"Bremen musiqiçiləri" Lənkəranda - Nilufər Hacılının tamaşa haqqında qeydləri - FOTOLAR

 

Lənkəran Dövlət Dram Teatrında mövsümün son uşaq tamaşası oynanılıb. Səhnə əsəri teatrın öz repertuarından deyil, paytaxt teatrlarının birindən seçilib.

Belə ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş tədbirlər silsiləsində paytaxt teatrlarının regionlara qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppası iyunun 27-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində "Bremen musiqiçiləri" tamaşası ilə çıxış edib.

Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradova, rejissorları Gülnar Hacıyeva və Müşviq Əliyev, rejissor assistenti Günay Qasımova olan səhnə əsərində rolları aktyorlardan - Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Əliheydər, Xaliq Bəkirov, Araz Pirimov, Müşfiq Əliyev, Tahir İsmayılov, Gülbəniz Lətifova, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Mustafayeva, Hilal Dəmirov ifa ediblər.

Qrim qardaşlarının nağıl personajları əsasında hazırlanan musiqili tamaşa iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Yuri Entin və Vasili Livanov tərəfindən ssenariləşdirilən, musiqisini Gennadi Qladkovun bəstələdiyi əsər ilk dəfə 1969-cu ildə "Soyuzmultfilm" tərəfindən İnessa Kovalevskayanın rejissorluğu ilə cizgi filmi kimi istehsal edilib. Qərb rok-n-roll musiqisindən istifadə edilərək hazırlanan musiqili cizgi filmi dövründə o qədər sevilib ki, kult halına gəlib. Daha sonra sözügedən filmin davamı olaraq 1973-cü ildə "Bremen şəhər musiqiçilərinin izində" və 2000-ci ildə "Yeni Bremen şəhər musiqiçiləri" adlı filmlər çəkilib.

Cizgi filminin əsas qəhrəmanları Eşşək, İt, Pişik, Xoruz və onların lideri Trubadurdur (dilimizə uyğunlaşdırsaq, "Ozan" - N.H.). Onlar birlikdə şəhərbəşəhər gəzərək tamaşa-şou tipli səhnəciklər nümayiş etdirirlər. Tamaşanın başlanğıcında onlar azadlıq sevinci, dostluq haqqında mahnı ifa edirlər. Bir müddət sonra saraya gəlib padşah, onun ailəsi və təbəələri üçün tamaşa nümayiş etdirirlər. Müxtəlif maraqlı, bəzən təhlükəli tryüklər yerinə yetirirlər. Gənc trubadur belə tryüklər zamanı şahzadə ilə göz-gözə gəlir; ikisi də qızarır. Gözü şahzadədə qalan trubadur şounu "unudur", tamaşada ardıcıllıq itir, heyvanlar özünü itirir və xoşagəlməz hadisələr baş verir. Kral qəzəblənərək dəstəni saraydan qovur.

Aşiq olan trubadurun xəyalı göylərdə dolaşır, mahnılar oxuyur, sanki real dünyadan uzaqlaşır. Hadisələrin gedişatında məlum olur ki, padşahın qızı da gənc trubadura aşiq olub. Bu sevgidən xəbər tutan padşah bərk qəzəblənir, qızını hansısa musiqiçiyə ərə verməyəcəyini bəyan edir.

Hadisələr əsl nağılvari maraq və həyəcanla davam edir. Sevgisi uğrunda müxtəlif maneələrlə qarşılaşan trubadur, ağlı, hiyləsi, əzmi və ən əsası, sevgisi ilə mübarizə apararaq sonunda şahzadəsinə qovuşur. Bu işdə onlara ən çox saray təlxəyi və trubadurun dostu olan heyvanlar kömək edir. Tamaşanın sonunda trubadur, şahzadə və heyvanlar xoşbəxt şəkildə mahnı oxuyaraq naməlum istiqamətə yola düşürlər.

İnteraktiv metodlardan istifadə edilərək nümayiş olunan tamaşanın yaradıcı heyəti tamaşaçıları həyəcanlandırmağı, müəyyən məqamlarda intizarda saxlamağı, balacalarda pozitiv ovqat yaratmağı bacardı. İndiki uşaqları ancaq bu cür enerjili, modern tamaşalarla teatra cəlb etmək olar, "pis padşah-yaxşı padşah" nağılları "Z" nəslinə maraqlı, inandırıcı gəlmir daha. Tamaşanın dinamikası, peşəkar aktyor oyunu və xoşbəxt sonluq izləyicilərdə xoş təəssürat yaratdı. Yüksək səviyyədə səhnə tərtibatını peşəkar aktyor oyunu tamamlayırdı, tamaşanın həlli də ssenariyə uyğun uğurlu, yaddaqalan oldu.

Qeyd edək ki, 2021-ci ildə "Bremen musiqiçiləri" tamaşası, 2018-ci ildə ölkəmizdə fəaliyyətə başalayan "Jam SS" musiqi və şou teatrı tərəfindən də səhnəyə qoyulub.

Teatrla ilk tanışlığım tələbə vaxtı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə olub. Bakalavr təhsili aldığım Universitetin GTT ilə müqaviləsi vardı. Həftəsonları, elə həftəiçi də teatra gedib, demək olar, repertuarda olan bütün tamaşaları izləmişdik. O vaxt GTT repertuarının gənclərdən çox, uşaq tamaşaları ilə zəngin olmasına narazılığımı bildirsəm də, sonradan, digər teatrlarda da olub fəaliyyətlərini daha yaxından izləyəndən sonra fikirləşdim ki, nə yaxşı ki, GTT və onun uşaq tamaşaları da var.

Hazırda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət teatrlarının repertuarında uşaq tamaşaları yer alır və bunun yaxşı tərəfləri bütün natamamlıqları ört-basdır edir. İnkişafa aparan yolda bu cür bütün fəaliyyətlər dəstəklənməlidir.

GTT-ya axırıncı dəfə nə vaxt getdiyim dəqiq yadıma gəlmir, deyəsən, ən son Əli Əmirlinin "Hasarın o üzü" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı izləmişəm. Nəzərə alsaq ki, tamaşanın premyerası 2013-cü ildə olub, yada sala bilməməyim normaldır, məncə. Lənkərana köçəndən isə evimizin yaxınlığında yerləşir deyə, Lənkəran Dövlət Dram Teatrının repertuarında olan əksər tamaşaları izləmək şansım olub. Eləcə də Lənkərana qastrol səfərinə gələn digər teatrların da tamaşalarını izləmişəm, bir neçə ay əvvəl Akademik Milli Dram Teatrının truppası Abdulla Şaiqin "Danışan gəlincik" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə Lənkərana qastrol səfərinə gəlmişdi. Peşəkar heyətin oynadığı tamaşa böyük maraqla qarşılanmışdı. Lənkəran Dövlət Dram Teatrının da repertuarında bu il bir neçə uşaq tamaşası ("Nuru babanın sərgüzəştləri", "Yalançı şahzadə") olub.

İş saatı, sosial problemlər, bəzən gənc və orta nəsli teatrdan uzaq salsa da, uşaqlara bu cür məsələləri izah etmək olmur və onların istirahəti üçün əyləncə mərkəzləri, oyun parkları ilə yanaşı, teatrlar da ən çox seçilən yerlərdən olur. Buna görə də teatrlarda uşaq tamaşalarının sayı, elə böyük tamaşalarının sayı qədər, bəlkə də daha çox olmalıdır. Əskikliklər, natamamlıqlar, çatışmazlıqlar, problemlər barədə növbəti dəfələrdə yazmağı düşünürəm. Bu dəfə mövzunu ölkədə, bəlkə də ən çox uşaq tamaşasına quruluş verən Əməkdar artist Nicat Kazımovun üzərinə gətirmək istəyirəm.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq üzrə təhsil alan Nicat Kazımov səhnə fəaliyyətinə 1991-ci ildən Gənc Tamaşaçılar Teatrında start verib.  Rejissorluq fəaliyyətinə də 1996-cı ildə "Tık-tık və Tuk-tuk" tamaşası ilə elə GTT-da başlayıb. İndiyə qədər 25-dən çox tamaşaya quruluş verən rejissor "Bremen musiqiçiləri"ndən (2018) sonra da bir neçə uşaq və böyük tamaşasına quruluş verib. Zəhmətkeşliyi, yorulmazlığı, kreativliyi ilə daim fərqlənən rejissor 2013-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına, bir neçə dəfə Prezident Mükafatına layiq görülüb. 2018-ci ildə Böyük Britaniyada II Yelizavetanın şərəfinə təşkil olunmuş Vindzor Kral At Şousunun rejissoru kimi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub. 14 avqust 2019-cu ildə "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, 2021-ci ildə bir daha "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub. 2022-ci ildə "Şücaətə görə" medalına layiq görülüb.

Nicat Kazımovun tamaşalarını həm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, həm də Akademik Milli Dram Teatrının səhnələrində izləmişəm. İlk dəfəydi ki, N.Kazımovu tamaşaçı oturacağından öz tamaşasını izləyərkən görürdüm. Özünün quruluş verdiyi, dəfələrlə baxdığı, nəinki dialoqlarını, monoloqlarını, mahnılarını, yəqin ki, aktyorların jest-mimikalarını da əzbər bildiyi tamaşaya ilk dəfəymiş kimi həyəcan və eyni zamanda qürurla baxdığının şahidi oldum. Bu hadisə beynimdə Türkiyədə illərdi nümayiş olunan "Güldür-güldür" komediya şousunun rəhbəri Əli Sunalın öz skeçlərini (skeç - az xarakterli, sadə, yumoristik məzmunlu qısa tamaşadır - N.H.) izləməsi hadisəsi ilə assosiasiya oldu. Hər 15-20 dəqiqəlik tamaşa müddətində o qədər qəhqəhə çəkib gülür, əylənir ki, düşünməmək mümkün deyil ki, verilişi sırf öz əyləncəsi üçün hazırlayır. N.Kazımov da öz tamaşasından həmin zövqü alırdı. Adını unutduğum bir yazarın belə fikri vardı, deyirdi, "ancaq öz oxumaq istədiyim kitabları yazıram". Görünür, N.Kazımov da öz baxmaq istədiyi tamaşaları səhnələşdirir. Arzu edək ki, rejissorun zövqü daim belə maraqlı, yüksək olsun. Düşünəndə ki, tamaşaçının da zövqünün taleyi rejissorun zövqündən asılıdır, eyni arzunu bütün rejissorlar üçün də diləsək, yerinə düşər.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!