Dram. 2022-ci il və öncəsi - Aynurə İbadullah

 

Ədəbiyyatın ən hərəkətli janrı dram üçün 2022 hərəkətsiz bir il oldu. Həm teatrdan, həm də mətbuatdan baxanda ilin dramaturji prosesi durğun göründü. Cəmi iki teatrın - Gənc Tamaşaçılar Teatrının və Füzuli Dövlət Dram Teatrının səhnəsindən ilin dramını: Ülviyyə Heydərovanın "İnanıram" və Elşad Abdullanın "Tənhalığın evi" əsərlərini görə bildik. Mətbuatdan ("Ədəbiyyat qəzeti"dən) isə yalnız Azər Turanın "Atam, anam, qardaşım və mən" əsəri təqdim olundu. Bu əsər də müəllifin özünün qeyd etdiyi kimi, dram olmaqdan daha çox epik əsərdir. Son illərdə saylarının birində çoxsaylı dram görməyə adət etdiyimiz "Azərbaycan" jurnalı da 2022-də cəmi bir pyes - İlqar Fəhminin "İsgəndərin qocalığı"nı çap etdi. Əslində bu pyes də ötən ilin deyil, daha əvvəlki ilin hadisəsi idi və Mehriban Ələkbərzadənin quruluşunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsindən təqdim olunmuşdu. 2022 - ci ildə də çap olunan çoxsaylı bədii kitablar içərisində isə cəmi bir pyesə - Qurban Məhərrəmoğlunun "Tufanlı illər" kitabında "Dəmir qapı arxasında" əsərinə rast gəldik ki, o da haqqında yaradıcılıq deyil, yalnız statistik fakt kimi söz etdirə biləcək bir mətndir.

Ümumiyyətlə, dram janrı üçün 2022-ni son illərin ən kasad ili hesab etmək olar.   Əlbəttə, yazarların nə bu janrda hər il əsər yaratmaq kim öhdəliyi, nə də bizim bu janrda hər il əsərlər yaradılması kimi tələbimiz yoxdur. Əksinə istəyimiz var ki, dramlar Lev Tolstoyun söylədiyi kimi "yazmadan yaşaya bilməyən" anda yaransın. Əks halda yaratmaq isə sadəcə söz israfıdır, israf isə həmişə, hər yerdə pisdir, sənətdə isə nəinki pis, hətta dözülməzdir, amma nə yazıq ki, israfin ən bol olduğu yer də elə sənətdir, burda məsrəf etmədən materialdan geninə-boluna istifadə edə bilərsən, onsuz da heç nə itirməyəcəksən. "Bəs nə qazancaqsan?" sualı üzərində düşünərkən isə yada Milli Kitabxanada ilin nəşrlərini əhatə edən hesabat kitablarından son illərin dramlarını ararkən şeir və roman bumu ilə müşahidə etdiyimiz mənzərə düşür. Bu axın içərisində dram materialları Firuz Mustafanın 12 cildlik pyeslər seriyasını nəzərə almasaq, təkəm-seyrək gözə dəyirdi. Amma bizi narahat edən bu deyil, bizi narahat edən dram adına yazılan əsərlər içərisində dramın seyrək görünməsi və yaxud da heç görünməməsidir. 

Nazim Məmmədbəyovun 2013-cü ildən 2021-ci ilədək az qala hər il çap etdirdiyi "Komediyalar" kitabına toplanmış və müəllif tərəfindən birpərdəli komediya adlandırılmış əsərlər əslində şeir, daha konkret desək isə həcvlərdir. Abid Tahirlinin "Generalın qayıdışı" (2019) kitabıbından eyniadlı pyes İsmayıl bəy Qutqaşınlının həytına, Asif Azərinin 2019-cu ildə ədəbi ictimaiyyətə təqdim etdiyi "Əbədi yaşa haqqı yaşadan!!!" (2019) pyesi isə Bəxtiyar Vahabzadəyə tərənnüm-təhkiyədir. Onu da qeyd edək ki, tərənnüm-təntənəyə bu gün yalnız bədii materiallarda deyil, rejissor traktovkasında, aktyor ifasında, tənqidçi şərhlərində də çox sıx-sıx rast gələ bilirik.

Mədəniyyət yazarı Şahanə Müşfiq yazır: "Bütün hallarda teatr sənətin ən uca zirvəsi, xalqın mədəniyyətinin ən yaxşı  nümunəsidir" və yaxud "Teatr mənəvi aləmin saflaşdığı, ruhun yeniləndiyi, dünyaya, həyata, insanlara kənardan baxmaq şansı əldə etdiyimiz möcüzəvi məkandır". Teatrın min bir rəngdə tərif-təfsirindən ayılıb, burda söylənilənlərin nə dərəcədə faktiki əsaslara malik olması üzərində düşünməyə macal tapmamış, müəllif özü elə bu yazıdaca "möcüzəvi məkan"ın, "zirvə"nin tənəzzülündən danışır, teatr ictimaiyyətini onun inkişafı üçün səfərbərliyə çağırır. Yaxud da "4.4 Qısa Tamaşalar Festivalı" çərçivəsində təşkil olunmuş panel müzakirədə teatrın yaşam çabalarını müzakirə edərkən İsrafil İsrafilov "əgər insan Marsa köç edəcəksə, orda da teatr yaranacaq" fikrini əminliklə səsləndirir. Yerdə teatrın "olum, yaxud ölüm" məsələsi üzərində düşünmək zorunda qaldığımız bir halda Göylərdə belə teatrın qurulacağı fikri nə dərəcədə inandırıcıdır?! Tamam da, tənqid "sübut et" tələbinin dışında olan, subyektiv yanaşmalar üzərində qurulan humanitar sahədir. "Burda riyazi hesablamalar aparılmır və heç kəs bizi yanlışlıqda suçlaya bilməz" düşüncəsinə sığınıb məntiqin süzgəcindən keçirmədiyimiz, könlümüzə yatan, qulağımıza xoş gələn bir mətn qalağı yaratdıqca humanitar təfəkkürün, o cümlədən də teatrın özünün varlığı müzakirələrin mövzusuna çevrilir.

Teatrımız müzakirə olunmağı sevmədiyi kimi müzakirə etməyi də sevmir. Bəs teatr-dram sənətinin istəyi nədir? Az qala sosial şəbəkələr qədər gündəm arxasınca qoşmaq. Amma bu gündəm yalnız bu günümüz demək deyil, həm də dünənimizdir, bu günün maraqlarını pərçim etdiyimiz dünənimiz. Firuz Mustafanın "Savaş fəsli yaxud Ənvər Paşa" pyesində türkçülük, Asif Azərinin "Əbədi yaşa haqqı yaşadan!!!" dramında milli mənlik ideologiyalarının intonasiyalarında qurulmuş bir dünən var, Abid Tahirlinin "Generalın qayıdışı" pyesində isə mövzu ictimai rəyi ən razı salacaq bir mətləbin - erməni bəlasının üzərinə gəlib çıxır.

Teatr-dram sənətimiz həm də ildönümü gündəmini çox diqqətlə təqib edir.  Sumqayıtın 50 illiyində Sumqayıt Dövlət Dtam Teatrı Əli Əmirlinin "Sevgilim Sumqayıt",  Nəsimi ilində Yuğ teatrı İqar Fəhminin "Yeddinci" ("Mənəm, mən..."), "20 Yanvar" faciəsinın 30 illiyində Gənc Tamaşaçılar Teatrı Anarın "Şəhərin qış günləri" pyesi, Nizami ilində Akademik Milli Dram Teatrı "Qətibə İnanc", İlqar Fəhminin "İsgəndərə yeni namə", Sumqayıt Dövlət Dram Teatrı "Xəzinə", Şuşa ilində Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesi ilə ildönümü tədbirlərinə qatılarkən istər-istəməz belə bir sual yaranır "dram yoxsa mərasim?" "Mərasim mətn" lərinin kifayət etmədiyi təqdirdə "Xəzinə" tamaşasında olduğu kimi teatr özü mətn hazırlığına girişir  və yaxud da "Qətibə İnanc", "Xurşidbanu Natəvan" tamaşaslarında olduğu kimi nəinki zamanca, hətta məzmunca da çox köhnə əsərləri bu günün tamaşaçısına təklif edir və səhnəsində sovet şəkilləndirmələrində görünən tarix, zalında isə müstəqillik dövrünün tamaşaçısı olan bir teatr mənzərəsi yaradır.

Bu qədər tədbir-təbliğ, plan-proqramlaşdırma işlərinin bir hissəsinə çevrilmiş mətnlər içərisində ötən il Elşad Abdullanın "Əzilmişlər-büzülmüşlər" dramı gündəmi yeniləyir və Füzuli Dövlət Dram Teatrının bu əsər əsasında səhnələşdirdiyi "Tənhalığın evi" tamaşası isə ən azından təkrar və oxşar mövzu-məzmunların gətirdiyi yorğunluqdan tamaşaçını dinləndirir. Firuz Mustafa Yazıçılar Birliyinin son qurultayında etdiyi məruzədə bu mövzu-məzmun yeknəsəqliyinə qarşı sarı vərəqə təklif edirsə də, teatrlarımız həmişə olduğu kimi ötən ildə də onlara yaşıl işıq yandırmaqda davam etdi. Yaxın illərdə Elçinin "Cəhənnəm sakinləri" əsərinin Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı repressiya xofu çəkilməmiş, Əli Əmirlinin "Ah, bu uzun sevda yolu" pyesində təkrar səhnəyə çıxdı, paytaxt tamaşaçısı hələ Akademik Milli Dram Teatrında Mikayıl Müşfiqin taleyinin fonunda bu mövzunu izləməyə davam edərkən ötən ildə  Gənc Tamaşaçılar Teatrı rejissor Mehriban Ələkbərzadənin təkmüəllifli təqdimatında "Kod adı: V.X.A" tamaşası ilə yenə onu represiya lövhələrinə baxmağa dəvət etdi. Hələ gələn il də bu mövzunun yeni premyerada yenə səhnəyə çıxacağı ilə bağlı xəbərlər var.

Səhnədən düşməyən bu mövzu son bir neçə ildə yeni səhnə mətnləri doğurdu.  2020-ci ildə Elçinin "Stalin", 2021-ci ildə Cavid Zeynallının "Şükriyyə", 2022-ci ildə Azər Turanın "Atam, anam, qardaşım və mən" pyesləri repressiya mövzusunda yeni yox, yenə deyə biləcəyimiz məzmun-mətləb ortaya qoydu. Mövzunun qatil və quban qütblərində yolçuluğunu o qədər eşidib görmüşük ki, hətta "Kod adı: V.X.A." tamaşasının  hind filmlərindən daha uzun - 4 saatlıq stalinizm dəhşətlərini rəsm edən lövhələrində səhnənin hay-küyündən bəzən ifaçıların nə söylədiklərini eşitməsək də, nə dediklərini təxmin edə bilirik.

Bu gün tamaşçıya onun bildiklərindən, sezdiklərindən artıq nəsə deməyən teatr zallarında tamaşaçı düşüncəsi mürgü döyür. İctimai fikri dabanbasma izləyən, onun önünə keçə bilməyən, sadəcə kölgəsinə dönüşən bu əsərlər blincimizi yeniləmir. Nəinki  yeniləmir,  bəzən daha da köhnələşdirir,  İlqar Fəhminin "Bazar günü" pyesində olduğu kimi. Əgər məzmununda II Qarabağ müharibəsi yer almazsa idi, ağların və qaraların toqquşmasından doğan problematikası, təqdir və tənqid olunan qəhrəmanları, tamada intonasiyasalı replikaları ilə bu əsərin sovet dramaturgiyası nümunəsi olduğunu zənn edərdik.

Hadisələrin bu gündə, yanaşmaların isə ötən əsrdə qaldığı bu cür mətnlərlə hər şeyin çox sürətlə köhnəldiyi bugünkü dünyanın hərəkətinə çatmaq olmasa da, II Qarabağ savaşının "Bazar günü" (İlqar Fəhmi) əsərində Zöhrədə, "Bircə addım" (Əli Əmirli) pyesində isə Hümbət kişidə yaratdığı ovqatın yüksək intonasiyası ilə bu savaşdan yeni çıxmış Azərbaycan insanının duyğularını doyurmaq olar. Duyğuya yönəlik mətni ilə bu əsərlər şeirin drama dağılmış misralarını xatırladır.

"Bircə addım" əsərində müəllif (Əli Əmirli) II Qarabag müharibəsinin iştirakçısı  oğula dayanaraq ananın övlad sevgisi ilə atanın vətən məhəbbəti arasında mübahisə-müzakirə qurmağa çalışsa da, atanın (Hümbət) vətənpərvərlik hissinin gurultusu və parıltısı o qədərdir ki, onu mübahisələndiirməyə çalışan ananın (Gülüstan) səsini eşidilməz, özünü isə görünməz edir. Maraq doğura bilməyən bu müzakirənin sonrakı məcrasında - şəhidlik zirvəsindən əsirlik "damğa"sına enən oğlun ailəyə gətirdiyi pəjmürdəlik səhnəsində sanki müəllifin özü də kələfin ucunu itirir, oxucuya müharibədə sağ qalmağın və yaxud zədə almağın niyə suç olduğu ilə bağlı heç bir aydın, inandırıcı söz söyləyə bilmir, əslində bu sözü söyləmək heç məqsəd də deyil, məqsəd gündəmin ən qaynar, ən populyar mövzusu olan Qarabağ müharibəsindən nəsə deməkdir. Nəsə demək borcu və yaxud da vəzifəsi son illərdə dramaturgiyamızda az qala iki əsərdən birini bu mövzuda yaratdı. Amma bu, yaradıcılıqdan çox, quruculuq işi oldu: Qarabağ problemi ilə bağlı hazır təsəvvür və baxışlardan qurulmuş mətnlər. Və bu mətnlər Qarabağ savaşı üzərindən bəşəriyyətin yaradılışından bu günə ən eybəcər kəşfi olan müharibəni deyil, elə Dağlıq Qarabağ münaqişəsinin özünü mövzuya çevirir, özü də siyasi baxışlarla.  Məsələyə siyasi baxış olunca isə məlumdur ki, bu münaqişənin bizə yaratdığı və yaşatdığı haqsızlıqlar, ağrı-acılar, itkilər sözə cevrilir və təbii ki, bunlardan da söz edincə düşünmək yox, döyüşmək istəyi yaranır. Ona görə də müharibə mövzulu pyeslərdə səhnə düşüncə yox, döyüş meydanını xatırladır və bu  meydanda düşmən nə qədər linç edilirsə, əsərdən məmnunluğumuz da bir o qədər də çox olur. Vətənə məhəbbəti düşmənə nifrətlə arşına çəkən zehniyyəti məmnun etmək üçün uğraşarkən bir şeyi unuduruq ki,  içimizdə nifrət toxumları əkdikcə gələcək nəsillərə yeni müharibələr miras qoyuruq.

Teatr-dram sənətimiz nəinki günümüzdəki, hətta dünənimizdəki düşmən obrazını da diri tutmağa çalışır, odur ki "Səhnə" teatrı Xaqani Əliyevin yağı düşmən motivləri əsasında qurulmuş "Qurd əfsanəsi" əsərini səhnəyə çıxarır, münsiflər heyəti də bu tamaşanı "4.4 qısa tamaşalar" festivalının qaliblərindən edir. Yağı düşmən obrazının yarandığı vaxtdan zaman bizi çox irəli götürsə də, müharibə mövzusu zehniyyətimizdə min ilin gerisində qalır, bizim üçün müharibə hələ də düşmən deməkdir, qəhrəman deməkdir, vətənpərvəlik deməkdir. Odur ki, teatr-dram sənətimizdə səhnə səngərə, söz silaha çevrilib düşmənə qarşı vuruşur.

Sənət müharibədə qalib gəlmək yox, (bunun üçün kifayət qədər digər platformalar var) müharibəyə qalib gəlmək üzərində düşünməlidir. Müharibələrə nə dünyanın ən böyük gücləri, nə ən sözükeçən tədbir-təşkilatları, nə də ən müasir silahlar son qoymaq iqtidarında deyil, çünki insanın qəlbində nifrət varsa, o, sapand daşı ilə də olsa, atom bombasına qarşı vurusacaq, həm də bu insan böyük bir kütlənin idealina çevriləcək, o vaxta qədər ki, bilinci deyil, inancı üzərindən hərəkət edən bu kütləni daha gözəl ideallara inandırmayıblar. Dünyanı irəli daşıyan ideyalar isə həmişə sənətin, fəslsəfənin bağrından qopur. Ancaq bizim teatr-dram sənətimiz elə toplumun inandıqlarına inanır, elə onun düşündüklərini düşünür, elə onun kimi vətən deyincə ilk olaraq ağlına düşmən obrazı, "uğrunda ölmək" idealı gəlir. Halbuki orta əsrlərin cəngavərlik romanları qədər əski olan "uğrunda ölmək" idealını tarixin arxivinə göndərmək, "uğrunda yaşamaq" zehniyyətində bir nəsil yetişdirmək zamanı çoxdan gəlib.

Bizim dramturgiyamızda isə yaşayan müharibədir, ölənsə insanlardır. Qəşəm Nəcəfzadənin "Ölüm o dünyada qaldı" pyesində müharibə nəinki bu dünyada, hətta o dünyada da o qədər canlıdır, o qədər diridir ki, əsərin azərbaycanlı və erməni personajları axirət yolçuıuğuna Qarabag müharibəsi üzərindən davam edirlər. İıqar Fəhminin "Bazar günü" pyesinin personajları isə müharibənin başlanmasını elə bir cosqu ilə qarşılayırlar ki, əsərin sonu səhnə mətnindən daha çox hərbi marşı xatıladır. Doğrudur ki, bu, zamanın əhvali-ruhiyyəsidir. Anacq dram əhvali-ruhiyyənin axarına düşəndə deyil, axına qarşı gedəndə yaranır. Axına qarşı getmək isə müşkül məsələdir, amma bu da bir həqiqətdir ki, dramaturji konfliktlər elə müşküllüklərdən doğur. Firuz Mustafanın "Payız meşəsində vals" pyesində olduğu kimi azərbaycanlı və erməni əsgərinin qarşıdurmasından konflikt yaratmaq isə işin ən asan tərəfidir, ondan da asan olan isə özümüzün möhtəşəm, düşmənin isə miskin obrazı üzərində mövzu-məzmun qurub müsabiqənin qalibi olmaqdır (Əsər 2019-cu ildə Respublika Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə 1-ci yeri tutmuşdur).

Müharibələr həmişə qəhrəmanlar doğurur, qəhrəmanlar isə heyranlıq. Antik yunan ədəbiyyatından bu yana heyran olduğumuz bu qəhrəmanlar lirik, epik əsərlərin mövzusu olmuşlar, dramatik əsərlərin deyil. Çünki dramda personaja qəhrəman olmaq şansı verməyən, onu sürəkli ələştirən qarşı tərəf var. Qəşəm Nəcəfzadənin "Ölüm o dünyada qaldı" pyesində I Qarabağ savaşının qəhrəmanı Albert isə o qədər mükəmməldir ki, özünü müzakirə üçün heç bir şans tanımır, onu ələştirməyə qalxışan tərəfləri ya hərəkətsiz, ya da bivec vəziyyətə salır. Tərəflərin bərabər gücə, hırsa, səsə malik olmadığı səhnədə isə dram yasana bilməz. Ona görə də bu gün teatr-dram sənətimizdə səhnə varsa da, dram yoxdur. "Bəs bu səhnədə dram yoxdursa, nə var?" sualını başqa müzakirə-müstəvilərə tərk edərək cavabı "dramatik səhnə və yaxud da dram nədir?" sualı üzərindən axtarsaq, deyə bilərik ki, dram hərəkətdir. Həm də bu hadisənin hərəkəti deyil, hərəkətin bu tipi epik əsərlərdə də baş verir, dram fikrin hərəkətidir. Əgər dramda bu hərəkət yoxdursa, o seyr etdiyimiz əhvalatdan, yaxud səhnə görüntülərindən başqa bir şey ola bilmir. Amma bu görüntülərdə gündəm görünərsə, "Mələk" (Pərviz Seyidli) kimi zəif bir əsər də respublikanın iki nüfuzli dramatik teatrından birinin səhnəsinə qalxa (əsər 2021-ci ildə Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmişdir), hətta "İnanıram" (Ülviyyə Heydərova) və "Qurd əfsanəsi" (Xaqani Əliyev) kimi şeirin misraları tək əvvəldən sona kimi eyni ritorkida davam edən əsərlər də festivalın qalibləri siyahısında yer ala bilər (bu əsərlər "4.4 qısa tamaşalar" festivalında ikinci və uçuncu yerləri tutmuşlar). Bu əsərlərdəki emosiya axınının yaratdığı patetik səhnə müasir teatrımızın zövqüdürmü? Əgər bunu teatrın zövqünün ayağına yazsaq, onda niyə xarici dramaturgiyaya müraciətdə kifayət qədər dramarik səhnə ortaya qoyulur. Biz elə bu teatrlardaca Əlif Cahangirlinin "Qəribə, çox qəribə əhvalat" (M.Qavra), Bəhram Osmanovun "Mən gəldim, qızlar" (Lars Nuren), Cənnət Səlimovanın "Don Raffael Trombonçu" (Pepino de Flippo) tamaşalarında tamamilə fərqli səhnə görmuşuk. Və bu səhnədə bizə məişət mövzuları müstəvisində dərin dramatik məna-məzmun təqdim edilibsə, milli mövzulara müraciət edən teatr səhnəsində isə tarixi-ictimai miqyaslı problemlər məişət zehniyyəti ilə mövzuya çevrilir. Hətta oxucunu zamanın və kainatın ona heç tanış olmayan qatlarına: gələcəyə və Marsa aparan Oktay Şamilin "İnsan qiyafəli uzay köpəkləri" (2020) əsərində belə düşüncə hər kəsin ağlında və ağzında olan "insan kainatın ən qorxulu məxluqudur" mətləbindən uzağa gedə bilmir. Düşüncənin bu qədər yerində saydığı, hətta bəzən geriyə doğru yönəldiyi dram bu gün sürətlə dəyişən-dönüşən, yeni baxış acılarına keçən, yeni zehniyyət doğuran dünyadan çox geridə qalır. Halbuki hərəkət gücü bütün janrlardan daha çox olan dramın bu dəyişim-dönüşümün, yenilənmənin önündə getmək potensialı var. Amma dram nəinki bu öndərliyi edir, hətta son otuz ilin mənzərəsi onun özünün dəyişim-dönüşüm, yenilənmə çabasının sovet qəliblərindən müstəqillik qəliblərinə doğru hərəkətdən başqa bir şey olmadığını göstərir. Halbuki dram qəlibləri dəyişmək deyil, onları parçalamaq, ideologiyaların ruporu deyil, müəllifi olmaq gücünə sahibdir. Amma bugünkü dram səhnə mətnlərinə müəllif olmaqdan o yana gedə, yeni yanaşmalar ortaya qoya, yeni düşüncə müstəvisinə çıxa bilmir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!