"Balaca kişilər"in böyük şücaəti - İlqar Fəhminin "Balaca kişilər" tamaşası üzərinə qeydlər - Kənan HACI

Kənan HACI

 

 

Zaman, yaşadığımız dövr tədricən sənət əsərlərinə - romanlara, hekayələrə, şeirlərə, poemalara, pyeslərə, rəsm əsərlərinə, mahnı və simfoniyalara - proyeksiya olunur. Cəmi üç il bundan öncə 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəmiz ədəbiyyatımızda daha çox öz əksini tapır. Son iki-üç ildə xeyli sayda roman və hekayələr, şeir və poemalar yazıldı, kitablar nəşr olundu. Bu günlərdə isə biz tarixi zəfərimizin təntənəsini Azərbaycan səhnəsində gördük. Yazıçı-dramaturq İlqar Fəhminin "Balaca kişilər" pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirildi.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir. Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Araz Pirimov, Bəhram Əliheydər, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev rol alıb.

Bundan əvvəl müəllifin eyni adlı poeması oxucular tərəfindən böyük marağa səbəb olmuşdu. Dünənə qədər inamsız yanaşdığımız, tarix dərsindən zəif qiymət alan "balaca kişilər" torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə tarix yazdılar, misilsiz şücaət göstərərək qəhrəmana çevrildilər.

 

O zəif deyilən, cılız deyilən

O xırda uşaqlar əsgərdi bu gün

Geyinib ruhuna mərdlik libasın

Düşmənə gücünü göstərdi bu gün...

 

Əsgər paltarını geyinəndə də

Bilmirdi güllədən köksü deşilər.

Qəfil böyüdülər, tez böyüdülər

Balaca kişilər, cavan kişilər...

 

Səngərin küncündə hücum gözləyən

Bu cılız balalar uşaq oldular.

Torpaqdan güc alıb hücuma qalxıb

Sərt qaya oldular, bir dağ oldular...

 

Teatrda sözün həqiqi mənasında qələbəlik idi, zal ağzınacan dolmuşdu və hər kəs "balaca kişilər"in qəhrəmanlıqlarına şahidlik etmək üçün tələsirdi. Bu görüntülər, həqiqətən də, qürur hissi doğururdu. Həm də ona görə fəxarət hissi keçirirdim ki, tamaşanın müəllifi uzun illərin sədaqətli dostu, qəzəlləri, romanları, ssenariləri, pyesləri ilə oxucu və tamaşaçı sevgisi qazanmış İlqar Fəhmi idi. İlqar Fəhmi dram əsərləri ilə səhnəmizə əlavə məna və çalarlar qazandıran azsaylı dramaturqlarımızdandır. Pyeslərindəki kəskin süjet xətti, dramaturji manevr məharəti, gözlənilməzliklər onun əsərlərinə qarşı həmişə sevgi oyadır. Bu dəfə də tamaşaçılara məmnunluq hissi yaşadacağına inanırdım.

Tamaşadan əvvəl quruluşçu rejissor Nicat Kazımovun ifasında poema səsləndi. Bu başlanğıc sanki tamaşaçının "balaca kişilər"in hünər meydanında göstərdiyi şücaətlərə şahidlik etməsi üçün bir hazırlıq mərhələsi idi. Teatrda aktyorla tamaşaçı arasında qarşılıqlı təsir birbaşa, bilavasitə olur. Bu emosional əlaqə tamaşanın daha dərindən qavranılmasına böyük təkan verir.

Səhnədə igid döyüşçülərimizi görürük. Hiss olunur ki, aktyorlar oyun prosesində psixoloji cəhətdən obraza qovuşur, onun fikirləri ilə düşünür, onun duyğuları ilə yaşayır. Biz "balaca" kişilərin böyük ürəyini, bu ürəyə sığmayan hüdudsuz Vətən sevgisini görürük. Dialoqlar situasiyanın gərginliyini qoruyub saxlayır. Barıt qoxusu səhnə ilə birlikdə zalı da bürüyür. Əsgərlərin hiss və həyəcanları, düşmənə nifrəti, eyni zamanda humanizmi qabarıq şəkildə göstərilir. Tamaşada yeganə erməni rolunu Əməkdar artist Şövqü Hüseynov oynayır və bu obraz öz sükutuyla belə tamaşaçıda hiddət və nifrət oyadır. Bizim əsgərlər tərəfindən əsir götürülən erməniyə qarşı humanistcəsinə davranılmasına rəğmən o, öz xainliyini ilk fürsətdə büruzə verir və cəzasını da alır. 

Bütün bu hadisələr səhnədə qurulmuş ağacın ətrafında baş verir. Kökləri hər tərəfə rişə atmış bu ağac qəhrəmanların ruhlarını simvolizə edir. Şah İsmayılın, İbrahimxəlil xanın, Cavad xanın, Hüseynqulu xanın da ruhları əsgərlərin ətrafında dolaşır. Onların dialoqları bir ibrət dərsi kimi tamaşaçını düşündürür. Şah babamız bu məmləkəti birləşdirmək, onu bütöv görmək istəyirdi, xanlıqlar dövründə hakimiyyət ehtirasları xanları bir araya gətirə bilmədi. Bu məqamda unudulmaz Xalq şairimiz Məmməd Arazın "Məndən ötdü, qardaşıma dəydi" şeirini xatırladım:

 

Məndən ötdü...

Bunu dedi Şəki xanı.

Bunu dedi Bakı xanı,

Bunu dedi İbrahim xan,

Fətəli xan, Kəlbəli xan...

Qəza ötsün məndən, - dedi,

Ötən kimi "mən-mən" dedi:

"Mən-mən" dedi bir ölkədə

nə qədər xan.

Onlar "mən-mən" deyən yerdə

Sən olmadın, Azərbaycan!

 

Tamaşada tarix boyu birləşməyimizə, qüdrətlənməyimizə mane törədən amillər xanların ruhu vasitəsilə səsləndirilirdi və əsgərlərimiz bu səhvləri təkrarlamamaq üçün yumruq kimi birləşib düşmənə amansız zərbələr endirirdilər. Son dərəcə uğurlu priyomdur. Naturalist və mistik məqamlar bir-biriylə üzvi şəkildə birləşir və vəhdət halını alır. Şah İsmayılın, bir neçə xanın ruhu köklü-budaqlı ağacın ətrafında dolaşdıqca igid əsgərlərimiz sanki onlardan güc alır, əzmlə döyüşürdülər. Səhnədə döyüş son dərəcə canlı və inandırıcı formada qurulmuşdu və atəş səsləri tamaşaçıları sözün əsl mənasında həyəcanlandırırdı. Bu, təbii ki, quruluşçu rejissor Nicat Kazımovun böyük əməyinin nəticəsidir. Premyeradan əvvəl nə qədər həyəcan keçirdiyini hiss edirdim, hətta özü də sosial şəbəkədə bu barədə paylaşım etmişdi. Eksklüziv müsahibəsində dedikləri də bunu bir daha təsdiqləyir: "İnandırıram ki, mənim üçün "Hamlet"i hazırlamaq daha rahat olardı, nəinki bu əsəri. Bu əsərin məsuliyyəti həddindən artıqdır. Ona görə onun yaxşı formada araya-ərsəyə gəlməsi üçün çox enerji sərf etdik".

Doğrudan da, bu tamaşa spesifikası və dramaturgiyası, məzmun və forma, tarix və müasirliyin sintezi baxımından hər mənada başqa tamaşalardan seçilən bir səhnə əsəridir və təbii ki, rejissordan böyük məsuliyyət, peşəkarlıq tələb edir.

Ali məqsədə çevrilən ruhlar obrazların temperamentinin, döyüş əzminin əsas mənbəyinə çevrilir. Bu da tamaşaçını səhnədə cərəyan edən hadisələrə inanmağa məcbur edir. Şövqü Hüseynovun adını çəkdik, o, oynadığı obrazın öhdəsindən uğurla gəlir, səhnədəki hərəkətləri və məzlum görkəmi ilə yazıq, müti təəssüratı yaratmağa çalışan hiyləgər erməni onun ifasında son dərəcə canlıdır. Şövqünün özünəməxsus aktyor plastikası, obrazı qavramaq bacarığı var və bu da əksər tamaşa və filmlərdə ona uğur qazandırır. Mən onu müxtəlif xarakterli rollarda görmüşəm və deyə bilərəm ki, hər dəfə başqalaşmağı bacaran aktyordur. Bu tamaşadakı rolu da fərqli ştrixlərlə yadda qalır.

Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları Rəşad Səfərovun, Nurlan Süleymanlının və digər gənc aktyorların oyunu da dərin təəssürat oyadır. Xüsusən, Nurlan əsgərin ölüm səhnəsindəki emosional, gərgin ovqatı uğurla tamaşaçıya ötürə bilir.

Bənzərsiz səsi ilə tamaşaçıların rəğbətini qazanmış xanəndə Mirələm Mirələmovun tamaşa boyu ifaları seyrcini bəlli bir ovqata kökləyir. Bu səs gözəgörünməz nələrisə tamaşaçıya göstərə bilir.

Ağac özü də tilsimli bir obraza çevrilir və sanki o da həm əsgərlərlə, həm tamaşaçı ilə danışır.

Çox maraqlıdır ki, bu tamaşa kino estetikasına daha yaxın formada qurulmuşdu. Canlı döyüş səhnələri, göydən mərmi yağması bu effekti yaradır. Sanki tamaşaya baxmırsan, döyüş filmini seyr edirsən. Bu da rejissorun və onunla birlikdə çalışanların böyük uğuru kimi qeyd edilməlidir. Bütün bu uğurlu, orijinal məziyyətləri ilə "Balaca kişilər" Azərbaycan səhnəsində bir hadisədir.

Bütün detallar, təfərrüatlar zərgər dəqiqliyi ilə işlənib, mizanlar səliqəli və məntiqi şəkildə seçilib və doğrudan da, kollektiv tamaşanın ərsəyə gəlməsi üçün böyük əmək sərf edib. Tamaşa boyu biz hər əsgərin öz xarakterini görürük, bu da tamaşanın bütövlüyünə xidmət edir. Bir-birlərinə qəribə bir enerji ötürən "balaca kişilər"in hər biri aslan kimi döyüşür, birinin şəhadətə yetişməyi o birini daha da gücləndirir, düşmənə nifrətini bir az da artırır. Biz səhnədə "balaca kişilər"in böyüklüyünü görürük.

 

Səngərdən dikəlib qalxan saniyə

Ölümün gözünə baxan saniyə

Balaca kişilər yoxa çıxdılar,

Yeri parçalayıb əzəmətiylə

Torpaqdan elə bil divlər qalxdılar.

 

Dünən sevgilərlə dolmuşdu gözü,

Qəzəbli gözündən bu gün qan sızır.

Dünən qızlar üçün "sms" yazan

Bu gün öz qanıyla "şücaət" yazır...

 

Aktyorlarla tamaşa zalı arasında əlaqə tamaşaçının da prosesdə iştirakını tələb edir və saat yarım ərzində tamaşaçılar bir neçə dəfə alqışlarla reaksiya verərək prosesə qoşulmuş oldular. Tamaşanın sonunda bitib-tükənmək bilməyən alqışlar "Balaca kişilər"in böyük uğurunu təsdiqlədi.

Dəyərli qələm dostum İlqar Fəhmini, tamaşanın quruluşçu rejissoru Nicat Kazımovu, aktyorları, bütün yaradıcı kollektivi bu uğur münasibətilə təbrik edirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!