Gecikilən yubileyin "tələs"kən təəssüratı - Və ya Sabirdən yaxşı Kəbirlinski var?

 

Tanıyanlar bilir, tənbəl adam deyiləm, sadəcə, bəzi məqamlarda enerji mübadiləsində tez yoruluram və nəsnələrə marağım itir. Xüsusən də, gördüklərimdə eyniyyət olanda. Məncə, bu təhlükəli girişdən tez vaz keçim. Sonra çoxfunksiyalı dekorasiyalardan yanıqlı adamlar elə bilərlər, nə isə çoxbaşlı fikrim var.

Əlqərəz, ötən ay teatr cameəsi üçün maraqlı və yaddaqalan oldu. Teatrlarımız ard-arda premyeralar etdilər. Amma bunların içərisində özüm qarışıq, çoxluğun diqqətini sözsüz ki, Ana teatrın repertuarına daxil edilən "Dantenin yubileyi" çəkdi.

Diqqətli oxucularımızın xatirindədir ki, bəndeyi-fəqiriniz hələ aylar öncə bu işin səbəbkarlarını məşq prosesindən izləyib, cızma-qara eləmişdi.

Tamaşa mənə görə fərqli, maraqlı üslub və baxış bucağı ilə seçilən perspektivli rejissorun - Bakıda aktyorluq təhsili alıb, rejissorluq üzrə öyrənəcəklərini rusiyalı teatr mütəxəssislərinə etibar edib, arabir buralarda tamaşalar qurub, gedən Ərşad Ələkbərovun işidir.

Onun rejissor maneraları bizlərə çoxdan tanışdı. Onu böyük teatr mütəxəssisi İsrafil İsrafilov Akademik Milli Dram Teatrına rəhbərlik edərkən kəşf etmiş və nəticə olaraq "Müsyö İbrahim və Quran çiçəyi" ərsəyə gəlmişdi.

Unudulmaz Xalq artistimiz Fuad Poladovla daha çox yaddaqalan tamaşadan savayı, o, həm də Akademik Rus Dram Teatrında "Mərasim", "Mən, sən, o və telefon" qurub. Rejissor kimi, qardaş Qazaxıstanda hazırladığı bir tamaşasını da video-link vasitəsilə izləmişəm. Yəni, onun rejissor və ondan daha irəlidə tərtibatçı və musiqi həlli baxımından üslubuna, yanaşma və zövqünə az-çox bələdəm.

Qısacası, mənsub olduğu cərəyan və rejissor kimi ideyalarındakı ümumiləşmiş fabulasından az-çox haliyəm. Bütün bunlara rəğmən, növbəti işində - "Dantenin yubileyi"ndə də ondan umduğum rejissor performansını göstərə bildi. Ən azından ona görə ki, illərdir az qala ştamplamış oyun buxovunda çırpınan bir neçə aktyoru bizə tam başqa yöndən göstərdi.

Bu barədə məndən əvvəl həmkarlarım, eləcə də, ustad hesab etdiyim teatrşünaslar çox yazıblar, üstəlik, bəzi tənqidçilər jurnalist analizlərinə birmənalı yanaşmırlar deyə, spesifikaya girmədən (bu, o demək deyil ki, bilmirəm) həndəvərdə ümumi planı nəzərdən keçirəcəyəm.

Tamaşa tərifəlayiqdirmi? Birmənalı olaraq, bəli. Rejissor burada əsərin ideyasını tamaşaçının istədiyi istiqamətə çəkə bilibmi? Əlbəttə. Ondan tələb olunan mexaniki üslub fərqini tətbiq edibmi? Müəyyən səthilikləri çıxmaq şərti ilə, o da bəli. Yaxşı, "Dantenin yubileyi" Azərbaycan teatr mühiti üçün yenilikdirmi? Hə, bax, burada bir az dolayı, tərəddüdlü və bir az da yayındıracaq cavab verməsəm, olmaz. Son 20 ilin teatr prosesini əlinin içi kimi izləyən və analiz edən zövqlü və diqqətli tamaşaçı kimi deyim ki, xeyr. Bunu deməyi özümə ona görə borc bilirəm ki, səhnədə hazırda dünyada olan və olmayan bir neçə rejissorumuzun məhz Ərşad bəyin müraciət etdiyi teatr məktəbinə uyğun və hətta ondan bəhrələnməklə daha yaxşı işlərini görmüşəm. Həvəsiniz olsa, rastlaşanda sadalayaram.

Keçək, Akademik Milli Dram Teatrının "Dantenin yubileyi"nə.

Xalq yazıçısı Anarın "Dantenin yubileyi" povestinin motivləri əsasında hazırlanan eyniadlı tamaşaya, yuxarıda da dediyim kimi, Ərşad Ələkbərov quruluş verib. Səhnə aktının musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədov, quruluşçu rəssamı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur (sonra unudaram deyə, qoyun, elə buradaca deyim ki, R. Həsənov teatr sahəsində cəmi iki olan teatr işıqçısı, əsl səhnə işıqlandırandır (elektrik ilə qarışdırılmasın deyə terminin dilimizdə mənası belə alınır) ki, məncə, ilkin mərhələdə digər teatrlarda onun təcrübəsindən istifadə olunmalıdır).

Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), Əməkdar artistlər - Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Səyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura); aktyorlar - Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov), Məhsəti Tahirzadə (Lena), Ramin Şıxəliyev (Gənc tənqidçi), Cümşüd Zeynalov (Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın), Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova (Roza) çıxış edirlər. Tamaşanın dəvət olunmuş iştirakçıları (musiqiçilər) Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.

Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinskidir. O, öz faciəsini dərk eləyə-eləyə, bu faciəni bir ağrı kimi daşıyaraq yaşayır. Amma həm də daxilən xoşbəxtdir və sənətə xidmətdə keçən ömrü ilə qürurlanır. Amma əslində, nə sənətdə, nə də ailədə yeri yoxdur. Gücsüz, əlacsız, yaşlı, uğursuz aktyorun yeganə qazancı saflığını saxlaması, faciəsi isə uğursuzluğunu dərk edə-edə məsud görünməsidir.

Allaha inanmayan Kəbirlinskinin yeganə tapınağı səhnə və alçaldılmış sənətkarlığının zirvəsini yaşadığı karamel fabrikindəki dərnəyidir. Axı, bütün günü rejissor Səyavuşun danlaqlarını eşidə-eşidə çalışdığı teatrın səhnəsində kiçildikcə, məhz fəhlələrdən ibarət dərnək üzvlərinin qarşısında nəhəngləşə bilir.

Qısacası, teatrda, sənətdə istedadsız və faydasız olsa belə, Kəbirlinski yaxşı insandır, ərdir və atadır. Özünün olmayan uşağa təmənnasız məhəbbətlə bağlıdır. Hətta ondan bezən arvadı Həcərə də.

İstedadsız olsa da, sənəti, səhnəni böyük məhəbbətlə sevən bir aktyordur. Ömrü avtobusda teatr-dublyaj-televiziya-evi arasında keçən Kəbirlinski bəzən adamı hövsələdən çıxardacaq qədər inadkar və nikbindir. Təslim olmur və sonda öz istəyinə çatır - əsas mahiyyətini ifadə edə bilir və özüqarışıq hamının silinib-süpürülərək, bir "Paz"a mindirilərək ünvansız bir səfərə çıxmalarına nail olur. Mesaj qısa və çox sərtdir: Kəbirlinskilərsiz teatr ya olacaq, ya da yox. Məşhur "olum, ya ölüm?!" kimi...

Onu deyirdim axı, tamaşa boyu səhnədə yalnız sarı rəngli "Paz" avtobusu oldu və o, rəmzi, eyni zamanda çoxfunksiyalı məkan funksiyasını yerinə yetirdi. Bütün hadisələr onun içində, ətrafında cərəyan etdi.

Tamaşanın ümumi təəssüratı haqqında bir neçə kəlmə desək: bu əsər pyes olmadığından teatrımızda heç vaxt səhnələşdirilməyib və bu mənada tamaşanı bizim teatr üçün yeni yanaşma saymaq olar. Üstəlik, rejissor istedadlıdır və aktyorlarla çox yaxşı işləyib. Sözsüz ki, dünyada, xüsusən, qonşu-bacamızda bu tipdə saysız tamaşalar var. Sadəcə, bu tərz bizim üçün yeni olduğundan belə qəbul edirik. Vallah, durub xırdalasaq, özünəməxsus, bariz qüsurları da az deyildi. Xüsusən, texniki baxımdan kifayət qədər natamamlıqları vardı. Üstəlik, işıq ilə işi çıxmaq şərti ilə rekvizit kimi seçilən avtobusdan musiqi həllindəki gitara ilə tarın bir neçə məqamda yersiz uzlaşdırılma cəhdi harmoniyadan daha çox, qarmaqarışıqlıq yaradırdı, deyə bəzi ciddi detalların üzərindən keçməliyik.

Amma məncə, rejissorun yeganə uğuru aktyorları ilə mükəmməl iş, aktyorların da ən bariz uğuru özlərinə kənardan baxmaqla məmnun oyunları idi. Məhz bu detal - ifaçıların icra prosesindəki səadəti nəyə desən, dəyərdi.

Məhz bu məqamda yadıma Stanislavskinin "Yaşama artistə səhnə sənətinin əsas məqsədini yerinə yetirməyə kömək edir. Məqsəd isə rolun "insan ruhunun həyatı"nı yaradarkən, bu həyatı səhnədə bədii formada verməkdən ibarətdir" təyini düşdü. Odur ki, rejissorun nə istədiyini rahatlıqla duyub, onun bu yaradıcılıq aclığına bol (sözsüz ki, məşq prosesində bunun elə də asan olmadığını və rejissorun bir tikə "qopardanadək" aktyorları necə "cırmaqladığın"da görmüşəm) nemətlər sərgiləmələri görmək arzusunda olduğumuz mənzərədir.

Burada ifaçıların ən usta gedişi hissi yaratmaq, oynamaq yox, obrazlarını düzgün çatdırmaları idi.

Düzü, ayrı-ayrılıqda aktyorlar arasında bölgü edib, sıralamaq istəməzdim. Amma məncə, Sabir Məmmədov səhnəyə gələndən, bəlkə də elə ilk dəfədən - kütləvi səhnədə nizə tutandan məhz Kəbirlinski olmamaq üçün mübarizə aparıb. Ona tamaşa edərkən, içdən-içə qəhrəmanına acıdığını, ona bağlandığını, hətta heyranlığını gördüm. Yoxsa, aciz və uğursuz aktyor, "mestkom"dan bir dəvətnaməyə layiq olmayan Kəbirlinski səhnəsində və həyatında uğurlu Xalq artistinin ifasında bu qədər təsirli alınmazdı...

Bertolt Brext və epik teatr ənənəsindən az-çox hali olanlar bilirlər ki, forma və məzmun vəhdətinin təsnifatı məsələsində bu nəzəriyyəçi ustadır, səbəbkardır, istinad yeridir. Çünki məhz o, incəsənətin katarsis kimi qəbuluna alternativ "epik teatr" nəzəriyyəsini təqdim edib. Bu mənada onun üslub azadəliyini, poetikasını öz rejissor iş prinsipinə əlavə edən Ə. Ələkbərov nəyi haradan başladığını yaxşı bilirdi və tamaşa boyu bu vahid prinsip özünü göstərdi.

Sözsüz ki, tamaşanın üsluba adekvat olmayan tərtibatını və dilin ifadə tezliyinə tərs-mütənasib temp saxlamaq üçün sürət seçimini çıxmaq şərtilə.

Məsələn, səhnənin düz ortasına qoyulan "Paz" avtobusu estetik və funksionallıq baxımından olduğu kimi, istifadə məqamında da narahatlıq yaradırdı. Düzdür, bir anda çox şey - ev, mətbəx, teatr, dublyaj, televiziya, radio, hətta küçə -meydan olan avtobusun sonda nisgilli sakinlərini bir "Paz"a toplayıb ünvansızlığa yürüşü, özü də bu gedişin səbəbkarının rejissor olması, tamaşanın rejissoru Ərşadın tamaşadakı rejissor Səyavuşu hakimi-mütləq elanı şəxsən, məndə pessimist təyin-təəssüratı yaratdı.

Nə bilim, bəlkə Səyavuş tam başqa zamanda və məkanda Kəbirlinskiyə "Bu gecə bu qoca, bu ocaq" deməyi (sən də deyirsən ki, bəs Brext belə gəldi, Meyerxold belə getdi. Adə, bu məxluqnan Brext olar, bu məxluqnan Meyerxold olar? Üç kəlmə sözü səhərdən adam kimi buna dedizdirə bilmirəm. Mən köpək oğlu Feyzulla Kəbirlinskiynən böyük sənət yaradacam?!) daha uyğun şərtlərdə öyrədəcəkdi. Yaxud da əksər hallarda teatr adamlarının sevmədiyi tənqidçi Brextdən Çexova teatr məktəb və cərəyanlarına uyğun təhlillərini orada aparacaqdı. Nə bilmək olar, çox yəqin elə Həcər də qır-qızıllı qonşusundan baş götürüb, öz kasıb komasında daha azad xanımlıq edəcəkdi...

Həcər demişkən, son 10 ildə Sənubər xanımı bu qədər zərif, kübar, səmimi və təbii, bir sözlə, özü ola bilən ifasını görməmişdik. Aktrisa rolunu ustalıqla mənimsəyərək Kəbirlinskinin deyingən arvadı olmaqdan bezar Həcəri bizə dözümlü, sədaqətli və yeri gələndə də ərindən qəhrəman düzəldən sadəlövhlükdə müxtəsər və müvəffəqiyyətlə çatdırdı.

Bu sözləri fərqli ampluada (bu sözdən də zəndeyi-zəhləm gedir) gördüyüm rejissora, teatrşünas, gənc tənqidçiyə, qeybətcil qonşu Anaxanıma, ortada yeyib, qıraqda gəzən Ağamehdiyə, yarıtmaz, çoxbilmiş Səfurəyə, əla yaramaz Məcid Ələsgərova da aid etmək olar. Rejissor kimi Ərşadın ən böyük uğuru həyatda da Cavad Cabbarovun bütün xüsuslarını daşıyan rolu Əməkdar artist Anar Heybətova verməsi di. Tam məsuliyyətim və səmimiyyətimlə deyim ki, bu, A. Heybətovun gördüyüm ən yaxşı roludur.

Tamaşanın ideal cütlüyü də vardı - Mamed-Cümşüd Zeynalov və Eldar-Elsevər Rəhimov. Cümşüdü bu tip rollarda görməyə alışmadığımdan bu obrazı məndə onun aktyor kimi tam fərqli oyun manerasını - dramatizmdə komik elementlərə asanlıqla keçidini tapmaq imkanı verdi. Ondan fərqli olaraq səhnədə cəmi ikinci dəfə gördüyüm E.Rəhimov, vallah, ən xoş sözlərə layiqdir. Gənc və potensiallı, səhnədə duruşu, səs tembri, plastikası və tamaşaçı ilə tərəf-müqabili vasitəsilə də asanlıqla ünsiyyətə girmək qabiliyyəti görülməyə dəyər.

Ümumiyyətlə, onu deyim ki, Elsevər, eləcə də bundan öncə bir-iki tamaşada diqqəti özünə cəlb edən aktyorlar, ana teatrın növcavan balaları bütün mənalarda yaxşı, uğurlu seçimin nəticəsi kimi alqışa layiqdirlər. İnanmaq olar ki, onlar akademik teatrın repertuar fabulasında nəzərə çarpmaqla, istənilən əsərə müraciətə zəmin yarada bilərlər.

Unutmadan deyim ki, Nəzrin Abdullayevanın da səs, plastika və tamaşaçı ilə ünsiyyəti uğurlu alınmışdı və bu aktrisa da truppada öz yerini möhkəmləndirə bilər.

Qısacası, bizim səhnə üçün yeni olan köhnə teatr fədaisi haqqında həzin ballada sayılan "Dantenin yubileyi" alındı...

 

Həmidə Nizamiqızı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!