Azər Turanın "Atam, anam, qardaşım, mən və Stalin" pyesinin səhnəyə qoyulmasından xeyli müddət keçsə də, tamaşadan aldığım təəssürat köhnəlmir. Zaman keçdikcə tamaşa haqqında düşüncələrimin yenilənməsində, görünür, əsərin qəhrəmanları ilə tale oxşarlığımızın da əlaqəsi və təsiri var. Bu əsər vətənin, xalqın, ədəbiyyatın, insanın taleyinin sağalmayan yarasına toxunmaqla yanaşı, mənim taleyimlə, yaşadıqlarımla da səsləşir, ömrümdə əks-səda verir. Məsələ bundadır ki, ailə səadətinin nə olduğunu yenicə hiss etdiyim, analıq duyğusunu təzəcə dadmağa başladığım bir zamanda mən də "taleyimdən güllələndim..."
Yəqin, elə buna görə də Azər Turanın "həqiqətlər dramı" adlandırdığı pyes düşüncələrimdə "taleyindən güllələnlərin faciəsi" kimi iz saldı. Aradan xeyli müddət keçəndən sonra əsərin bədii mətnini oxuyanda da həmin hissləri bir daha yaşadım...
Mənim tale hekayəmin zamanı, məkanı, hadisələri və süjeti fərqlidir. Azər Turanın qələmə aldığı hekayə isə Azərbaycan ədəbiyyatında fərqli yeri, xalqımızın yaddaşında möhtəşəm abidəsi olan böyük şairimiz Hüseyn Cavidin ailə dramına həsr olunub. Məsələyə daha geniş üfüqdən baxanda əsər Azərbaycan tarixinin gərgin bir dövrünün ağrı-acı dolu səhifələrinə işıq salır.
Məqsədim tamaşanı təhlil etmək deyil, pyesin mətni haqqında təəssüratlarımı bölüşməkdir. Pyes Hüseyn Cavidin qızı Turan xanımın xatirələrinə əsaslanır. Atası həbs olunanda hələ 14 yaşı tamam olmamış məktəbli Turanın yaralı xatirələri Azərbaycan tarixinin uşaq yaddaşında həkk olunmuş dəhşətli bir dövrünü canlandırır.
Dram əsərlərində əhvalat səhnədə, tamaşaçının gözləri önündə baş versə də, "Atam, anam, qardaşım, mən və Stalin" əsərinin forması ənənəvi əsərlərdən fərqlidir. Epik əsərlərdə olduğu kimi bu əsərdə də hadisələr birinci şəxsin dilindən verilir. Əsər boyu ailənin dramı Turan xanımın düşüncələri kimi təqdim olunur. Belə düşünürəm ki, səhnə əsərindəki obrazı bu şəkildə verməklə müəllif milli faciəmizə öz "Mən"inin münasibətlərini də ifadə etməyə çalışmışdır. Çünki səhnədə göstərilənlərə nə müəllifin, nə də oxucunun və tamaşaçının "bitərəf" qalmağı mümkün deyil.
Pyesin personajlarından biri Zamandır. Əsərdə hadisələri idarə və təqdim edən Zaman həm Turan xanımın fərdi yaddaşını vərəqləyir, həm də milli yaddaşımızı təmsil edir. Gah şər qüvvələrin sözünü deyən, gah xeyirin tərəfində dayanan Zaman həm tamaşaçılarla, həm də əsərdəki surətlərlə dialoq qurur. Zaman Turan xanımın xatirələrini səhnədə uzaqdan, ağrıların içindən səsləndirən bir dirijor kimi təqdim olunur. Bu obrazın yaratdığı təəssüratlardan biri də budur ki, hər şeyi zamanın üstünə yıxmaq, hər şeydə zamanı və zəmanəni günahkar görmək bəzən həqiqəti pərdələməyə, gerçəklərin üstünü örtməyə xidmət edir. Əslində, Zamanı yaradan da elə insanın özüdür, insanın əməlləridir...
Hüseyn Cavid həbs olunandan sonra onun ailə üzvlərini hər şeydən öncə qorxu sınağa çəkir. Onları ən çox qorxudan dindirmə zamanı Ataya - Hüseyn Cavidə işgəncə veriləcəyi ilə bağlı əndişədir. Zamanın amansız gerçəkliklərindən biri siyasi səbəblərə görə repressiyaya məruz qalan insanlara sirli zirzəmilərdə fiziki cəza verilməsi idi. Vətəni sevdiklərinə görə azadlıqları əllərindən alınan, "vətən düşməni", "vətən xaini" adlandırılan insanların boynuna cəfəng "günahlar" qoymaq, onların dilindən özlərinə sərf eləyən ifadələri almaq üçün məhkumlara ağlagəlməz işgəncələr verilirdi. Başı cəllad əlində olanların ailə üzvlərinə qanlı köynəkləri qaytarılırdı. Bu, şeytanın belə ağlına gəlməyən rəhmsiz bir işgəncə forması idi. Bununla həm məhkum etdiklərinə olmazın əzablar verir, həm də onların yaxınlarının gözlərini qorxudur, onlara psixoloji təzyiq göstərirdilər.
İçəridən bayıra ötürülən örtülü mesajlar cəmiyyətdə də geniş əks-səda doğurur, insanlarda xof yaradır, eyni zamanda "içəri" haqqında əfsanələrin yaranmasına rəvac verirdi.
Pyesin mətnində Azər Turanın eyhamla çatdırmaq istədiyi incə bir məqam da var. Repressiya illərində Azərbaycan ziyalılarını sorğu-suala çəkənlər, işgəncə verənlər bu əməlləri həm də milli ədavət mövqeyindən törədirdilər. Onlar Sovet ideologiyasına xidmət etməklə kifayətlənmir, türk kimliyini həm fiziki, həm də mənəvi cəhətdən məhv etməyə cəhd göstərirdilər.
Azər Turanın pyesindən də oxuduğumuz kimi, Hüseyn Cavid ailəsinin ən böyük təsəllisi ona içəridə fiziki işgəncə verilməməsi olmuşdu. Mişkinaz xanım həbsxanadan Hüseyn Cavidin paltarlarını alanda rahatlaşmışdı.
"Ana: - Bir qadın ərinin paltarlarını aldı... qan içindəydi... Deyirdi ki, dəhşətli işgəncələr verirlər... Məhbusları böyük kisələrin içinə salıb rezinlə döyürlər, dırnaqlarını çıxarırlar, dırnaqlarının altına iynə batırırlar. Qorxa-qorxa açıb baxdım... heç bir işgəncə izi yox idi... Rahatlaşdım... Dedilər ara-sıra dəyişəcək gətirə bilərsiniz..."
Ancaq indi, aradan böyük zaman keçəndən, dövrlər dəyişəndən sonra ailənin yaşadığı işgəncənin miqyasları haqqında daha aydın təsəvvür yaranır. İnsanı düşündüyünə, insanlığa yüksək ideyalar aşılamaq istədiyinə görə sevdiklərindən ayırmaq, sevdiklərini gözüyaşlı qoymaq işgəncənin ən ağırı, ən amansızıdır. Bu barədə əsərdə Atanın dilindən deyildiyi kimi:
"Təmiz adına ləkə vurulması, başı-qulağı üç qəpiyə dəyməyənin qarşısında dayanıb təhqirli sözlər dinləmək, anlamaz qarşısında susmaq, anlatmağa haqqın olmamaq cəza deyilmi?"
Mütəfəkkir şairin, müdrik düşüncə adamının olmayan şeyləri danışan ürəksizlər, "yaxşıları pis adlandırıb məhv edən şərəfsizlər" qarşısında dayanması, həqiqətən də, dözülməz işgəncə idi. İosif Stalin, Mircəfər Bağırov kimi cəlladlardan rəhm diləmək isə daha ağır cəza idi. Amansız Zaman Hüseyn Cavidi Mir Cəfər Bağırova, şairin həyat yoldaşı Mişkinaz xanımı İosif Stalinə məktub yazmaq məcburiyyətində qoymuşdu. Tarixin bu üzündən baxanda o biri üzünü oxuyan Hüseyn Cavid ona edilən zülmün "tək-tək şəxslərin kaprizindən irəli gələn" bir hadisə olduğuna, Mişkinaz xanım Stalinin rəhminə ümid etməyə çalışmışdı. Lakin millətin üstünə gələn bəlanın mənbəyi elə onların özləri idi. Tarix onların hərəkətə gətirdiyi dəyirman daşına çevrilmişdi və həmin dəyirman daşı bir ucdan insan taleyi üyüdürdü...
"Bütün Azərbaycan torpaqlarını birləşdirib, burjua təmayüllü müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda fəaliyyət göstərən pantürkist əks-inqilabçı təşkilatın üzvü olduğu" iddia edilən Hüseyn Cavidin Bakıdan gəmi ilə Krasnovodska aparılmağı, qatarla Türkmənistan, Özbəkistan, Qazaxıstan üzərindən dünyanın o başına - Novosibirskə, oradan Vladivostoka göndərilməyi, sonra gəmi ilə Maqadana çatdırılmağı da işgəncə idi.
"Təsəvvür edin bütün iyul, avqust aylarını, iki aya yaxın, yük qatarında yol gedib. Yollarda nə qədər dözməyib ölənlər olurmuş. Ölənləri yollarda atırmışlar..." - Bunu pyesdə Mən - Turan xanım söyləyir.
Ailə üzvlərinə bir yandan Stalin - Bağırov cəlladları işgəncə verirlər, onları yaşadıqları evdən çıxarıb, dar zirzəmidə qalmağa məhkum edirlər, bir yandan da ailə üzvləri öz içlərində işgəncə çəkirlər, özləri özlərinə cəza vermiş olurlar.
"Mən: - 1937-ci il iyun ayının 3-də, gecə ana yatmağa hazırlaşanda qapını döyüb anadan yatıb-yatmadığını soruşub. Ana - yox - deyib, hələ yatmamışam. Bir şey lazımdı? Heç... qəhvə istəyirdim. Bir halda ki, uzanmısan, özüm bişirərəm - deyib qapını örtüb. Baba həmin gecə həbs olunub. Sonuncu dəfə bişirdiyi qəhvəni içə bilməyib... Bundan sonra ana bir daha qəhvə bişirmədi... və içmədi..."
Zülmkar rejimin verdiyi işgəncələrdən biri də Hüseyn Cavidin ölüm xəbərinin ailəsinə bildirilməməsi olmuşdu. Mişkinaz xanım illərlə öz ünvanına çatmayan məktublar yazmışdı. Tarixin bu ədalətsiz və qarışıq oyunu pyesdə təsirli boyalarla əks olunub.
Hüseyn Cavidin bəstəkar oğlu Ərtoğrul Cavidin əsgərliyə aparılması, "xalq düşməni"nin oğlu olduğuna görə əsgərlikdə hərbi işə deyil, tikintiyə göndərilməsi, orada xəstələnməsi və xəstəlikdən həlak olması da Zamanın milli yaddaşımızda qoyduğu yaralardan biridir. O dövrün tarixi diqqətlə araşdırılmalıdır. Mənə elə gəlir ki, "xalq düşməni" adlandırdıqları insanların övladlarının həyatına bilərəkdən qəsd edilirdi. Ərtoğrul Cavid də belə bir qəsdin qurbanı olmuşdu. Kimsəsiz və çarəsiz qalan Ana ilə qızın özlərinə verdikləri işgəncə isə daha ağır olmuşdu: "1943-dən sonra 1976-dək bizim aramızda Ərtoğrulun adı çəkilmədi..."
Hüseyn Cavidin qürbət eldə, yad torpaqda qalan cənazəsi və narahat ruhu Ulu öndər Heydər Əliyevin böyük səyi və fədakarlığı sayəsində 1982-ci ildə Azərbaycana gətirildi, mütəfəkkir şairin dünyaya göz açdığı, ilk dəfə ayaq basdığı Naxçıvan torpağına tapşırıldı.
Hüseyn Cavidin tabutu doğma yurda gətiriləndə qızı Turan xanımın yaşadığı həyəcanlara şərik olmamaq mümkün deyil.
"Mən: (Yaxınlaşıb tabuta əlini ehmalca sürtür) - Biz sonuncu dəfə ayrılanda üç nəfər idik. İndi səni tək qarşılayıram..."
Bu yazının əvvəlində Azər Turanın "Atam, anam, qardaşım, mən və Stalin" pyesindəki hadisələrlə özümün tale, qədər yaxınlığım olduğunu yazmışdım.
Hüseyn Cavidi və Azərbaycanın neçə-neçə işıqlı insanlarını gedər-gəlməz yollara göndərən qüvvələr Azərbaycan müstəqillik qazanandan sonra da əməllərindən qalmadılar. Torpaqlarımıza düşmən əli uzandı. Həyat yoldaşım, hərbi təyyarəçi Yusif Vəliyev torpaqlarımız uğrunda döyüşlərdə həlak olandan sonra onun cənazəsi də düşmən əsirliyində qalmışdı. O vaxt Ulu öndərin siyasi nüfuzu sayəsində Yusifin cənazəsi əsirlikdən azad olundu, Naxçıvan torpağına tapşırıldı. Ulu Öndər Heydər Əliyev evimizə gəlib Yusifin doqquz aylıq körpəsini bağrına basaraq demişdi: "Çox təəssüf edirəm ki, Vətənimizin belə ağır günündə ehtiyacımız olan Yusif kimi ali təhsilli kadrımızı - təyyarəçi zabitimizi itirdik. Onu tanıyan biri kimi deyə bilərəm ki, Yusif fəxr olunası igid idi"...
Bunu xatırlaya-xatırlaya düşünürəm ki, bir-birindən fərqli məkanlarda və zamanlarda insanlar "taleyindən güllələnəndə" nə yaxşı ki, tarixi çiyinlərində daşıyan Böyük İnsan səhnəyə gəlir və Zamanın yönünü dəyişir.
Bizə bu duyğuları yaşadan Azər Turana isə təşəkkür düşür...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!