Azərbaycan kinosunun tarix adlandırdığımız Xalq artisti, "İstiqlal" ordenli Rasim Balayev kino sənətimizin nadir, əlçatmaz incisidir. Rasim Balayev insanlıq nümunəsi olmaqla yanaşı, böyük həyat yolu keçmiş, kamilləşmiş bəşəri bir insandır. Azərbaycan kinosunda Nəsimi, Babək, Beyrək kimi tarixi obrazlar yaratmış, Rasim Balayevin valehedici gözləri, əsrarəngiz səsi, gözəl qaməti hər kəsi valeh edərək, tamaşaçı qəlbində əbədiyaşar, sənətkar şeir, sənət aşiqi bizə Tanrı tərəfindən göndərilmiş misilsiz hədiyyədir. Səmimi, sadə obrazı, böyük zəhməti, gərgin əməyi ilə xeyli filmlərə çəkilərək, Azərbaycan kinosunda ifa etdiyi obrazlar Azərbaycan salnaməsində böyük izlər ilə, XX əsrin ən parlaq tarixi nümunəsidir. Kiçik yaşlarından artıq əlifbanı bilən, heç kimin köməyi olmadan kitab oxuyan, bütün günü dostları üçün Rac Kapurun rollarını oynayan Azərbaycan kinosunun fenomeni Rasim Balayev məktəbdə oxuyarkən yazmağı, saymağı, üzündən oxumağı çoxdan bilirdi.
Məktəb illərində Rasim Balayevin şeir deməyi, əsərləri məxsusi məharətlə oxumağı ədəbiyyat müəlliməsi Nabat müəlliməni cəlb etmişdi. "Uzaq sahillərdə" filmi çəkilən zaman Rasim Balayevin 10 yaşı vardı. Filmi heyrətlə izləyib Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazını yaradan Nodar Şaşıqoğlu sənətinin vurğunu olan Rasim Balayev heç bilməzdi ki, illər keçəçək, Kino İttifaqının katibi kimi onunla görüşəcək. Rasim Balayev görkəmli dramaturq İ.Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində Həsənzadə rolunu çox məharətlə ifa etmişdir. Tələbə ikən universitetdə F.Şillerin "Qaçaqlar" əsərində Karl Moor, C.Cabbarlının "Almaz" pyesində Hacı Əhməd, H.Cavidin "Azər" poemasında Şeyx rollarına həyat vermişdir. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi: "Tariximizin elə səhifələri var ki, onları kinoya salmaq lazımdır... Bizim tarixi mövzulara aid filmlərimiz çox dəyərlidir. ""Məndə sığar iki cahan, mən bu cahana sığmazam!" - söyləyən şair Nəsiminin tarixi şəxsiyyət, mətin obrazını Azərbaycan kinosuna Rasim Balayev bəxş etdi. Görkəmli kinorejissor Həsən Seyidbəyli Azərbaycan Kinosuna tarixi şəxsiyyət "Nəsimi" obrazına Rasim Balayevi gətirməklə böyük fenomen yaratdı. Nəsimi filminin ilk nümayişindən sonra Rasim Balayev öz gərgin əməyi, istedadı nəticəsində Sovetlər Birliyində məşhurlaşır. Azərbaycan kinosuna böyük nailiyyət gətirən görkəmli sənətkar Rasim Balayev anamın oxuduğu məktəbə müəllim və məktəb kollektivi ilə görüşə gələrək hər kəsi valeh edir. Mən də böyük sənətkar Rasim Balayevi anamın onun sənətinə vurğunluğu nəticəsində daha da sevdim, izlədim, qəlbimdə ucaltdım.
Rasim Balayev şöhrətin zirvəsini qısa zaman kəsiyində fəth edərək, Ümumittifaq, beynəlxalq kino festivallarının iştirakçısı kimi Rasim Balayev bütün ölkələri gəzir, mükafatlara layiq görülür və sənətinin vurğunu olduğu Rac Kapurla eyni tədbirdə mükafata layiq görülür. "Pravda" qəzetində Rasim Balayev Beynəxalq kino festivalının kəşfi kimi qeyd olunmuşdu.
Sənətkar yorulmadan, usanmadan, ardıcıl xeyli sayda filmlərə çəkilir. Xarici görünüşü ilə də çox sevilən, sərhədləri aşaraq, müxtəlif ölkələrdə böyük sevgi ilə qarşılanan Rasim Balayev Almaniya, Türkiyə, Tacikistan, Osetiya, Özbəkistan, Moskva, Gürcüstan xarici filmlərində çəkilərək Azərbaycanı təmsil etdi. Sənətini təmənnasız sevib, bütün həyatını kinoya sərf edən Rasim Balayevin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək, ona 34 yaşında Xalq artisti fəxri adı verilib. Ölkə başçımızın bu yaxınlarda görkəmli aktyoru "İstiqlal" ordeni ilə təltif etməsi bu diqqət və qayğının məntiqi davamıdır. Əməkdar incəsənət xadimi Baba Vəziroğlu nə gözəl söyləmişdir: "Milli kinomuzun brendi, simvolu Rasim olmasaydı, bu gün Nəsimi filmindən necə danışa bilərdik? Rasim Balayevin şəxsiyyətində onun oynadığı bütün tarixi qəhrəmanların hər birindən bir cizgi var. İnsan bu dünyada nə qazana bilərsə, Rasim Balayev bunların hər birini qazanıb".
Sənətkarın tələffüz istedadı, mətin oxuma qabiliyyəti tamaşaçını valeh edir. Onun ifasında poeziya nümunələrini dinlədikcə insan riqqətə gəlir, sanki səmada uçur. O, öz bənzərsiz dəst-xətti, söylədiyi şeirlərlə, oynadığı obrazlarla bütün gənc nəsilə böyük örnək olaraq, nəsildən-nəsilə ötürüləcək, tarixdə əbədi qalacaq.
Üzünə məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!
Çünki eşqin məskənidir könlümün viranəsi,
Həsrətə anı məkan etmək dilərsən, etməgil!
Bütün uğurlarını Allahla bağlayan Rasim Balayevə Ərşin sahibi hər şeyi bəxş edib: istedadı, nəcibliyi, mərdliyi, sadəliyi,vətənə sədaqəti.
Sonda bir gənc olaraq bildirmək istəyirəm ki, həyat mübarizədir. Bu mübarizədə böyük sənətkarımız Rasim Balayev kimi qüdrətli insanları nümunə, örnək götürmək əslində işıqlı yola çıxmaqdı. Şərəf ordenli xalq artisti Rasim Balayev fenomenallığını onun məktəbi yaşadacaqdır və mən də bu məktəbə qoşulmaq arzusu ilə!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!