Cənub bölgəsində ədəbi həyat - Qafar Cəfərli AYB Lənkəran Bölməsinin yaranmasının 45 illik yubileyi münasibətilə yazır

 

Lənkəran şəhəri orta əsrlərdən üzü bu yana həmişə bölgənin mədəniyyət mərkəzi olub. Təbii iqlim şəraitinin gözəlliyi və sərvətlərinin bolluğu şəhərin iqtisadi və mədəni inkişafında başlıca rol oynayıb. Təsadüfi deyildir ki, buradan elmin müxtəlif sahələrində çalışan görkəmli alimlər, ədəbiyyat adamları çıxmaqla, ciddi elmi və ədəbi fəaliyyətlə məşğul olublar. Mənbələrdən məlum olur ki, hələ Xl-Xll əsrlərdə Lənkəranda məktəb və mədrəsələr, sufi ocaqları, təkyələri fəaliyyət göstərib. Məzarları müqəddəs ziyarətgaha çevrilən Şeyx Camaləddin və onun şagirdi, bütün Şərqdə məşhur olan Şeyx Zahid Gilaninin sufi məktəbləri buranın güclü elm mərkəzi olduğundan xəbər verir. Azərbaycanın müxtəlif şəhərlərindən elm öyrənmək üçün buraya gələnlərin arasında Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin də olub. Onlar təkcə təriqət başçıları olmayıb, eyni zamanda bədii yaradıcılıqla məşğul olmaqla, öz irfani fikirlərini şeirlə xalqa çatdırıblar. Əsərlərinin çox kiçik bir hissəsi bizə çatan bu böyük şəxsiyyətlərin yaradıcılığı bölgə ədəbiyyatının ilkin nümunələri kimi səslənir. Sonrakı əsrlərdə bu missiya davam etsə də, bir-birini əvəz edən feodal müharibələri zamanı kitabxanalar kütləvi şəkildə yandırıldığı üçün bizə gəlib çatmayıb.

XIX əsrdə Azərbaycanın şimal hissəsinin Rusiyaya birləşdirilməsi nəticəsində bölgənin mədəni həyatında yeni bir ab-hava yarandı. Bu ab-hava yaradıcılıqla məşğul olan şəxslərin həyatında daha çox özünü göstərdi. 1850-ci ildə Lənkəranda "Fövcül-füsəha" ədəbi məclisi fəaliyyətə başladı. Məclisə, əvvəlcə, Usta Hüseynqulu Şuri və Molla Fəttah Səhban, 1860-cı ildən isə Mirzə İsmayıl Qasir rəhbərlik ediblər. Məclisdə yaradıcılıqla məşğul olanlarla yanaşı, müxtəlif elm və sənət adamları da iştirak etdiyi üçün məclis "Fövcül-füsəha", yəni "Gözəl danışanlar məclisi" adlandırılıb. Məclis XX əsrin əvvəllərinə qədər davam edərək yeni maarifpərvər ziyalıların yetişməsində müstəsna rol oynayıb.

Yaranan yeni maarifpərvər nəsil Sovet hakimiyyətinin ilk illərində böyük mədəni quruculuq işləri görməklə mədəniyyətin müxtəlif sahələrini inkişaf etdirdilər. Mirzə Ağali Əliyev, Teymur bəy Bayraməlibəyov, İbrahimxəlil İsazadə, İsgəndər Səmədzadə, Zülfiqar Əhmədzadə, Müzəffər Nəsirli, Teymur Şahverdiyev, Mirzə İsaq Möhsünzadə, Böyükağa Talışxanov və başqaları bölgədə maarifi inkişaf etdirməklə yanaşı, ədəbiyyatın inkişafında da böyük rol oynayıblar. Bu müəlliflər "Şərqi-Rus", "Molla Nəsrəddin" və başqa mətbuat orqanları ilə əlaqə saxlayıb yazılarını çap etdiriblər.

Rayonda yeni yaradılan Xalq Teatrı üçün pyeslər yazılırdı. 1928-ci ildə yerli müəlliflərdən Teymur Şahverdiyevin "Altı vəfat" və "Həqiqi röya" adlı birpərdəli, Mirzə İsaq Möhsünzadənin isə "Cəmşidabad" adlı beşpərdəli pyesləri Xalq Teatrında tamaşaya qoyulur.

30-cu illərdə Lənkəranda mətbuat orqanının yaranması və Dövlət Dram Teatrının yaradılması bu mədəni inkişafı daha da sürətləndirir. Lənkəranda nəşr olunan "Sosialist subtropikası" qəzeti bütün bölgənin mətbu orqanı idi. Qəzetin oxucuları altı rayonu əhatə edirdi. Bu da rayonlararası ədəbi-mədəni əlaqələrin genişləndirilməsinə xidmət edirdi.

İkinci Dünya savaşının başlanması ilə Dövlət Dram Teatrı öz fəaliyyətini dayandırmalı olsa da, Xalq Teatrı işini davam etdirir.

60-cı illərdə bütün respublikada olduğu kimi, Lənkəranın ədəbi mühitində də yeni bir canlanma özünü göstərir. Yazarlar Lənkəran qəzetinin redaksiyasında və Mərkəzi Kitabxanasında ədəbi məclislərini davam etdirirlər. Məclisə Şəkər Aslan, Yaşar Rzayev, Mirhafiz Bahadır, Mirhaşım Talışlı növbə ilə rəhbərlik edirlər. Burada öz imzalarını respublikada təsdiq edən ədəbi nəsil yetişir. Yuxarıda adları çəkilən yazarlarla yanaşı, Firudin Ağayev, Camal Yusufzadə, Vaqif Hüseynov, Əlisa Nicat, Hüseynağa Qəniyev, İltifat Saleh, Xeyrulla Mehdi, Məmmədhüseyn Əliyev, Həbib Səfərov, Manaf Manafov və başqaları məhz bu məclisdə yetişiblər. Bu inkişaf bölgədə Azərbaycan Yazıçılar İttifaqının Zona Şöbəsinin yaradılması zərurətini yaratdı.

1978-ci ilin sentyabr ayının son günlərində AYİ-nın sədri İmran Qasımovun əmri ilə yaradılan AYİ-nin Zona şöbəsi fəaliyyətə başladı. Yazıçı Məmmədhüseyn Əliyev Şöbənin məsul katibi təyin edildi. Zona şöbəsi 8 rayonu: Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Biləsuvar, Neftçala və Lənkəran rayonlarını əhatə edirdi. Məmmədhüseyn Əliyevin gərgin fəaliyyəti sayəsində tezliklə bu rayonların ədəbi qüvvələri bir araya toplandı. Şöbənin ədəbi məclisi yaradıldı. Cəlilabaddan Abbasağa Azərtürk, Malik Rzayev, Masallıdan Xanəli Tolış, Novruz Xoşbəxt, Rafiq Əliyev, Nurməmməd Ağa, Astaradan Novruz İbadoğlu, Aqil Yaqub, Şahverən Cavad, Lerikdən Xanlar Həmid, Nəzir Şaban, Hacıməmməd Quluzadə, Yardımlıdan Sahib Əliyev, Neftçaladan Soltan Abbas, Zabil Pərviz, Müzəffər Məzahim, Lənkərandan Vaqif Hüseynov, Həzi Əliyev, Yaşar Rzayev, Xudaqulu Canıyev, Malik Şərif, Hüccətulla Məmmədov, Mirhaşım Talışlı, Firudin Aslanov, Əli Nasir, Ziyafət Əkbərov, Etibar Əhədov, Sərraf Talıb, Baloglan Cəlil İdrisi, gənclərdən Ağamir Cavad, Balayar Sadiq və başqaları bu müzakirələrdə fəal iştirak edirdilər. Müzakirələr çox qızğın və maraqlı keçərdi. Müzakirələrdə bəyənilən əsərlər çap olunmaq üçün respublikanın müxtəlif qəzet və jurnallarına göndərilərdi. Bundan əlavə, şöbə ədəbi orqanlarda nəşr olunmaq üçün xüsusi səhifələr hazırlayıb redaksiyalara təqdim edirdi. Məsul katibin səyi nəticəsində qonşu rayonlarda tez-tez ədəbi məclislər təşkil olunurdu. Şair və yazıçıların əməkçi insanlar və tələbələrin qarşısında çıxışı onları yeni əsərlər yazmaq üçün daha da ruhlandırır, stimul verirdi. Lənkəranda texnikum tələbələrilə, Astara və Lerik rayonunun zəhmət adamları ilə, Neftçalada Muğanın ağsaqqalı İmanverdi Əbilovla görüşü yazarların yaddaşında ədəbi bir xatirə kimi yaşayır. Rayonlarda tez-tez yubiley tədbirləri, eləcə də şair və yazıçılarla görüşlər təşkil olunurdu. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Hüseyn Abbaszadə, Vaqif Hüseynov, Şəkər Aslan, Hidayət, Mirhaşım Talışlının yubiley tədbirləri, rus şairləri Yevgeni Yevtuşenko və Nikolay Tixonovla keçirilən görüşlər Lənkəran ziyalılarının yaddaşında bu gün də gözəl bir xatirə kimi yaşayır.

1973-cü ildə Lənkəran Dövlət Dram Teatrının yenidən yaradılması yerli yazarları dram əsərləri yazmağa da ruhlandırdı. Məmmədhüseyn Əliyevin "Ana fəryadı " və "Prokuror", Şəkər Aslanın "Sən kimsən, ata" və "Birtərəfli hərəkət", Vaqif Hüseynovun "Yuxuda zarafat", Baba Rzayevin "Mirmustafa xan" və "Şeyx Zahid", Ağamir Cavadın "Füzuli" dramları teatrın səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyuldu.

Azərbaycan müstəqilliyinə qovuşandan sonra söz və mətbuat azadlığı ədəbiyyatın inkişafı üçün yeni imkanlar yaratdı. Zona Şöbəsinin məsul katibi M.Əliyevin redaktorluğu ilə "Şəfəq" jurnalı nəşr olunmağa başladı. Bundan başqa, Lənkəranda Ş. Aslanın redaktorluğu ilə "Söz", Lerikdə Hacıməmməd Quluzadənin redaktorluğu ilə "Məşəl", Astarada Tarif Əsgərin redaktorluğu ilə "Alov" ədəbi-bədii jurnalları, Hacı Etibar Əhədovun redaktorluğu ilə "Aşkarlıq" qəzeti nəşr olunmağa başladı. Bu mətbu orqanların ardıcıl nəşr olunması bölgədə ədəbiyyatın inkişafına böyük təkan verdi.

1992-ci ildə tədqiqatçı-alim və şair Mirhaşım Talışlı "Fövcül-füsəha" məclisini yenidən bərpa etdi. M. Talışlı klassik ənənələri qorumaq və inkişaf etdirmək üçün şairləri əruz vəznini öyrənməyə və bu vəzndə də əsərlər yazmağa sövq edirdi. Bu məclisdə heca vəznində yazan şairlərin bir qismi əruz vəzninin sirlərini öyrənərək, bu vəzndə də əsərlər yazmağa başladılar. Bu məclislərdə Mirsalam Müasir, Xanəhməd Nahid, Nadir Müzəffər, Vəlişah Əliyev, Əli Nasir, Ziyafət Yəhya, Ağamir Cavad, Əhməd Haqsevər, Mirtağı Xilqət və başqaları fəal çıxış edir, əruz vəznində yazdıqları əsərləri oxuyub müzakirə edirdilər. Məclis Bakıda yaradılan "Məcməüş-şüəra" məclisi ilə sıx əlaqə saxlayırdı. Bakı şəhərindən Ələkbər Şahid, Rüstəm Samit, Şahin Fazil, Ələmdar Mahir və başqaları bir neçə dəfə "Fövcül-füsəha"nın qonağı oldular.

Məclis özünün "Şəm" qəzetini çıxarır, məclisdə bəyənilən əsərlər qəzetdə işıq üzü görürdü. İlk nömrəsi həkim Səmədağa Səmədzadə tərəfindən maliyyələşdirilən qəzetin sonrakı nömrələri şairlərin öz daxili imkanı hesabına nəşr olunurdu.

1994-cü ilə qədər Yazıçılar İttifaqının Lənkəran Şöbəsinə məsul katib kimi Məmmədhüseyn Əliyev və 1994-95-ci illərdə Şəkər Aslan; 1995-ci ildən 2019-cu ilə kimi isə (artıq Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin sədri kimi) İltifat Saleh rəhbərlik etdilər. 1995-ci ildə "Fövcül-füsəha" məclisi Yazıçılar Birliyində keçirilən ədəbi məclisə qatıldı və məclislər bir yerdə keçirilməyə başladı.

1994-cü ildə Lənkəranda "Cənub" Televiziya Şirkətinin yaranması rayonlararası əlaqəni daha da artırdı. "Şəfəq" jurnalının nəşri ilə yanaşı, hər ay iki dəfə televiziyada ədəbi veriliş üçün Yazıçılar Birliyinə yer ayrıldı. Bu verilişləri, əvvəlcə, Ş.Aslan, sonra isə İ.Saleh aparırdı. Bundan başqa, televiziya şair və yazıçılarla müstəqil verilişlər hazırlayıb tamaşaçılara təqdim edirdi. Bu dövrdə senzuranın aradan götürülməsi kitab nəşrini xeyli asanlaşdırmış nəşriyyatlar qapısını müəlliflərin üzünə açdılar. Odur ki, tez-tez yeni kitablar nəşr olunur və onların təqdimat mərasimləri keçirilirdi. İltifat Salehin, Mirhafiz Bahadırın, Hüccətulla Məmmədovun, Ağamir Cavadın, Ənvər Rəsulun, Nadir Müzəffərin, Ziyafət Əkbərovun, Malik Şərifin, Hacıhüseyn Vüqarlının, Əliməmməd Ağazadənin, Balayar Sadiqin, Xanəhməd Nahidin, Bəxtiyar Əliyarın, Baloglan Cəlilin, İslam Rzayevin, Əhməd Haqsevərin, Oqtay Zəkanın, Qorxmaz Kamil Kadusinin və başqalarının kitabları bu dövrdə işıq üzü gördü. Çapdan çıxan kitabların bir çoxunun bölmədə müzakirəsi keçirilir, onlar haqqında yerli qəzetdə, jurnalda və televiziyada məlumatlar verilirdi. "Şəfəq" jurnalı 2013-cü ilə kimi ardıcıl nəşr olundu, sonra maliyyə çətinliyi nəticəsində nəşrini müvəqqəti dayandırmalı oldu. Ş.Aslanın vəfatından sonra Sevda Əlibəylinin baş redaktor olduğu "Söz" jurnalı bu missiyanı öz üzərinə götürdü.

AYB Lənkəran Bölməsi müstəqillik qazanılandan sonra cənub bölgəsinə daxil olan altı rayonu - Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarını birləşdirir. XXI əsrin ilk illəri dövründə Bölmə tərəfindən bölgədə ədəbi mühitin inkişafı sahəsində müəyyən işlər görüldü. Belə ki, bu dövrdə istər AYB-nin üzvü olan, istərsə də, digər yazarların onlarla bədii kitabları nəşr olundu. Onlarla müəllifin əsərləri respublikanın mərkəzi jurnal və qəzetlərində: "Azərbaycan", "Ulduz" və s. jurnallarında, "Ədəbiyyat qəzeti", "Ədalət", "Kaspi", "525-ci qəzet"lərdə çap olundu.

Bölmənin inzibati binasında bölgədə yaşayan onlarla müəllifin, həmçinin Bakı şəhərində bir çox yazıçı və şairlərin kitablarının təqdimatı keçirildi. AYB-nin üzvləri Qafar Cəfərlinin, Xatirə Xatunun, Xanlar Həmidin və Etibar Vəliyevin müəllifi olduqları kitabların təqdimatları, həm də AYB-nin Natəvan klubunda oldu.

Tanınmış yazıçı İsmayıl Şıxlının 100 illiyi, mərhum şairlər Şəkər Aslanın və Həbib Səfərovun 80 illik yubileyləri, yazıçı-publisist Etibar Əhədovun 70 illiyi, şair Qardaşxan Əzizxanlının 60 illik yubileyləri Lənkəran şəhərində; tanınmış yazıçı Məmmədhüseyn Əliyevin 90 illik yubileyi Lerik rayonunda və Lənkəran Dövlət Universitetində, yazıçı-publisist Xodaşirin Cəbiyevin 65 illik yubileyi Masallı rayonunda, şairlər Ədalət Salmanın 60 illik yubileyi Cəlilabad rayonunda, Balayar Sadiqin 50 illik yubileyi isə Lerik rayonunda təntənəli şəkildə qeyd olundu. Bu dövrdə, həmçinin Astara şəhərində mərhum şair İqbal Astaralının, Lənkəran şəhərində Məmməd Arazın, Vaqif Hüseynovun və Mirheydər Bəşərunun anım tədbirləri də uğurla keçirildi.

Bölgədə yaşayan şair və yazıçılarla təhsil və mədəniyyət ocaqlarında, əmək kollektivlərində görüşlərin keçirilməsi də mütəmadi xarakter daşıyırdı. Xüsusən, yazıçı-publisist Qafar Cəfərli, yazıçı Süleyman Hüseynov, şairlər: Mirhafiz Bahadır, Ağamir Cavad, Xatirə Xatun, Ziyafət Yəhya, Etibar Vəliyev ilə Lənkəran rayonundakı orta və orta-ixtisas təhsil müəssisələrində, Lənkəran şəhərindəki sərhəd xidməti hissəsində keçirilən görüşlər; həmçinin xalq şairi Sabir Rüstəmxanlı ilə rayonun Boladi kənd tam orta məktəbində, yazıçı Hüseynbala Mirələmov və Milli Məclisin Komitə sədri Hadı Rəcəbli ilə şəhər 2 saylı tam orta məktəbində olan görüşlər yaddaşlarda qaldı.

Bölmənin sədri şair İltifat Saleh uzun sürən xəstəlikdən sonra 8 noyabr 2019-cu il tarixdə vəfat etdi. 2020-ci ilin avqust ayına kimi bölmə sədri vəzifəsini Bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad icra etdi.

17 avqust 2020-ci il tarixdən yazıçı-publisist Qafar Cəfərli AYB Lənkəran Bölməsinin sədri vəzifəsinə təyin olunsa da, pandemiya səbəbindən 03 sentyabr tarixdə kollektivə təqdim olundu.

Son üç il ərzində Bölmədə keçirilən çoxsaylı kitab təqdimatları, şair və yazıçılarla görüşlər, ədəbi müzakirələr, anım və yubiley günləri, Novruz bayramı, 8 Mart Qadınlar bayramı və s. tədbirlərlə yanaşı ölkəmizin və xalqımızın həyatında əhəmiyyətli günlərin: Müstəqillik günü, Respublika günü, Dünya Azərbaycanlılarının həmrəyliyi günü, Gənclər günü, Poeziya günü, Silahlı Qüvvələr günü, Milli Mətbuat günü, Qələbə günü ilə bağlı; həmçinin 20 Yanvar Ümumxalq hüzn günü, Xocalı soyqırımı günü, Anım günü keçirilən tədbirlərin əsasını təşkil edib.

Bölmənin "Söz" ədəbi məclisində 2021-ci ildə N.Gəncəvinin 880 illiyi, 2022-ci ildə "Şuşa ili" və 2023-cü ildə ümummilli lider H.Əliyevin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib.

Bölmə tərəfindən, ümumən, 2021-ci ildə müxtəlif səpkili 36, 2022-ci ildə 45 və 2023-cü ilin doqquz ayı ərzində isə 37 tədbir keçirilib ki, bu, həftədə bir, bəzən isə iki tədbir deməkdir.  Bütün bu tədbirlər Bölmənin illik iş planına əsasən həyata keçirilir.

Bölmənin iş planında nəzərdə tutulan tədbirlərdən biri də bölgədə yaşayan, lakin respublikanın öncül ədəbiyyat dərgilərində çap olunmayan yazarların, xüsusən, gənc yazarların çap olunması layihəsinin həyata keçirilməsi oldu. Bölmə rəhbərinin təqdimatı ilə artıq ilk olaraq "Ədəbiyyat qəzeti", "Azad Azərbaycan" qəzetinin səhifələrində bölgə yazarlarının əsərləri işıq üzü görüb. Bir çox bölgə yazarlarının yazıları isə mütəmadi olaraq "Azərbaycan", "Ulduz", "Xəzan", "Yurd" və s. jurnallarda, müxtəlif qəzetlərdə çap olunur və olunmaqdadır.

Görülən işlərə AYB rəhbərliyi tərəfindən yüksək qiymət verilir. Keçən il və bu il bir neçə bölgə yazarının Prezident təqaüdünə, müxtəlif ədəbi mükafatlara layiq görülməsi, bir neçə nəfərin AYB üzvlüyünə qəbul olunması buna əyani sübutdur.

Ümumən, AYB Lənkəran bölməsi bölgədə ədəbi mühitin saflaşması, inkişafı və yüksəlməsi, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərini davam etdirir, bölgə yazarlarının iştirakları ilə fəaliyyətini uğurlu şəkildə aparmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!