Şair, ssenarist Turan Uğurun müəllifi olduğu "Sətirlər" verilişində məşhur qazax şairi, türk dünyasının böyük oğlu Oljas Süleymenovun həyat və yaradıcılığı geniş əksini tapıb. Həmin veriliş 2021-ci ilin sentyabrında "Mədəniyyət" kanalı vasitəsilə tamaşaçılara təqdim olunub. Ssenari formatından çıxarılan bu yazı indi esse-hekayə şəklində "Ədəbiyyat qəzeti"nə təqdim olunur.
Geoloqam...
Təbiəti öyrənirəm, təbiətin dilini bilmək milyardların dilini bilməyə bərabərdir. Eşitmişəm ki, Hüqonun həyatını bir laf
"le destin" "tale" tamam-kamal dəyişibmiş. Bir söz də mənim həyatımı dəyişəcək. "Şumer": necə də doğmadır bu söz. Bunu yaşlı kişidən eşidəndə, elə bil xəncər saplandı ürəyimə, sanki neştər dəlik-deşik elədi beynimdəki əndişələri, qovdu bütün şübhələri. Yerinə həqiqət gəldi. Şumer, Türk həqiqəti. Şumer: bu, mədəniyyətdir. Bu qos-qoca mədəniyyəti çantama yığıb əsrlər boyu "koşşi"-lik, "köçəri"-lik edə bilərəmmi?
- Bilərəm...
Bəs hardan eşitmişdim bu sözü?
"Koşşi" sözünü diplomqabağı praktika zamanı Şimal-Şərqi Prikaspidə sinəsində "şərəf nişanı" ordenini gəzdirən bir qocadan duymuşdum.
Oljas Süleymenovam...
Ömərxan kişinin oğluyam. Atamı cəmi 4 gün görmüşəm, daha doğrusu, o, məni 4 gün görüb. Qıyıq gözlərimi hələ aça bilmirdimsə, necə görəcəkdim atam Öməri? Qıpçaq övladı olmağım, gözlərimin qıyıq olması hürkütməsin sizi, uzağı sonralar daha yaxşı görəcəkdim. Uzaqgörən olmağım üçün ara-bir keçmişə qanrılıb baxmaqda fayda var. Axı keçmiş əsla keçməmiş ulusum, keçmişi olmayanlar utansın, hə bir də adımızı "vəhşi" qoyub tariximizi eramızın 4-cü əsrinə aparan qondarma Sovet akademikləri. Onlara kimliyimizi sübut edəcəm. Əvvəl
"Az" deyəcəm sonra "ya", daha sonra hər ikisini birgə: "Az i ya".
Türkəm...
40 professor və akademikə Şumer mədəniyyətinin varisi olduğumuzu söyləyəcəm. Ehhhh, daha nələr deyəcəm, nələr. 60 sözlə şumer və türk ortağı olduğunu isbat edəndə mənə - "bu, kifayət etməz" deyən qərəzli alimə tutarlı cavabım da olacaq. Nə kimi?, durun, düşünüm bir. Hə, belə desəm necə olar:
- "Dənizin dadını bilmək üçün heç də Sakit okeanın suyunu dibinəcən içməyə dəyməz, küləyin uzaqlardan qovub gətirdiyi bircə damla şor su da kifayətdir". Bənizi solacaq alimin, gətirdiyim dəlillər onun üzündə cizgilərin avazımalı, əhval-ruhiyyəsinin öləziməli olduğuna nişanədir. Ehh daha neçə "malı", "məli"-ni hələ qarşımdakı akademiklərin cizgilərinə hörəcəm.
"Orxon-Yenisey" yazıları, gil lövhədəki yazılar, şumer sözləri...
Linqvistəm...
Yerin inkişaf tarixini öyrənə-öyrənə gəlib çıxdım sözlərin quruluşuna, nitq hissələrinə, dilçiliyin hər sahəsinə, əsasən də etimologiyaya meylim artmış oldu. Tariximizin sözlərdə gizləndiyinə əminəm. Saxlancımız sözlərimizdir. Sözün dəyişməyi insanın dəyişməyinin xəbərçisidir, həm də xalqın.
Şumerdə - ada, Türkdə - ata
Şumerdə - tir - həyat, Türklərdə tiri, diri, diri olmaq, turu yaşamaq.
Şumerdə - Dinqir - tanrı, göy. Bizdə Tenqir, Teqri, Tanrı... və s.
Tələbəyəm...
İkinci ali təhsil alıram. Moskvada Ədəbiyyat İnstitutunda 1-ci kursda oxuyanda verilən kurs işi "İqor polku dastanı"nda Şərq elementləri" idi. Həmin dastanın müəllifinin slavyan yaxud türk olmağı mənim üçün önəmsizdir. Əsas odur ki, müəllif ikidilli olub, yazan ikidilli olubsa, deməli oxuyan da ikidilli olub. Türkizmləri tapıb çıxarmaq gərək. Nasixlərin türk sözlərini sonrakı əsrlərdə necə dəyişib, yerinə rus-şimal dialektlərindən sözlər pərçim etdiyini üzə çıxaracam. Bu nədir? Bu nəyin əndişəsidir? Nəyin qorxusudur? Zirzəmimdə şumerlə bağlı əlyazmalar nə üçün yağmalanıb, ahhhaaa, narahat olanlar var? "Az i ya"-nın ilk oxucusu şair Konstantin Simonovun məktubunu aldım. Yazısında mənə qarşı "necə bir müharibənin başlandığını indidən təxmin edirəm" - deyir. Haqlı çıxır Konstantin Mixayloviç...
Təqvimin 1975-ci iliyəm...
Mən Oljas üçün uğurlu gəlib yeni il, bir qədər də qalmaqallı. Kirpiyimlə od götürmüşəm. Yaxşı ki, bu kitab çıxanda "qalmaqalçı" adı ilə məni damğalamaqları bəs elədi. Sağ olsun Dinməhəmmədi. Kunayevi nəzərdə tuturam. Suslovun ağzına atsaydılar, hooop edib udmuşdu məni. Qursağında qalacaqdım ya yox, orasını bilmirəm, amma məni yeməyə hazır idi. "Antisovet", "pantürkist" damğasını bəribaşdan qoymuşdu. Kunayevin Brejnevlə dost olmaqları işə yaradı. Gördüm ki, qara buludlar alıb başımın üstünü, becid davrandım, Dimaşa dedim, məni qorudu, kitabı verdi Leonid İliçə. O da oxudu. Bəlkə də, oxutdurub neçəsinə. Kitab oxumaq həvəsi harda idi Leonyanın, hə, xokkey olsaydı baxardı amma. Dedi:
- "burada antisovet heç nə yoxdu". Əla cavabdı, həm də yerində deyilmiş. Kunayev bir az da ürəkləndi. Yoldaş Brejnev, olar bu qalmaqalçını Mərkəzi Komitənin tərkibinə seçək? Cavab:
- "Layiqdirsə, seç".
Yaxşı sivişib çıxdım bu məsələdən.
"Az i ya" kitabıyam...
Bütün İttifaqda səs-küylə qarşılanıram. Öz aramızdı, adımı da əla tapmışam haa. "Az i ya" - Slavyan əlifbasının ilk hərfi və son hərfi. "Mən və mən". Şərti olaraq. "Sən və mən" deyə bilərsiz. Okeanın o tayında da maraqlanırlar. Sovetin sütununu laxladacaq kitab çıxıb, sevinməyə macal tapanlar nə çoxdur!
ABŞ-da, sonralar eşitdim bu haqda. Hə, bir də eşitdim ki, Respublikamızda kitabım qara bazarda rekordla satılır. Öz avtomobilini, "Jiquli"-sini bu kitaba dəyişənlər də var. Azərbaycanda da sevilərək oxunub, əl-əl gəzdiyindən xəbərdaram. Dostum Məmmədə 10 nüsxəsini pay vermişəm. Yaxşı ülfətimiz var onunla. Bir dəfə səhərə kimi Məmmədin zoğal arağını, mənim də fransız konyakımı "bala-bala" vurmuşuq. Bəxtiyarla, Anarla, Elçinlə, Şahmarla, Seyranla, Sabirlə də yaxın dostuq.
Azərbaycanın böyük dostuyam...
Hə, "20 Yanvar" dəhşətini mənə gecə 3-də Bəxtiyar xəbər vermişdi. Səsi titrək, kədərli idi. 39 dərəcə qızdırmada yanırdım, amma bu xəbər daha da yandırdı məni. Buna rəğmən, gecə ilə getdim Bakıya. Bakı mənim iki doğma şəhərimdən biridir. Burada mənə Azərbaycanın böyük dostu deyirlər. Bəs necə? 2021-ci il avqustun 12-də cənab İlham Əliyev sinəmə "Şərəf" ordenini taxanda 1 saat söhbət də eləmişik.
Sağ olsun, mənə qarşı hər zaman diqqətli olub. Bir kitab da hədiyyə etdi. Qarabağ işğaldan əvvəl və azad olandan sonrakı dönəmi əks etdirirdi. Avtoqraf da istədim. Həə, adətən yazıçılar avtoqraf verər, amma mən də İlham Əliyevin tarix yazan insan kimi avtoqrafını aldım. Axı o da yazıçıdır. Tarix yazan yazıçı.
Yazıçıyam...
Gənclərdən narazıyam. Mütaliəni sevmirlər. "Dayanmadan, durmadan yazmaq" şüarımı da qulaqardına vurublar. Oxumağı sevməyənlər yazmağı da sevməzlər.
Diplomatam, partiya rəhbəriyəm, səfir də işləmişəm. "1001 söz", "Türklər tarixdən əvvəl" kitabım da maraqla qarşılandı. Başqa əsərlərim də var. Əvvəllər balaca ofisdə işləyirdim. Dalandarlar bezdirmişdilər məni, işləməyə qoymurdular. Bir təhər onları çıxartdım. Bir dəfə evə gedəndə qaranlıq idi. Üstümə bir neçə nəfər hücum çəkdi, özümü qorudum. Əllərində küt alət vardı. Demək ki, Tanrı Türkü qorumaq istəmiş, əks-halda qarşınızda Oljas Süleymenov olmazdı. Azərbaycan Türklərinə deyəcəklərim çoxdur. Öncə gözaydınlığı yaraşır doğmalarıma, sonra şeirlərim. Qarabağdakı zəfərimizə uşaq kimi sevinməyə gəlmişdim. Sanki "Dədə Qorqud", "Manas" dastanları canlandı gözümdə. Dədəm Qorqud gəldi, şadlıq çaldı, boy boyladı, soy söylədi. Qazi ərənlər başına nə gəldiyini söylədi. Qanı dediyim bəy ərənlər? dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Canavar ulartısı eşidilir bu dəm. Yeri gəlmişkən, qədim Şumerdə muncuqları sapa düzürmüşlər ki, ulduzları əcdadımızın bədənində saxlayaq. Az sonra göy qübbəsində parlaq ulduzlar peyda olacaq. O ulduzlara hər bir Türk şəxsiyyətinin adını ad edəcəm. Birinə "Oljas" ismini verəcəm. Gecə şəmsin ölümü olsa da, səhər günəş yenidən yatağından qalxacaq, göydə yarıqövs cızacaq. Mərhaba, ey göyün ulduzları, yerdə muncuqlarım, göydə sizsiniz, ölümüz yoxdur, dirimiz var, Tinqirimiz, Tanrımız, Türkümüz var!!!
Az sonra göy qübbəsində parlaq ulduzlar peyda olacaq.
Muncuqların düzülüşü odur ki, ölülərimiz də dirilərimiz kimi bizim üçün dəyərlidir. Axı Türkün ölüsü yox, dirisi olur!
Qeyd: Esse-hekayədə şair Məmməd İsmayılın, yazıçı Seyran Səxavətin, və yazıçı-dramaturq Firuz Mustafanın xatirələrindən istifadə olunub.
6 sentyabr 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!