Müsahibimiz Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevdir
- Əliqismət müəllim, "Nuri didə Ceyhun" tamaşası ilə bağlı işlər hansı mərhələdədir?
- Hazırda bu yöndə məşqlər davam edir. Çox maraqlı bir layihə ərsəyə gəlir.
Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev Üzeyir Hacıbəylinin 125 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq hazırda ölkədə bir sıra tədbirlər həyata keçirilir.
Musiqili Teatr da ilk dəfə olaraq Ceyhun Hacıbəylinin surətini səhnəyə gətirməyi qarşısına məqsəd qoydu. Layihənin ideya müəllifi mənəm. Teatra Əli Əmirlini dəvət edərək bu yöndə ona sifariş verdik. Və çox maraqlı bir dramaturji material ərsəyə gəldi. Tamaşanı səhnələşdirmək üçün əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəni teatra dəvət etdik.
Bu əsərdə Üzeyir Hacıbəylinin, Soltan Hacıbəylinin, Niyazinin və başqa şəxsiyyətlərin musiqilərindən istifadə olunur. Tamaşanın quruluşçu rəssamı gənc rəssam Vüsal Rəhimdir. Vüsalın teatrımızda bir neçə işi olub, bu növbəti işidir. Çox maraqlı məşq prosesi gedir. İki gün öncə mən məşqdə iştirak etdim. Əminəm ki, bu tamaşa ilə tamaşaçıları sevindirəcəyik.
Eyni zamanda, düşünürəm ki, bu layihə Hacıbəyli irsinə də maraqlı töhfə olacaq.
- Yeri gəlmişkən, filmdə tarixi faktlar olduğu kimi lentə alınanda, bu faktlardan danışılanda, məhsulun adı sənədli film olur.
Bəs teatrda məhsul necə adlanır. Tamaşa tarixi faktlara əsaslananda onu sənədli adlandırmaq olarmı?
- Bu tamaşada tarixi faktlar var, əsər göydəndüşmə deyil. Buradakı obrazlar tarixdə yaşamış insanlardır. Bu obrazlar səhnədə ədəbi personajlara çevrilmiş olsalar da, hər biri yaxın tarixdə yaşamış şəxsiyyətlərdir.
Burada Üzeyir obrazı da, Ceyhun obrazı da, ana, övlad, bacı obrazları da var. Bütün obrazlar tarixdən gəlmiş şəxsiyyətlərdir. Tamaşa üçün onların həyatlarının müəyyən məqamları götürülüb.
Amma janrına gəldikdə isə sənədli tamaşa olmur. Artıq bu tamaşa orada baş verən hadisələrə uyğun olaraq psixoloji dram adlanır.
Biz burada Ceyhun Hacıbəylinin yuxularını əks etdirən çox gözəl bir kitabdan da bəhrələnmişik. Tamaşada onun yuxularından, xatirələrindən çox istifadə olunub. Və təbii ki, tamaşada müəyyən məqamlar tarixi faktlara söykənir.
- Musiqili Teatrın adından bəlli olduğu kimi, böyük bir özünəməxsusluğu var. Yəni burada musiqi amili böyük rol oynayır. Yəqin ki, kadr seçimi zamanı da bu məqamlar nəzərə alınır.
Bu yöndən baxdıqda aktyor və digər yaradıcı heyətin seçimi zamanı çətinliklər yaşayırsınızmı? Yəni kadr çatışmazlığı hiss olunurmu?
- Siz çox düzgün qeyd etdiniz ki, Musiqili Teatrın yaradıcı potensialı başqa teatrlardan çox fərqlənir. Bu teatra gələn aktyorun, aktrisanın səsi olmalıdır, plastikası olmalıdır. Ümumiyyətlə, aktyorun musiqi duyumu olmalıdır, amma bizim teatrın aktyorlarının həm də musiqi ifa bacarığının olması vacibdir. Təbii ki, biz aktyor seçimi zamanı konservatoriyanın vokal şöbəsini, musiqili teatr fakültəsini bitirənlərə üstünlük veririk.
Bura daha çox peşəkarlar gəlir.
Belə də olur ki, biri aktyorluq fakültəsini bitirir, musiqili teatr fakültəsini yox, amma yaxşı səsi də, teatrımıza uyğun bacarıqları olur,belə kadrları da təbii ki, heyətimizə cəlb edirik. Bizdə konservatoriyanın vokal sinfini, bir də İncəsənət Universitetinin musiqili teatr fakültəsini bitirənlər üstünlük təşkil edir.
Mən bu yöndə xalq artistimiz Şəfiqə Məmmədovanın xidmətlərini xüsusi qeyd eləmək istəyirəm. O, bizim ən yaxın dostlarımızdandır. O, aktyorluq sənəti kafedrasının müdiridir. Bakı Musiqi Akademiyasında nə qədər istedadlı, nə qədər ümid etdiyi tələbələr varsa, onların teatrımıza cəlb olunmasında yaxından iştirak edir.
Eləcə də Afaq Bəşirqızı vaxtilə İncəsənət Universitetində dərs deyirdi, professor İlham Namiq Kamal bu gün İncəsənət Universitetində dərs deyir, mən özüm bu universitetin rejissorluq fakültəsində dərslər aparıram və biz özlərini yaxşı tərəfdən göstərə bilən tələbələri teatra dəvət edirik.
Bundan əlavə, biz ildə 1-2 dəfə müsabiqələr keçiririk. Bu müsabiqələr zamanı təkcə aktyorluq üzrə deyil, xor, balet, orkestr heyətinə də istedadlı şəxslərin cəlb olunmasına çalışırq.
Çox təəssüf ki, müraciət edənlər nə qədər çox olsa da, onların arasından 1, 2, 3 nəfərdən yuxarı istetadlı şəxs seçə bilmirik. Amma hər halda bunlar da teatr üçün böyük rəqəmlərdir.
- Teatrlarda adətən ssenari baxımdan klassik realizmə, təsdiq olunmuş əsərlərə üstünlük verilir. Çağdaş ədəbiyyatdan, xüsusilə gənc yazarların əsərlərindən yararlanmaq kimi təcrübəniz olubmu?
- Heç bir dramaturq deyə bilməz ki, mən Musiqili Teatra müraciət etdim, gözəl bir əsər təqdim etdim, laqeyd yanaşdılar.
İşimiz müştərəkdir. Ola bilər ki, kimsə gözəl bir libretto təqdim etsin, amma bu iş bəstəkarla müştərək görülməlidir.
Məsələn, biz Elçinin "Baladadaşın toy hamamı" əsərini gənc bəstəkar Firudin Allahverdiyə tapşırdıq. Çox gözəl və maraqlı bir əsər alındı.
Yaxud İlyas Əfəndiyevin "Mənim günahım" əsərini səhnələşdirdik. Tamaşanın bədii rəhbəri və ideya müəllifi mənəm.
Bilirsiz ki, o əsərin qəhrəmanı balerinadır. Düşündük ki, burada söhbət baletdən gedirsə, Qara Qarayevin əsərlərindən gözəl musiqi ola bilməz.
Ona görə Qara Qarayevin balet musiqilərindən istifadə etdik. Yenə də çox maraqlı bir balet tamaşa ərsəyə gəldi.
İndi yeni bir əsər üzərində işləyirik. Bu, Ekzüperinin "Balaca şahzadə" əsəridir. Bunun librettosunu İlqar Fəhmi işləyib. Teatr üçün çox gözəl bir mətn hasil edib. Tamaşanın musiqisini Amerikada yaşayan həmyerlimiz Ruslan Ağababayev yazıb. Rəssam Məryəm Ələkbərovadır. Məryəm Fransada təhsil almış bacarıqlı bir rəssamdır. Xoreoqrafı isə Moskvadan dəvət etmişik. Xoreoqrafımız Sergey Qritsaydır.
Demək istəyirəm ki, biz yaxşı librettonu qəbul edirik.
Qaldı ki əsərin klassik, ya da müasir olmasına... Klassik əsərlər hər zaman niyə aktualdır? Çünki onlar həm də müasirdir.
O əsərdə ki, müasir çalarlar yoxdur, o əsərə biz müraciət etmərik.
Teatrlarda klassik əsərlərə müraciət olunmasının səbəbi o əsərlərin bu gün də aktual olmasından irəli gəlir.
- Müasir Azərbaycan kinosuna, ədəbiyyatına yeni estetik cərəyanlar gəlir. Bunu bəzən eksperiment kimi də qiymətləndirirlər, amma görünən tərəfi budur ki, yeni nümunələr yox deyil. Bəs Azərbaycan teatrı necə, yeni estetikalara açıqdırmı?
- Təbii, açıqdır. Şəxsən mən yeniliklərə çox açıq adamam.
Teatr ümumiyyətlə rejissorun üzərində dayaq tutan bir sənət növüdür.
Bu gün Azərbaycan teatrının ən böyük problemi şəxsiyyət ola biləcək, böyük fantaziyalar, tapıntılarla çıxış edəcək, teatrda dəyişiklik aparacaq rejissorlara ciddi ehtiyacın olmasındadır. O rejissor ki hər hansı cərəyanı teatra gətirə bilirsə, onu etməlidir.
Söhbət mentalitetdən, tamaşaçı qavrayışından getmir, söhbət tamaşaçını maraqlandıracaq əsər ərsəyə gətirməkdən gedir.
Mən yenə deyirəm, ola bilər ki, bir tamaşanı tamaşaçı qəbul etmir, bu normaldır. Amma əsas odu ki, tamaşaçı baxdığı əsərdən nəticəyə gələ bilsin. Qəbul edib-etməməyi başqa məsələdir.
Hazırda mən belə bir rejissor görmürəm. Gənclər arasında da hələ ki, beləsi yoxdu. Yəni hansısa "izm"lərdən teatrı faydalandırmaq istəyən rejissorların müraciətlərini görmürük.
- Əliqismət müəllim, bəs dünyada necə, dağıdıcı cərəyanlar teatrlarda sözünü deyə bilir?
- Gəlin belə danışaq, bizim teatrımızın adı Musiqili Komediya Teatrı idi. Tamaşalarımız bu adı doğrultmalı idi. Komediya janrından kənara çıxmaq teatrda mümkün deyildi. Bu gün isə adımız Musiqili Teatrdı, burada indi çox ciddi əsərlər səhnələşdirilir. "Komediya" sözünün teatrın adından çıxarılması əl-qolumuzu bir az da açdı, aktyorların ampluası genişləndi. Artıq musiqili dram janrında da tamaşalar qoymağa başladıq.
Bu cəhətdən yeniliklər teatrda var. Amma köhnə ənənələri dağıtmaq bir az fərqli məsələdir. Bütün yeniliklər köhnəliklərin üzərində qurulur. Köhnəliyin üzərində qurulan yenilik uğurlu alınır. Birdən-birə stolu götürüb tərsinə qoymaq yenilik deyil, yeniliyi o stolun üzərində etmək lazımdır.
- Teatra şərtiliyin gəlməsi, daha doğrusu şərtiliyin artırılması bu sənətdə ən böyük inqilablardan sayılır. Bəs bu yeniliyin mənfi çalarları oldumu?
- Teatr əslində özü böyük bir şərtilikdir.
Burada məkan, dekor şərti ola bilər, amma aktyorlar öz ifalarına inanmasalar, onlar qarşısındakı tamaşaçını inandıra bilməzlər. Bu üzdən onların hissləri şərti ola bilməz. Onlar bunu yaşamalıdır.
Lakin teatrda qızıl geyimlər qızıldan olmur, brilyant qaşlar heç vaxt brilyant olmur. Bunlar böyük şərtiliklərdir.
Amma bu şərtiliklərin özündə estetik baxımdan o qədər gözəllik olmalıdır ki, tamaşaçıların hisslərini oyada bilsin.
Əgər tamaşaçı teatrdan çıxarkən içində burada yaranan bir hissi, duyğunu aparmırsa, onun baxdığı tamaşanın uğurundan danışmaq mümkün deyil.
Söhbətləşdi: Sərdar Amin
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!