Rəssam Fikrət İbrahimlinin "Ömür səhifələrim" kitabı - tədqim olunub - FOTOLAR

 

 

İyunun 2-də "Libraff" kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Fikrət İbrahimlinin "Teas Press" Nəşriyyat evində üç dildə çap olunan (azərbaycan, ingilis, rus) "Ömür səhifələrim" adlı kitabının təqdimatı keçirildi.

Fikrət İbrahimlinin tərcümeyi-halından bəhs edən "Teas Press" Nəşriyyat evinin şöbə müdiri Günel Həsənova bildirdi ki, Neftçalada anadan olan Fikrət İbrahimli bu gün ölkənin tanınmış rəssamlarından biridir. O, əvvəlcə rəssam ixtisası təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. Fikrət İbrahimlinin müəllimi, Xalq rəssamı Toğrul Nərimanbəyovu hər zaman böyük minnətdarlıq hissi ilə xatırladığını vurğulayan Günel Həsənova qeyd etdi ki, Toğrul Nərimanbəyov "Ulduz" jurnalının 1980-ci ilin 10-cu nömrəsində xeyir-dua mahiyyətli yazısında istedadlı tələbəsi Fikrət İbrahimliyə uğurlu yol arzulamışdır.

Rəssamın yaradıcılıq və həyat yolundan geniş bəhs edən Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev bildirdi ki, "Çağdaş Azərbaycan rəngkarlığı üslub və dəstxətt baxımından nə qədər müxtəlif olsa da, onların arasında dünyaya özünəməxsus baxış nümayiş etdirənlər bir o qədər çox deyil. Tanınmış fırça ustası Fikrət İbrahimli belə sənətkarlardandır. Onun müxtəlif mövzulu və janrlı əsərlərində gördüklərimiz çoxlarına tükənmiş kimi görünən realzmin estetikasını duyulası dərəcədə genişləndirməyin ən yaxşı nümunəsidir. Əslində bu, onun uşaq yaşlarında Neftçaladakı ilk sənət müəllimi Adil Hacıyevdən aldığı dərslərin, Bakıya gəlişindən sonra isə məşhur fırça ustaları Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyovla yaradıcı ünsiyyətinin nəticəsi idi. Odur ki, onun məlum "izm"lərlə səsləşməyən dünyaya baxışı fərdi və fərqlidir. Fikrətin müxtəlif mövzuların bədii şərhi üçün tapdığı gözlənilməz rakurslar, rəng-yaxı improvizələri motivlərin realizmə tapınmaqla tarixiliyi özündə yaşatmasını şərtləndirmişdir. Elə bunun nəticəsidir ki, əsərləri həm cəlbedici, həm də düşündürücüdür. Buna onun yaradıcılığına həsr olunmuş "Ömür səhifələrim" kitabında yer almış əsərləri ilə tanışlıqla əmin olmaq mümkündür".

Daha sonra söz "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana verildi. Dünya incəsənətində modern cərəyanlar, sənət estetikaları haqqında təəssüratlarını bölüşən Azər Turan ilk məqaləsinin Fikrət İbrahimli haqqında olduğunu vurğulayaraq, görkəmli rəssamın yaradıcılıq yoluna nəzər saldı: "Fikrət İbrahimli barədə ilk yazını 1981-ci ildə mən yazmışdım. "Rənglər təkcə göz oxşamır" adlandırdığım həmin məqalə həm də mənim özümün mətbuatda çap olunan ilk yazım idi. Onda ikimiz də İncəsənət İnstitutunun tələbəsiydik. Mənim 18 yaşım vardı. Fikrət isə məndən 8 yaş böyük idi. Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib İncəsənət İnstitutunda - Toğrul Nərimanbəyovun sinfində təhsil alırdı. İndi o vaxtdan 40 il keçib. O, görkəmli rəssamdır, mən "Ədəbiyyat qəzeti"nin baş redaktoruyam. Qəzetdə fəaliyyətimin ilk çağlarında Sərdar Aminin hazırladığı "Avanqard müstəvi" layihəsində ilk müsahiblərimizdən biri Fikrət İbrahimli oldu və həmin müsahibə də bu gün təqdim olunan kitaba daxil edilib.

Tələbəlik illərimizdə Fikrətin İçərişəhərdə kirayədə qaldığı ev sənət məbədini xatırladırdı. Hər gün hamımız onun başına toplaşardıq. Mən rənglərin, yağlı boyanın rayihəsini ilk dəfə həmin evdə hiss etdim və sevdim. Təkcə miniatür sənətini, Səttarı, yaxud Toğrulu deyil, tam əks bir təmayüldən tutaq ki, Renato Quttuzonu, El Qrekonu da mənə Fikrət sevdirdi. Hətta o evin divarında Fikrətin hələ Əzimzadə məktəbində çəkdiyi "Avtoportret" adlı gözəl bir əsəri də vardı. O əsər "Avtoportret" janrında çəkilmiş ən uğurlu nümunələrdən biri kimi yaddaşımda əbədi qalıb. Fikrət elə tələbəykən rəssam olaraq, imzasını kifayət qədər tanıtdıra bilmişdi. Xatırlayıram, 1981-ci ildə yazdığım "Rənglər təkcə göz oxşamır" məqaləmi Toğrul Nərimanbəyovun fikirləri ilə başlamışdım. Nərimanbəyov onun tablolarında təzəlik, bütövlük, obrazlılıq, plastika, incə duyum gördüyünü söyləyir və bildirirdi ki, "Bütün inamımla deyərdim ki, Fikrət İbrahimov öz duyumu, müşahidə tərzi, əlvan palitrası olan rəssamdır".

Fikrət Azərbaycanda estetik cərəyanlar barədə dərin təsəvvürü olan rəssamlardan biridir. Doğrudur, bir çox sənət axımlarının onun sənət palitrasına yansıması səbəbilə yaradıcılığını konkret hansısa cərəyana aid etmək çətindir. Fikrət bir estet olaraq da mənim əzizim və dəyərlimdir. Ən başlıcası, 40 il əvvəl hansı Fikrət idisə, indi də elə həmin Fikrətdir. Dərin savadı, intellekti, həzin, təvazökar xarakteri ilə hamımızın sevimlisidir.

1970-ci illərdə Neftçaladakı Pionerlər evində rəsm dərnəyinin rəhbəri, orta məktəbdə bizim rəsm müəllimimiz, sonralar isə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru olmuş rəssam Adil Hacıyevi şükranlıq duyğusu ilə xatırlayıram. Adil Hacıyev qəribə insan idi. Əyalət mərkəzində rəsm müəllimi işləyirdi, dərnək rəhbəri idi. Amma tutaq ki, "Qobustan" jurnalında onun haqqında yazılar dərc olunurdu. Ölkənin görkəmli rəssamlarından biriydi. Mən Sabir Rüstəmxanlının Adil Hacıyev barədə məqaləsini xatırlayıram. O unudulmaz insanın, müəllimimizin, görkəmli rəssamın yetirmələri onun ruhunu şad edir. Xalq rəssamı Sakit Məmmədovun şöhrəti dünyanın dörd qitəsinə yayılıb. Fikrət İbrahimli Azərbaycan mədəni düşüncəsinə bu gün "Ömür səhifələrim" adlı kitab-albomunu təqdim edir".

Əməkdar rəssam, professor Məmmədhüseyn Hüseynov Fikrət İbrahimlini gənc yaşlarından tanıdığını qeyd etdi. Bildirdi ki, Fikrət İbrahimlinin yaradıcılığı Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun yaradıcılığından mayalansa da, o, hər zaman özünəməxsus olmuş və eyni zamanda doğulduğu məkanın ab-havasını xüsusi olaraq, öz əsərlərində hiss etdirmişdir.

Fikrət İbrahimlinin əsərlərində duyğuya, rəng dinamikasına, həmçinin düşündürücü motivlərə çox böyük ustalıqla yer verilir. Hər bir əsərin fəlsəfi qaynaqları var. Orada bir qapı, pəncərədən baxış, fikirləri ifadə edən səhnələr, hər hansı təsvirlərə tez-tez rast gəlirik. Məhz bu cəhətlər Fikrət müəllimin yaradıcılığına geniş məzmun gətirir.

Mən Fikrət Əli oğlunun yaradıcılığını əks etdirən kitabın nəşrinə görə çox sevinirəm. Uzun illər yaradıcılığı ilə hamını valeh edən bir rəssamın kitabının çap olunması şəxsən mənə böyük sevinc gətirdi. Kitabda onun yaradıcılığını elə gənc yaşlarından bəri yaratdığı əsərlər də yer alıb. Burada Neftçala motivləri, uzun zaman yaşadığı İçərişəhərlə bağlı olan əsərlər mənə bir çox xatirələri qaytarır.

Bu da Fikrət müəllimin böyük ustalığından və sənət sevgisindən irəli gəlir.

Kitabın nəfis şəkildə çap olunmasına görə də bir neçə kəlmə demək istəyirəm. Çünki, belə bir yaradıcı rəssamın əsərlərini insanlara, dünyaya tanıtdırmaq üçün bu çox gözəl bir vasitədir. Bu gün Azərbaycanda belə layihənin həyata keçirilməsini xüsusi olaraq alqışlayıram. Kitab Fikrət İbrahimlinin yaradıcılığını izləyən sənətsevərlər üçün də böyük ərmağandır.

Fikrət İbrahimli vətənini sevən, onun təəssübkeşi kimi də dəyərləndiriləcək şəxsiyyətlərimizdəndir. Mən onun bu nailiyyətlərini alqışlayır və nəşr olunmuş gözəl kitabına görə ürəkdən təbrik edirəm.

Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü Əsəd Quliyev də çıxışında Fikrət İbrahimlinin yaradıcılıq yolundan bəhs etdi: "Azərbaycan rəssamlıq aləmində onun da ayrıca yeri var. O, rəssamlıq sənətimizdə yarım əsrdən artıq uğurlu yaradıcılıq yolu keçib. Fikrət İbrahimli Sultan Məhəmməd, Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov kimi məşhur rəssamlardan qaynaqlanan ülvi sənət ruhunu əxz edərək bu gün də onu şövqlə daşımaqdadır. Fikrət İbrahimli Nefçalanın bağrından qopub bütov Azərbaycan coğrafiyasına sığa bilən rəssamlarımızdandır.

Rəssamın emalatxanasında onunla hər görüşümüz bir sənət bayramına çevrilir. Orada Azərbaycan rəssamlıq ənənələrindən, sənətşünaslıq elmimizdən, ayrı-ayrı rəssamlarımızın yaradıcılığından maraqlı söhbətlər olur. O, danışanda rəssam qəlbi ilə sənət ruhunu ifadə etməyə çalışır. Fikrət müəllimlə bir neçə il bundan əvvəl söhbət edəndə onun arzusu yubiley sərgisinin və əsərlərindən ibarət kiçik bir kataloqun nəşr edilməsi istəyi idi. Vaxt keçdi, vədə ötdü, zaman yetişdi rəssamın Muzey Mərkəzinin Sərgi Qalereyasında möhtəşəm fərdi sərgisi təşkil olundu. O fərdi sərgidə Azərbaycan sənət cameəsinin tanınmış nümayəndələri iştirak edirdilər. Rəssamın əsərlərinin təsiri altında sevinclə xoş sözlərini dilə gətirirdilər. Fərdi sərgidə rəssamın kataloqu nəşr olunmamışdı. Bu rəssamın öz istəyi ilə belə alınmışdı. Sən demə, rəssamda onun əsərlərindən ibarət sanballı bir kitab albomun nəşr olunması əminliyi varmış. Belə ki, TEAS PRESS nəşriyyatı tərəfindən bu xoş xəbər artıq rəssama bildirilmişdi. Kitab nəşr prosesində idi.

Fikrət İbrahimlinin fərdi sərgisindən sonra onun yaradıcılığına, əsərlərinə maraq daha da artdı. Rəssam Orta Asiyada - Özbəkistanda TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən festivalda iştirak etdi, ölkəmizi Sakit Məmmədov, Arif Əzizlə birlikdə türk dünyası rəssamları arasında uğurla təmsil edib, mükafatlarla geri döndülər.

Bu gün isə Fikrət İbrahimliyə onun həyat və yaradıcılığı haqqında nəşr olunmuş sanballı kitabın sevincini bölüşmək və bu kitabı sənətsevərlərə təqdim etmək xoşbəxtliyi nəsib oldu. Fikrimcə, bu kitabın nəfis şəkildə nəşr olunması rəssama ən böyük hədiyyədir. Kitab nəsillər və əsrlər arası körpüdür. Üç dildə işıq üzü görən kitabla rəssamın bədii təxəyyülü ilə ərsəyə gətirmiş olduğu çoxaylı rəssamlıq nümunələri geniş oxucu auditoriyasına çıxmaqla əbədiyaşarlıq qazanmış oldu. Bu münasibətlə kitabın ərsəyə gəlməsində zəhməti keçmiş insanlara "çox sağ ol" deyirik". 

Çıxış edən digər natiqlər - şair Əlisəmid Kür, inşaatçı İbrahim İbrahimli Fikrət İbrahimlinin yaradıcılığı barədə, "Ömür səhifələrim" kitabında təqdim olunan rəngkarlıq və qrafika sahəsində yaratmış olduğu, yaradıcılığının müxtəlif dövrlərinə aid sənət nümunələrinin məziyyətlərindən danışdılar, YAP İdarə heyətinin üzvü, f.e.d. Elnarə Akimova və tibb professoru Əli Bağırov rəssama yaradıcılığının sonrakı davamında uğurlar arzuladılar.

"Teas Press" Nəşriyyat evinin direktoru Nicat İbrahimov sonda çıxış edərək, doğum günü və yeni kitab münasibəti ilə görkəmli rəssamı təbrik etdi və ona nəşriyyat adından müxtəlif hədiyyələr bağışladı.

Sonda çıxış edən Fikrət İbrahimli "Ömür səhifələrim" kitabının onun tərcümeyi-halında önəmli yer tutduğunu vurğuladı, belə bir xoş günü onunla bölüşdüklərinə görə bütün sənət dostlarına, tədbirdə iştirak edənlərə minnətdarlığını ifadə etdi.

Cəmilə SEYİD


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!