə bir tandemdən bəhs edək.

 

Qadın mövzusu

 

Elmi araşdırmalarla sübut edilib ki, qız uşaqları dünyaya xanımlığa xas cəhətlərlə gəlirlər. Və əgər oğlan uşaqlarının gələcəyin əsl kişisi kimi böyüdülməsində əsas amil düzgün tərbiyə, nümunəvi ətraf mühitdirsə, qız uşaqlarının əsl qadın kimi boya-başa çatdırılması üçün Yaradanın, təbiətin, kainatın ona verdiyi ilkin xanımlıq səciyyələrini qorumaq və daha da rövnəqlənməsinə şərait yaratmaq kifayətdir.

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının "Melisa" tamaşasını digər məziyyətləri ilə birlikdə onun qadın mövzusuna köklənməsi də maraqlı edir. Müəllif (Sevinc Nuruqızı) rejissor (Səidə Haqverdiyeva) səsləşməsinin ən yaxşı nümunələrindən biri kimi bu tamaşanı bir neçə rakursdan dəyərləndirmək olar. Yeri gəlmişkən, bu kifayət qədər nadir haldır - əksərən, bu və ya digər tamaşaya baxdığımız müddətin sonunadək, ya müəllifin əsas söz sahibi olduğunu, ya rejissorun, ya da aktyorlardan hansısa, birinin benefisini müşahidə edirik. "Melisa" gözəl istisnalardan biridir. Və beləliklə, bu səhnə əsərini dəyərləndirmək bucaqlarından biri, həm davamlılıq müddəti, həm də süjetinin çoxşaxəliliyi etibarilə təkcə uşaqların deyil, böyüklərin də diqqətini özündə saxlaya bilməsidir. Nəyə görə həm də böyüklərin? Çünki "Melisa", sadəcə, eyniadlı gözəl-göyçək gəlincik haqqında bir hekayət deyil, həm də uşaq və qadın dünyası ilə tanışlıq imkanıdır. Əsər də, tamaşa da eyni zamanda həm xanımlara, həm xanımların dünyasına bələd olmağın vacibliyini anlayan hər kəsə ünvanlanıb. "Melisa" bir gəlinciyin timsalında insanpərvərlik, sədaqət, xeyirxahlıq, dostluq, dürüstlük kimi dəyərlərin yaşamaq haqqının zəruriliyini xatırladır.

"Melisa" adlı gəlinciyi hazırlayan Marta nənə ona ürək də qoyub, ana ola bilməmək nisgilini bu şəkildə öləzitməyə çalışıb. Əsərin müəllifi Sevinc Nuruqızı vurğulayır ki, sinəsində cupbulu ürək gəzdirən balaca, gözəl qızcığazı andıran bu gəlincik duyğularına belə sadiqdirsə, canlı insanlar bundan nəticə çıxarmalı, ürəklərinin səsini dinləməyi bacarmalı olduqlarını daha məsuliyyətlə dərk etməlidirlər.

Sevimli gəlincik, rəfiqə, bacı, qız övladı

 

Balaca qızcığaz Zöhrə mağazada gördüyü əcnəbi gəlincik Melisanın qeyri-adi bir kukla olduğunu dərk etməsə də, fəhmlə duyur. Atasından bu gəlinciyi onun üçün almağı təkcə zahiri gözəlliyinə görə deyil, həm də və ən əsası, onunla mənəvi yaxınlıq, bağlılıq səbəbindən xahiş edir. Və Melisa Zöhrənin ən yaxın rəfiqəsinə, ən sevimli bacısına çevrilir.

Səidə Haqverdiyevanın quruluşunda bu səhnə əsəri elə qurulub ki, Melisanın yaramazlıq etməyə meyilli bir oğlan uşağının hərəkəti nəticəsində itkin düşüb, keşməkeşli günlərinin başlaması, həm kino lentinin sıralanmasını, həm də uşaqların çox sevdiyi, səhifələrini çevirdikcə təsvirləri qabarıb canlanma effekti yaradan nağıl, hekayə kitablarını xatırladır. Biz, sanki həm filmə baxırıq, həm də müasir dillə desək, 3D formatlı kitabın səhifələrini bir-bir çevirib, Melisanı xeyirxah bir çəkməçinin tapmasını, bu çəkməçinin çox diqqətli olması səbəbindən Melisaya yeni, Çiçək adını verməsini, Melisa-Çiçəyi özünü təhlükəsiz hiss etdiyi çəkməçi emalatxanasından oğurlanmasını (amma budəfəki oğru xoş niyyətlidir, bu gözəl gəlincik onun vəfat etmiş bacısına çox bənzədiyi üçün qızının xiffətindən ağır xəstələnmiş anasını sağaltmaqdan ötrü oğurlayır Melisanı, anası sağalandan sonra isə qaytarıb gətirir), həm kitab kimi "oxuyuruq", həm də film kimi seyr edirik. Şübhəsiz, belə bir effektə bir amillə nail olmaq mümkün olmazdı. Kukla teatrının "Melisa" tamaşasında, həm aktyorların ifasındakı vəhdət və harmoniya, hər hansı personajın ifaçısının ön planda özünə yer etməyə çalışmaması, interaktivliyin qədərində və yerində olması, süjetə və personajların səciyyəsinə uyğun musiqi həlli və sadəcə, özlüyündə nəfis deyil, məhz bu süjeti canlandırmaqda konkret rolunu oynayan dəqiq nəfisliklə tərtib edilmiş dekorasiyalar, obrazların xarakterini, həyatda tutduqları mövqeyi anlamağın ifadə vasitəsi olaraq gözoxşayan əlbisələr kimi amillər tamaşanı səhnə əsəri adlandırmağa əsas verir.

Zöhrənin Melisaya bağlılığı təbii, sağlam instinktlərdən qaynaqlanır. Zöhrə qədərində duyğusal və həssasdır; Melisanı bütün dünyanı əvəz edən amil kimi qavramır, dünyasını daha da rövnəqləndirən yeni bir dəyər kimi qəbul edir. Bu dəyər onun təbiətindəki humanizm və xanım-xatınlıq keyfiyyətlərinin daha hərtərəfli açılıb, daha dolğun ifadəsində öz rolunu oynayır -Melisaya sevimli gəlincik, rəfiqə və bacı kimi bağlanan Zöhrə, sonralar sevən və sevilən həyat yoldaşı, ana kimi həyatda öz yerini tapır. Nümunəvi bir xanım olmağının cizgilərindən biri də Melisaya, sadəcə, ürəyi deyil, gözəl ürəyi olan yaraşıqlı bir gəlinciyə sevgisini qızına da ötürməsidir; başqa sözlə, ağı qaradan seçməyi bacarmağı, sevdiyinə sadiqliyi, özünə alışdırıb bağladığına diqqətcil olmağı. Hər şey çox sadədir: bir kəs uşaq vaxtı oyuncaqlarına, yaşıdlarına hansı münasibətdədirsə, böyüyəndən sonra bu davranış böyük həyatına aid nəsnələrdə və insanlarda da öz əksini tapacaq. Əlbəttə, əgər uşaq ikən, həmin şəxsə qədirbilənlik, məsuliyyət, rəğbət, ehtiram, yaxşını pisdən seçmək keyfiyyətləri aşılanmasa...

Teatr sənəti, əsər, tamaşa, tamaşaçı

 

Kontekstdən kənar nəzərdən keçirsək, bu dörd məfhum, amil, kontekstdə diqqət yetirsək, bu dörd tərkib hissəsi, komponent "Melisa" tamaşasında tamamilə gözlənilib. Məqalənin əvvəlində qeyd edilən fikrin davamı olaraq, bu o deməkdir ki, Kukla teatrının tamaşasında, həm teatr sənətinin özəllik və dəyəri diqqətdə saxlanılıb, həm bədii sözün çəkisi, həm rejissor yanaşması və həm də tamaşaçı marağı. Buna görə də personajları canlandıran aktyorların və kuklaların təklif edilmiş vəziyyətlərdəki davranışı bayağılıqdan çox uzaqdır. Baxmayaraq ki, interaktivlik optimal həddə, minimum dərəcədədir, tamaşaçı özünü, nəinki səhnədə, hətta tamamilə aydın və canlı tərzdə hekayənin, əhvalatın içində hiss edir.

Jan-Lui Barronun "Teatr haqqında düşüncələr" əsərinə istinadən qeyd edək ki, "rejissorun ürəyinə yatan pyesin uğur qazanması üçün zövq, yəni onu tamaşaya qoyanın pyesə münasibətdə bəslədiyi sevgi hissi tamaşaçının zövqü və ya sevgi hissi ilə uzlaşmalıdır". Təbii ki, "sevdiyini tamaşaya qoymaq və "ictimai ürəy"ə malik olmaq kütlənin ardınca getmək mənasında qavranmamalıdır. Barro tamaşaçıların tamaşaları uğurlu hesab edib-etməmələrinin sevənlərin bir-birinə münasibətdə duyduqları cazibə kimi sirli səbəbi olduğunu deyirdi: "Teatrda uğur məhəbbətdə səadətlə eynilik təşkil edir: hər iki halda, hər şey "qarşılıqlı hisslərdən" asılıdır. Mahiyyətcə, teatr tamaşası aktyorlarla tamaşaçıların özlərinin müəllifi ətrafında mənəvi vəhdəti anlamına gəlir. Əgər hamı vaxtında gəlibsə və tam anlaşma əldə olunubsa, uğur təmin edilib". Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının "Melisa" tamaşasında olduğu kimi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!