Canavar dişi - İkihissəli qəhrəmanlıq dramı. İFTİXAR

 

İştirak edirlər:

Azərbaycan əsgəri

Erməni əsgəri

Südəmər körpə

Komandir

Qadın

Muzdlu zənci zabit

Muzdlu zənci əsgər

 

Qarlı, şaxtalı qış gecəsi. Meşədə canavarlar ulayır. Azərbaycan əsgəri qocaman palıd ağacının gövdəsindəki geniş bir mağaraya bənzəyən oyuğa sığınıb. O, mundirinə bürünüb, nəfəsi ilə canını isidərək, yumaq kimi büzüşmüş halda mürgüləyir. Ulayan canavarların səsi yavaş-yavaş yaxınlaşır. Birdən qar üstündə tez-tez xırçıldayan, palıd ağacına tərəf irəliləyən ayaq səsləri eşidilməyə başlayır. Soyuqdan titrəyən Azərbaycan əsgəri zorla yerindən tərpənir və oyuğun küncündən ehtiyatla səsə tərəf boylanır. Qarın bəyazlığında qaçaraq irəliləyən insan aydınca sezilir. Azərbaycan əsgərinin donmuş dodaqlarından qopan səs zorla eşidilir.

Azərbaycan əsgəri: - Gəl, yazıq zavallı, bu vurhavurdan canını qurtarıbsan, böyük işdir...

Azərbaycan əsgəri üşümüş əlləri ilə birtəhər fənərin işığını yandırır və qaçan adama tərəf tutur. Gözləri fənərin işığında fosfor kimi parıldayan bir sürü canavar onu qovur. Azərbaycan əsgəri ağzını ovcunun içinə tutub, var gücü ilə səslənir.

Azərbaycan əsgəri: - Bir az bərk qaç, işığa tərəf qaç... Bərk qaç, özünü tez buraya çatdır.

Qaçan adam fənərin işığının arxasından meşəyə yayılan səsi eşitcək, tez yerində dayanır. Səmtini dəyişmək istəyir, lakin canavarların mühasirəsində olduğunu görcək, yenidən işığa tərəf qaçır. Canavarlar ona çatar-çatmaz o özünü palıd ağacının gövdəsinin dəliyindən içəri salır. Azərbaycan əsgəri fənərın işığını canavarların gözlərinə tərəf tutur. Hiddətlə dişlərini qıcayan canavarlar fənərın işığına yaxınlaşdıqca yavaşımağa başlayırlar. Ovunu itirən ac-yalavac quduzlar palıdın dövrəsinə fırlanır, ovu qapmaq üçün fürsət axtarırlar. Bir müddətdən sonra canavarlar pusquya çəkilir, hərdən bir gah mırıldayır, gah da ulayırlar. Azərbaycan əsgəri qayışındakı əsgər bıçağını çıxarıb ağacın gövdəsinə sancır. Fənəri həmin bıçağın dəstəyindən üzü canavarlara tərəf asır və dərhal mağaranın alaqaranlığında təngnəfəs halda üzü üstə sərilib qalmış yeni sakinə tərəf dönür.

Azərbaycan əsgəri: - Yaxşı qurtardın zalım oğlu, anan namaz üstündə imiş... Amma bilmirəm sonrası nə olacaq... bu quduz sürüsünün dişlərindən qurtara biləcəyikmi? Allah kərimdir...

Huşunu itirmiş yeni sakinin əynində əsgər paltarı var. Azərbaycan əsgəri onu arxası üstə çevirir. Qucağındakı ala-bəzək rəngli, qalın örtüyə bükülmüş südəmər uşağın sakit-sakit ona baxdığını görür.

Azərbaycan əsgəri: - Bıy, körpəyə bax əəə... (yeni sakinə) Bay evin yıxılmasın sənin... Yazıq zavallı, mən də deyirəm bu niyə ağır qaçır... Görəsən, kimin uşağıdı... necə xilas eləyə bilib?.. Allah bilir, nə zülm çəkib... Nə də qəşəng uşaqdır. Gör necə maddım-maddım baxır... Gəl, gəl qucağıma, yəqin ki, donursan... Dünyadan xəbərin ha yoxdu... (uşağı qucağına alır. Bu dəmdə əsgərin qolundakı Ermənistan Respublikasının bayrağı olan nişan onun diqqətini cəlb edir. Öz-özünə) Bu nədi, ə?.. bu erməni əsgəridi, yoxsa bizimkidir?.. Ermənidisə, bu uşaq nədir?.. Bizimkidisə, niyə erməni mundirindədi?.. Ola bilər, soyuqdan qorunmaq üçün... ya da erməniləri çaşdırmaq üçün... Nə isə... (balacaya) Sən nə yaxşı kirimişsən...

Bu dəmdə erməni əsgərinin erməni dilində zarıltısı eşidilir.

Erməni əsgəri: - Ax... nəfəsim kəsilir... ürəyim dayanır...

Azərbaycan əsgəri: - Ay sənin... əclaf oğlu-əclaf, sən erməniymişsən ki... (uşağı küncdə yerə qoyur) Mən də bunu canavarların dişindən xilas eləmək üçün öz canımı təhlükəyə atıram. Özün cəhənnəm, məni də təhlükənin içinə saldın... İki ayaqlı canavarlardan zorla qurtarmışdım, indi də dörd ayaqlıları gətirdin...

Erməni əsgəri yerindən tərpənmədən zarıyır. Azərbaycan əsgəri Erməni əsgərinin belindən kəmərini açır və öz kəməri ilə onun qollarını arxadan bağlayır. Bu dəmdə, lap yaxında, kəşfiyyata gəlmiş canavarlardan birinin hənirtisi hiss olunur. Azərbaycan əsgəri tez fənəri götürüb onun gözlərinin içinə tutur. Canavar dişlərini qıcayaraq mırıldaya-mırıldaya uzaqlaşır. Azərbaycan əsgəri körpəni yenidən qucağına götürür.

Azərbaycan əsgəri: - Gəl qucağıma, gəl... Sən kimsən?.. Sən də ermənisən?.. (boynunu açaraq) Baxaq görək xaçın var?.. Xaçın yoxdu... (körpə gülümsəyir. Azərbaycan əsgəri də gülümsəyir) Niyə gülürsən, yoxsa sən xaçsız ermənisən?.. (bir az susaraq körpəyə diqqətlə baxdıqdan sonra) Yox əə, bizimkilərə oxşayırsan... Amma inan ki, mənim üçün fərqi yoxdu sən kimsən... Kim də olsan, insanların əclaflıqlarından xəbəri olmayan pak, günahsız bir körpəsən... (körpə uğunur. Azərbaycan əsgəri də uğunur) Uğundun?.. Nə yaman güləyənsən sən?.. Oğlansan, qız?.. Adın nədir?.. (körpə qığıldayır) Aaaa, adın Qığğdı, qəhrəman?.. Nəsə demək istəyirsən, amma deyə bilmirsən... (yuxarıdan körpənin üzünə damcı düşür) Bu nədi ə?.. (yuxarıya baxır. Ağaca sancdığı bıçaqdan üzü aşağı nə isə damcılayır. Körpənin yanağındakı damcını barmağı ilə silərkən damcının yapışqanlı olduğunu hiss edir. Barmağını dilinə vurur) Bu ki, baldır... pay sənin... baldır. Şükür sənə ey ulu Yaradan. Nə qəribə işdi... Bu bal ağacın gövdəsində hardandır görəsən?.. (Körpəni küncdə yerə qoyur və fənəri götürüb bıçağı gövdədən çıxarır. Dərhal ağacdan bal sürətlə axmağa başlayır. Tez bıçağı həmin yerə sancır. Bal yenidən damcı halında süzülür) Möcüzədi... (Azərbaycan əsgəri yemək termosunu damcının altına qoyur) Bu həqiqətən də möcüzədi... (körpəyə) Allahın möcüzəsidir... Bayaqdan düşünürdüm ki, acsan nə yeyəcəksən?.. Allah yeməyini göndərdi, balaca... Üşümürsən? Hayıf ki, kibrit cibimdə nəm çəkib, yoxsa bu ocağa od salardıq... Görəsən erməni dığasında kibrit varmı?..

 

Erməni əsgərinin yenə də zarıltısı eşidilir.

Erməni əsgəri: - Aman Allah... ürəyim dayanır...

Azərbaycan əsgəri: - Zarıma, it oğlu... ürəyi dayanırmış... Sən ürəyi dayanan əclafa oxşamırsan... (ayağının ucu ilə onu dümsükləyir) Dur görək... kibritin var?.. (Erməni əsgəri yavaş-yavaş özünə gəlir. Özünə gəldikcə ətrafı dərk etməyə çalışır.) Gözlərini döymə, sualıma cavab ver.

Erməni əsgəri əllərinin bağlı olduğunu gördükdə hiddətlənir.

Erməni əsgəri: - Aç əllərimi!..

Azərbaycan əsgəri: - Kəs səsini, sualıma cavab ver.

Erməni əsgəri: - Aç deyirəm əllərimi, yoxsa səni...

Azərbaycan əsgəri: - Kəs, deyirəm sənə!

Azərbaycan əsgəri: - Ayə, bunun hünərinə bir bax... Kimi o dünyaya göndərirsən ə, dığa?.. bu saat dilini dibindən doğrayaram... düdük...

Azərbaycan əsgəri körpəni küncdə yerə qoyur, Erməni əsgərinin yaxasından tutur.

Azərbaycan əsgəri: - Qalx ayağa, yaramaz...

Erməni əsgəri: - Əlini çək, murdar türk...

Azərbaycan əsgəri: - Ayə, it oğlu... kəs demədim səsini? Murdar sənsən, sənin əbəcdadındı, kafir oğlu, kafir...

Erməni əsgəri: - (çabalayır) Burax yaxamı...

Azərbaycan əsgəri: - Ay əclaf, sən bu günə qədər heç bircə dəfə də olsun, kişi kimi vuruşubsan?

Erməni əsgəri: - Aç, aç əllərimi, kişi kimi vuruşmağı göstərim sənə...

Azərbaycan əsgəri: - (onun əllərini açır) Göstər, donuz oğlu, donuz. Göstərməsən dilini kəsəcəm... (yumruqlarını ovucunun içində ovuşduraraq erməni əsgərinin ətrafında dövrə vurur) Göstər kişiliyini.

Erməni əsgəri əvvəlcə əllərini ovuşdurur. Sonra birdən qarnını tutaraq aşağı əyilir.

Erməni əsgəri: - Qarnım...

Azərbaycan əsgəri: - Nooldu, kişiliyin qarnına girdi?

Azərbaycan əsgəri əyilib yerdən odun parçası götürmək istəyir. Erməni əsgəri qəfildən qalxır, qışqıraraq Azərbaycan əsgərinin üstünə tullanır.

Erməni əsgəri: - A-a-a-a-a-a-a!..

Azərbaycan əsgəri ağzı üstə yerə sərilir. Tez fırlanıb qalxmaq istəyir. Erməni əsgəri tez onun qarnının üstündə oturur.

Azərbaycan əsgəri: - Ay sənin... bic erməni...

Erməni əsgəri var gücü ilə yumruqlarını onun ağzının üstünə yağdırır.

Erməni əsgəri: - Al cavabını, murdar türk... al, al, al...

Azərbaycan əsgəri qolları ilə üzünü qorumağa çalışır, lakin zərbələr iti olduğuna görə çətinlik çəkir.

Azərbaycan əsgəri: - Aaay... Müxənnət oğlu müxənnət, kişi kimi vuruşmağın budu?.. Qalxsam ananı ağladacam...

Erməni əsgəri: - Sən daha heç vaxt qalxa bilməyəcəksən, əclaf... (iki əli ilə onun boğazından yapışır) İt nəfəsi kimi nəfəsini kəsəcəm, sənin anan ağlar qalacaq...

Birdən başını dəlikdən içəri salan canavarın mırıltısı eşidilir.

Erməni əsgəri: - (cəld qalxır) Vay, canavar... (küncə tərəf çəkilir, yerdən ağac budağı götürür. Canavara tərəf uzadır) Rədd ol, quduz...

Azərbaycan əsgəri də cəld yerindən qalxaraq əks küncdəki ağac budağını götürür. Hər ikisi eyni vaxtda sövqi-təbii canavara həmlə edir.

Azərbaycan əsgəri: - (Erməni əsgərinə) Gördünmü necə qalxdım, ay dığa?.. İndi sənin ölüm vaxtın gəlib çatdı... (canavara) Çəkil, qudurmuş canavar... çəkil...

Erməni əsgəri: - (canavara həmlə edərək) Burda ikimizin də ölüm vaxtı birdən çatıb... Canavarlar bizi parça-parça eliyəcək... (canavara) Rədd ol, yırtıcı...

Azərbaycan əsgəri: - (Erməni əsgərinə) Lənət olsun sizə. Sizin ucbatınızdan ev-eşiyimizdən didərgin düşmüşük... İndi də canavar sürüsünün dişlərinə dirəmisən canımı, əclaf insan...

Erməni əsgəri: - Dava vaxtıdı?.. Canavar sürüsünü görmürsən?..

Azərbaycan əsgəri: - Canavar sürüsünü siz görməliydiniz... vaxtında... canavarların dalına girib, günahsız adamları qanına qəltan eləyəndə... yaramaz... (canavarın içəriyə soxulmaq istədiyini görür, fənəri də götürür və onlara həmlə edir) İtil burdan, yırtıcı...

Erməni əsgəri: - (canavara həmlə edir) Rədd ol, quduz canavar...

Onlar beləcə deyinə-deyinə canavara tərəf yaxınlaşırlar. Canavar iki nəfərin eyni zamanda həmlə etdiyini gördükdə mırıldayaraq geri çəkilir.

Erməni əsgəri: - (canavarın arxasınca) Rədd ol... rədd ol... (canavar hürkmüş halda qaçmağa başlayır) bax belə hürküb qaçarsan...

Azərbaycan əsgəri: - Yaxşı ki, bu fənər varmış... Ocaq qalamaq lazımdır, canavarlar oddan daha çox qorxurlar... Kibritin var?

Erməni əsgəri: - Alışqanım var...

Azərbaycan əsgəri: - Ver mənə.

Erməni əsgəri: - Mən özüm yandıraram...

Azərbaycan əsgəri: - Ver, mən həm də siqaretimi yandıracam. Neçə saatdı çəkmirəm.

Erməni əsgəri: - Birini də mənə ver.

Azərbaycan əsgəri: - Sənə heç zəhər də vermərəm.

Erməni əsgəri: - Özün bil, verməzsən, mən də alışqan vermərəm.

Azərbaycan əsgəri: - Sən məcbur verəcəksən, öz xoşunla...

Erməni əsgəri: - Sən də verəcəksən, verməzsən zorla alaram...

Azərbaycan əsgəri: - (əlinin arxası ilə erməni əsgərinin ağzına tərəf şillə atır) Sən məndən zorla heç bir şey ala bilməzsən, dığa... Sənin heç bir şey almaq hünərin yoxdu, ay erməni, rusun dalına girməsən...

Erməni əsgəri: - Rusun dalına girməyi də bacarmaq lazımdı...

Azərbaycan əsgəri: - Nə vaxta qədər rusun dalında olacaqsan?

Erməni əsgəri: - (hirslə, əl-qolunu ölçə-ölçə) Lazım olana qədər... torpaqlarımızdan sizi tamam qovana qədər...

Azərbaycan əsgəri: - (cəld erməni əsgərinin üstünə şığıyır) Ay keçi, sən kimin torpağnda kimə hökm eliyirsən?..

Erməni əsgəri: - (əlindəki budaqla özünü qoruyur) Yaxın gəlmə, əclaf, beynini dağıdaram.

Azərbaycan əsgəri: - (əlindəki budaqla onu vurmaq istəyir) Hamınızı bir-bir didərgin salacağıq buralardan, inşallah...

Erməni əsgəri: - (əlindəki budaqla qorunur) Hələ ki, biz sizi didərgin salırıq...

Azərbaycan əsgəri: - Hamınızı gəldiyiniz yerə qədər qovacağıq...

Erməni əsgəri: - Hələ ki, biz qovuruq...

Azərbaycan əsgəri: - Sizdə günah yoxdur, günahkar biz özümüzük ki, sizin bu torpaqlara yerləşməyinizə imkan yaratmışıq. Bu azmış kimi özünüzü də başımıza çıxartmışıq...

Erməni əsgəri: - Buralar bizim dədə-baba torpaqlarımızdı... Qədim kilsələr sübut deyil?..

Azərbaycan əsgəri: - Bay sənin evin yıxılsın adam yiyəsi... o kilsələr Albanlarındı, ay erməni...

Erməni əsgəri: - (bağıraraq) Alban-malban yoxdu!.. Alban... Hanı Alban?.. Hamısı bizimdi...

Azərbaycan əsgəri: - Sizin kimi zəhərli millət yer üzünə gəlməyib...

Erməni əsgəri: - Zəhərli olsaydıq bütün dünyaya yayıla bilməzdik...

Azərbaycan əsgəri: - Siz zəhəri yalnız türk üçün toplayırsınız... O qədər zəhərlisiniz, o qədər neqativsiniz ki, yenicə doğulan körpələrinizin qulaqlarını da "türk sənin düşmənindi!" deyib zəhərləyirsiniz... Qoymursunuz yazıqlar göz açıb haqqı nahaqdan ayırsın... Qoymursunuz millət bir-birini düz-əməlli tanıya bilsin...

Erməni əsgəri: - Biz uşaqlarımızın qulaqlarını boş qoysaq, oranı başqaları zəbt eliyər...

Azərbaycan əsgəri: - Ona görə də Andranikinizin bir qulağı həmişə əlində gəzirdi...

Erməni əsgəri: - Andranik ömrünü müharibələrdə keçirmiş qəhrəman paşa idi... Qəhrəmanın qəhrəmanlığı aldığı yaralarla bəlli olur...

Azərbaycan əsgəri: - Andranik qulağını döyüşdə yox, xəyanətkarlığının üstündə itirmişdi, Osmanlıya qulluq eləyəndə...

Erməni əsgəri: - Sənin xəyanətkarlıq dediyin, bizim üçün qəhrəmanlıq idi.

Azərbaycan əsgəri: - Andranikiniz də sənin kimi cəllad idi, qəhrəman yox...

Erməni əsgəri: - Müharibədə cəllad olmasan, cəllad baltasının altında qalarsan, musurman...

Azərbaycan əsgəri: - Məni yandıran odu ki, siz həmişə bizim qanımızı içibsiniz, amma biz heç vaxt sizə düşmən gözü ilə baxmamışıq...

Erməni əsgəri: - Doğru eləyibsiniz, bizə də elə o lazımdı... Siz həmişə elə olun...

Azərbaycan əsgəri: - Bir gün bizim də səbrimizin daşan vaxtı olacaq, inşallah... (həmlə edərək)

Ölməmişik, hələ varıq!

Qışı öldürən baharıq!

Səbrimizi daşdırmayın,

Səbr daşsa, dağıdarıq!

Erməni əsgəri: - (həmlədən qorunaraq, istehza ilə) Bravo, şair... bax, belə... sizinki şeirdi, siz şeirinizi gumbuldadın, biz də öz işimizdə olaq... Koroğlunuz kimi yanınızda saz gəzdirməyi də unutmayın...

Azərbaycan əsgəri: - (həmlə edir) Ələ salırsan, əclaf?..

Erməni əsgəri: - (həmlədən qorunur) Ələ salmıram, doğru deyirəm.

Azərbaycan əsgəri: - Biz sizin kimi vəhşi deyilik, bir əlimizdə qılınc olanda, o birində də saz tuturuq...

Erməni əsgəri: - Sazınızı bərk tutun... Bir də görəcəksiniz ki, saz tuta-tuta siz dastanlarda yaşayırsınz, biz isə tarixdə...

Azərbaycan əsgəri: - Dastanı olmayan xalqın tarixi də olmaz, ay dığa... Bizim "Dədə Qorqud"umuz var, bizi o yaşadır. Sizin kiminiz var?..

Erməni əsgəri: - Bizim də "Sasunlu David"imiz var...

Azərbaycan əsgəri: - Kim?.. (istehza ilə) Sasunlu David?.. Ayə, sizin "Sasunlu David" dünənki uydurmanızdı... Bizim biney-qədimdən gələn neçə-neçə qəhrəmanlıq dastanlarımız var, ay erməni. Tək bircə "Koroğlu" bəs eliyər... "Dədə Qorqud" isə eposdu... böyük bir xalqın, toplumun eposu... Bizim "Orxon-Yenisey"imiz var.

Erməni əsgəri: - "Orxon-Yenisey" təkcə sizin deyil, o, həm də bizimdi...

Azərbaycan əsgəri: - Çırpışdırmaq sizin dədə-baba adətinizdi, "Orxon-Yenisey"dən də yan keçməyibsiniz. Puşkin nahaq demirdi ki, "ermənisən, demək ki, oğrusan"...

Erməni əsgəri: - (istehzalı qəh-qəhələrlə) Ha-ha-ha... Puşkin... Yaramaz həbəş... Puşkin də sizinkilər kimi dastanlar uydururdu... Dilini dinc qoymadığı üçün vurub öldürdülər...

Azərbaycan əsgəri: - Özünüzü boş xəyallarla aldadıb, həm öz insanlarınızı, həm də bizim insanları nahaq yerə qırdırmayın... Onlar yazıqdılar...

Erməni əsgəri: - "Böyük Hayastan" qurulanda, dünyada "Hay ölkələri" deyilən bir şey olacaq...

Azərbaycan əsgəri: - (istehzalı qəh-qəhələrlə) Ha-ha-ha... Ac toyuq yuxusunda darı görür həmişə...

Erməni əsgəri: - Bəli-bəli... "Hay ölkələri!" Siz də həmin ölkələrdən biri olacaqsınız... Siz də, Dağıstan da, Gürcüstan da... taa Stavropola qədər və sair... onda sizin hamınız məcburən bizim əlifbada yazacaqsınız...

Azərbaycan əsgəri: - (qəh-qəhələrlə) Ha-ha-ha-ha... İlahi, sən bunları necə həyasız yaradıbsan...

Erməni əsgəri: - Musurman, biz çox həyalıyıq, həyasız olsaydıq bütün dünyaya hökm eləmək istəyərdik, görürsən ki, istəmirik, biz sadəcə olaraq öz haqqımıza çatmağa çalışırıq...

Azərbaycan əsgəri: - Əlacınız olsa, onu da istəyərsiniz... Amma arzunuz ürəyinizdə qalacaq, siz o günləri görməyəcəksiniz...

Erməni əsgəri: - Niyə görmürük?..

Azərbaycan əsgəri: - Birincisi, biz qoymarıq, ikincisi də dünyanın böyük dövlətləri heç vaxt "Böyük Hayastan" deyilən uydurmanın yaranmasına icazə verməzlər... yəni siz bunu qanmırsınız?

Erməni əsgəri: - (istehzalı qəh-qəhəylə) Ha-ha-ha-ha-ha... Hələ də ayılmayıbsınız... yuxudasınız... bəs görmürmüsünüz ki, böyük dövlətlərin hamısı xristian dövlətləridi?.. Onlar bizə heç vaxt mane olmazlar.

Azərbaycan əsgəri: - Ay erməni, yadında saxla, böyük dövlətlər üçün bircə maraq var, siyasət. Onlar üçün din də, iman da, tolerantlıq da, insanlıq da, vəhşilik də, hamısı siyasət üçündür. Çernobolu unudubsan?.. Nə qədər insan qırıldı, zəhərləndi, ömürlük şikəst oldu... Yazıq ukraynalılar, rusun nüvə qurbanları... Hələ onlar slavyanlardırlar haa... Qardaş-qardaş deyə-deyə, milləti zəlil elədilər... Böyük dövlətlər lazım olanı lazım olan ana qədər qoruyurlar, lazım olmayanda inək balasını tapdalayan kimi əzib keçirlər.

Erməni əsgəri: - Bizi əzməyəcəklər, onların köməyi ilə biz "Böyük Hayastan" dövlətini quracağıq, "Dənizdən-dənizə" hökm eləyəndə, siz də bizim himayəmizdə yaşayacaqsınız, bizim əlifbamızla yazacaqsınız.

Azərbaycan əsgəri: - Sən öləsən... bircə onu görməyəcəksiniz!.. Siz onu yalnız yuxularınızda görəcəksiniz, necə ki, əsrlərdir görürsünüz...

Erməni əsgəri: - Biz əsrlərdir yuxumuzda gördüklərimiz çin çıxır... Çünki biz bunun üçün mücadilə aparırıq... Siz nə eliyirsiniz?.. Qaçmaqdan başqa əlinizdən nə gəlir?..

Azərbaycan əsgəri: - Biz heç vaxt qaçmamışıq ay dığa, sadəcə, indi qüvvələrin qeyri-bərabərliyi bizi geri çəkilməyə vadar eliyir. Biz yenidən dönəcəyik. Türkün dönüşü möhtəşəm olur!

Erməni əsgəri: - Boş-boş şüarlar söyləməkdən başqa əlinizdən heç nə gəlmir. Neçə əsrlərdir "Türkün dönüşü" - deyib durubsunuz, niyə dönə bilmirsiniz? Amma gör biz necə dönürük... Əvvəlcə balaca bir Eçmədzin kilsəsinə sığındıq, sonra Ermənistan Respublikasına çevirdik. İndi də "Böyük Hayastan" qurmağın bircə addımlığındayıq. (bağırır) Dönmək belə olur, gic musurman... Dənizdən-dənizəəəə... (qollarını geniş açıb gərdiş edir)

Azərbaycan əsgəri: - Kəs səsini... (eyhamla) Dənizdən-dənizə... yox bir, dəvə... Ermənistan Respublikasını siz yaratmadınız, ay dığa, ruslar yaratdılar, özü də sizin üçün yox, özləri üçün... Sizin də əlinizə silah verib, təpənizə qapaz salıb, torpağa keşikçi qoydular... İndi də başınıza torba keçirib, Qarabağa yiyələnməkdən ötrü sizi qırğının içinə atıblar... Rusun mənafeyi üçün siz də qırılırsınız, biz də... Elə bilirsiniz rusa siz lazımsınız?.. Lazım deyilsiniz, a yazıqlar... Hələ ki, rus istədiyini almayıb, sizə sığal çəkir, istədiyini alan kimi, həmin ərazidən sizi də sürəcəklər, necə ki, bizimkiləri vaqon-vaqon hər tərəfə səpələdilər, sizin əlinizlə bütün Qərbi Azərbaycanı boşaltdılar...

Erməni əsgəri: - (Qürurla bağıraraq) Bizi heç kəs heç yerə sürə bilməz...

Azərbaycan əsgəri: - Sürməsələr də, inşallah, günlərin bir günündə bir partlayış da "Gümrüdə" olar, onda ağlınız gələr başınıza...

Erməni əsgəri: - (bağırır) Biz məğlubedilməzik!... Biz qalibik!.. Biz... (dəliyə yaxınlaşan, canavarı görür, qorxaraq) Rədd ol, rədd ol, yırtıcı... (canavar dişlərini qıcayaraq daha da bərkdən mırıldayır) Rədd ol deyirəm, vəhşi quduz...

Azərbaycan əsgəri: - (istehza ilə) Ay "məğlubedilməz" lobbaz erməni, bir canavarın qabağında tülküyə dönürsən, necə məğlubedilməzsən?..

Erməni əsgəri: - (canavara bağırır) Rədd ol deyirəm, yırtıcı...

Azərbaycan əsgəri: - Yırtıcı istədiyini almayınca rədd olar?.. Olmaz. Parçalamasa getməz... Siz kəndlərimizə dürtüləndə biz də eynən bağırırdıq: - "Rədd olun vəhşilər, yırtıcılar, quduzlar!" - deyirdik... Siz rədd olurdunuz?.. Olmurdunuz... Parçalamamış əl çəkmirdiniz... Çünki siz canavardan betər quduzsunuz!..

Erməni əsgəri: - (hirslə bağırır) Biz insanıq!..

Azərbaycan əsgəri: - (fənərin işığı ilə canavarları qovaraq) Siz insansınız?.. Siz insan deyilsiniz... Siz körpə uşaqların başının dərisini soyursunuz, siz adamları işgəncə ilə öldürüb, sonra da ölüsünü təhqir eləyirsiniz, siz canavar deyilsiniz?.. Yoox, siz canavar da deyilsiniz, canavardan betər vəhşilərsiniz... (canavarlar mırıldaya-mırıldaya uzaqlaşır. Erməni əsgərinə tərəf çevrilir) Bircə yol var, sizi sonuncu erməniyə qədər yox eləmək... (Əlindəki ağac parçasını kənara atıb, erməni əsgərinin üstünə tullanır, erməni əsgəri yerə sərilir, Azərbaycan əsgəri onun qarnının üstündə oturub, hiddətlə yumruqlayır. Erməni əsgəri əks müqavimət göstərsə də Azərbaycan əsgərinin hiddətli zərbələrindən xilas ola bilmir. Azərbaycan əsgəri yumruq yağdırdıqca qışqıraraq) Səni tikə-tikə doğramağım gəlir... (hönkürərək) Gözlərimin qabağında günahsız, əli yalın adamları; qocaları, xəstələri, südəmər körpələri bir-bir güllədən keçirdiniz, siz hamilə qadınların qarnına qızdırılmış şiş soxdunuz, min cür işgəncə verə-verə öldürdünüz... Mən səni canavar kimi dişlərimə çəksəm, qanını içsəm, yenə də canım rahat olmaz... ürəyim soyumaz... Sabah səni Ağdama aparacam, Xocalıdan sağ qalanların qarşısına atacam...

Canavarların ulaya-ulaya hücuma keçdiklərini görən Azərbaycan əsgəri tez ayağa qalxır.

Azərbaycan əsgəri: - Canavarlar qanın qoxusunu aldılar, qanı yox eləmək lazımdır.

Tezcə öz köynəyinin qolunu cırıb erməni əsgərinin üz-gözünə yayılmış qanı silir, sonra cəld qarla onun üz-gözünü təmizləyir və qanlı əskini qarın altına basdırır. Sonra da fənərlə sürünün qarşısına çıxır. Canavarlar dişlərini qıcamış halda bir neçə dəfə ağacın dövrəsinə fırlanıb yenə də geri çəkilirlər. Azərbaycan əsgəri geri çevrilərkən Erməni əsgərinin əlində odun parçası tutduğunu görür.

Azərbaycan əsgəri: - Sən hələ sağsan?.. İndi öləcəksən... Əlindəki odunu yerə at...

Erməni əsgəri: - (odun parçası ilə Azərbaycan əsgərinə zərbə endirir) Al payını... Bax, belə... Ermənini yox eləyənə bax... İndi ağlın gələr başına. (ikinci zərbəni endirir) Al...

Azərbaycan əsgəri: - (şığıyıb onun ortasından yapışır və başı üzərinə qaldırmağa çalışır) Öldürəcəm səni...

 

Birinci hissə ixtisarla təqdim olunur.

(Davamı olacaq)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!