1
Yaradıcılıq prosesində "kollektiv şüursuzluq" Z.Freyd və K.Yunq tərəfindən dövriyyəyə çıxarıldı. Z.Freydin nəzəri mülahizəsinə görə, şəxsiyyətin erkən uşaqlıqdan başlayaraq şüurdan sıxışdırılan erotik meyllərin cəmləşdiyi yer kimi nəzərdə tutulmuş "fərdi şüursuzluğu"na qarşı qoyulmuşdur. Beləliklə, K.Yunq fərdi erotik meyllərin şəxsiyyətin formalaşmasında daha böyük təsir gücünə malikliyini inkar etməsə də, psixoloji baxımdan kollektiv şüursuzluğa önəm verir. Z.Freydə görə, "fərdi şüursuzluq" erkən yaşlarda təşəkkül tapırsa K.Yunqun "kollektiv şüursuzluğ"u anadangəlmə psixoloji strukturdur və bir nəsildən digərinə ötürülür - şüursuz şəkildə. Z.Freydin təlimində şüursuzluq mahiyyətcə sosial və mədəni baxımdan yalnız mənfi səciyyə daşıyan potensiyanın birləşdiyi məkandır və bu, cəmiyyətin normal fəaliyyəti üçün vacibdir. Şüursuzluq sahəsinə sıxışdırılmış eqoist və dağıdıcı səciyyəyə malik istəklər öz psixoloji enerjilərini itirmirlər, yalnız uşağın yox, habelə yaşlı adamın da hərəkətlərinin gizli, özünün də anlamadığı səbəbinə çevrilir. Z.Freyd insan potensialının mənfiliyin "sublimasiya" (ümumi məmnunluq) anlayışı vasitəsilə dəf etməyə çalışırdı. Onun fikrincə, müəyyən daxili proseslərin nəticəsində ibtidai erotik xarakterə malik psixoloji enerji sublimasiyaya uğrayaraq yüksək mədəni dəyərlərə, o cümlədən, sənət əsərlərinə çevrilir. Bu baxımdan libido (cinsi ehtiras) - seksual psixoloji enerji onlara nisbətən ilkindir. K.Yunq göstərdi ki, dini və fəlsəfi potensial, yəni insanın metafiziki ehtiyacları tədqiqatçı tərəfindən müsbət dəyərləndirilməlidir.
K.Yunq Z.Freydin "kollektiv şüursuzluq" nəzəriyyəsinə qarşı çıxırdı, bu və ya digər şəkildə göstərirdi ki, kollektiv şüursuzluq fərdin ilahi və kosmik qüvvələrlə bağlı formasıdır. Araşdırıcılar alman klassik ədəbiyyatında və fəlsəfəsində kollektiv şüursuzluğun analoqunu axtarıb tapmağa cəhd edirdilər. K.Yunqun nəzəriyyəsi bədii yaradıcılıq sahəsində mövcud mexanizmi izah etmək iddiasına köklənmişdi. K.Yunqun konsepsiyası ilə tanışlıq Z.Freydə təsir göstərmiş, özünün son dövr yaradıcılığında "şüursuzluğ"un hüdudlarını genişləndirmiş, bəzi düzəlişlər də etmişdir.
K.Yunqa görə, miflər kollektiv şüursuzluğun ideal təzahürləridir, mifoloji obrazlar arxetiplərə çevrilərək bəşər nəslinin sonrakı dövrlərdə bədii yaradıcılığın əsasını təşkil edirlər: "Çağdaş incəsənətin və ədəbiyyatın inkişafı sənətkar tərəfindən proqramlaşdırılmış və müasirləşdirilmiş" dəyişməz mahiyyətə malik olan arxetiplərin - ilkin obrazların üzə çıxarılmasıdır, məsələn, Orest Hamletin arxetipidir. V.Şekspir heç də gözləri qarşısında canlanan modeli şüurlu şəkildə təsvir etməmişdir. Bu obrazı necə deyərlər, şüursuzluqdan çəkib çıxarmış, ortaya qoymuşdur. Mahiyyət etibarilə Hamlet müasir Orestdir, bu obrazların arxetipik məzmunu eynidir.
2
Yazıçının başına toplaşan tənqidçilər onun yaratdığı qadın obrazları ilə bağlıdır. O, obrazını erotik planda təsvir etməklə həyatın hərəkətverici qüvvəsini sənətinin şah damarı hesab edir. Daha doğrusu, erotika oxucularına yad təsir bağışlamır. Yazıçı qadın obrazı yaradarkən beyninin bütün hüceyrələri işləyir, ürəyi çırpınır, sanki nəfəsi təntiyir. Ətraf mühitlə əlaqəsi kəsilir, ideya axtarışına girən beynini yuxusuzluq əldən salırsa o, ilham pərisi arasında fiziki və ruhi münasibəti qoruyur. Etiraf edək ki, müəllif romanında avtobioqrafik nüanslardan qaçmır. İnsanı lərzəyə salan ehtirasının təsvirinə özünü məhkum edir. Yazıçı əsərində qüdrətli yazara çevrilir, erotik münasibətlərə şahidlik edir, qadının sevgi, qayğı və yüksək dozada ehtiras, intim doyumluq hissindən qidalanır. Müəllif oxucusunu suallar qarşısına çəkir, eyni zamanda eşq və erotikanı fərqli prizmada üz-üzə qoyur, oxucunu ovqatının məngəsinə salır.
3
Yaradıcı insanlar: ədiblər, şairlər, sənətçilər öz peşələrini hər şeydən üstün tuturlar. Məsələn, yazıçılar üçün nəsr insanları daha yaxından tanıdır; şairlər poeziyanı insan təfəkürünün cövhəri, sənət adamları deyək ki, musiqiçilər melodiyanı Kainatın harmoniyasının əks - sədası kimi qəbul edirlər. Filosoflara gəldikdə düşünürlər ki, dünyamızın taleyi onların beynində formalaşır. Halbuki, dünyanın taleyini nəsrin diqtəsi, şairanə duyğuları, təntənəli simfoniyalar, nə də fəlsəfi düşüncələr deyil, sosial - siyasi yalanlar həll edir. Mühit insanların beyninə "ilişir", sərhədləri təlatümə gətirir, topların lüləsini insan məskənlərinə tuşlayır, yeni dünya yaratmaq arzusunda yaşayırlar. Əksi ənənələr gücünü itirir, nimdaş qayda - qanunlar müdhiş sürətlə meydana atılır. İnsanları bir dairəyə salır, fırladır. Zaman əqidələri dəyişdirir. Mədhiyyəçilik elmi yaranır. Əbədi məğlubiyyətlə barışan poeziya acizliyini etiraf edir, şeir silah deyil ki, düşmənə atəş açasan. Qələbədən sonra öldürməyin nə mənası!
...Müharibə insan beynindəki ideyaları, konsepsiyaları öldürür, topun ağzına verir. Lakin insanın ürəyində yaranan inam isə ölmür, sərhəddini qorumaq əzmi bir o qədər ilahiləşir.
4
Aforizmlər, birincisi, heç də təkcə nitqi bəzəmək və s. onu əyləncəli etmək üçün deyildir. İkincisi, aforizmlər həyatda, məişətdə faydalı və zəruri səciyyəyə malik olmalıdır. Söz xəncərləri olan aforizmlər iti ağızları ilə işlərin, hadisələrin dolaşmış düyünlərini kəsməli, onların dərinliyinə nüfuz etməlidir.
Yazıçı aforizmlərin hansı məqamda işlənməsinə ciddi fikir verməlidir. Bu işlənmə üsulu müəllifin məsələlərə münasibətinin qeyri-ciddi, səthi, yaxud əsaslı olmasını bilməyə şərait yaradır. Elmi biliklərin canını özündə ifadə edən aforizmlərdə dərin müşahidənin zəngin materialından savayı, heç bir şey qalmamalıdır. Buna görə də kifayət qədər geniş biliklərə sahib kəsildiyini dəqiqləşdirmədən aforizm yaratmağa səyli olmamalıdır. Məhz belə bir arzuya düşmək cəsarətinə yazıçı düşməməlidir.
5
Hər bir yazarın sənət ocağı - yeri onun "məskunlaşdığı" masasıdır. Yaşam təsəllisi isə qələmə aldığıdır, hisslərini burada "üyüdür", una çevirib məhsul edir, oxuculara təmənnasız satır! Oxucu çeynəyir, mədəsinə yox, ürəyinə ötürür. Sonra məhsulun dadını, ləzzətini duyur. Və iki yoldan birini seçir: həzm etməkmi, yoxsa iştahanı boğmaqmı? Birinci yolu o halda seçir - əsərin yaratdığı hisslər - əhvalatlar, hadisələr, möcüzələr obrazın dilində, ləhcəsində elə gözəl, şirin, səmimi səslənir - müəllifə elə gəlir doğma ana dilindən çıxan sözləri, ifadələri, cümlələri heç vaxt eşitməmişdir. İlahi, bu dil necə də qüvvətliymiş, əzəmətliymiş! Bal dadı verirmiş! Bu əsər - məhsul arı pətəyimiş, min bir gül - çiçəkdən ballanırmış, şirələnirmiş!
Söhbət yazarın dilindən gedir, bədii əsərinin poetik ləhcəsindən gedir. Bu dilin yaranması səbəbləri qədim dövrlərə çıxır. Deməli, səbəblər yox deyil: Nə səbəbdən insanlar ta qədimdən şeirlə danışmışlarsa, poeziya dilinə sonralar keçmişlər.
Poetik dilin mənşəyi "sadəlik dərsi"dir, - desək yanılmarıq, lakin dövrlərin çiynində cilalanmış, təbiətin rəngini, səmanın maviliyini, insanların xasiyyətini və danışığını özündə əks etdirmişdir. Beləliklə, dilin "dumanlı" hüdudları durulmuş, kortəbii danışıq ifadələri aradan çıxmışdır. Beləliklə, insanlar poeziya naminə yox, sözlərin aforizmlik və məna vermiş, bitkin dilə yiyələnmişlər. Beləliklə, insan sözlərin ömrünü uzatmaq və yaşatmaq üçün yazını kəşf etmişlər. Poetik dil cilalandı, formaya düşdü, ölmədi, çünki öz varlığına heyfi gəldi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!