Bu gün yazıçı-nasir, bir çox filmlərin ssenari müəllifi Fərman Kərimzadənin doğum günüdür. Yeganə Kərimzadə atası Fərman Kərimzadə ilə bağlı xatirələrini bölüşür.
- Yeganə xanım, xatirələrlə aranız necəsdir? Məlumdur ki, zaman keçdikcə insan ötənlərə boylanır, xatirələrə dalır. Sizin də keçmişə güzar etdiyiniz, xatirələrə daldığınız vaxtlar az olmaz.
- Elə bir insan varmı ki, xatirələri dönə-dönə yaşamasın? Düşünmədən, yad etmədən yaşamaq mümkün deyil. Xatirə yaddaşındı, yaddaş tərpənməyəndə, hərəkətə gəlməyəndə özün-özünə yadlaşırsan...
- Sizin atanız Fərman Kərimzadə ilə bağlı xatirələrinizi oxucularımıza paylaşmanızı istəyirik. Deyin, atanızı necə xatırlayırsız?
- Atam daima yaddaşımın bir köşəsində yaşayır.
Bilirsiniz, heç məktəbə getmədiyim vaxtlarda məndən atamı soruşanda, atam yazıçı Fərman Kərimzadədir, deyirdim. Lap körpəlikdən mənim üçün yazıçıdan böyük sənət olmayıb. Bu günümdə də belə düşünürəm.
Ata kimi onun əvəzi yox idi. Övladla dost, sirdaş, yol yoldaşı olmağı vardı. Amma bir baxışı bəs edərdi ki, özünü cəmləyəsən.
- Əsərlərini yazanda necə, xəlvət bir guşə, evdən bir qədər təcrid olunma, belə hallar olurdumu?
- Bilirsiniz, biz övladları və anam onun ilk oxucuları olmuşuq. Çox vaxt əsərlərini özü bizə oxuyardı. Həlim səsi otağa yayılanda nəfəs almağı bəlkə də düşünüb alardıq. Və fəxr edərdik ki, bizə inanıb, əsərlərini oxuyur. Oxudan sonra müzakirələr edərdik.
O, dünyasını dəyişdikdən sonra çap olunan və olunmayan yadigar əsərləri ilə üz-üzə tənha qalanda artıq onları atamın əsərləri kimi yox, tanınmış yazıçının irsi kimi yenidən oxudum. Məhz onda Fərman Kərimzadə əzəmətini və fəlsəfəsini dərk etdim... Atamı yenidən tapdım desəm, yanılmaram.
- Zaman keçdikcə, yaşınızın üstünə yaş gəldi və deyin Fərman müəllim, sizin üçün daha kim olurdu, onu necə tanıyırdız?
- Atam dünyasını dəyişəndə cəmi 27 yaşım vardı.
Atam şan-şöhrət sevən insan deyildi. Ən gözəl bəzəyi sadəliyi, dağdan ağır əzəmətinin yaraşığı gümüşü saçları idi.
Mərd, məğrur, sözünün ağası və əzəmətli biri idi. Qapımızı kimlər döyməzdi, kimlər onu görmək üçün gəlməzdi?..
- Yeganə xanım, atanız ananızdan ayrılmışdı, başqa xanımla ailə qurmuşdu. Balalarına da bu ayrılığı sezdirirdi?
- Bəli, bu, bir müddət, il yarım davam etdi, o bizdən ayrı oldu, amma atmadı. Bizi heç vaxt tək buraxmadı. Buna baxmayaraq, o hadisənin izi qaldı. "Uşaqlığımın son yayı" adlı hekayəm o izin məhsuludu.
- İndi o illər çox geridə qalıb, ata ortağı olduğunuz bacı və qardaşlarla da deyəsən sonralar mehriban olmadınız, yoxsa bu bir söz-söhbətdir?
- Biz ailədə dörd uşağıq - üç bacı, bir qardaş. O hadisə olanda dördümüz də vardıq. Orda isə sonuncu bir qız dünyaya gəldi. Və o qız bizim kiçik bacımızdı. Söz-söhbətlər həmişə olub və olacaq. Biz o sözlərə qıcıqlanacaq insanlar deyilik...
- Atanız çox məşhur yazıçı idi. Bir çox tarixi romanların müəllifi kimi tanındı, sevildi. Bu əsərləri yazdıqda hər hansı bir maneələrlə üzləşmədi ki?
- Sovet dövrü yazıçıya yaradıcılıq üçün bütün imkanlar yaradılırdı. Buna baxmayaraq qadağaları da vardı. "Axırıncı aşırım" bədii filmini Moskva qəbul edə bilmirdi. Milli kimlik Moskvaya lazım deyildi. Filmin təsdiqinə atam məni də özü ilə Moskvaya aparmışdı. Uşaq idim, amma çox şeyin şahidi oldum. Brejnevin qızı məsələyə qarışandan sonra film təsdiq olundu və qonaqlığı Qalina xanım öz evində verdi. Bir gecə məni öz evində qonaq saxladı, öz yanında yatırtdı. Bu gördüyü işə görə çox sevinirdi, atamı sanki mənə tanıtdırmağa çalışırdı "on oçen talantlivıy", - deyirdi. Hakimiyyətin əleyhinə hakimin dünyagörmüş qızı gedirdi. Atama qarşı çox haqsızlıqlar olub. O isə heç nəyə fikir vermədən bu millətin yazıçısı olmaqdan usanmadı.
- Deyirsiz ki, filmin təsdiq olunmasında Brejnevin qızının müdaxiləsi rol oynadı. Atanız Qalina ilə necə tanış olmuşdu, bu tanışlıq nə qədər yaxın idi ki sizi evinə qonaq aparmışdı və bundan o dövrün rəhbərləri xəbərdar idimi?
- Yəqin ki, bunu yüksək dairələrdə bilməmiş deyildilər. Bu barədə dəqiq heç nə deyə bilmərəm
Onu yaxşı bilirəm ki, o vaxtlar Lenin muzeyinin baş rəssamının (adını unutmuşam) həyat yoldaşı yazıçı və tərcüməçi idi, atamı yaxşı tanıyırdı, onun vasitəsi ilə olmuşdu bu tanışlıq.
- Dostları da kifayət qədər idi. Bundan əlavə, ətrafında müxtəlif təbəqənin adamları olub. Bu ətraf onu bezdirmirdi ki?
- Atamın ətrafında daima sevib, hörmət etdiyi insanlar oldu. O, heç kimi unutmazdı. İnsanları sevirdi. Tanımadığı biri üçün ölümə belə gedərdi. Ona görə də onu sevirdilər.
- Atanızla ata-bala müstəvisindən kənara çıxıb, onunla dost ola bildinizmi?
- Atamla ata-bala, dost və yol yoldaşı olmuşam. Ədəbi nüzakirələrimiz olub. Bir yerdə rəsm çəkməyi sevirdik. Atam mənim dünyam idi...
- Sevilən, oxunan romanların müəllifi olan Fərman müəllim dünyasını dəyişdikdən sonra sanki unuduldu. Necə düşünürsüz, səhv etmirəm ki?
- İyirmi yeddinci il olur ki, ildə bir neçə dəfə atamla bağlı müsahibələr verirəm, televiziya verilişləri hazırlanır. Dərslikdə var. Məktəblilər belə Fərman Kərimzadəni tanıyırsa, deməli, unudulmayıb.
- Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib, bəlkə də aralarına yaradıcılıq baxımından hansısa rəqabət və sair yaşanıb. Danışırdımı?
- Faiq müəllim, o dövr fərqli idi. Çalışdığı yerləri demirəm, evimiz belə yaradıcılıq məkanı idi. Kimlər gəlməzdi bizə? Dövrün çox tanınmış ziyalıları, yazıçılar, şairlər. Müxtəlif ölkələrdən olan qələm adamları. O, buna yalnız sevinirdi. Təzə nə kitab çıxdısa onu alıb gətirdi ki, oxuyun, xalqın yazıçı, şairlərini tanıyın.
- Yadınıza salın, daha çox kimlərlə oturub-dururdu, sizcə, ən yaxın dostu kim idi?
- Ən yaxın dostu isə Sabir Rüstəmxanlı idi.
- Yeganə xanım, siz atanızın nüfuzundan, ad -sanından sui-istifadə edirdinizmi heç? Sinif yoldaşları, dost-tanış, tay-tuş arasında qürrələnmək və sair baxımdan. Olubmu ki, atanızın adına söykənib şıltaqlıq edəsiz?
- Ailədə elə tərbiyə aldıq ki, yekəxanalıq nədir bilmədik. Savadlı uşaqlar olmuşuq. Ata-anamız buna xüsusi nəzarət ediblər. Özümüzə güvənməyi başa salıblar. Hətta mən rəssamlıq məktəbinə imtahan verən zaman atam ora gəlmişdi qaçıb uşaqların içində gizlənmişdim. Mənimlə imtahan verən bir qız birdən qayıtdı ki, qızlar orda bir kişi dayanıb, ona baxın görün nə yaraşıqlı adamdı. Hələ çox söz dedi indi yazmıram (gülür). Məlum oldu atamı deyir. - Atamdır, - dedim. Və gedib atamın yanında şəstlə dayandım.
İlk və son idi bu. Amma onun övladı olduğum üçün mənə yaxın olmağa çalışanlar çox olub. Hörmət də görmüşəm, zərbə də yemişəm. Ən əsası, elə bir insanın övladı olmağımla fəxr etmişəm.
- Fərman müəllim bəs qonşu kimi necə idi?
- O vaxt qonşuluq vardı, qardaşım. Kabablar çəkilərdi. Kişilər ayrı, qadınlar ayrı oturardılar. Kimsə getmək istəyəndə atam deyərdi: - Liftiniz işləmir? Məclis yenidən qızışardı...
O rəhmətə gedəndə, qadınları demirəm, qonşu kişilər ağlayırdı.
-Bəs dostlarla münasibətdə sizin illərin o tayında qalan müşahidələriniz bizə nəyi deyə bilər? O dostlar bu gün görünürmü?
-Atamdan sonra dostları bir daha görmədik. Bayramları demirəm, adi günlərdə aşıb-daşan ev boşaldı. Bu barədə bu qədər. Ardı yoxdu bu sualın... Və cavabın...
- Yadınızda ən çox hansı xüsusiyyətləri ilə qalıb?
-Atamla bağlı nə varsa, unudulmazdı. Yol yoldaşlığı üçün çox qəribsəyirəm. Vətən tarixini elə gözəl bilirdi ki... Mən atamla yol yoldaşı olanda Vətəni sevməyi öyrəndim. Hər daşı bir tarixdi Azərbaycanın.
- Övladlar varis olmaqla yanaşı həm də valideynlərin əsəridir. Yazıçınızın ümüdlərini doğrultmusuz?
- Onu deyə bilmərəm. Məncə, yalnız özü buna cavab verə bilərdi. Anam halallığını vermişdi bizə. Ailədə atamın davamçısı mənəm. Rəssam, yazıçı, ssenarist. Sağlığında fəxr edirdi mənimlə. Nə dərəcədə ona layiq övlad oldum, bilmirəm. Adının yaşaması üçün bacardığımı etdim. Onlarla filmlər həsr etdim ona. İndi haqqında bədii film çəkilməsi üçün çalışıram. Bəlkə sağ olsaydı, razı olmazdı. Şöhrət sevən deyildi axı... Bu sualın cavabı məndə yoxdu...
- Səfərlər, tədbirlər, ziyafətlər, gərgin iş, yaradıcılıq və sair. Çoxmu yorğun olurdu, bezdiyi, yaşamına təəssüf etdiyi anlar var idimi?
- Atam çox enerjili biri idi. Yorulmaq nədi bilməzdi. Günlərlə otağına çəkilib yaza bilərdi. Yazmazdan qabaq bir saat yuxu ona bəs edərdi. 1988- ci il hadisələri başlayanda isə çox kövrək olmuşdu. Uşaq kimi bir uşağın ağlamağına ağlaya bilərdi.
-Onunla bağlı ən çox nəyə təəssüf edirsiz, nədə, hansı zamanda yanında olmalıydız ola bilmədiz?
- Camaatın İrəvandan köçürülməsi ilə məşğul idi. Dilinin əzbəri bir söz vardı:"El içində, öl içində". El içində arzusuna çatmışdı. Biz isə onu evdə gözlıyirdik. Həmin gün ilaxır çərşənbəydi...
- Sizcə, ona hansı əsəri daha doğma idi?
- O vaxtın KQB-si tərəfindən evdən aparılan adsız əsəri...
Söhbətləşdi: Faiq Balabəyli
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!