Kənan HACI
Hələ tamaşaya getməzdən əvvəl içimdə bir nostalji havası dolaşırdı. Bilmirəm niyə... Bəlkə ona görə ki, tamaşanın qəhrəmanları ötən əsrin 70-80-ci illərinin cavanları idi. Bizim gəncliyin yaşantılarını yeni nəsilə çatdırmaq, o cavanları XXI əsrə gətirmək, səhnəyə çıxarmaq müşkül işə bənzəyir.
Söhbət böyük dramaturqumuz İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesindən gedir. Bu tamaşaya ilk dəfə 1969-cu ildə Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaradıcısı olmuş görkəmli rejissorumuz Tofiq Kazımov quruluş verib. Tofiq Kazımovun fəaliyyəti dövrü sovet rejiminə təsadüf etsə də, o, qətiyyən konyuktur meyillərə uymadan milli teatr sənətinə xidmət etdi və öz məktəbini yaratdı. Sovet quruluşunda azad düşüncə imkanları son dərəcə məhdud idi, belə bir zamanda teatra yeni düşüncə tərzi gətirmək böyük cəsarət tələb edirdi. Tofiq Kazımov bu səddi aşmağı bacardı, insanın hiss və duyğularını səhnəyə gətirdi. O, zamanın fövqündə olan bir sənətkar idi və quruluş verdiyi tamaşalarda da öz zamanını qabaqlayırdı. "Məhv olmuş gündəliklər" Azərbaycan teatr səhnəsində ən uğurlu tamaşalardan biri olmuşdu və böyük rezonans doğurmuşdu. Təəssüf ki, mənim yaşım onun quruluşunda bu tamaşaya baxmağa imkan vermədi. Amma İlyas Əfəndiyevin "Seçilmiş əsərləri"ndə bu əsəri oxumuşdum və pyesin ideya-mündəricəsi mənə son dərəcə cəzbedici görünmüşdü. Həm də ona təəssüflənirəm ki, o zaman teatrda yeni mərhələ hesab olunan bu və bu qəbildən olan tamaşalar tam lentə alınmayıb.
Əlbəttə, milli teatrın yaşamasında, inkişafında böyük yazıçımız İlyas Əfəndiyevin xidmətləri ölçüyəgəlməzdir. Tofiq Kazımov Akademik Teatrda çox tamaşalar qoymuşdu, amma məhz İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşası onun sənət pasportuna çevrilməklə yanaşı teatrda intibah dövrünün yaranmasına səbəb oldu. Tofiq Kazımov məhz bu tamaşa ilə öz sənətkar "mən"ini təsdiq etmiş oldu və teatrın yeni platformaya çıxmasına təkan verdi.
Tofiq Kazımovdan sonra Akademik Milli Dram Teatrı Mərahim Fərzəlibəyov mərhələsinə qədəm qoydu. Görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi pyeslər tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı və sevildi. İlyas Əfəndiyevin demək olar ki, əksər tamaşalarına o, quruluş verdi. Bu tamaşalarda canlı həyatın ritmi vardı, insanların, xüsusən gənclərin hiss və həyəcanları həyatdan səhnəyə köçmüşdü. 1986-cı ildə "Unuda bilmirəm" tamaşasının qəhrəmanları otuz ildən sonra yenidən "Bizim qəribə taleyimiz" tamaşasında bir araya gəldilər. O tamaşaya böyük bir axın var idi, insanlar Nərminlə Kamranın sonrakı taleyini öyrənmək üçün tamaşaya baxmağa gəlirdilər. O tamaşaçılar içərisində mən də var idim. Tamaşanın nümayişi əsl sənət bayramına çevrilmişdi. Aradan qırx ilə yaxın bir vaxt keçməsinə baxmayaraq hələ də o sənət bayramının ehtişamını həyəcanla xatırlayıram.
Bu günlərdə Mərahim müəllimlə rastlaşdım, söhbət əsnasında dedi ki, Tofiq Kazımovun 100 illik yubileyi çərçivəsində Bakı Bələdiyyə Teatrı İlyas müəllimin "Məhv olmuş gündəliklər" tamaşasını hazırlayıb, tamaşanın rejissoru da mənəm. Və məni tamaşaya baxmağa dəvət etdi. Bakı Bələdiyyə Teatrı "Məhv olmuş gündəliklər" tamaşasını üç sənətkara - Xalq artisti Tofiq Kazımovun 100 illiyinə, Xalq yazıçısı İlyas Əfəndiyevin anım gününə və hər iki yaradıcı şəxslə daima əməkdaşlıq etmiş Xalq artisti Amaliya Pənahovanın ruhuna ithaf edir.
Pyesi kitabdan oxumuşdum, mövzuya bələd idim, amma ilk dəfə idi ki, bu tamaşanı səhnədə izləyirdim.
Mərahim müəllimin quruluş verdiyi tamaşalarda hərəkət və təfəkkür sürəti, qlobal proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Xüsusən də İlyas Əfəndiyev dramaturgiyasına dərindən bələd olan rejissorun quruluşunda bu tamaşaya baxmaq məmnunluq hissi doğurur. O, bu tamaşada müasir dünyanın sosial-ictimai paradiqmasını uğurla tapa bilib.
Tamaşaya baxdıqdan sonra bu qənaətə gəldim ki, rejissor tamaşanın çağdaş teatr sənətinin tələblərinə uyğunlaşmasını, dövrün mədəni, mənəvi, əxlaqi mühiti ilə səsləşməsini, ümumbəşəri problemlərin bədii həllini, aktual problemlərin bədii yozumunu ali məqsəd kimi qarşıya qoymuş və demək olar ki, buna nail olmuşdur. Yenicə ərə getməyə hazırlaşan Fəridə gündəlik yazır və bu gündəlikdə hədsiz xoşbəxt olduğunu xüsusi olaraq qeyd edir. Amma Fəridə həqiqətənmi xoşbəxtdir? Onun xoşbəxtliyinə mane olan səbəblər nədir? Səhnədə bu obrazı istedadlı aktrisa Zülfiyyə Məmmədova canlandırır və Fəridənin daxili yaşantılarını, tərəddüd və həyəcanlarını, faciəsini son dərəcə təbii şəkildə təqdim etməyi bacarır və tamaşaçını inandıra bilir.
Onun nişanlısı Ədalət xudbin, sevgidən uzaq, əhlikef bir tipdir. Fəridə onu bütün varlığı ilə sevir və bu sevgi onun gözlərini kor edir, Ədalətdəki naqis cəhətləri görə bilmir. İstedadlı aktyor İlqar Musayev bu rolun öhdəsindən uğurla gəlir.
Anjel müasir düşüncəli qızdır, o, Ədalətin ehtiraslarının qurbanıdır. Fəridə ilə rəfiqə olan bu qız onun da qurbana çevrilməsini istəmir. Anjel Fəridənin xoşbəxt olmağını istəyir və Ədaləti xəbərdar edir ki, sən Fəridəyə də xəyanət etsən, mənim intiqamım ağır olacaq. Fəridəni səmimi qəlbdən sevən başqa bir gənc də var - Qənimət. Bu obrazı sevilən aktyorlardan olan Toğrul Rza canlandırır. O, müasir dövrün Məcnunudur. O, Fəridəni dəlicəsinə sevir, bu platonik sevgi müasir dövrün gənclərinə inandırıcı gəlməyə bilər. Hətta zalda Qənimətin bu saf, səmimi hissləri gənclərin gülüşünə də səbəb oldu. Bu nüans məni xeyli düşündürdü; doğrudanmı bu gün Qənimət kimi sevən, sevgisi uğrunda hər cür fədakarlığa atılan gənclərimiz yoxdur? Axı sevgi öz mahiyyətini heç vaxt itirmir. Sevgi dünyanın enerji mənbəyidir. O gənclərin gülüşü sanki səhnədəki sevgi qayasına dəyib parçalandı...
Bir də Savalan var. İlyas Əfəndiyev bu obraz vasitəsilə ikiyə parçalanmış bir xalqın ağrısını, həsrətini dilə gətirir. Savalan rəssamdır, o da Fəridənin dostlarındandır. İki bölünmüş Azərbaycanın bir gün mütləq birləşəcəyinə, bütövləşəcəyinə inandığını dilə gətirir və bu an zalda alqışlar qopur. Tamaşa seyrçilərə mühüm mesajlar ötürür. Yeri gəlmişkən, Cənub həsrəti İlyas Əfəndiyevin bir sıra əsərlərində ana xətt kimi keçir. Bu mənada "Məhv olmuş gündəliklər" pyesi çağımızın tarixi-mədəni hadisələri kontekstində olduqca müasir səslənir. Savalan obrazını aktyor Məmmədağa Əlilicanzadə canlandırır. Onun ifasında Savalan səhnədə dinamik hərəkətləri, saf, səmimi sevgisiylə yadda qalır.
Bugünkü ifadə ilə desək, qlamur həyat tərzi keçirən Anjeli cəlb edən Savalanın vətən sevgisi, yüksək ideallar barədə düşüncələridir. Nigar Babayevanın ifasında Anjel tamaşanın hərəkətverici qüvvəsinə çevrilir. Bu obraz konfliktin düyün nöqtəsidir. Fəridə də, Anjel də havaya şar uçururlar, Fəridənin şarı partlayır, Anjelin şarı isə havaya yüksəlir. Bu məqam rejissorun uğurlu tapıntısıdır. Tamaşaçı səhnədə məhv olmuş talelərlə rastlaşır. Fəridənin anası Gövhər (Gülsabah Quliyeva) də həyatda bəxti gətirməyən qadındır. O, öz taleyindən yan ötən xoşbəxtliyi qızında görmək istəyir, lakin bəxt Fəridənin də üzünə gülmür.
Əməkdar artist Teymur Əmrahın ifasında səslənən mahnılar tamaşanın lirik-sentimental ovqatını bir az da gücləndirir. Tamaşaçı alqışları da bunu sübut edir.
Tamaşada qaldırılan əxlaqi-etik problemlər bu gün də aktualdır. Bu gün də ətrafımızda Fəridələr, Anjellər, Ədalətlər var. Sevgisi daşa dəyən qızlar bu gün də gündəliklərini yandırırlar. Fəridə kimi...
Tamaşanın sonunda səhnədə xəzan yarpaqları fonunda ildırım çaxır, yağış yağır. Obrazlar öz çətiri altına sığınır. Fəridə Qənimətin yadigarı olan suvenirin - ağ pianonun islanmaması üçün onu çətirlə qoruyur... O piano sevginin ölməzliyini simvolizə edir. Bitib-tükənməyən tamaşaçı alqışları, gül yağışı tamaşanın uğurunu təsdiqləyir.
Çölə çıxınca yağışa düşürük. Heyrət! Tamaşada çaxan ildırım çölə də yağış səpələyib... Mistika... Bəlkə də, bu anlarda şəhərin küçələrində bir Fəridə dolaşır. Çətirli, ya çətirsiz...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!