Kənan HACI
Milan Kunderanın "Ölümsüzlük" romanını Şabranda, Yaradıcılıq evində oxuyub bitirdim. "Gülüşün və unuduluşun kitabı", "Varlığın dözülməz yüngüllüyü" əsərlərinin davamı kimi yazılmış "Ölümsüzlük"də Kundera modern romançılığın ustası kimi yeni nəsil yazıçılarına, sözün əsl mənasında, dərs keçir. Bu əsərdə də yazıçının digər romanlarında olduğu kimi, ədəbiyyat və fəlsəfə bir-birinin içində əriyib bütövləşir. Onları bir-birindən ayırmaq mümkünsüzdür.
Kundera öyrədən, motivasiya verən yazıçıdır.
Kunderanın əsərləri insana ədəbiyyatın heç vaxt ölməyəcəyi ilə bağlı sarsılmaz inam aşılayır. Əsərin adı da sanki bu həqiqəti simvolizə edir. Yeddi müxtəlif əhvalat sehrkar qələmlə bir-birini tamamlayır; müəllif süjet xətlərini dəmiryolu mühəndisi kimi məharətlə bir-birinə birləşdirir, bir növ, roman içində roman yazır. Tarixi, fəlsəfi göndərmələr oxucudan hazırlıqlı olmağı tələb edir. Zatən, Kundera yaradıcılığı intellektual oxucular üçündür.
Professor Avenariusla alman şairi Höteni birləşdirən nədir? Fərqli dövrlərdə yaşamış Napoleon və Heminquey eyni zaman və məkan müstəvisində qarşılaşa bilərmi? Əlbəttə, bu, mümkünsüzdür. Amma Kundera möcüzə göstərir; mümkün olmayanı gerçəyə çevirir. Bəzi nüanslar Vudi Allenin "Parisdə gecəyarısı" filmini xatırladır. Zamanla səyahət. Keçmişə qayıdış və keçmişlə bu gün arasında əlaqənin qurulması. Kundera burada sanki medium kimi görünür.
Gerçəklik və görüntü arasındakı ziddiyyət. Bacılar arasındakı rəqabət (Anyes və Lora) ölümsüzlük uğrunda savaş təsiri bağışlayır. Gerçəklik budur. Görüntü isə belədir: onlar bir kişi uğrunda gizli rəqabət aparırlar. Anyesin isterika içində eynəyini yerə çırpması bu görüntünün metaforasıdır. Eynək metaforadır. Höteni gənc və gözəl Bettinaya qısqanan arvadı Xristiana da eynəyi döşəməyə bu cür çırpmışdı. Həqiqətə eynək arxasından baxmaq olmaz! Yazıçının ötürdüyü mesaj budur. Kunderanın sənət fəlsəfəsi mücərrəd olduğu qədər də aydındır. Onun haqqında yazdığım məqalələrdən birində bunabənzər bir fikir var. O, sadə yazıçı deyil, amma o qədər aydındır ki!..
Süjetdən-süjetə xəfif keçidlər, texniki və fikri manevrlər, sözün əsl mənasında, heyrət doğurur. Bu heyranlıq tükənməzdir. İlk baxışda bu süjetlərin bir-biriylə heç bir əlaqəsini tapa bilməzsiniz. Amma diqqətli oxucu hansısa bir nüansda o bağı, əlaqəni mütləq tapacaq. Yazıçı mətndə akrobat məharəti göstərir.
Anyes fikrimdən çıxmır. Hovuzun kənarında onun Avenariusa əl yelləməsi, romana daxil olan bu obrazın həyat tarixçəsi bütün mürəkkəbliyi ilə kitabın səhifələrinə səpələnib. Romanın bütün künc-bucaqlarında bu qadının nəfəsi dolaşır. Romanın içində bu sirli qadın uzun bir məsafə qət edir. Kundera bilərəkdən onun ətrafında sehrli bir atmosfer yaradır. Ustacasına! Müəllif bəzən obraza çevrilir, bəzən mətnin içində itib-batır və gözlənilmədən yenidən peyda olur. Kənardan gizli bir əl sanki hadisələri müəyyən istiqamətə yönəldir.
Höte və Bettina arasında yaşanan eşq macərası onlar arasındakı münasibətlərin mürəkkəbliyinə işıq salır. Bettina Hötenin həyatında məşuqə plastından yuxarı qalxa bilmir, yazıçı ondan üz döndərsə belə, ömrü boyu onu izləyir. Bettina böyük yazıçının məşhurluğunun çətiri altında ölümsüzlük qazanmağa çalışır. Kundera yazır: "Onun (Bettinanın) bütün məşhur kişilərə olan məhəbbəti başqa şey deyil, bütün ağırlığını üzərinə saldığı bir tramplin idi, o, bu tramplindən tarixi özündə əks etdirən həmin o Allahın olduğu dağ zirvələrinə ucalmaq istəyirdi". Lora da özü-özünü ötüb keçməyə çalışır. "Tarix əbədi bir abidə olduğu üçün tarixin bir parçası olmaq istəyirəm". Bettina ilə Loranı birləşdirən xətt budur. Bu mənada müəllifin sözündə böyük həqiqət var: "Loranın və Bettinanın yolları oxşardır..."
Bir sözlə, yazıçı roman boyu ölümsüzlüyün mahiyyətini açmağa çalışır. Nədir ölümsüzlük? Obrazlardan biri belə deyir: "Sən məzarını qazanların parlaq müttəfiqisən". İnsanın xisləti ona ölümsüzlüyə yetməyə mane olur. Kunderanın qəhrəmanları öz şöhrətinin qurbanı olan insanlardır. Onların bəziləri Bernar kimi, rüsvayçılıq dirəyinə sarınıblar, bəziləri Bettina kimi, kor ehtirasla ucuz şöhrətin əsirinə çevriliblər, bəziləri Anyes kimi xəyanətə məhkum olunublar. Hötenin Faustu belə bu ziddiyyətlərdən baş aça bilməz, gənc Verter bu binar sevgiləri görüb, hər şeyə arxa çevirib gedər. Ölümsüzlük yüksək insani keyfiyyətlərin toxumundan yaranır. İnsan isə bu toxumu nəinki barındırmır, əksinə, məhv edir. Avropanın iki qütbü olan savaş və kültür sanki bu romanı da iki hissəyə bölür. Oxucu bu iki qütbün arasında dünyanın gerçək mənzərəsini görür.
Homo sentimentalisin mahiyyətini açmaq iddiasında olan yazıçı bu məqamda Servantesi misal çəkir: "Bunu heç kim Servantes kimi dərindən açmayıb". Ardınca Don Kixotu misal çəkir. Don Kixotun hissləri imitasiyasıdır yoxsa səmimi duyğuların bəhrəsidir? "Ölümsüzlük"də Kundera bu suala birbaşa deyil, dolayısı ilə cavab verir - Pol və Anyes arasındakı münasibətlər müstəvisində. Anyeslə Rubensin flört münasibətlərində, Höte və Bettina arasında yaşanan macəranın detallarında... Sonda isə Lora ölümsüzlük jestini təkrarlayır; əl yelləməklə öz taleyinin yazısını yazır. Anyes dünyasını dəyişdikdən sonra o, Polla ailə qurur. Romanda belə ziqzaq situasiyalar yetərincədir. Bir cümləni buraxdınsa, səmti itirmək təhlükəsiylə üz-üzə qalırsan. Kundera sanki oxucunu kitaba kilidləyir.
Biz burada Höteyə qurulmuş ədəbi məhkəmənin şahidi oluruq. Bu məhkəmədə ifadə verənlər kimlərdir? Reyner Maria Rilke, Romen Rollan, Pol Eluar. Romen Rollan "Höte və Bethoven" kitabında "Faust"un müəllifini "qoca qorxaq" adlandırır. Rilkenin gözündə isə Höte sevginin Falstafı (İncildəki komik fiqur) idi. "Gənc Verter"in müəllifi sakit ailə həyatını əzablı sevgi macəralarına dəyişmədi. Amma sevgi onu ömrünün sonuna qədər təqib elədi. O, bu təqibdən qaça bilmədi. Həyatın ən böyük paradoksu budur: hamı sevgiyə can atdığı halda, sevgidən qaçan və ölümsüzlük axtarışına çıxan Höte.
Heç şübhəsiz, bu əsər romanın yetə biləcəyi ən uca zirvədə özünə yer qazanıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!