"Bəşəriyyətin inkişafında kinonun böyük rolu var, Azərbaycan kinosunun tarixi xalqımızın salnaməsidir".
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli lideri
Hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Aktyor olmağın mahiyyəti yaradıcılıqdır, yaradıcılıq çox mühüm bir prosesdir. Azərbaycan kinosunun şərəfli tarixi 1898-ci ilə təsadüf edir. O dövrdə Paris Milli Akademiyasının fotoqraf üzvü Aleksandr Mixayloviç Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjet ("İlişdin") hər kəsin diqqətini cəlb edərək böyük marağa səbəb olmuşdu.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılır və M.Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında ilk Azərbaycan bədii filminin çəkilişinə başlanılır. 1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilir, 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirilir.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi təsis olunaraq, 1924-cü ildə ikiseriyalı "Qız qalası əfsanəsi" adlı bədii filmini ekranlara çıxarır. 1925-ci ildə Ş.Mahmudbəyovun səyi ilə məhz bu idarənin nəzdində milli rejissor və aktyor kadrlar yetişən studiya təşkil edilir. Buraya C.Cabbarlı, A.M.Şərifzadə, V.İ.Pudovkin, İ.A.Şevçenko kimi kinorejissorlar, Q.M.Lemdeq, V.R.Lemke və başqa kinooperatorlar dəvət olunmuşlar. Azərbaycan Foto-Kino İdarəsi "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımış, 1961-ci ildən isə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır.
1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırır. Həmin illərdə "Bismillah", "Hacı Qara" kimi kino əsərlər, "Sevil" filmi yaranır, "Azərbaycan ekranı" kinojurnalı çap olunmağa başlayır. 30-cu illərdə "Lətif", "İsmət", "Almaz", "Bakılılar", "Kəndlilər" və s. filmlər çəkilməklə, həmçinin "Mavi dənizin sahilində" kimi səsli kino əsərlərinin istehsalına başlanılır. İkinci Dünya müharibəsi illərində "Vətən oğlu" və "Bəxtiyar" kinonovellaları, M.F.Axundovun həyatından bəhs edən "Səbuhi", "Sualtı qayıq T-9" bədii filmləri çəkilir. 1945-ci ildə dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilən Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırılır.
50-ci illərin əvvəllərində əsas istiqamət bədii-sənəd olmaqla, "Fətəli xan", "Bakının işıqları" bədii filmləri çəkilməklə bərabər, "Qızmar günəş altında", "Qara daşlar", "Ögey ana" və s. kimi müxtəlif mövzularda filmlər çəkilmişdir.
60-cı illərin əvvəllərindən isə Azərbaycanda rəngli filmlərin çəkilişinə başlanıldı ki, "Koroğlu" bədii filmi də bunun ilk parlaq nümunəsidir. "Arşın mal alan" filmindən sonra çəkilən "Görüş", "Bəxtiyar", "O olmasın, bu olsun", "Əhməd haradadır?", "Ulduz", "Arşın mal alan", "Qayınana" və s. filmlər Azərbaycan kinosunda musiqili komediya janrının dəyərli nümunələridir. "Uşaqlığın son gecəsi", "Gün keçdi" kimi filmlərdə mənəvi-əxlaqi, S.Vurğunun "Komsomol poeması"nın motivləri üzrə çəkilmiş "Yeddi oğul istərəm" filmində 20-ci illərin komsomolçularından, "Axırıncı aşırım" filmində isə sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunmuş problemlər öz əksini tapır.
"Bizim Cəbiş müəllim", "Tütək səsi", "Şərikli çörək" filmlərində İkinci Dünya müharibəsi mövzusu əksini tapmışdır. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında "Mozalan" satirik kinojurnalının istehsalına başlanılmışdır.
Ümummilli lider Heydər Əliyev əhbərliyinin hər iki dövründə Azərbaycan kino sənətinin inkişafına diqqət və qayğı göstərərək demişdir: "Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar. Xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir". Bu mənada, kinorejissor Vaqif Mustafayevin Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmləri biz gənclər üçün böyük bir xəzinədir.
Dahi lider Heydər Əliyevin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə Azərbaycanda "Kinematoqrafiya haqqında" Qanun qəbul olunmuş, 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si "Azərbaycan Kinosu Günü" elan edilmiş, "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" kinosüjetləri 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən gətirilmişdir.
Prezident İlham Əliyev 2007-ci il fevralın 23-də "Kino sənətinin inkişafı haqqında", 2008-ci il avqustun 4-də isə "Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı" haqqında sərəncamlar imzalamışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!